Əlillər cəmiyyətdən kənar qalmayıblar

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü

 

BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd edilir. Məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir. Prezident İlham Əliyevin sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin də sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə əlillərlə bağlı həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr, icra edilən proqramlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininXalq qəzeti”nə verdiyi açıqlamanı oxuculara təqdim edirik.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, onların sağlamlıqlarının bərpası, reabilitasiyası, sosial rifahının yaxşılaşdırılması istiqamətində fəal və məqsədyönlü siyasət həyata keçirən ölkələrdən biridir. Azərbayacan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası ilə üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir.

Məlumdur ki, əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinətlə təmin edilir. Müharibə ilə əlaqədar, həmçinin ­1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər həmin pensiyaya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Həmçinin orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin 18 yaşadək əlillərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü verilir.

Azərbaycanda sosial ödənişlərin, o cümlədən əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması təmin olunur. Xüsusilə son 4 ildə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 77 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb.  Ümumilikdə həmin dövrdə bir hissəsi də əlilliyi olan şəxslərdən ibarət 4 milyon nəfəri əhatə edən 3 sosial islahat paketi reallaşdırılıb və bu islahatlar üçün illik əlavə olaraq 6 milyard manat vəsait ayrılıb.

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, digər həssas qrupların mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 4 100-ə yaxın, ümumi-likdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib. 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulubbunun da 1100-ə yaxını həmin kateqoriyadan olanlara təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7 500-dən artıq avtomobil verilib.

Son 4 ilin genişmiqyaslı sosial islahatlarının mühüm istiqaməti kimi, ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. 2018 – 2022-ci illərdə 12 reabilitasiyasosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, həmçinin ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib.

Yaradılan müasir reabilitasiya in­frastrukturu zəfərimizin qəhrəmanları olan, müharibədə yaralanmış hərbçilərimizin səmərəli, keyfiyyətli tibbisosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçünmühüm potensialdır. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2 min 650-dək şəxs nazirliyin həmin müəssisələrində həm sosialpsixoloji, həm də fizioterapevtik müalicə yönümlü reabilitasiya xidmətləri alıb. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 1750 şəxs isə 29 min 54 reabilitasiya vasitəsi ilə təmin olunub.

2020-ci ilin dekabr ayında isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminatı proqramına başlanıb və artıq 376 hərbçi yüksək texnologiyalı 391 son nəsil protezlə təmin edilib. Müharibədə əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar. Nazirlik müasir protezlərlə təmin edilmiş hərbçilər arasında futbol yarışları da təşkil edir ki, bu da onların sosial inteqrasiyasına xidmət etməklə, aktiv həyata adaptasiyalarına kömək edən effektiv üsuldur.

Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərə qayğının artırılması işlərinin davamı olaraq, əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində (Naxçıvan, Gəncə, Yevlax) Regional İnformasiya Mərkəzləri yaradılıb. Bu mərkəzlər onların cəmiyyətə intqrasiyasında mühüm rol oynayır. Həmin mərkəzlərdə əlilliyi olan şəxslərə Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, zehni inkişaf etdirən kompüter oyunları otağı fəaliyyət göstərir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu mərkəz əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malikdir.

Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Özünüməşğulluq proqramının, həmçinin ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi əlilliyi olan şəxslərdir.

Eyni zamanda BMT İnkişaf Proqramı ilə birgə layihəsi üzrə əlilliyi olan şəxslərin kiçik biznesinin qurulması işləri aparılır. Qeyd edək ki, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə kvota üzrə yerlər müəyyən edilir və həmin yerlərdə işlə təmin edilirlər.

Son illər ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun şəkildə aparılan islahatlarla əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə digər mühüm təkmilləşdirmələr də aparılıb. Bu təkmilləşdirmələrin bir istiqaməti kimi, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasiretik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib. Belə ki, “lalsözünitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “korsözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “karsözü “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kəmağıllıq” sözü “əqli gerilik” sözləri ilə, “şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə, “bədən qüsuru” sözləri “fiziki çatışmazlıq” sözləri ilə, “şikəstlik” sözü “xəsarət” sözü ilə və s. əvəz edilib.

Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması tədbirləri də davam edir. Bu istiqamətdə daha bir tədbir kimi, əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışları keçirilib. Həmçinin ardıcıl olaraq əlilliyi olan şəxslərin yaradıcılıq nümunələrindən ibarət sərgilər təşkil edilir.

Ümumilikdə əilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların sosial xidmətlərlə təminatı, asudə vaxtının təşkili, onlar üçün yaradıcılıq müsabiqələri, idman tədbirlərinin təşkili, paralimpiya hərəkatının genişlənməsi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələrindən ibarət kitab – albomların nəşri və s. istiqamətlərdə həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edildiyini, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını göstərir.

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti .- 2022.- 3 dekabr.- S.10.