Qoşulmama Hərəkatındakı fəaliyyəti
Azərbaycanın beynəlxalq mövqeyini
daha da möhkəmləndirir
1991-ci il bir çox hadisələrlə, o cümlədən SSRİ-nin süqutu, keçmiş sovet respublikalarının, müstəqilliyinin bərpası ilə yadda qaldı. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətçiliyin sistemli şəkildə möhkəmlənməsinə və inkişafına, milli maraqların qorunmasına yönəlmiş daxili və xarici siyasət yürütməyə başladı. Xarici siyasətini beynəlxalq hüquq norma və prinsiplərinə, habelə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında quran Azərbaycan nüfuzlu beynəlxalq təşkilatla qarşılıqlı hörmətə əsaslanan əlaqələr formalaşdırdı. Məhz bu siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan hazırda dünyanın bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Bu münasibətlərin inkişafı rəsmi Bakıya bir sıra strateji və taleyüklü məsələlərin həllində güclü siyasi dəstək vermişdir.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri regional səviyyədə sülhün və sabitliyin bərqərar olması, əməkdaşlıq və iri nəqliyyat layihələrinin həyata keçirilməsi kimi strateji məqsədlərə nail olmaqdır. Həmçinin demokratik inkişaf yolunu seçmiş Azərbaycan qonşu və digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda müxtəlif sahələrdə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq və inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirmək əzmindədir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan beynəlxalq və regional təşkilatlarda iştirak etməklə öz milli maraqlarını qoruyur və həyata keçirir. Buna görə də, Azərbaycan regional və qlobal səviyyədə, o cümlədən, beynəlxalq aləmdə fəaliyyətini genişləndirərək, bir sıra beynəlxalq təşkilatlara üzv olmuş və bu təşkilatlarda uğurla fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatının da fəal üzvüdür. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatında dünya əhalisinin 55 faizindən çoxu yaşayır. Azərbaycan təşkilata daxil olduqdan sonra onun işində olduqca fəal iştirak edir. Xüsusilə də Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi qurumun fəaliyyətini daha da gücləndirmişdir.
Məlumdur ki, müstəqillik əldə etmiş, ardıcıl və prinsipial xarici siyasət yürüdən hər bir dövlət öz suveren hüquqlarını qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və yaranmış münaqişələri həll etmək üçün nüfuzlu ölkələrlə, həm də üzv olduqları beynəlxalq təşkilatlarla geniş əlaqələr yaratmağa çalışır. Məhz buna görə də, ilk müstəqil addımlar atan və beynəlxalq birliyin tamhüquqlu üzvü olmağa cəhd göstərən Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını və inkişaf etdirilməsini öz siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bacarıqlı və balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Regionun lideri kimi ölkəmiz tamamilə müstəqil siyasət aparır. Artıq bir neçə ildir ki, təkcə enerji sektorunda deyil, digər sahələrdə də beynəlxalq tərəfdaşlığa önəm verilir. Belə önəm verilən beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır.
Xatırladaq ki, Qoşulmama Hərəkatı (QH) heç bir böyük güc blokunu rəsmi olaraq dəstəkləməyən və ya ona qarşı çıxmayan 120 ölkəni əhatə edən beynəlxalq təşkilatdır. Təşkilat 1961-ci ildə Hindistan, Qana, İndoneziya, Misir və keçmiş Yuqoslaviyanın təşəbbüsü ilə Belqradda yaradılmışdır. Təşkilatın məqsədi 1979-cu il Havana Bəyannaməsində qeyd edildiyi kimi, “qoşulmayan ölkələrin imperializm, müstəmləkəçilik, neomüstəmləkəçilik və irqçiliyə qarşı mübarizəsində onların milli müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini” təmin etməkdir. Təşkilat hər cür xarici təcavüz və işğala qarşı olduğunu vurğulayır. 2011-ci ildə təşkilata daxil olan Qoşulmama Hərəkatının ən yeni üzvləri Fici Respublikası və Azərbaycan olmuşdur. Qeyd etmək vacibdir ki, yeni üzv olmasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına artıq üçüncü ildir ki, sədrlik edir.
Nisbətən qısa müddətdə sədrliyin Azərbaycana həvalə edilməsi onu göstərir ki, quruma daxil olduqdan sonra ötən 11 il ərzində ölkəmiz özünü çox yaxşı tərəfdən göstərə bilmişdir. Doğrudur, Azərbaycan hərəkata kifayət qədər çətin bir dövrdə, pandemiya dövründə rəhbərlik etdi. Ancaq Azərbaycan, sədr ölkə kimi, ötən müddət ərzində onlayn konfranslar keçirdi, Qoşulmama Hərəkatının üzvləri üçün son dərəcə aktual olan məsələlərin müzakirə edilməsinə şərait yaratdı. 2020-ci ilin aprel ayında onlayn konfransının keçirilməsinin əsas məqsədi Qoşulmama Hərəkatına üzv dövlətləri fərdi mühafizə vasitələri ilə təmin etmək barədə müzakirələrin aparılmasından ibarət olmuşdur.
