Heydər Əliyevin mədəniyyət himayədarlığı

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam”.

Heydər ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

Ulu öndərin mədəniyyətə qayğısı barədə düşünəndə ilk olaraq 1982-ci ildə Şuşada, qarlı bir gündə Molla Pənah Vaqifin əzəmətli muzey-məqbərəsinin və abidəsinin açılışından çəkilmiş kinokadrlar gözlərim önündə canlanır. Mərasimdə mərhum liderlə birlikdə yazıçılar – onun təşəbbüsü ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Süleyman Rüstəm, Mirzə İbrahimov, bəstəkar Niyazi Tağızadə və başqaları da olublar. Heydər Əliyev özünəməxsus işıqlı təbəssümlə abidənin rəmzi lentini kəsib. Kinoxronika bu sözlərlə bitir: “Xalqın ölməz sənətkarına tükənməz məhəbbəti qarşısında qarlı qışın soyuğu tamamilə hiss olunmadı”.

O zaman gənc İlham Əliyev də atası ilə birlikdə tədbirə gedibtarixi hadisəyə şahidlik edib. Ondan bir neçə ay sonra isə yenə də ulu öndərlə Şuşada olan İlham Əliyevin ötən il həmin unudulmaz anları necə xoş duyğularla xatırladığı hamımızın yadındadır. (Onu da qeyd edək ki, ilk dəfə keçirilən Vaqif Poeziya Bayramından sonra Xan qızı Natəvanın da abidəsinin açılışı gerçəkləşib).

Mədəniyyət paytaxtımız Şuşadan söz düşmüşkən onu da vurğulayaq ki, məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə Cıdır düzündə ilk “Xarıbülbül”  musiqi festivalı keçirilib. Tədbir may ayında – xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından da musiqi qrupları iştirak edib. Sonra “Xarıbülbül” beynəlxalq status alıb. Ənənəvi bayramlara bir sıra xarici ölkələrdən nümayəndələr də qatılıb. Dördüncü festival 1992-ci il  mayın ­15-də başlanmalı və daha möhtəşəm olmalı idi. Amma Şuşanın nankor qonşular tərəfindən işğalı buna imkan vermədi... Fərəhli haldır ki, bu gün qalib xalqımız ulu öndərin qayğısı ilə mədəniyyət tariximizi rövnəqləndirən ənənəvi sənət bayramlarımızı yenidən keçirirbu, dünyanın diqqətini çəkir, bədxahlarımızı xar edir.

Böyük Zəfərdən sonra Şuşaya səfəri zamanı müzəffər Ali Baş Komandanın tapşırığına əsasən, erməni vandallarının dağıtdığı bir çox abidələr kimi, Vaqifin məqbərəsi də bərpa edilib. Nəhayət, ikinci həyatını yaşayan abidənin önündə təşkil olunan Vaqif Poeziya Günlərinə dövlət başçısı öz xeyir-duasını verib. “Ulu öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi...” – deyib.

Məhz Heydər Əliyevin respublikada bərqərar etdiyi yaradıcı ab-havanın sayəsində ötən əsrin 70–80-ci illərində ədəbi prosesdə və incəsənətin müxtəlif sahələrində ciddi nəticələrə gətirib çıxaran yaradıcılıq axtarışları aparılıb. Münbit mühitin üfüqlərində böyük sənət abidələri boy göstərib. Yaradıcı insanlarımızın şöhrəti sərhəd tanımayıb, keçmiş ittifaqın müxtəlif şəhərlərində onların yubiley tədbirləri, yaradıcılıq hesabatları təşkil olunub. Fəxri adlar, mükafatlar alan sənət adamlarının sayı-hesabı olmayıb.

Mədəniyyət, ədəbiyyat və incəsənətimizə dəyər verən, bu sahələrin görkəmli nümayəndələrinə, istedadlı insanlarına ölkənin “qızıl fondukimi baxan Heydər Əliyevin sayəsində onların açdığı cığırlar böyük işıqlı yola çevrilib, mədəniyyət tariximiz həqiqi intibah dövrünü yaşayıb.   

Bu, bir aksiomdur ki, mədəniyyətimizin görkəmli xadimləri ­Heydər Əliyev dövründəki   qədər heç zaman tanınmamışdılar. Ümummilli lider yazıçıların, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarını, konfranslarını öz iştirakı ilə şərəfləndirir, dəyərli tövsiyələr verirdi. Bütün sahələrdən əsl bilici kimi danışırdı.

Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Məktəb teatrında aktyor kimi çıxış etmişdi.  Çəkdiyi rəsmlərdən bəziləri qalmaqdadır. Özü də gənclik illərində memar olmaq istəyirdi. Bu məqsədlə 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Amma İkinci Dünya müharibəsinin başlanması ona orada təhsilini başa çatdırmağa imkan verməyib.  

