Şuşadan dünyaya sülh mesajları
Şuşada 60-dan çox ölkəni, 19 beynəlxalq təşkilatı təmsil edən 160-dan çox səfir, hərbi attaşe və diplomatların iştirakı ilə keçirilən konfrans bir sıra diqqətçəkən məqamları ilə yadda qaldı. Əsasən ölkəmizin işğaldan azad edilən ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə, habelə beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan bu möhtəşəm tədbirdə dünyaya sülh mesajları da səsləndirildi.
Konfransda Azərbaycanın postmünaqişə dövründə regionda sülhün, əmin-amanlığın bərqə-rar olması istiqamətində inadla mübarizə apardığı belə bir vaxtda bəzi dövlətlərin ölkəmizin sülh təşəbbüslərindən narahatlıq hissi keçirmələri də qeyd edildi. Məsələn, ABŞ və Fransanı təmsil edən diplomatların bu beynəlxalq tədbirə qatılmamasının siyasi riyakarlığın, antihumanizmin növbəti nümunəsi kimi narahatlıq doğurduğu bildirildi və belə bir davranışla adları çəkilən ölkələrin Azərbaycanın işğaldan azad olunan ərazilərində çoxsaylı dinc insanın ölümünə gətirib çıxaran minalardan təmizlənməsi, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, sabitliyin reallaşdırılması məsələlərində maraqlı olmamaları təsdiqləndi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qədim mədəniyyət paytaxtımızda yuxarıda vurğulanan fikirlə bağlı jurnalistlərə açıqlamasında Fransa və ABŞ səfirlərinin Şuşaya səfərdə iştirak etməməklə Azərbaycanın dəvətinə etinasızlıq göstərdiklərini xatırladaraq dedi: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.
Bəli, Ermənistanın işğalçı siyasətinə olan etinasızlıq, biganəlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsi məlum münaqişənin nizamlanması üçün 1992-ci il mart ayının 24-də təsis olunan ATƏT-n Minsk Qrupunun (MQ) bütün fəaliyyəti dövründə aydın büruzə verdi. MQ 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da uzun bir zaman ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Adları çəkilən və indi səfirlərinin Şuşaya səfərdə iştirak etməməklə Azərbaycanın dəvətinə etinasızlıq göstərdikləri Fransa və ABŞ-ın Ermənistanın qəsbkarlığına, işğalçı siyasətinə laqeyd yanaşmaları, işğalçıya və işğala məruz qalan tərəfə eyni münasibət bəsləmələri nəticəsində beynəlxalq qətnamələr kağız üzərində saxlanıldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Digər mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, sadəcə, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmadı.
Fransa və ABŞ kimi nüfuzlu ölkələrin susqunluğu, hərəkətsizliyi üzündən belə bir cəzasızlıq şəraitində Ermənistan daha da azğınlaşaraq, beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələməkdən, vaxtaşırı dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atmaqdan çəkinmədi.
Beləliklə, dünya güclərinin münaqişəyə ikili standartlarla yanaşması, BMT kimi nüfuzlu bir bir qurumun işğalçının hərəkətlərinə səssiz qalması nəticəsində Ermənistan növbəti təxribatı 2020-ci il sentyabrın 27-də törədərək, respublikamıza qarşı genişmiqyaslı hərbi hücuma başladı. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi.
İkinci Qarabağ nüharibəsində tamamilə məğlub edilən Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda vurğulanan 4 qətnaməsinin icrasını reallaşdırdı, uzun illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Beləliklə, Qarabağ münaqişəsi artıq keçmişdə qaldı.
İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbəmizdən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin dağıtdığı, Yer üzündən sildiyi şəhər və kəndlərimizə yeni nəfəs verməklə bərabər, regionda əmin-amanlığın, dincliyin bərpası istiqamətində sülh təşəbbüsləri ilə çıxış etdi. Ermənistan isə sülhə, barışa gəlmək əvəzinə təxribatlarını davam etdirdi, ayrı-ayrı vaxtlarda Qarabağdan çıxarılmayan hərbi birləşmələrin revanşist töküntülərinin silah işlətmələrinə rəvac verdi. Bu dəfə də dünya gücləri tərəfindən məğlub duruma düşən, əhalisi dilənçi vəziyyətində yaşayan Ermənistana təzyiq göstərilmədi. Bu, əslində, həmin dövlətlərin bölgədə sülhün bərpasının reallaşmasına maraqlı olmamalarının təsdiqi demək idi.
Burada bir məqamı da qeyd etmək istərdik. Erməni faşizmi istər işğal dövründə, istərsə də işğaldan sonrakı mərhələdə ərazilərimizdən çıxarılarkən Qarabağı və Şərqi Zəngəzuru tamamilə yer üzündən silmək üçün bütün vasitələrdən istifadə etdi.
Hazırda Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibətinə, insanlıqla bir araya sığmayan vəhşi əməllərinə Qarabağ və Şərqi Zəngəzurun hər qarışında rast gəlinir. Bu, Qarabağ və ətraf rayonların demək olar ki, tamamilə xarabalığa çevirilməsində, təbii sərvətlərimizin talan edilməsində, maddi-mədəni irsimizin dağıdılmasında, təhqir olunmasında özünü aydın göstərir.
Bax, bu barbarlıq, vəhşilik də yuxarıda adları çəkilən ölkələr, bir çox beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb. Şuşada keçirilən beynəlxalq konfransda da bu barədə ətraflı danışılıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında Azərbaycanın dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşdiyini bildirib. Hikmət Hacıyev daha sonra Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı bir genişmiqyaslı fəaliyyət də göstərilmədiyini təəssüflə bildirib. Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də heç bir səfər edilməməsini vurğulayıb.
