“Sarəng quşu əfsanəsi”
Unudulmaz şəxsiyyətlər
Soyuq bir
dekabr günü
Masallı İstisu müalicəxanasına
gedirəm. Yolüstü bir
məzarın yanında maşını saxlayıb
düşürəm. Başdaşına yazılıb:
Mirkazım Aslanlı–Sarəng. Yadıma gəlir, tələbə
dostum Nurəddin Ədiloğlu deyirdi ki, Mirkazım bəy
İstisuyu kəşf etmiş
istedadlı həkim, şair, bəstəkar,
poliqlot olub.
Həmin adda balaca nəğməkar
quş olub.
Dəmbəlov dağından pərvazlanıb,
İstisuda çimib,
Yanardağda pak vücudu odlara tutulub.
Sarəngin ruhuna dualar oxuyaraq
yoluma davam edirəm. Bu da
İstisu, Dəmbəlovun
ətəyi. Məkanın sahibi, köhnə dostum İldırım Allahyarovla görüşüb
söhbət edir, Sarəngin ruhuna ehsan çaydan içə-içə xalq
qarşısında xidmətlərini
xatırlayırıq.
Burada müalicəvi
vanna qəbul edənlərin çoxu heç bu termal
su mənbəyini ilk dəfə Mirkazım bəyin kəşf etdiyini bilmir ki. Düz 110 il əvvəl Masallının İsi kəndində bəy ailəsində dünyaya göz açmış Mirkazım iki texnikum, üç ali məktəb bitirib. İstedadı ilə parlayıb.
Konservatoriyada tələbəsi olduğu dahi Üzeyir Hacıbəyli ona piano bagışlayıb.
Evində bir çox
digər musiqi alətləri olub və hamısında məharətli ifaları ilə könülləri
fəth edib.
...O, İstisuyun həqiqətən
də müalicəvi
olduğunu sübut edəndə inanmayıblar.
Ölkə səviyyəli 12 alim Moskvadan Masallıya ezam olunaraq əlavə tədqiqat aparıb və yalnız bundan sonra kəşf
təsdiqlənib. 1971-ci
ildə Masallı İstisuyun xüsusi əhəmiyyətli Ümumittifaq
müalicəvi kurort sanatoriyası adını
alıb.
Masallı İstisuyu revmatizm, neyrodermit, göbələk,
ekzema, böyrək xəstəlikləri, mədə-bağırsaq
ağrılarına qarşı
müalicəvi effektə
malikdir. İlboyu bura pənah
gətirənlər, sağalıb
gedənlər çox
olur.
Təxəllüsünün bir mənası da “yüz rəng” olan Sarəngin “Aşiqin son nəğməsi”,
“Sarı bülbül
fantaziyası”, “Müxəmməs”,
“Masallı masalları”
kimi əsərləri
Azərbaycan radiosunun Qızıl fondunda saxlanılır.
Könül duyunca bir səfa,
Gəlir dalınca min cəfa.
Görünməyin nə yar, nə dost,
Nə yar, nə dostdan
bir vəfa...
– deyən Sarəng
həyatın çox
sınaqları ilə
üzləşib. Bəy nəslindən
olduğuna görə
incidilib. Yalnız böyük
Üzeyir bəy onu qoruyub. 12 dil bilən Mirkazım bəy yazırdı: “Hər dil qapı açar
bir xəzinəyə,
dil öyrən, sonra gir hər
xəzinəyə”.
Gövhərlərinin haçansa ellərin qəlbində aşıb-daşacağını söyləyən Sarəng
yanılmayıb: xalqın
xəzinəsinə bəxş
etdiyi incilərdən
gen-bol bəhrələnirik.
Düz 10 il əvvəl tələbə
dostum Nurəddin Ədiloğlunun səyləri
ilə 100 yaşlı Sarəng haqqında “Tərk etmə məni”
adlı film çəkilib. İndi isə unudulmaz
şəxsiyyətin 110 illiyində ondan bəhs
edən daha bir sənədli
film Masallıda təqdim olundu.
Elə bu rayonun
istedadlı gənclərinin birləşdiyi “Masal
prodakşn”ın istehsalı olan “Sarəng”
filminin nümayişi
Masallı Mədəniyyət Mərkəzində maraqla qarşılandı. Rayon
ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil,
mədəniyyət və tibb
işçiləri doğma
torpağın azman yetirməsindən
bəhs edən filmi ürəkdən
alqışladılar. Filmin ssenari müəllifi Cəfər Cəfərov,
quruluşçu rejissoru
Faiq Mirzə, musiqi tərtibatçısı
Ruslan Zahidov, diktor Gültəkin Cəfərovadır. Baş rolu Masallı Xalq Teatrının baş
rejissoru Camaləddin Əliyev məharətlə
ifa edib. Məsləhətçi
isə, təbii ki, Sarəngin əsas
araşdırıcısı Nurəddin Ədiloğludur. Tələbə
dostum bu filmi də görkəmli şəxsiyyətlə
bağlı daha bir qədirbilənlik
nümunəsi adlandırdı.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti .- 2022.- 24 dekabr.- S.13.