Ulu öndərin zəngin mənəvi dünyası, millətinə, xalqına sonsuz sevgisi, mədəniyyət tariximizə daim yüksək dəyər verməsi onun obrazlı şəkildə Azərbaycanın sönməz Günəşi adlandırılmasına zəmin yaradıb.

Hansı bir sənət adamını dindirsəniz, fəxrlə deyəcək ki, unudulmaz dahi şəxsiyyət hər zaman milli kimliyimizlə, milli mədəniyyətimizlə qürur duyub, Azərbaycan mədəniyyətinin təbliğini, geniş yayılmasını tövsiyə edib. Onun ölkədə təməlini qoyduğu tolerantlıq və multikulturalizm siyasəti də mədəni tərəqqimizi çoxşaxəli edib. Bu barədə ulu öndər deyib: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Sovetlər dönəmində Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının yetərincə möhkəmlənməsi də onun xidməti idi. Bu sıraya saysız kinoteatrlar, teatr binaları, muzeylər  daxildir. İncəsənət yönümlü ən nüfuzlu xarici ali məktəblərdə Azərbaycan gəncləri təhsil alaraq geri qayıdırdılar. Həmin kadrlar hazırda Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. 

Xatırlayırıq ki, ümummilli lider 1996-cı ildə Məhəmməd Füzulinin 500, 2000-ci ildə “Kitabi-Dədə Qorqudun 1300 illiyi ilə bağlı türk dünyasının dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıda bir araya gətirdi. “Kitabi-Dədə ­Qorqudun yubileyinin, eyni zamanda UNESCO səviyyəsində qeyd olunması ümumtürk mədəniyyətinin təntənəsinə çevrildi.

Ulu öndər ana dilimizə münasibətdə də çox həssas olub. Tarix elmləri doktoru, professor İradə Hüseynova “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı kitabında yazır: “Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, mentalitetinin qorunması və inkişaf etdirilməsi keşiyində durmuşbu sahədə çalışanların əməyinə yüksək qiymət vermişdi. Heydər Əliyev bütün rəsmi yığıncaqlarda, tədbirlərdə rəhbər şəxslərin rus dilində çıxış etməsinin ənənəyə çevrildiyi bir vaxtda – 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda öz ana dilində, Azərbaycan dilində çıxış etməsi ilə geniş yayılmış stereotipi sındırdı. Bu, respublikaya səs saldı. Bu münasibətlə onu təbrik edənlərə öz minnətdarlığını bildirərək deyirdi ki, “burada bir ­qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdirana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”. Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın ­73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, – deyə təsbit edildi. Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: “Ancaq bu maddə (73-cü maddə – İ.H.) Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Dahi şəxsiyyət belə bir dərin fəhmlə Azərbaycanın suverenliyinə nail olacağını görür və xalqı müxtəlif vasitələrlə, atdığı tarixi addımlarla öz dilini, mədəniyyətini layiqincə dəyərləndirməyə, qorumağa sövq edirdi. Müstəqilliyimizin ilk dövrlərində ölkənin çətin vaxtında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı möhkəm sabitlik və sürətli inkişaf yoluna çıxardı, bugünkü parlaq nailiyyətlərimizin möhkəm təməlini qoydu. 

Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev onun müdrik siyasətini, o cümlədən, mədəniyyətə qayğısını layiqincə davam etdirir. Hazırda ölkəmiz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-la sıx əlaqələr yaradıb. Azərbaycan bu təşkilatın fəaliyyətinə yaxından dəstək verir, eyni zamanda, qurumun layihələrində yüksək səviyyədə iştirak edir. Görkəmli ədəbiyyat və mədəniyyət xadimlərimizin yubileyləri TÜRKSOY səviyyəsində qeyd olunur. Azərbaycanın ­Birinci vitse-­prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban ­xanım ­Əliyeva ümummilli liderin ideyalarının daim yaşaması üçün misilsiz səylər göstərir. Xoşməramlı səfir kimi geniş fəaliyyət göstərir. Azərbaycanın inkişafı, mədəniyyətimizin dünyada tanıdılması təmin edilir.   

Bu il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçünTürk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu, Azərbaycan mədəniyyətinə, memarlıq və şəhərsalma sənətinin incisi olan Şuşaya xüsusi ehtiramın təzahürüdür. Dekabrın 6-da ­Prezident İlham Əliyev Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Deməli, gələn il də, həmçinin daha geniş miqyasda mədəniyyətimizin Şuşa ab-havası könülləri riqqətə gətirməkdə davam edəcək, gözəl, unudulmaz tədbirlər keçiriləcək. Əlbəttə, bütün bunlar unudulmaz dahi şəxsiyyətin bünövrəsini qoyduğu mədəniyyətə himayədarlıq amalının layiqincə davam etməsinin göstəricisidir. 

Əli NƏCƏFXANLI

Xalq qəzeti .- 2022.- 10 dekabr.- S.5.