İşğaldan azad olunan ərazilərdə tikinti
işləri sürətlə davam etdirilir
Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə tikinti və yenidənqurma layihələri sürətlə həyata keçirilir. Mədəniyyət paytaxtımız Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətə malik hissələrində erməni vandalizminə məruz qalan abidələrinin bərpası xüsusilə diqqətdə saxlanılır. Şəhərin dağıdılmış evlərinin bərpası prosesinə mühüm önəm verilir, həmçinin yeni yaşayış binaları inşa olunur və 2023-cü ilin sonunda bu tikililərin istifadəyə veriləcəyi nəzərdə tutulur. Eyni zamanda, Şuşada yeni məktəbin, xəstəxananın, məscidin və otel kompleksinin də inşa ediləcəyi planlaşdırılır.
Daşaltı kəndinin böyük turizm potensialı olduğu nəzərə alınaraq, Baş planın hazırlanması işləri tamamlandıqdan sonra burada yenidənqurma işlərinə başlanılacaq.
Yenidənqurma prosesində mədəni irsin qorunub saxlanılması, dirçəldilməsi prioritet olduğundan Ağdamda Cümə və Qiyaslı məscidlərinin bərpa edilməsi, Ağdam və Füzulidə açıq səma altında İşğal və Zəfər muzeylərinin yaradılması da qarşıya mühüm vəzifə kimi qoyulub.
Zəngilanda da bərpa-quruculuq layihələri uğurla həyata keçirilir. Rayon erməni faşizmi tərəfindən dağıntılara ən çox məruz qalan yaşayış sahələrindən biridir. Zəngilanın yenidən qurulması və bərpası BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla gerçəkləşdirilir.
Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda Zəngilanda indiyədək reallaşdırılan və həyata keçiriləcək layihələr haqqında danışarkən bildirib ki, burada “Ağıllı kənd” layihəsi həyata keçirilib. O, bu layihənin gerçəkləşdirildiyi Ağalı kəndində indiyədək 200 evin inşasının tamamlandığını və 150 evin tikintisinin planlaşdırıldığını deyib.
Prezidentin xüsusi nümayəndəsi Zəngilanda hava limanının inşasının davam etdiyini də vurğulayıb. O, həmçinin rayonda ekoturizm və aqroturizm, eləcə də günəş enerjisindən istifadə üçün əlverişli şəraitin olduğunu, bununla da regionun təbiətinə zərər vermədən bölgənin elektrik enerjisi ilə təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Vahid Hacıyev daha sonra bildirib ki, hazırda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisi aparılır. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri komplekslərinin və Memorial Parkın tikintisi də planlaşdırılır.
“Zəngilan ərazisindən keçən Horadiz–Ağbənd dəmir yolu xətti 2023-cü ildə, Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı isə bu ilin sentyabr ayında başa çatdırılacaq”, – deyə Vahid Hacıyev deyib.
Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə işğaldan azad edilən ərazilərimizə Böyük Qayıdışın reallaşması üçün mühüm layihələr həyata keçirilir. Zəngilanın Ağalı kəndinin bir qrup sakininin 30 ilə yaxın ayrılıqdan sonra iyulun 19-da doğma yurduna dönməsi də dövlətimizin bu torpaqlara həyatı yenidən qaytarması üçün əzm və qətiyyətindən xəbər verir.
Burada onu da qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazisində inşa edilən Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanıb. “Azərbaycan Hava Yolları” mətbuat xidmətinin yaydığı məlumatda uçuş yoxlamasının “ATR 42-500” biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış “Aerodata AD-FIS-112” kompleksindən istifadə edilməklə həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.
Xatırladaq ki, inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və “ICAO”, “EUROCONTROL” və “IATA” çağırış siqnalları artıq təyin edilib.
Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir. Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası və müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Zəngilan rayonunda beynəlxalq hava limanının cari ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulur.
Bu gün işğaldan azad edilən ərazilərimizdə mina probleminin həlli də diqqət mərkəzində saxlanılır. İndiyədək, ümumilikdə, 49 min 395,3 hektar ərazinin minalardan təmizlənməsi, minalar və partlamamış hərbi sursatların aşkar edilərək zərərsizləşdirilməsi də bunun bariz ifadəsidir.
Hazırda minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, rayon və kəndlərdə aparılır. Minatəmizləmə əməliyyatlarının uğurla davam etməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi və münaqişənin təsirinə məruz qalan ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.
İşğaldan azad edilən ərazilərdə yol tikintisinə xüsusi əhəmiyyət verilir. Çünki yaşayış sahələrində hərəkətin tənzimlənməsi üçün, ilk növbədə, yol infrastrukturunun yenidən qurulması, körpü və tunellərin inşası xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan bu məsələ daim diqqətdə saxlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir.
Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
Cari ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələrinə Bərdə–Ağdam (44,5 kilometr, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 kilometr, 2 hərəkət zolaqlı), Füzuli–Hadrut (12 kilometr, 4 hərəkət zolaqlı), Talış–Tapqaraqoyunlu–Qaşaltı (22 kilometr, 2 hərəkət zolaqlı), Qubadlı–Eyvazlı avtomobil yolları (28,5 kilometr, 2 hərəkət zolaqlı) daxildir.
Gələn il Əhmədbəyli–Füzuli-Şuşa (81,6 kilometr, 4-6 hərəkət zolaqlı), Xudafərin–Qubadlı–Laçın (70,4 kilometr, 4 hərəkət zolaqlı), Şükürbəyli–Cəbrayıl–Hadrut (39,7 kilometr, 4 hərəkət zolaqlı), Qubadlı–Mahmudlu–Yazıdüzü–Ermənistan sərhədi avtomobil yollarının (26,4 kilometr, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin (834,1 kilometr, 2 hərəkət zolaqlı) və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin başa çatdırılması nəzərdə tutulur.
2024-2025-ci illərdə isə Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd (123,9 kilometr, 4-6 hərəkət zolaqlı), Ağdam–Füzuli (64,8 kilometr, 4 hərəkət zolaqlı), Toğana–Kəlbəcər–İstisu (81,6 kilometr, 2-4 hərəkət zolaqlı), Kəlbəcər–Laçın avtomobil yolları (76,3 kilometr, 2-4 hərəkət zolaqlı) layihələrinin başa çatdırılması proqnozlaşdırılır.
Zəngəzur dəhlizinin tikintisi ilə bağlı bəzi məqamları da diqqətə çatdırmaq istərdik. Əvvəlcə onu deyək ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa olunur. Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır.
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Sonda onu da qeyd edək ki, ölkəmizin yenilənmiş dövlət büdcəsində artırılan xərclər hesabına yaranan ehtiyat vəsaitlərin yönləndirildiyi istiqamətlər sırasında Böyük Qayıdışın sürətlə reallaşdırılması xüsusi yer tutur. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 477 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Yeni xərclərin 2 milyard 986 milyon manatı isə, ilk növbədə, Böyük Qayıdışın təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında zəruri infrastruktur layihələrinin icrasına yönəldiləcəyi bildirilir.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 31 avqust.- S.4.