Emin Ağalarovun
Bakı təqdimatı
Heydər Əliyev Sarayında Xalq
artisti Emin Ağalarov möhtəşəm səhnə
performansı və populyar mahnıları
ilə sevənlərinin qarşısına
çıxıb. Müğənni ikigünlük
konsertləri zamanı sevimli lirik kompozisiyalarını və rəqs hitlərini
ifa edib, həmçinin
yeni mahnılarını təqdim edib.
...Sevənlərini bir qədər intizarda saxlayan müğənni səhnəyə çıxar-çıxmaz gur alqışlarla qarşılandı. Sanki hər kəs bu günü səbirsizliklə gözləyirdi. Konsertə girişi 2014-cü ildə ərsəyə gətirdiyi “Amore” albomuna daxil olan eyniadlı mahnısı ilə edən Emin elə ilk andan etibarən səhnədən tamaşaçı kütləsini ələ almağı bacardı. Daha sonra bir-birinin ardınca illərlə yazıb bəstələdiyi gözəl mahnılarını ifa etdi, səhnədən aşağıya – tamaşaçıların əyləşdiyi zala doğru gələrək sevənləri ilə şəkil çəkdirdi.
Sonra Emin özünə kumir saydığı dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin zamanında möhürünü vurmuş olduğu “Sinyaya veçnost” mahnı-kompozisiyasını məharətlə ifa etdi. Böyük Müslümün də ifasından parçalarla dolğunlaşmış fonoqram əlavələr təqdimata əlavə rəng qatdı və tamaşaçılar tərəfindən ayaqüstə alqışlandı. Emin bu möhtəşəm əsəri ifa etməklə bir daha sübut etdi ki, Müslüm Maqomayev sənəti ölməzdir və illər keçsə də onun ifaları unudulmayacaq.
Böyük anşlaqla keçən konsert, Eminin özünün də dediyi kimi, ikinci doğma evi olan Azərbaycana həsr etdiyi mahnısı ilə sona çatdı. Bir daha xatırlandı ki, onda musiqiyə maraq ABŞ-da yaşadığı ilkin dövrlərdən oyanıb. Amerikanın görkəmli musiqiçiləri Frenk Senatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayevin ardıcılı olaraq sənətə gəlib. Böyük səhnəyə əsrimizin əvvəllərindən gələn istedadlı müğənni elə o dövrdə ingiliscə “Still” adlı ilk albomunu çıxarıb və albomla eyni adı daşıyan mahnısı da hitə çevrilib. Bu albom vasitəsilə o, özünü həm də bəstəkar kimi göstərib. 2007-ci ildə “İncredible” adlı növbəti albomu işıq üzü görüb.
Daha sonra isə coverlərində (üzqabığı) Elvis və Frenin şəkilləri olan “Obsession”i və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı “Devotion” albomu buraxılıb. Emin Ağalarov 2010-cu ildə artıq öz musiqisini Avropaya tanıtmaq qərarına gəlib və “Wonder” adlı albomunu Böyük Britaniyada yayıb. Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib və 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Bakıdakı çoxsaylı pərəstişkarları ilə növbəti görüşləri də uğurla keçən müğənni yenidən sənətsevərlərin ürəklərini ram etdi.
Fidan HÜQUQQIZI
Xalq qəzeti .- 2022.-17 dekabr.- S.9.