Laçına
qayıdışın uvertürası
Ötən həftə Azərbaycan Ordusunun Laçın şəhərinə girərək orada üçrəngli, ay-ulduzlu dövlət bayrağımızı ucaltmasını göstərən videokadrlar qəlbimizi sonsuz qürurla döyündürməklə bərabər, bir daha yadımıza 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışının kövrək məqamlarını saldı. “Xoşluqla verməzlər torpağı, ancaq qanla möhürləyib, zorla alarlar”– deyən cümhurbaşqanı Qarabağı 30 illik həsrətdən sonra Ana Vətənlə qovuşduran Silahlı Qüvvələrimizin şəxsi heyətini təbrik etdi, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpdüyünü söylədi. Möhtərəm qonaq işğaldan azad olunan rayonlardan bəhs edərkən Laçın barədə məşhur mahnıdan sitat gətirərək dedi: “Ay Laçın, can Laçın, Mən sənə qurban, Laçın! - Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır”.
Onda Laçın rayonu üçtərəfli Bəyanat əsasında Ağdam və Kəlbəcərlə birlikdə döyüşsüz alınsa da, Qarabağda qalan etnik ermənilərin üzdəniraq dəhlizlə gedib-gəlmələri ilə əlaqədar həmin yolun keçdiyi Laçın şəhəri, Zabux və Sus kəndləri müvəqqəti olaraq rus sülhməramlılarının məsuliyyət zonasında qalmışdı. Bu günsə artıq rekord müddətə alternativ yol çəkilib qurtardığı üçün Azərbaycanın tələbi ilə Laçın şəhəri də, Zabux və Sus kəndləri də boşaldılıb və nəzarətimizə götürülüb. Bu tarixi hadisə Prezident İlham Əliyevin güclü diplomatiyasının növbəti möhtəşəm qələbəsidir. Qarabağa fəlakət, qətliam və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına toplamalıdırlar.
...2020-ci ilin dekabrından danışdım və yaddaşımda uzaq 1977-ci ilin bir dekabr günü ilə bağlı xatirələr də canlandı. Bir jurnalist kimi, 16 ildir ki, “Xalq qəzeti”ndə çalışıram. Amma bu qəzetdə ilk yazım düz 45 il əvvəl, elə dekabr ayında dərc olunub, özü də məhz Laçınla bağlı olub. “Laçında mehman olsan...” adlanan həmin məktubumu hərbi xidmətdən qayıtdığım vaxt o ulu dağlara ana babamla nənəmin görüşünə getməyimlə əlaqədar yazmışdım. Dekabr soyuğu, qarlı dolama yollar indiki kimi yadımdadır. O zaman babam “Laçına tez-tez gəl” demişdi. Amma mən işğala qədər cəmi bir neçə dəfə oraya getdim, sonra isə ta bugünə qədər bu, mümkün olmadı. İndi babamgil haqq dünyasındadırlar. Mənimsə yenidən Laçını görmək, xoş duyğular yaşamaq imkanım var. Bu da Allahın lütfüdür.
Əvvəllər Abdallar kəndi adlandırılan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simürq rayona yaxınlıqdakı dağın adını verməyi təklif edib. Laçın adı özündə azadlıq sevən, məğrur quş mənasını ehtiva edir.
Laçın olduqca strateji əhəmiyyətli bir rayondur. Təəssüf ki, bir zaman orada dəhliz
yaradılmasının ermənilərin
işğalçılıq siyasətinin reallaşmasında
böyük rolu olub. Ermənistan tərəfdən 2500 hərbçi
və 55 zirehli texnikaya malik Sasunlu Davud adına
erməni alayı ilə üzbəüz olan pərakəndə tərkibli hərbçilərimiz
də, Laçın özünümüdafiə alayı
da təxribat və xəyanət yolu ilə dövlət
sərhədindən uzaqlaşdırılıb.
Paytaxt Bakıdan Laçına zəruri kömək gəlməli
olduğu halda, Rəhim Qazıyevin rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndələri göstəriş
veriblər ki, Laçında onsuz da az sayda
olan zirehli texnika və qüvvələr oradan çıxarılsın.
