Liderin zəfər zirvəsi
Hər ötən il bir hesabatdırsa, Prezident İlham Əliyev 2021-ci il
dekabrın bu günündən indiyədək
Azərbaycan adlı həyat hesabatına saysız-hesabsız
təmtəraqlı anlar əlavə etməyi
bacarıb. O, bütün
varlığı ilə Azərbaycan olan
şəxsiyyətdir. Ömrünün hər
ili Vətənimiz adına mübarizənin
əzmkarlıq dastanıdır.
Artıq heç təəccüblü deyil. Bütün bu işləri necə görür, nə cür yetişdirir. Çünki öyrəncəliyik. Təbii, ilk baxışdan öyrəncəliyik. Düşünürük ki, Prezident onun kimi olmalıdır. Hesab edirik ki, dövlət başçısı dediyimiz şəxs, məhz, cənab İlham Əliyev qədər enerjili, çalışqan xarakterin sahibi olmalıdır.
Bəs bunları niyə indi
düşündük? Fərqləndirməmiz
nədəndir? Yəqin, həssaslığımız doğum günlərinin hesabat
mahiyyətinə diqqət yetirməyimizdəndir. Axı, hər
kəs öz ad
günündə ötən zaman kəsiyinə
göz gəzdirir. Nələri
etdiyinə, nələri etmədiyinə baxır, düşünür, hər şeyi
saf-çürük edir.
Ömrü doğma yurdu ilə çulğaşan
şəxsiyyətlərin həyatından keçən hər
ildə isə onların daha uca səslə Vətən dedikləri məmləkətə
baxırıq. İlham Əliyevli məmləkət
necə də gözəldir, qürurludur,
dünyanın harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı üçün
fəxarət mənbəyidir.
Bəli, 24 dekabr tarixində
də ötən müddətə nəzər
salırıq. Bunu yalnız ona görə etmirik ki, qədirbilənlik bizi bir xalq olaraq
gələcəyə daşıyan sərvətimizdir. Böyük ölçüdə, heç yaşadığımız o hissin də fərqində
deyilik ki, Prezidentin doğum
gününə əlamətdar ovqat
qatırıq. Başlıca məqam Vətənimizin keçdiyi bir ilə nəzər
salmaqdır. O ilə ki, 24 dekabr
tarixini özü üçün əlamətdar edən hər
kəsin sevincində bir Azərbaycan
sevdası var. Cənab İlham
Əliyevin doğum gününün
təntənəsi də elə bundadır.
Ömür, sanki, gecə vaxtı hərəkət edən
bir sürət qatarıdır, onun pəncərəsindən baxanda
yaxını deyil, uzağı, uzaqlarda sayrışan işıqların ahəstə
parlaqlığını görürük.
İşıqda ümid var.
Hər işıq qatarın sürətini qabaqlayır. Yox, bu, işıq sürəti
deyimi ilə bağlı məsələ
deyil. Bu,
işığın sürətə qalib
gəlməsidir. Cənab İlham
Əliyev də zamanın sürətinə qalib
gəlməyi bacaran liderdir. O, elə işığın-nurun özüdür.
Ötən bir ilimiz bu nurun Azərbaycan adına parlaqlıq səhnələri ilə yadda qaldı. Əminlik yaradan parlaqlıq səhnələrilə. O parlaqlıq Azərbaycana ayrıca ovqat, ab-hava, dinamizm gətirdi, Vətən ulduzumuzun ucalarda bərq vurmasının ünvan və ümmanını bir qədər də möhkəmləndirdi. Zaman hansı sürətlə axıb keçirsə-keçsin, heç fərqi yoxdur, Azərbaycan adlı ulduzu ötmək iqtidarında deyil. Çünki İlham Əliyevin gücləndirdiyi Azərbaycan neçə-neçə ömürlərin miras qoyub gedəcəyi əbədiyyat formuludur.
İlham Əliyev şəxsiyyəti Azərbaycan xalqına zəfər çalmaq ucalığını bəxş etmiş müdrik liderdir. Onun müqəddəs amalımıza doğru irəliləməsi, 44 günlük Vətən müharibəsi günlərində göstərdiyi fədakarlıq, prinsipiallıq və qətiyyət əsl qəhrəmanlıq salnaməsidir. Fəqət, dahi Hüseyn Cavid hələ o zaman deyirdi ki, bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir.