Xatırladaq ki, həmin dövrdə əhalini virusdan qorumaq və pandemiya ilə mübarizə aparmaq üçün zəruri olan maskalar, süni tənəffüs aparatları və digər vasitələrin çox böyük çatışmazlığı müşahidə olunurdu. Azərbaycan məsuliyyətli ölkə kimi yaxşı anlayırdı ki, inkişaf etməkdə olan ölkələr ən həssas ölkələrdir, onların nəinki fərdi mühafizə vasitələri almağa, hətta bu məsələni yüksək səviyyədə müzakirəyə çıxarmağa imkanları yoxdu. Buna görə də, Azərbaycan hərəkatın iştirakçısı olan 120 dövlət adından BMT-də xüsusi konfransın keçirilməsi və inkişaf etməmiş dövlətlərin təmin edilməsi məsələsinə baxılması barədə vəsatət qaldırdı. Rəsmi Bakı nisbətən varlı dövlətləri az inkişaf etmiş ölkələrə yardım etməyə çağırmaqla yanaşı, bu məqsədlə 30 milyon ABŞ dollarına yaxın vəsait ayırmışdı. Bundan sonra BMT Baş Assambleyasının pandemiya məsələlərinə dair xüsusi sessiyası keçirilmiş və onun çağrılmasının təşəbbüskarı kimi Azərbaycanın rolu qeyd olunmuşdu. Buna görə də, Azərbaycanın bu beynəlxalq təşkilatda yeri və rolu yüksək qiymətləndirilir. Sədrlik ölkəmizin beynəlxalq aləmdəki imicinə çox müsbət təsir göstərmiş və rəsmi Bakının Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığını daha da inkişaf etdirmişdir.
Əlbəttə, sədrlik Azərbaycanın milli maraqlarının qorunmasında konkret nəticələr vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasının üzvü olan bir qrup aparıcı dövlət Azərbaycana bu münaqişənin həlli üçün praktiki olaraq güc tətbiqini qadağan edən qətnamənin qəbulu təşəbbüsü ilə çıxış etmişdi. Qətnamə layihəsi hazırlanmış və hətta ilkin müzakirəyə də çıxarılmışdı. Amma Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərlə danışıqlar aparmış, məsləhətləşmələr keçirmiş, onlara məsələnin mahiyyətini, Azərbaycanın niyə güc tətbiq etdiyini, bunun nə üçün qaçılmaz olduğunu və dayandırılmasının mümkün olmadığını izah etmişdi. Azərbaycan QH ölkələrinə izah etmişdi ki, belə bir qətnamə layihəsinin qəbulu faktiki olaraq, ölkəmizi münaqişənin həllində fərqli hərəkət imkanından məhrum edəcək.
9 oktyabr 2020-ci il tarixində Qarabağ müharibəsinin qızğın vaxtında Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişdilər. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin bəyanatında Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi əsasında Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələbi əsasında həllinə çağırış qeyd olunmuşdu. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı Konfransında bildirmişdi ki, Qoşulmama Hərəkatına üzv ölkələrin sayəsində Bakıya qarşı heç bir sanksiya tətbiq edilmədi: “Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.
Qeyd etmək vacibdir ki, Azərbaycan Cənubi Qafqazda hərbi bloklarda iştirak etməməyə üstünlük verən yeganə ölkədir. Azərbaycan həm Rusiya, həm də NATO ilə tərəfdaşlığını inkişaf etdirməyə çalışır və onun strateji seçiminin rəqabət aparan iki qüvvə tərəfindən qəbul olunmasını təmin edə bilmişdir. Qoşulmama Hərəkatı heç kimlə düşmənçilik etmək istəməyən və özlərinə qarşı çıxmaq niyyətində olmayan və öz suverenliyini qorumağa çalışan dövlətlərin güclü ittifaqıdır. Bu gün Azərbaycan bu təşkilata sədrlik edir, çünki ölkəmiz uzun illər müxtəlif tərəflərin təzyiqlərinə baxmayaraq, müstəqil mövqeyini qoruyub saxlamışdır. Siyasi şərhçilərin sözlərinə görə, rəsmi Bakının Qoşulmama Hərəkatının sıralarına daxil olması Azərbaycanın sadiq qaldığı balanslaşdırılmış xarici siyasət doktrinasının sayəsində mümkün olmuşdur. Analitiklər hesab edirlər ki, Azərbaycanın hərəkat sıralarında olması neytrallıq proqramına əməl edən və hər hansı konkret bloka və ya ölkəyə qarşı yönəlmiş alyansa və ya təşkilata qoşulmaq istəməyən dövlət kimi, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2022.- 31
avqust.- S. 3.