Təbriz aşıq məktəbinin “Şikari” dastanı

AMEA Folklor İnstitutu Cənubi Azərbaycan şöbəsi əməkdaşlarının güneyli həmkarları ilə birlikdə toplayıb nəşr etdirdiyiGüney Azərbaycan folkloru” seriyasının VII cildinə Təbriz aşıq məktəbində ərsəyə gəlmiş “Şikari” dastanı daxil edilmişdir. Güneyli folklor mütəxəssisi Nəbi Azəroğlunun topladığı dastanı çapa Folklor İnstitutunun əməkdaşları Mətanət Maşallahqızı və Böyükbəy Ələkbəroğlu hazırlamışlar.

Cildə yazılmış “Ön söz”də bildirilir ki, qəhrəmanlıq mövzusunda olan bu dastan Azərbaycan ərazisində İslamın yayılması motivi əsasında yaranmışdır. Güneydə xalq yaradıcılığının bu qiymətli incisi sayılan bu şifahi əsər keçən əsrin 60–70-ci illərindən Təbriz aşıqlarının repertuarına salınmış, ancaq həcmi böyük olduğundan, yalnız ayrı-ayrı qollarına müraciət edilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır.

Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən “Şikari” dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. Aşıq Yədullah 1938-ci ildə Təbriz yaxınlığında yerləşən İlxıçı obasında anadan olmuşdur. O, kiçik yaşlarından aşıqlıq sənətinin sirlərini Aşıq Hüseyn Namvər, Aşıq Məhəmməd Bağır və Aşıq Şəhnazi kimi dastançı ustadlardan öyrənmişdir. Aşıq Yədullah xalq arasında “Əsli və Kərəm”, “Koroğlu”, “Abbas və Gülgəz”, “Tahir Mirzə”, “Qurbani”, “Şah İsmayıl”, “ Əli Rafi” və s. dastanların mahir ifaçısı kimi tanınmışdır. Aşığın repertuarında xüsusi yer tutanŞikari” dastanını Aşıq Hacı Əli, o isə öz növbəsində ustadı Aşıq Gümüşkəmərli Ələsgərdən dinləyərək öyrənmişdir.

Bu irihəcmli dastan1970-ci illərdən başlayaraq, Təbriz aşıq dastanları içərisində diqqət mərkəzində saxlanılmışdır. 1969-cu ildən aşıqlar arasında yayılmağa başlayan əsər 1971-ci ilə qədər pərakəndə şəkildə əldə olunmuşdur. Dastanın geniş mətnini Nəbi Azəroğlu toplamış, düzüb-qoşmuşdur. FolklorçuŞikari” dastanının səsli mətnlərini müxtəlif aşıq repertuarlarından əldə etmiş, yarımçıq mətnləri isə Aşıq Yədullahın arxivindən götürərək bərpa etmişdir. “Şikari” dastanı ­mətnlərinin toplanılması işi üzərində fəaliyyətini davam etdirən soydaşımız ilk dəfə olaraq “Təbriz aşıqlıq gələnəyi və aşıq ədəbiyyatı” adı altında onun geniş elmi tədqiqini də aparmışdır.

Folklor biliciləri qeyd edirlər ki, “Şikari” ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq üçün onun müxtəlif ölkələrə səyahətini, eyni zamanda, ailə-məişət məsələlərinin də yer aldığı hadisələri əhatə edir. “Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarini atasının vəliəhd seçməsini qəbul edə bilmir. O, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Ərçə şaha Şikarini ovda şirlərin parçalaması xəbərini verir.

Keyvan adlı tacirin quyudan xilas etdiyi Şikari onunla birlikdə ölkələri dolaşıb İslam dinini yaymaq uğrunda mübarizəyə qoşulur. “Kitabi-Dədə Qorqud” dastanlarında olduğu kimi, burada da dastan qəhrəmanının ətrafına müdrik ağsaqqallar və ­adlı-sanlı igidlər toplaşırlar. Şikari İslama dəvət etdiyi ölkələrin ədalətlə idarə olunmasını təmin edir və insanların sevimlisinə çevrilir.

Folklor biliciləri qeyd edirlər ki, “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəldiyimiz bir sıra motivlər – qəhrəmanın öz ailəsinin ardınca düşmən üzərinə tək getməsi (Salur Qazanın Şöklü Məliklə qarşılaşması), oğlunu xilas etməsi (Salur Qazanın oğlu Uruzu dustaqlıqdan azad etməsi), igidlərin öz sevgililərini ov əsnasında tapmaları, qadınların ərə gedəcəkləri oğlanları döyüşdə sınamaqla seçmələri (Beyrək və Banuçiçəyin ilk qarşılaşması) və s. “Şikari” dastanında da əksini tapmışdır.

Şikari və oğlanları başda olmaqla, qəhrəmanlar İslam bayrağı altında bir araya gələrək, daim kafirlərlə döyüşürlər. Baş qəhrəmanlar güc və yenilməzliklərini fövqəltəbii qüvvələrdən alırlar. Dastandan məlum olur ki, Şikari “kəmər bəsteyi-Xızır”, Cahandarsa “kəmər bəsteyi-Həzrət Əli”dir”. Yəni Xızır peyğəmbər Şikarinin, Həzrət Əli isə Cahandarın yuxusuna girməklə onların belinə pəhləvanlıq kəməri bağlamış, əlini qəhrəmanların kürəyinə çəkmişdir. Nəticədə, onlar yuxudan qeyri-adi gücə malik pəhləvanlar kimi ayılmışlar.