Böyük Cavid, sanki, bu
günümüzü nəzərdə tutubmuş. Biz
yaşadığımız Cənubi Qafqaz
regionunda psixoloji
savaşın şahidləriyik. Bu savaş güllələrin, topların, raketlərin
danışdığı müharibədən daha gərgin və daha
amansız məcrada davam edir.
Bu savaşda azacıq
büdrəmək yolverilməzdir. Axı, geridə qalan atların güllələndiyi əsrdə
yaşayırıq.
Biz bu savaşda
Azərbaycanın ədəbiyyatı, incəsənəti, milli kimliyi və şüuru ilə silahlanmış mənəviyyat
dünyasına malik İlham
Əliyev düşüncəsini bütün
qüvvələrdən öndə görürük.
Ötən bir ildə onun
öndə olma bacarığını, qlobal güclərlə rəqabətdə
daha da böyüdüyünü,
püxtələşdiyini, müdrikləşdiyini də gördük.
“Sülh
danışıqlarını cəsarətlə apara bilmək üçün
güclü orduya malik olmaq lazımdır”,
– deyən ulu öndər Heydər
Əliyev nə qədər də haqlı imiş.
Müharibədən ötən iki ildə
cəmiyyətimiz Ali Baş
Komandan İlham
Əliyevin Ordusuna güvənib Prezident İlham Əliyev kimi, bütövlükdə, regionumuzda sülhün təminatı
üçün necə cəsarətli
addımlar atdığının, diplomatik
ustalıq nümayiş etdirdiyinin
şahidiyik. 24 dekabrdan
24 dekabra qədərki müddət isə
bu baxımdan xüsusilə əlamətdardır.
Bu əlamətdarlıq, həm də
yuxarıda qeyd etdiyimiz
qlobal güclərlə rəqabət
kontekstinə daxil olan
böyük reallıqdır. Deməli, Qarabağ məsələsi yalnız Azərbaycanın
əzabı deyildi, eyni
zamanda, bütövlükdə, Cənubi
Qafqazın inkişafı yolundakı əngəl idi. Cənab İlham
Əliyevin liderliyi o zənciri
qırıb atmaq bacarığındadır.
Bəli, cəmiyyətimiz ötən bir ildə daha da böyüyən Azərbaycanı gördü. Platon deyirdi ki, dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. Ulu öndər Heydər Əliyev isə bildirirdi ki, dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. Cənab İlham Əliyev Heydər Əliyev xarakterindən irəli gələn müasir, müstəqil Azərbaycan Respublikasını qəlbindəki dövlətçilik amalı ilə bəsləyərək, ona yeni xarakter qazandırmış simadır. Beynəlxalq müstəvidə baş verən prosesləri, ölkəmizin həmin proseslərdəki rolunu və mövqeyini nəzərdən keçirəndə, ötən bir ildə Azərbaycanımızın xarakterindəki gücün daha da artmasından hədsiz sevinirik.
Ulu öndər Heydər
Əliyev, obrazlı desək, Cənubi Qafqaz
coğrafiyasında suyun axınını
dəyişmiş liderdir. Görünür,
əbəs yerə deyilmir ki,
böyük siyasətçilər bəzən
aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı
üzməli olurlar. Diqqət yetirək, tarixin heç bir dövründə beynəlxalq ictimaiyyət,
ümumən, dünya Azərbaycanla indiki qədər iç-içə olmayıb.
Heydər Əliyev şəxsiyyəti müdrik
siyasətinə əsaslanmış nəhəng fəaliyyət
dəst-xətti ilə bunun əsasını
qoymuşdu. Bu fəaliyyətdə
xalqın ruhunun emosionallıq halından fəlsəfi
özünüdərk məqamına yüksəlişi kimi müstəsna mənəvi vektor, trayektoriya var. Nəzərə alsaq ki, ideologiya fəlsəfə
ilə siyasətin ortasındadır, cənab İlham
Əliyev xalqın fəlsəfi özünüdərkinin
siyasətdəki təntənəsi rolunda
çıxış edən parlaq
obrazdır. Siyasətə harmoniya gətirən
obraz.
