Azərbaycan Ordusunda idarəetmənin əsasını müasir rəqəmsal rabitə vasitələri
təşkil edir
Texnologiya günümüzün ayrılmaz hissəsidir. Dövrün tələbinə çevrilən müasir rəqəmsal texnologiya sabit qalmır, daim yenilənir və inkişaf edir. Hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq təəccüb doğurmur. Bu proses həm də yaşayışımızı asanlaşdırır, avtomatlaşdırır və müşkül işlər öz həllini qısa zaman kəsiyində tapır.
Rəqəmsal texnologiyanın inkişafını dəyərləndirən ölkələr bu yeniliyi ordularında da tətbiq edirlər. Bu mənada, Azərbaycan Ordusunun rabitə sistemlərinin imkanlarının inkişafı məqsədilə görülən işlər diqqəti cəlb edir.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı ən müasir yeni rabitə vasitələri alınaraq istifadəyə verilib. Ordumuzun silahlanmasına, bir çox mobil rabitə kompleksləri də daxil edilib. Eyni zamanda, Azərbaycan Ordusunun arsenalında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı, peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.
Bu ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilmiş və ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi rol oynayır.
“Xalq qəzeti” ilə fikirlərini bölüşən Müdafiə Nazirliyindən general-mayor Məhəmməd Eminov bildirdi ki, Azərbaycan Ordusunun bölmələri ən müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnikası və vasitələrindən istifadə olunur. General-mayor qeyd etdi ki, Azərbaycan Ordusunun idarəçiliyində məxfililik və qoşunların gizli idarə olunması nəzərə alınıb. Azərbaycan Ordusunun silahlanmasında yer alan döyüş texnikalarının rabitə vasitələri yeni müasir rəqəmsal radiostansiyalarla əvəz olunub.
Ümumiyyətlə, lokal və qlobal münaqişələrin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə REM vasitələri həlledici faktora çevrilmişdir. Birmənalı şəkildə, daha mükəmməl REM-ə malik olan ordu yüksək müvəffəqiyyətlərə nail olur. Texnikaların modernizasiyası həlledici rola malik REM-in inkişafını və təkmilləşdirilməsini istisna etmir. Çünki radiodalğa böyük məlumat massivlərinin uzaq məsafələrə yüksək sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir.
Silahlı qüvvələr etibarlı rabitə sistemləri ilə təmin olunmursa, həmin ordunun məğlubiyyətə düçar olması qaçılmazdır. Sülh və savaş dönəmində, aralıqsız şəkildə potensial rəqiblərin rabitə sistemlərinin “dinlənməsi” hərbi təhlükəsizliyin vacib əməllərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbə qazanmasında REM vasitələrinin əhəmiyyəti danılmazdır. Xatırladım ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan 2020-ci ilin noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında bir sıra maraqlı açıqlamalarla çıxış etmişdi. O, Azərbaycanın pilotsuz uçuş aparatlarına (PUA), xüsusilə də Ermənistan ordusunun hərbi texnikalarını məhv edən “Bayraktar TB2” silahlı PUA-larına qarşı istifadə etdiyi ən yeni sistemin effektsiz olmasını təəssüf hissi ilə dilə gətirmişdi. General bildirmişdi ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” REM kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramadı. “Bayraktar TB2”lər əvvəlki qaydada Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. Əlbəttə, bu cinayətkar Ermənistanın məğlubiyyəti, Azərbaycan Ordusunun qələbəsi idi.
Heç təsadüfi deyil ki, dünya dövlətləri öz ordularının REM sistemlərinin etibarlı quraşdırılmasına olduqca önəm verirlər. Etibarlı rabitə sistemi dedikdə, radiodalğaların kəsintisiz və ya güclü olması qədər düşmən tərəfindən dinlənə bilməməsi də nəzərdə tutulur. Məhz bu sahədə meydana çıxan boşluqlar məğlubiyyətin görünməz “iz”ləri, səssiz “əcəl zəngləri”dir.
Ermənistanın radioelektron mübarizə sistemlərini dərindən təhlil edən Azərbaycan Silahlı Qüvvələri labüd savaş ssenarisində düşmənin rabitə əlaqələrinin izlənməsi və dinlənməsi, eləcə də əlaqəyə müdaxilə detallarını nəzərdən qaçırmamışdı. Azərbaycan Ordusunun düşmən radiodalğalarında “fırtına qoparan” sistemlərlə təminatında ən önəmli yeri, təbii ki, qardaş Türkiyənin təmsilçisi olan ASELSAN şirkəti tutur.
Vətən müharibəsindən öncə və savaş günlərində ASELSAN-ın COMINT (Communications Intelligence) sistemləri vasitəsi ilə düşmənin səs və məlumat yüklü radio dalğalarının axışını hədəf alan kommunikasiya kəşfiyyatı Azərbaycan Silahlı Qüvvələrinə bir çox üstünlüklər qazandırmışdı. Müharibənin gedişində ASELSAN-ın COMINT sistemləri vasitəsilə düşmənin hər gün orta hesabla 80 məlumatını dinləmək və lokasiyalarını təyin etmək mümkün olub.
Ümumiyyətlə, ASELSAN hərbi sahədə istifadə oluna biləcək müxtəlif spektrli, o cümlədən KORAL Mobil Radioelektron Mübarizə Sisteminin istehsalını həyata keçirir. KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Azərbaycan Ordusunun arsenalında yer alan və hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıran bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı hədəf radarları qarışdırıb aldadaraq, onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi düşmənin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri də zaman-zaman REM vasitələrinin istehsalı, hazırlanması və inkişafı istiqamətində müəyyən addımlar atıblar. Məsələn, 2016-cı ilin sentyabr ayında nazirliyin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən ADEX sərgisində nümayiş etdirdiyi GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansiyalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminallarının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraşdılır. Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatlarının fəaliyyətini əngəlləmək üçün vacibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi mümkündür.
Bir sözlə, Azərbaycan Ordusu REM sahəsində yeniliklər tətbiq edir. Bu da ordumuzun döyüş qabiliyyətini və təhlükəısizliyinin artırılmasında əvəzsiz rol oynayır.
Rizvan FİKRƏTOĞLU
Xalq qəzeti.- 2022.- 30
avqust.- S. 7.