...Elə Qarabağda
xidməti vəzifəsini
qəhrəmancasına yerinə
yetirən zaman həlak olmuş teleoperator Çingiz Mustafayevin Laçını
tərk edən hərbçilərimizə üz
tutaraq haray qopardığı anlar da hər kəsin
yadındadır.
...Müğənni Məhəbbət
Kazımovun əzəli
torpaqlar əldən gedəndən sonra yanıqlı səslə
oxuduğu “Laçınım”
mahnısının illərcə
ürəklərə dağ
çəkməsi xəyallarımızda
silinməz izlər buraxıb. 1992-ci ilin may ayında düşmənə
verilən Laçının
60 minlik əhalisi doğma yurdu tərk etməli, 30 il ərzində
57 şəhər və
rayonda didərginlik həyatı yaşamalı
olub. 267 şəhidi
olan, 66 sakini girov götürülən
Laçında isə
Suriya və Livandan gətirilmiş ermənilər qeyri-qanuni məskunlaşdırılıb və necə deyərlər, kefə baxıblar. Eyni zamanda, Şuşada,
Kəlbəcərdə, Zəngilanda
da rəsmi İrəvanın səyi,
erməni lobbisinin sponsorluğu ilə məskunlaşdırma proqramı
həyata keçirilib
və beynəlxalq konvensiyalar kobudcasına pozulub. Bütün bunlara dünyanın
susması fonunda indi Laçın rayon mərkəzinə Azərbaycan
əsgərinin girməsi,
orada dövlət bayrağımızın asılması
tarixi bir hadisədir. Artıq sonuncu
rayon mərkəzinə də
nəzarət bərpa
olunub və işğaldan azad edilmiş ərazilərə
Azərbaycanın nəzarəti
tamamlanıb.
Qarabağa və Şərqi Zəngəzura “Böyük
Qayıdış”ın Ağalı
uvertürası bu ilin iyul ayında
əzəmətlə səsləndi. İndi artıq
Laçın uvertürası
gəlir. Çox çəkməz
ki, laçınlılar
da doğma ocaqlarına qayıdarlar.
Laçında, Şuşada, digər rayonlarda bərpa-quruculuq işləri genişlənir. Möhtərəm
Prezidentimiz, müzəffər
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin,
qətiyyətli mövqeyinin,
cəsarətli addımlarının
sayəsində zirvələri
fəth edir, daha böyük qələbələrə doğru
irəliləyirik. Düşmən tapdağından qurtulan ərazilərimizdə irimiqyaslı
tikinti layihələri
həyata keçirilir,
infrastruktur təzələnir.
Qələbədə xalqımızın göstərdiyi rəşadətin
davamı olaraq, hərbi əməliyyatlar
dayanan vaxtdan başlayaraq Qarabağın
dirçəldilməsi geniş
vüsət alıb.
Zəfərin yaratdığı güclü enerji quruculuq müstəvisinə
bacarıqla proyeksiya olunur.
Hazırda Qarabağ və
Şərqi Zəngəzurda
avtomobil yollarının
çəkilişi üzrə
18 layihə icra edilir, Füzuli Beynəlxalq Hava Limanından sonra inşası başa çatmış Zəngilan
Aeroportunun açılışına
hazırlıq gedir, Laçında da müasir hava limanı tikilir. Azadlığına qovuşmuş rayonların
hamısında genişmiqyaslı
bərpa-quruculuq işləri
aparılır, su, işıq xətləri çəkilir, evlər tikilir. “Şuşa
ili”çərçivəsində 270 yaşlı zirvə-şəhərdə
çoxsaylı beynəlxalq
tədbirlər reallaşdırılır.
Hələlik, 41 ailənin
köçdüyü Ağalıdan
sonra digər ərazilərdə, məsələn
Füzuli rayonunun Dövlətyarlı kəndində
də “ağıllı
kənd” layihələri
üzrə işlər
görülür. Beləliklə, məcburi köçkün
adı üstündən
götürülmüş sakinlər doğma ocaqlarında yüksək
keyfiyyətli, müasir
texnologiyalarla təchiz
edilmiş evlərlə
təmin olunacaqlar.
Cəbrayıl enerji qovşağı
layihəsi çərçivəsində
“yaşıl enerji” zonası, Azərbaycan – Türkiyə – Avropa Enerji Dəhlizi yaradılacaq. Bir sözlə,
Milli İnkişaf Konsepsiyası müasir çağırışlara müvafiq
surətdə uğurla,
inamla həyata keçirilir.