Heydər Əliyevin zamanın
mürəkkəb təbəddülatları fonunda
gerçəkləşdirdiyi missiyanın
axınındakı su İlham
Əliyevin harmoniyası ilə artıq öz
mənbəyini müəyyənləşdirib ki, o mənbənin də
adı qüdrətli Azərbaycandır. İlham
Əliyevin həyatının 61 ilindən 62 ilinə doğru gedən zaman kəsiyində
Vətənimizin qismətinə biçilmiş
qüdrət artımı dönməzlik düsturuna
çevrilib. Bu
çevrilmə dövrün sərt
sınaqlarının sığortası, gələcəyin
təminatıdır. Bu, həm də xaricin müstəqilliyimizə qənim kəsilmiş
təsirlərinə qarşı son dərəcə
güclü immunitet faktorudur.
Vətən sevgisi fərdi sevgidən İlahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. O, özünü iki səviyyədə göstərir ki, bunlardan biri kortəbii surətdə – doğmalıq hissi kimi meydana çıxır. Digər göstərici isə dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibətdir. Vətən sevgisində hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. Vətəndaşlıq üçün isə Vətən sevgisindən də əfsəl dövlətçilik şüurudur. Cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarına söykənmiş prezidentlik fəaliyyəti Vətən sevgisinin ilahiləşmə nümunəsidir.
Tariximizin İlham
Əliyevin nümunəsində doğmalıq hissinin hər bir vətəndaşa
ünvanlanmış şüurlu
münasibət kimi dövlət siyasətinə
çevrilmə örnəyi var. Bu, elə bir örnəkdir ki, harada doğulmasından və
yaşamasından, hansı ölkənin vətəndaşlığını
daşımasında asılı olmayaraq,
Azərbaycanı doğmalaşdırır, Vətən sevgisini dövlətçilik şüuru
ilə cilalayaraq möhkəmləndirən
amil rolunda
çıxış edir.
Mövcud reallıqda biz hədəflərin xəyallarla
çulğaşdığının şahidinə də çevrilirik. Xalqın bütövlüyü
də elə budur. Xalqın öz varlığına sahiblənməyi də,
həmçinin. Elə bu səbəbdən
cənab İlham Əliyev bildirir
ki, “biz öz həyat tərzimizi, Azərbaycanın və
azərbaycanlıların, o cümlədən,
İrandakı azərbaycanlıların dünyəvi
inkişafını təmin etmək üçün
hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.
Cənab İlham
Əliyev İranda və xüsusən, Cənubi
Azərbaycanda türkdilli əhalinin milli hüquqlarının tapdalanmasına
işarə edərək onu da bildirir ki,
Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının
əksəriyyəti milli hüquqlardan
istifadə imkanlarından məhrumdur. Bütün
bunlar isə onu deməyə
əsas verir ki, İlham Əliyev Vətən sevgisinin
bütövlük rəmzidir. Hesab edirik ki,
onun həyatının ötən bir ilini səciyyələndirən
də məhz bu deyimlərdir. Deməli,
Azərbaycan Prezidenti, həm də Vətəni
sərhədsiz sevmənin simvoludur.
Bəşər tarixinin ilk milyarderi Rokfellerin sözüdür ki, sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır. O da məlumdur ki, böyük fürsətlər hamının qarşısına çıxır, amma çoxları onlarla rastlaşdığını heç vaxt hiss etmir. Ömrünün 61 ilində cənab İlham Əliyev özünün misilsiz duyumu, bacarığı ilə Azərbaycan xalqının gələcək rifahı naminə tarixi qərarlara imza atır.
İlham Əliyev şəxsiyyəti ulu öndər Heydər Əliyevin mənəvi mirası kimi yaşatdığı uzaqgörənlik keyfiyyətlərinə söykənmiş misilsiz fəaliyyəti ilə tarixi fürsətləri də yaxalamaqdadır. Uca Tanrı bu durumdan xalqımıza gözəl günlər nəsib etsin. Elə bilirik ki, ürəyi xalqı ilə döyünən cənab İlham Əliyev üçün hər bir Azərbaycan vətəndaşının, hər bir türkün firavan yaşaması, gözəl günlər görməsi, həm sözlə ifadə edilməyəcək sevincdir, həm də ən böyük doğum günü hədiyyəsidir. Uca Tanrı İlham Əliyevli Azərbaycanımızı qorusun, ona daha neçə-neçə 24 dekabrlar nəsib etsin!
Əflatun Amaşov,
baş redaktor
Xalq qəzeti .- 2022.- 24 dekabr.- S.8.