Azərbaycan dünyada
böyük nüfuza
sahib olan ölkədir
İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər
bu imkanlardan istifadə
etməlidirlər. Biz azad
ölkədə yaşayırıq, sabitlik
olan ölkədə yaşayırıq,
özünə güvənən ölkədə
yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq
və gənclər həm öz gələcək
həyatını düzgün müəyyən
etmək üçün və eyni zamanda, dövlətə
maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət müdrikliyi, aydın strategiyası ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər edib, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb. Ümummilli lider, eyni zamanda, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirib. Sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirməyə başlayıb. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb.
Bütün bunlarla bərabər, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, nəhayət, Vətən müharibəsində həlledici rol oynayıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkə Prezidentinin dövründə yetişən gənclər tərəfindən tarixi qələbə qazanılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Gününün 25 illiyinə həsr olunan forumda etdiyi çıxışda və tədbir çərçivəsində keçirilən müzakirələrdə bu barədə ətraflı danışdı. Dövlətimizin başçısı iyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyi dövrü xatırladaraq, o zamankı Azərbaycan reallıqlarını diqqətə çatdırdı: “O vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək...”.
Ölkə rəhbəri daha sonra həmin dövrdə Azərbaycanın özünü dünya arenasında hələ tam təsdiq etmədiyini, dünya ictimaiyyətinin respublikamızın reallıqlarından demək olar ki, məlumatsız olduğunu, erməni lobbi təşkilatları tərəfindən dövlətimiz haqqında yalan, təhrif üzərində qurulan məlumatlar yayıldığını bildirdi.
Azərbaycan Prezidentinin vurğuladığı kimi həmin vaxt beynəlxalq aləmdə ölkəmizin layiqli yer tutması qarşıda duran priroritet istiqamətlərdən biri idi. Lakin bu məqsədə nail olmaq üçün çox iş görülməli idi.
O zaman sosial-iqtisadi sahələrdə acınacaqlı vəziyyət hökm sürürdü. Əhalinin güzəranı getdikcə ağırlaşırdı. Bazar iqtisadiyyatı prinsiplərinə keçid barədə düşünülmürdü. İqtisadi böhran gündən-günə dərinləşirdi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə-çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Bütün bunlarla bərabər, nizami ordu yaradılmamışdı. Yeri gəlmişkən, o zaman nizami ordunun olmaması Birinci Qarabağ müharibəsində acı məğlubiyyətə gətirib çıxarmışdı.
Lakin ulu öndərin hakimiyyətə yenidən gəlişindən sonra siyasi, sosial-iqtisadi sahələrdə hökm sürən tənəzzülün tədricən aradan qaldırılmasına başlanıldı. Ordu quruculuğu prioritet istiqamət kimi diqqət mərkəzində saxlanıldı. Neft-qaz müqavilələri imzalandı. Eyni zamanda, gənclər siyasətinə xüsusi önəm verildi. Bunsuz isə ölkəni, necə deyərlər, ayağa qaldırmaq, düşdüyü böhrandan xilas etmək mümkün deyildi.
Azərbaycanın müstəqillik illərində ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yoluna nəzər salanda istər siyasi müstəvidə, istərsə də sosial-iqtisadi sahələdə dünya tarixində bənzəri olmayan bir inkişafa nail olunduğu gürünür. Bu dövrdə ən böyük uğur 30 il işğal altında qalan torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpasıdır. Vətən müharibəsində qazanılan palaq qələbə həm də ötən müddətdə ölkə həyatının bütün sahələrində dinamik inkişafın gerçəkləşdirilməsi ilə bilavasitə bağlıdır.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu müddətdə respublika iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən, təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, insanların rifah halı daha da yaxşılaşıb, iqtisadiyyata 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlib. Azərbaycanın beynəlxalq arenadakı mövqeyi getdikcə möhkəmlənib. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr ölkəmizin iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilib. Bütün bu sadalanan müsbət məqamlar bir neçə gündən sonra tarixə çevriləcək 2021-ci ildə də uğurla davam edib.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrin inkişafı məqsədilə qətiyyətli addımlar atılıb, genişmiqyaslı islahatlar gerçəkləşdirilib, idarəetmə fəaliyyətinin yenilənməsinə xüsusi əhəmiyyət verilib, çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirilib. Bu, sosial-iqtisadi islahatların daha sürətlə aparılmasına təkan verib.
Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə kadr islahatlarının davamlı olacağını, təyin edilən bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Həmçinin məmurların vəzifəyə gəlir mənbəyi kimi baxmamalarını, xalqa xidmət etmələrini, başlıca missiyalarının, vəzifələrinin isə məhz bundan ibarət olduğunu tövsiyə edib. Bütün bunlarla bərabər, dövlətimizin başçısı regionların inkişafına, rayonlarda genişmiqyaslı tikinti-quruculuq tədbirlərinin həyata geçirilməsinə, sənaye və kənd təsərrüfatı, habelə turizm potensialından səmərəli istifadəyə, beynəlxalq standartlara uyğun yollar, qaz, su və elektrik xətlərinin çəkilməsinə, suvarma sistemlərinin, su anbarlarının yaradılmasına, xəstəxanaların, məktəblərin, idman qurğularının tikilməsinə xüsusi önəm verib. Eyni zamanda, rayonlara həm yerli, həm də xarici investisiyaların cəlbinin vacibliyini xatırladıb: “Bu olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar”.
Azərbaycan bundan sonra da əldə ediləcək uğurların miqyasını genişləndirmək üçün qarşıya iqtisadi fəallığın, ərzaq təhlükəsizliyinin təmin edilməsi, makroiqtisadi sabitliyin qorunması və milli valyutanın məzənnəsinin dayanıqlığının artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidənqurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, kommunal, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması kimi mühüm vəzifələr qoyulub.
Bu gün tam əminliklə qeyd edə bilərik ki, son 18 il ərzində gənclər siyasətinin diqqət mərkəzində saxlanılması nəticəsində gənclik cəmiyyətin aparıcı qüvvəsi kimi tanınıb, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib.
Onu da xatırladaq ki, dövlətimizin başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin daha da inkişafına mühüm təsir göstərib, ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakını gerçəkləşdirib və bu sahədə mühüm nəticələrə nail olunub. Adı çəkilən strategiya və proqram, eyni zamanda, təhsil sisteminin gücləndirilməsinə, ölkədə elm potensialının artırılmasına əsaslı şərait yaradıb.
Azərbaycanda gənclərə göstərilən bu etimadın, diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi həyatında daha önəmli mövqe tutub.
Son illər ərzində gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması mövcud konsepsiyanın uğurla icrasının göstəricisidir. Bunu gənclərin artıq müşahidəçi qismindən birbaşa siyasi-ictimai proseslərin iştirakçısına çevrilməsi faktı da sübut edir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.
Bəli, yuxarıda vurğulandığı kimi, hələ ulu öndərimizin yenidən Azərbaycan rəhbərliyinə gəlişinin ilk vaxtlarından etibarən gənclər siyasətinin diqqət mərkəzində saxlanılması təsadüfi deyildi. Məhz Heydər Əliyevin Gənclər Gününü təsis etməsi də dahi şəxsiyyətin bütün sahələrdə, eləcə də bu məsələdə müdrikliyindən, uzaqgörənliyindən irəli gəlirdi. Bu barədə dövlətimizin başçısı İlham Əliyev forumdakı çıxışında da xatırlatdı ki, dahi şəxsiyyət fəaliyyətində hər zaman gənclərə böyük ümid bəsləyirdi. Ona görə də yenidən ölkə rəhbərliyinə başlayanda da “məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”.
Ötən illər ərzində gənclər siyasətini uğurla həyata keçirmək, gəncliyə böyük ümid, etimad bəsləmək Azərbaycanın taleyüklü məsələlərində möhtəşəm uğurların əldə edilməsini, Vətən müharibəsində möhtəşəm qələbə ilə Qarabağın düşməndən təmizlənməsini, ölkəmizin haqq səsinin beynəlxalq ictimayyətə çatdırılmasını şərtləndirib.
Azərbaycan gəncliyinin İkinci Qarabağ müharibəsindəki fədakar rolunu, möhtəşəm qələbəmizin əldə edilməsində göstərdiyi misilsiz qəhrəmanlığı Prezident İlham Əliyev çıxışlarında dönə-dönə dəyərləndirib. Bunu isə haqlı olaraq, gənc nəslin düzgün, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyəsi ilə əlaqələndirib: “Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”.
Yeri gəlmişkən, ölkə rəhbəri forumda aparılan müzakirələrdə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin sosial şəbəkələrdə də çox fəal olduğunu və bu istiqamətdə əldə edilən qələbədə böyük paya sahibliyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı forumda gəncər siyasətinin bundan sonra da prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılacağını, gənclərin vətənpərvərlik əsasında tərbiyəsinin uğurla davam etdiriləcəyini xatırladaraq, “Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”, deyə bildirib.
Azərbaycan Prezidentinin forumda aparılan müzakirələr zamanı səsləndirdiyi bir fikir də diqqət çəkdi. Bu, gənclərimizin tərbiyəsində milli dəyərlərə xüsusi önəm verilməsi ilə bağlı idi. Dövlətimizin başçısı forumda bu xüsusi əhəmiyyət daşıyan amili əcdadlar qarşısında bizim mənəvi borcumuz kimi, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, kənar təsirlərdən qorumaq və nəsillər arasındakı mənəvi ipləri qırmamaq baxımından yüksək qiymətləndirdi: “Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir - ya təbii olaraq, ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.
Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq”.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2022.- 5 fevral.- S.5.