Əbədiyaşar
səsin sahibi
Şair Musa
Ələkbərli bir şeirində
yazır:
İnsan ölər, səsi qalar,
İndiyədək görünməyib səs ölümü...
Ölməz sənətkarımız Şövkət Ələkbərovanın həyat verdiyi “Oxu, gözəl”, “Bir könül sındırmışam”, “Dərələr”, “Axşam” və digər mahnıları dinlədikcə şairin həmin poetik fikrinə biz də şərik çıxırıq. Nəğmə melodiyalarının qanadlarında sonsuzluğa qovuşuruq.
Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şövkət Ələkbərova – 100” adlı konsert gecəsi əsl sənətin həmişəyaşar olması ilə bağlı inamımızı daha da gücləndirdi.
Gecədə bir sıra tanınmış və gənc sənət adamları korifey sənətkarın repertuarından mahnılar ifa ediblər. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə iki saat davam edən tədbirdə səsləndirilən əsərlər tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
İfaçılar sırasında Şövkət Ələkbərovanın nəvəsi Şövkət Səfərova nənəsinə həsr etdiyi “İstəyirəm sənə bənzəyim, nənə” mahnısını tamaşaçılar qarşısında məharətlə səsləndirib. Şövkət Ələkbərova da ilk dəfə səhnəyə çıxanda beləcə gənc idi. 14 yaşında ikən ailəsinin məsləhəti ilə kamança çalmağı öyrənib, 16 yaşından isə müğənniliyə başlayıb. Görkəmli sənətkar Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil alıb. 1938-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında fəaliyyətə başlayıb, 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
SSRİ məkanında bir çox şəhərlərdə, eləcə də Fransa, İsveçrə, Əfqanıstan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə Şövkət Ələkbərova uğurlu çıxışlar edib. Ona “Azərbaycan SSR xalq artisti” fəxri adı verilib. Zəngin repertuarında xalq və bəstəkar mahnıları, muğamlar, Orta Şərq xalqlarının musiqisi əsas yer tutub.
Şövkət Ələkbərova 70 yaşında 1993-cü ildə dünyasını dəyişib. Fəxri Xiyabanda dəfn olunub. Amma nə qədər ki, səsi eşidilir, ifaları səsləndirilir, o bizim üçün ölməz olaraq qalır.
Fidan Hüquqqızı
Xalq qəzeti .- 2022.- 3 dekabr.- S.12.