Tbilisi Tarix
Muzeyində saxlanılan Qarabağ inciləri
Tbilisinin Tarix Muzeyini azərbaycanlılar üçün olduqca maraqlı edən bir cəhət var. Bu muzeydə Azərbaycan inciləri də sərgilənir.
Məlumat üçün bildirək ki, bu muzey 1910-cu ildə açılıb və Tbilisinin zəngin tarixini əks etdirən 50 mindən çox maddi mədəniyyət nümunəsi burada qorunur. Onların arasında Azərbaycana xas nadir incilər də var. XIX əsrin sonu–XX əsrin əvvəllərinə aid olan mədəniyyət nümunələrimiz muzeyin daimi ekspozisiyasında nümayiş etdirilir. Burada Azərbaycanın musiqi alətləri – tar, kamança, qaval, saz təqdim olunur. Bu alətlərin Tbilisi Tarix Muzeyində yer alması təsadüfi deyil. Belə ki, muğam qədim Tiflis mədəniyyətinin ayrılmaz hissəsi olub .
Burada alətlərimizlə yanaşı, mahir muğam ifaçısı, ömrünün 30 ilini Tbilisidə yaşamış və “Bülbülcan” təxəllüslü Əbdülbaqi Zülalovun trio ilə birgə ağ-qara fotoşəkli də sərgilənir.
Muzeyin Azərbaycana aid olan ekspozisiyaları arasında Azərbaycan mədəniyyətinə aid məişət predmetləri – səhəng və dolçalar, “Sumax” növünə aid xalça, xurcun, məfrəş, mütəkkə, balış, kisə, boxça, atın və yaxud da dəvənin üstünə örtülən çullar, qəlyan və süfrə ayrıca vitrində sərgilənir. Nəfis toxuculuq məmulatlarının bir qismi Qarabağ qrupuna aiddir. Xalçalar arasında Qarabağ tipinin xovsuz xalça növünə və XIX əsrin sonuna aid olan “Zili” də diqqət çəkir.
Muzeyin rəsmi saytında verilən məlumata görə, kolleksiyaya aid əşyaların əksəriyyəti fərdi şəxslərdən alınıb və ya muzeyə hədiyyə edilib. Azərbaycan mədəniyyət nümunələri muzey ziyarətçilərinə Şərq mədəniyyəti adı altında təqdim olunur. Azərbaycan xalçaları zalın bir neçə guşəsini bəzəyir. Dəyərli incilərimiz daxili tərtibatda geniş istifadə olunub. Avropa dəbinə, kürd və yəhudilərə məxsus milli geyimlərin, qədim ev əşyalarının yer aldığı guşələrin tərtibatı Azərbaycan xalçaları ilə tamamlanıb. Xalçalar yundan və təbii boyalı olduğundan cazibədarlığını qoruyub saxlayıb, guşələrə xüsusi gözəllik və rahatlıq verib.
Hazırladı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti
2022.- 4 fevral.- S.7.