“Necə unudum səni?..”

Bəstəkar, pedaqoji elmlər doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, Rusiya PedaqojiSosial Elmlər Akademiyasının akademiki, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Rəcəbov da səfər karvanına qoşulub getdi. Bir günün içində xatirəyə döndü, indən belə xəyallardan boy göstərəcək o da...

Bu sətirləri yaza-yaza istər-istəməz onun “Necə unudum səni?” (sözləri Zivər Ağayevanındır) mahnısı yadıma düşür. Flora Kərimovanın sopranosu fəryad qoparır:

 Ürəyimdə qorundun,

 Saçlarımda dən oldun.

 Alnımın qırışısan,

 Necə unudum səni?

Tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti T.Quliyev bu mahnı haqqında belə deyib: “Bu, sadəcə olaraq mahnı deyildir. OnuSevgi simfoniyası” adlandırmaq olar”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onu son 50 ilin ən gözəl sevgi mahnısı adlandırıb. Mahnı ilk notundanca adamı gerçəkdən qanadlarına alıb Günəşin qürub etdiyi həzin bir aləmə aparır. Flora xanım oxuyur, sözlər də, musiqi də həsrət, intizar, təəssüf qoxuyur...

İlk ixtisası fizik olanbir müddət elm sahəsində çalışan Oqtay Rəcəbov sonradan lirikaya keçib, konservatoriyanı bitirib, onillər boyunca orada Azərbaycan xalq musiqisini tədris edib. Opera, musiqili komediya, simfoniya, oratoriya və kantataları, yüzlərlə mahnısı incəsənət xəzinəmizin incilərinə çevrilib. O, musiqi pedaqogikası ilə bağlı neçə-neçə monoqrafiyanın, dərsliyin, çoxsaylı məqalənin müəllifi olub.

Oqtay Rəcəbov müsahibələrinin birində sənətin dəyəri barədə deyib: “Qızılı torpaqla bir yerdə götürürlər, sonra ələkdən keçirirlər. Torpaq gedir, xırda-xırda qızıl dənələri qalır. Həmin o xırda qızıl dənələrini əridib, böyük kütləli qızıl əldə edirlər”. Böyük bəstəkar artıq torpağa qovuşsa da, yurdumuzun yüksək qızıl əyarlı qənimət övladı kimi unudulmayacaq.

Çanaqqaladakı On Səkkiz Mart Universitetində çalışan ünlü şairimiz Məmməd İsmayıl dostunun ölüm xəbərini eşidən kimi sosial şəbəkə seqmentində kədər duyğularını kövrək şəkildə paylaşıb: “On gün öncə əvvəllə son arasındakı burulğanda burularkən, gələn telefonlara cavab vermək həvəsimin sıfırlandığı bir vaxt nədənsə son zəngə cavab verəsi olacaqdım. Bu həmişəki gur və canayatımlı bəstəkar dostum Oqtay Rəcəbovun səsi idi. Yenə zarafatından, gileyindən qalmayacaqdı. Ağır əməliyyat keçirdiyimi biləndə ürək-dirək verəcək, son illərdə onun da əməliyyatlar keçirdiyini söyləyəcəkdi.

Oqtayla 70-ci illərdə rəhmətlik Fərman Kərimzadənin evində tanış olmuşduq. Bu tanışlıqdan “Səndən xəbərsiz”, ”Nəyinə gərək”, “Ay qatar”, “Apar məni” və s. mahnıları yaranacaqdı. Bir axşam zəng edib gələcək mahnımızın tək misrasını pıçıldayacaqdı və beləcə “Yaman darıxmışam səninçün, ana” məşhur şeiri və mahnısı ortaya çıxacaqdı. İndi geriyə dönüb düşünürəm ki, niyə mən ona Türkiyədə haqqımda çap olunan ərməğan kitabından və bu kitabda onunla birgə şəklimizdən, kitabda yer alan notlarından, bu mahnıların Türkiyə və Kiprdə səsləndirilməsindən az da olsa, söz açmadım, niyə?

Və... bu gün qəfil gələn ölüm xəbəri... İnanılır kimi deyil.

Bir-bir ölüb gedir məni sevənlər,

Ölüm cərgəsindən alıb növbəmi...”

Oqtay Rəcəbov, əslində, uşaq kimi saf ürəkli bir insan idi. 500-dən çox mahnısının tən yarısı uşaqlar üçündür ki, bu da həmin qənaəti gücləndirir. Əminik ki, Allah dərgahında onun ruhu özünə uşaq kimi pak, munis mələklərin əhatəsində yer tapacaq.

Əli NƏCƏFXANLI

Xalq qəzeti .- 2022.-17 dekabr.- S.9.