Şuşa tarixindən 270 epizod
Yeni nəşrlər
Prezident İlham
Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına etdiyi ötən ilki müraciətində qarşıdan gələn
2022-ci ili “Şuşa
ili” elan etdi. Dövlətimizin başçısı
2022-ci il yanvarın 5-də isə 2022-ci ilin ölkəmizdə “Şuşa
ili” elan edilməsi
haqqında sərəncam imzalamışdı.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) başaçatmada olan il üçün nəzərdə tutulmuş layihələri “Şuşa ili” çərçivəsində keçirməyi qərara alıb və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr edib.
Şuşa şəhərinə həsr olunmuş dörd layihə çərçivəsində “Şuşa: müxtəsər tarix (1752-2022)”, “İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar”, “Şuşa: ədəbi-mədəni mühit” və “Bizim Şuşa (söhbətlər)” adlı kitablardan ibarət monoqrafiya bir müddət əvvəl işıq üzü görüb və Zəfər Günü ərəfəsində ictimaiyyətə təqdim olunub.
“Şuşa ili”nin son günlərində AVCİYA-nın növbəti layihəsi çərçivəsində beşinci kitabını sizə təqdim etməkdən qürur duyuram. Bu, Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin doğum gününə hədiyyəsi kimi düşündüyümüz “Şuşa 270 tarixdə” kitabıdır.
Bəli, nəfis tərtibatlı bu kitabda Şuşanın 270 illik tarixindən, daha doğrusu, 270 il ərzində baş vermiş 270 yaddaqalan hadisədən söz açılır.
Əlbəttə, Şuşa ilə bağlı əhəmiyyətli hadisələrin sayı minlərlədir. Mümkündür ki, çox vacib olan hansısa olaylar, proseslər diqqətdən yayınıb. Zənnimcə, bu önəmli deyil. Şuşa bizimdir və Azərbaycanda Şuşa ilə bağlı hələ çox nəşrlər işıq üzü görəcək.
Şuşa ilk növbədə Şuşa sakinlərinin, bu gözəl şəhəri quran, burada yaşayıb-yaradan, bu gözəl şəhəri şöhrətləndirən tarixi şəxsiyyətlərin vətənidir.
“Şuşa 270 tarixdə” kitabında bu böyük şəxsiyyətlərin adları çəkilir, onların əzəmətli fəaliyyəti xatırlanır. Doğrudur, burada da yada sala bilmədiyimiz bəzi şəxsiyyətlər ola bilər. Axı, 270 illik tarixi bir kitaba sığışdırmaq, əslində, mümkün deyil.
Biz əminik ki, Şuşanın adını uca zirvələrə qaldıra bilmiş bu böyük şəxsiyyətlərin ruhları şaddır. Şuşa azaddır. Şuşa bizimdir. Cənab İlham Əliyevin dediyi kimi: "Biz Şuşaya qayıtmışıq!"
Kollektivimiz çox xoşbəxtdir ki, dövlət başçımızın doğum gününə bu hədiyyəni – “Şuşa 270 tarixdə” kitabını hazırlamaq bizə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına qismət olub!
Təbrik
edirik Sizi, cənab Prezident!
Elxan Süleymanov,
AVCİYA-nın prezidenti
Xalq qəzeti 2022.- 25 dekabr.- S.13.