Prezident İlham Əliyevin türk dünyasındakı liderliyinə verilən ali dəyər

 

Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsi ölkəmizin dünya birliyindəki reytinqini daha da artırdı. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, o cümlədən, siyasi proseslərə təsir etmək imkanına malik olan dövlətlərin 30 il ərzində həll edə bilmədikləri və yaxud həll etmək istəmədikləri problemi Azərbaycan cəmi 44 gün ərzində hərbi yolla aradan qaldırdı. Bu şanlı Qələbə, eyni zamanda, ordumuzun dünyanın ən güclülərindən biri olduğunu təsdiqlədi.

Bu zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiq­yaslı yenidənqurma, tikinti – bərpa işlərinin start götürməsi ölkəmizin iqtisadi gücünün göstəricisidir. Çün­ki müharibədən yeni çıxmış ölkə, hətta qələbə qazansa da, dərhal yenidənqurma işlərinə başlamaq gücündə olmur. Ancaq dünya birliyişahiddir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə iki ilə yaxın müddətdə xariqələr yaradır.

Artıq respublikamız dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Vətən müharibəsindən sonra dövlət başçımızın xarici ölkələrə səfərləri və mühüm əhəmiyyətli tədbirlərdə iştirakı, həmçinin bir sıra dövlət başçılarının ölkəmizə səfərləri və bu zaman imzalanan sənədlər Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzunun göstəricisidir. Bir neçə gün əvvəl Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə imzalanan sənədlər, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə – Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi, ən əsası isə Prezident İlham Əliyevin Qazaxıstanın Ali ordeni ilə təltif edilməsi ölkəmizin beynəlxalq aləmdə, o cümlədən, Türk dünyasında nüfuz sahibi olmasından xəbər verir. Bütün bunlar həm də xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humani­tar əməkdaşlığın daha bir elementidir.

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran”– “Qızıl qartalAli ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qar­daşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan – Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsi üçün gördüyü işlərə , eyni zamanda, dövlət başçımızın Türk dünyasında liderliyinə verilən ali dəyərdir. Yeri gəlmişkən, xatırladım ki, ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünya­sının Ali ordeni təqdim edilmişdi. Ali orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etmişdi. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda deyilirdi: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası­nın ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhsabitli­yin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Ali Ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi sözləri xatırlatmağı özümə borc bildim: “Hörmətli Prezident, əziz Qarda­şım, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşı­maqdadır”.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Budur, dövlət başçımız Türk dünyasının aparıcı ölkələrindən biri olan Qazaxıstan Respublikasının da Ali ordeni ilə təltif edildi. Onu da qeyd edək ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir, ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, eyni zamanda, strateji tərəfdaş və müttəfiqdirlər.

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, beynəlxalq səviyyədə əməkdaşlığımızın yüksələn xətt üzrə inkişafı, nəqliyyat-logistika inf­rastrukturunun tərəqqisi ilə bağlı böyük planların hazırlanması, iqtisadi-ticari münasibətlərin yüksəlişi dostluğumuzun bariz təzahürüdür. Bütün bunlar ikitərəfli əməkdaşlıqda yeni səhifələr açacaq.

 

Çingiz QƏNİZADƏ,

 

Demokratiyaİnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2022.- 30 avqust.- S.3.