Hikmət Hacıyev xatırladıb ki, normalda 30 ildən çox davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə gətirib çıxaran postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, bu münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılması faktları təqdir edilməli idi. “Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik”,- deyə bildirib.
Tədbirdə ərazilərimizdə bu miqyasda dağıntıdan sonra Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycandan təzminat istənilməsi məsələsinə də toxunulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın riyakar münasibətini diqqətə çatdırıb. Prezidentinin köməkçisi Azərbaycana qarşı bu qədər dağıntı törədəndən, bu qədər vəhşilik və vandalizm həyata keçirəndən sonra Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya” əsasında Azərbaycana qarşı iddialarla çıxış etməsini xatırladıb. “Bu iddiaları irəli sürən dövlət beynəlxalq ictimaiyyət qarşısında utanmalıdır. Hər halda, Azərbaycanın cavabı çoxdur. Həmin konvensiyalar çərçivəsində və digər konvensiyaların imkanları da araşdırılaraq, Azərbaycan Ermənistana qarşı iddialar irəli sürür. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın Ermənistana qarşı dövlət ittihamı əsaslı müraciəti var”, – deyə Hikmət Hacıyev bildirib.
İşğal dövründə Zabux və Sus kəndlərində Ermənistan tərəfindən genişmiqyaslı qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyini deyən Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin arzuladıqları formada geniş miqyas almayıb. Çünki onların burada yaşadıqları şərait xaricdən hər hansı erməninin gətirilib orada məskunlaşdırılması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçirilib. Bu, xüsusilə də Laçında, o cümlədən, Zabux və Sus kəndlərində müşahidə olunur. “Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə cinayətləri kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusən Zabux və Sus kəndlərinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Dövlətimizin başçısı tərəfindən bununla bağlı da müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı, sənədləşdirmə missiyaları həyata keçiriləcək”, – deyə H.Hacıyev əlavə edib.
Şuşada keçirilən konfransda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin, ilk növbədə, ikitərəfli proses olduğu, bu məsələdə asanlaşdırıcı tərəflərə ehtiyac yarandığı və hazırda Azərbaycanın sülh təşəbbüslərinin gerçəkləşməsinə Avropa İttifaqı, həmçinin Rusiya tərəfindən ikitərəfli əsaslarda müəyyən cəhdlər göstərildiyi bildirilib. Eyni zamanda, indiki halda gündəlikdə duran əsas məsələlərin-sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və mina problemlərinin diqqətdə saxlanıldığı diqqətə çatdırılıb. Bunlara da, ilk növbədə, Ermənistan tərəfinin cavab verməli olduğu vurğulanıb.
Konfransda Ermənistanın mina terroru
barədə də ətraflı bəhs edilib. Yeri gəlmişkən, Vətən müharibəsində
Azərbaycanın ədalətli
və tarixi qələbəsindən sonra
torpaqlarımızdan çıxmaları
üçün məğlub
ölkənin vətəndaşlarına
vaxt verildi. İşğalçı isə həmin
müddətdə ərazilərimizi
minaladı. Bu isə ötən müddətdə ağır
itkilərlə özünü
göstərdi.
Beləliklə, 10 noyabr Bəyanatından sonra ermənilərin mina terroru nəticəsində
indiyədək 100-dən çox
mülki vətəndaşımız
minaya düşüb,
onlardan 32 nəfər
həlak olub. Eyni zamanda,
124 hərbçi mina xəsarəti
ilə üzləşib,
onlardan 7-si həyatını
itirib, 117-si isə müxtəlif dərəcəli
bədən xəsarətləri
alıb.
1999-cu ildən beynəlxalq
hüquqi qüvvəyə
malik Ottava Konvensiyası piyada əleyhinə minaların
istifadə edilməsini,
istehsalını, yığılmasını
və ötürülməsini
qadağan edir. Həmçinin konvensiyaya görə, əraziləri minalamış
tərəf müharibə
bitdikdən sonra dəqiq hazırlanmış
mina xəritəsini qarşı
tərəfə verməyə
borcludur. Vətən müharibəsindən
sonra mina xəritələrinin
verilməsi beynəlxalq
platformalarda dəfələrlə
müzakirə olunsa da, Ermənistan buna məhəl qoymurdu. Bir çox təzyiqlərdən
sonra məğlub ölkə mina xəritələrini
ölkəmizə təqdim
etdi. Lakin araşdırmalar nəticəsində məlum
oldu ki, verilən xəritələr
tam olmamaqla yanaşı,
dəqiqliyi cəmi 25
faiz təşkil edir.
Təkcə avqust ayı ərzində Füzulidə minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı piyada əleyhinə minaya düşüb. Onlardan ikisi - Yadigar Şükürov və Rövşən Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Qılman Hüseynovun isə sağ ayağı amputasiya olunub. Daha sonra Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev şəhid olub. Hadisə yerinə baxış keçirildikdən sonra məhkəmə-tibb ekspertizası təyin edilib, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda bu barədə çıxışı zamanı bildirib: “Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”.
Beləliklə, Şuşada keçirilən konfransda iştirakdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri deməyə əsas verir ki, onlar regionda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Belə bir hal beynəlxalq hüquq və normalarla izah edilən və normal siyasi məntiqlə başadüşülən deyil. Amma Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şəraitdə öz məqsədlərinə çatmağı bacarır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 30 avqust.- S. 1; 4.