Əhalinin sosial müdafiəsi diqqət mərkəzindədir
Dövlət
başçısından yeni sosial dəstək
Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına avqust ayının əvvəlindən start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Hazırda həmin müddətədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir.
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan bu yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb. Həmin şəxslərə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb və bu barədə onlara SMS göndərilib.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997 - ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslərə, habelə birdəfəlik ödəməni almaq hüququ olan, amma vəfat etmiş şəxslərin vərəsələri tərəfindən müvafiq sənədlər təqdim edildikcə, onlara proaktiv qaydada birdəfəlik ödəmə təyinatı həyata keçirilir.
Yeni ifadələr
Son illər ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun şəkildə aparılan islahatlarla əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə mühüm təkmilləşdirmələr aparılıb. Təkmilləşdirmələrin bir istiqaməti kimi, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib.
Bununla bağlı 40-dək qanunvericilik aktında dəyişiklik edilib və həmin dəyişikliklər təsdiqlənib. Belə ki, “lal” sözü “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kar” sözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kəmağıllıq” sözü “əqli gerilik” sözləri ilə, “şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə, “bədən qüsuru” sözləri “fiziki çatışmazlıq” sözləri ilə, “şikəstlik” sözü “xəsarət” sözü ilə və s. əvəz edilib.
Qeyd edək ki, əvvəlki ifadələr əlilliyi olan şəxslərlə bağlı müəyyən mənfi stereotiplərin yaranmasına, onların sosial inteqrasiyasında çətinliklərə səbəb olurdu. Əlilliyi olan şəxslərə münasibətdə istər danışıqda, istərsə də yazılı mətnlərdə yeni dəyişikliklərə uyğun ifadələrin işlədilməsi həmin şəxslərə, onların xüsusiyyətlərinə hörmətlə yanaşılmasını özündə ehtiva edir.
Peşə kurslarına
tələbat artır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 2 min 700 nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.
Qeyd edək ki, qurum tərəfindən 127 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil edilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, onların müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılır. Peşə hazırlığı müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də verilir. Kursların sonunda imtahanlardan uğurla keçən məzunlara sertifikatlar təqdim edilir və onların işlə təmin olunmalarına dəstək göstərilir.
Dövlət Məşğulluq Agentliyinin Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda müasir tələblərə uyğun peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir. Ötən il agentliyin Bakıdakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan mərkəz fəaliyyətində ISO 9001 (keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edir.
Ödənişlər
erkən yekunlaşdırılıb
Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları avqustun 25-dək ödənilib. Vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə ediblər.
Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib. Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri artıq yekunlaşıb.
Yeni fərdi hesablar
açılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə bu il 97,9 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb. 2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır. Nəticədə işçi fərdi uçot sistemində şəxsi hesaba və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında pensiya kapitalı toplamaq imkanına malik olur.
Ümumilikdə ötən dövrdə 462,5 min şəxsə e-qaydada fərdi hesab açılıb.
Yeni layihə – “Gəzinti futbolu”
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, UEFA və AFFA-nın birgə təşkilatçılığı ilə ahıl şəxslər üçün “Gəzinti futbolu” (Walking football) adlı sosial layihəyə start verilib. Layihəyə Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri cəlb olunub. Məqsəd yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa həvəsləndirmək, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etmək, ahıllara daima diqqətdə olduqlarını hiss etdirməkdir.
Qeyd edək ki, layihənin açılışında Agentliyin, AFFA-nın nümayəndələri və başqa dəvətlilər iştirak edib.
AFFA tərəfindən təşkil olunmuş məşqçi heyəti tərəfindən həftədə iki dəfə olmaqla ahıl şəxslər üçün gəzmək üzərindən futbol dərsləri və məşqləri həyata keçirilir. Layihə iştirakçıları AFFA tərəfindən idman ləvazimatları ilə də təmin olunub.
Oktyabr ayında isə ahıllarla veteran futbolçuların yoldaşlıq oyununun təşkil olunması nəzərdə tutulub.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2022.- 30 avqust.- S. 6.