Dastan qəhrəmanlarının igidliyi sehrli nağıl və əsatiri görüşlərlə səsləşən yardımçı qüvvələr – atların mifoloji özəlliyində də ifadəsini tapmışdır. Türk dastançılıq ənənəsinə bağlı olaraqŞikari” dastanında at kultu mifoloji funksiya daşıyır. Mənzər şahı Yəməninin dörd divar arasında illərlə bəslədiyi “mərkəbi-Əjdaxar” Şikarinin, Xocand vəzirinin dərya atlarından döl tutduğu Kürrəsə Cahangirin dastan boyu silahdaşı, yoldaşı kimi təsvir olunur.

Qadın obrazları müxtəlif qollarda hadisələrin süjet xəttində aparıcı surətlərə çevrilməklə igidlikləri, ağıl və ləyaqətləri ilə “ Kitabi-Dədə ­Qorqud”qəhrəmanlarını xatırladırlar. Xocand vəzirin qızı Pərnaz xanım, Mənzər şahı Yəmənin qızı Simizər, Ərəblər şahının qızı Xurşid Banu, Sah Sucanın qızı Qonçələb və s. qadın obrazları həm tədbirli, həm də sədaqətli olmaları ilə dastan qəhrəmanlarının yardımçısına çevrilirlər. Xurşid Banu kəmənd atması, küşt tutması, yay çəkməsi ilə seçilən qadın obrazıdır. Banu yalnız onu yenə biləcək qəhrəmana ərə gedəcəyini bildirir. Şikari ilə rastlaşarkən üzünü niqabda örtərək onunla döyüşür. Onun qadınlığı bəlli olduqdan sonra döyüş dayandırılır və Xurşid Banu əhdinə sadiq qalıb Şikari ilə ailə həyatı qurur.

Ayrı-ayrı nağıl və dastanlarda olduğu kimi, burada da əfsanəvi Xızır qəhrəmanların köməyinə çatır, ən çətin sınaqlarda onların yardımçısına çevrilir. Məhz Xızır peyğəmbərin Şikari, Sərhəngi Şaminin pəhləvanı Keyvan Dilavər, Şəbru Əyyar, CahandarŞirzadi Tigzənin yuxusuna girməsi, qəhrəmanlara yuxuda “ismi-əzəm”, “batili-sehr” öyrətməsi, kəmər-qurşaq bağlaması ilə onlar tilsimləri dəf edir, düşmənin saysız-hesabsız qoşunu üzərində qələbə çalmağı bacarırlar.

Şikarionun igidləri həm zülmkar hökmdarlar, həm də şəri təmsil edən cadugərlər və divlərlə mübarizə aparmalı olurlar. Divlər şahı Elavə div, Ekvan div, Sütüsər div, Qaf dağında yaşayan Zərdan div, Əncüm pəri, Pərilər padşahı Sərəfraz şah, Tufan cadu, Zəfəran cadu, Fitnə cadus. sehrli qüvvələr dastanda əlavə süjetlərə qoşulmaqla qəhrəmanların qarşısına çıxır, onları yeni maneələrlə üz-üzə gətirməklə ağıl və tədbirliliklərini sınaqlardan keçirirlər. Yarıinsan, yarıheyvan olan divlər– göyərçin, yaşlı qarı, qurd, ahus. cildinə düşən bu fövqəltəbii qüvvələr dastan poetikasına uyğun daha arxaik görüşlərdən xəbər verir.

Azərbaycan folklorçuları bildirirlər ki, “Şikari” dastanı aşıq söyləməsindən yazıya alınmışdır. Tam 55 saat ərzində dinlənilərək səsli fayllardan götürülən dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeyd olunmuşdır. Şeir şəkilləri bu strukturda əsasən 4+4+3, 6+5, 4+4 heca şəkillərinə uyğun verilmişdir. Aşıq şeiri şəkilləri aşıq Yədullah da daxil olmaqla ayrı-ayrı aşıqların repertuarından müxtəlif nümunələrlə zənginləşdirilmiş, hadisələrə uyğun olaraq mətnə bayatı nümunələri əlavə edilmişdir.

Dastanda hadisələrarası ustadnamələr, eləcə də aşığın buya digər hadisəyə münasibətini ifadə edən süjetdən kənar nümunələr əsasən Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mənsur, Xəstə Bayraməli və b. aşıqların şeirlərindən götürülmüşdür.

Təəssüf ki, ortaq folklor düşüncəmizin bu nadir nümunəsi uzun illər Arazın bu tayındakı soydaşlarımıza bəlli olmamışdır. Dastanın ölkəmizdə tədqiq olunması və nəşri də məhz bu boşluğu doldurmağa xidmət etmişdir.

Tahir AYDINOĞLU

Xalq qəzeti  2022.- 10 dekabr.- S.6.