Azad edilmiş bəzi
şəhərlərin baş
planları artıq hazırdır. Şuşa şəhərinin yenilənməsi onun möhtəşəm tarixi
irsinin qorunması üzərində qurulub.
Qarabağ bölgəsinin sənaye
mərkəzinə çevriləcək
Ağdamda 10 minlərlə
sakin üçün
nəzərdə tutulmuş
tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil
edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara
və sahibkarlara açıqdır. Zəngilan şəhəri
onun təbiətə
inteqrasiyası və
park-şəhərə çevrilməsi
baxışı ilə
inşa edilir. Artıq Laçın şəhəri
də Dayanıqlı
İnkişaf Məqsədlərinə
uyğun olaraq, inklüziv, təhlükəsiz,
dözümlü və
dayanıqlı şəhər
və kəndlərin
inşası üzrə
ümumi ansambla qoşulacaq.
Qarabağda görülən işlər
investisiya bazarı üçün də ciddi stimul sayılır. Həmin ərazilərə
investisiya qoyuluşu ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırır,
iqtisadi inkişaf üçün zəmin yaradır. Layihələr həm yerli,
həm xarici şirkətlər tərəfindən
uğurla həyata keçirilir.
Bir müddət
öncə Ümumdünya
Şəhər Forumunun
(WUF) 11-ci sessiyası çərçivəsində
Katovitse Beynəlxalq Konqres Mərkəzində
urbanizasiya mövzusunda
təşkil olunan
“URBAN EXPO” sərgisində Azərbaycan
stendi böyük maraq doğurub. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq
işlərinə, infrastrukturun
yenidən qurulmasına
və orada rahat yaşayış şəraitinin yaradılmasına
həsr olunan stendin materialları, videoçarxlar qalib xalqın quruculuq əzminin parlaq ifadəsi olub.
Yeri gəlmişkən,
azad olunmuş ərazilərimizdə aparılan
sürətli bərpa-quruculuq
işləri Azərbaycanın
iqtisadiyyatına və
turzim potensialına çox müsbət təsir göstərəcək. Erməni vandalları
tərəfindən dağıdılmış
məscidlər, tarixi-mədəni
abidələr qısa
zamanda bərpa ediləcək və sakinlərin ixtiyarına veriləcək. Əlbəttə, bunlar, həmçinin Qarabağın özəl
təbiəti, təkrarsız
guşələri xarici
turistlər üçün
də xüsusi maraq kəsb edəcək. Turist marşrutları
ilə Şuşaya, Kəlbəcərə, Zəngilana,
Cəbrayıla, Laçına...
gedəcək qonaqlar Azərbaycana, sözün
hər mənasında,
heyran qalacaqlar.
Xəbər verildiyi kimi, üç gün öncə xarici diplomatların Şuşada
keçirilmiş beynəlxalq
konfransında perspektiv
quruculuq məsələləri
də nəzərdən
keçirilib. Orada içtirak etmiş
Türlkiyənin ölkəmizdəki
səfiri Cahid Bağçı deyib ki, Qarabağda tikinti və bərpa işlərinin nə qədər sürətlə aparıldığını
öz gözlərimizlə
gördük. Minaların
zərərsizləşdirilməsi, yolların inşa edilməsi, yeni yaşayış binalarının
tikintisi ilə tanış olduq. Bütün bu işlər
ümummilli lider Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirmək
istiqamətində atılan
ən gözəl addımlardır.
Sonda maraqlı bir tarixi paralel aparmağımız yerinə düşər. Bu günlər sonsuz fərəhini yaşadığımız Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə avqustun 26-da keçib və bundan düz 100 il əvvəl, eyni gündə Mustafa Kamal Paşanın başlatdığı Böyük Meydan Müharibəsi (Böyük Taarruz) nəticəsində işğalçı yunan orduları Anadoludan qovulub, o gözəl torpaqlar düşməndən azad edilib. Bu gün Türkiyədə keçirilən Zəfər Bayramı ərəfəsində böyük Atatürkün hünərini İlham Əliyev Laçında təkrarlayıb. Deməli, zəfər ənənələrimiz layiqincə davam etdirilir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2022.- 30 avqust.- S.5.