Cəmiyyətin inkişafına təkan verən yeni siyasi konfiqurasiya

 

 

 Ölkədaxili sabitlik, iqtidar-müxalifət dialoqu, siyasi partiyalar­la işin yenidən qurulması və nəhayət, yeni yaranmış siyasi konfiqurasiyanın vəd etdiyi üstünlüklər barədə hazırladığımız bu yazıda məşhur fikir adamlarının arqumentlərinə istinad etmək zərurəti yaranır. Məsələn, xüsusi təqdimata ehtiyacı olmayan Napole­on Bonapart demişdir ki, müharibədəki qələbənin dörddə üçü mənəvi gücə, dörddə biri isə maddi gücə əsaslanır. Deməli, Prezident İlham Əliyevin 44 günlük müharibədən əvvəlki 17 ildə yeni təfəkkürlü, xal­qa, dövlətə və Vətənə bağlı gənclik yetişdirmək istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlər məhz siyasi uzaqgörənliyin nəticəsidir.

 

 

 

 Şotland yazıçısı və filosofu, tarixi şəxsiyyətlərin həyatından bəhs edən mənəvi-fəlsəfi məzmunlu kitabların müəllifi olmuş Samuel Smiles yazırdı ki, sənin tərəfində döyüşəcək insanla­rın mənəvi keyfiyyətlərini öyrənməmiş müharibəyə girişmə: “Müharibəyə girdinsə və hətta, qalib gəldinsə, işi bitmiş hesab etmə. Çünki səni çox­lu islahatlar, iqtisadiyyatın yenidən qurulması və cəmiyyətin birləşdirilməsi kimi ağır vəzifələr gözləyir”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hərtərəfli islahatlara da, iqtisadiyyatın yenidən qurulmasına da, cəmiyyətin bir amal uğrunda birləşdirilməsinə də müharibədən çox-çox əvvəl başlamış və kifayət qədər uğurlara imza atmışdır.

 

Prezident Administrasiyasının Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən ilin son günlərində mətbuata verdiyi müsahibədə xatır­latmışdı ki, Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inziba­ti-siyasi islahatlar nəticəsində ölkədə iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub, siyasi partiyalar­la yenidən təşkil edilib.

 

Bəli, bunlar məhz müasir Azərbaycan reallıqlarıdır və artıq bədxahlarımız qarışıq, hamı bilir ki, üzvlərinin sayına, yaxud əhatə dairəsinə görə böyüklüyündən-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olma­yaraq, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

 

Bəzi detalları yada salaq. Cənab İlham Əliyev 2018-ci ilin yazında yenidən Prezident seçiləndən dərhal sonra ölkədə hərtərəfli islahatların daha da dərinləşdirilməsinə start verdi, parlament seçkilərini təşkil etməklə Milli Məclisin yenidən formalaşdırılmasına nail oldu, YAP rəhbərliyi ölkədəki bütün siyasi partiyalara əməkdaşlıq əli uzatdı və nəticədə yeni siyasi konfiqurasiyanın konturları cızıldı.

 

Bir məsələni xüsusilə vurğula­maq zərurəti var. Belə ki, son par­lament seçkiləri və orada bir sıra partiyaların təmsil olunması dövlət quruculuğu prosesində çoxpartiyalı siyasi sistemin təmsilçiliyinə geniş yer verildiyinə dəlalət edir. Həmin partiyaların qanunvericilik orqanında uğurlu fəaliyyətləri ölkəmizdə çoxpar­tiyalı parlament sisteminin bərqərar olduğunu əyani surətdə nümayiş etdirir. Eləcə də, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən siyasi par­tiyalar arasında geniş müzakirələrin aparılması üçün “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrüyeni çağırışlar” mövzusun­da videokonfrans formatında görüş keçirilməsi də bu istiqamətdə irəliyə doğru atılan addımlardan biri idi.

 

2020-ci il sentyabrın 27-də ermənilərin daha çox ərazilərimizi işğal etmək üçün başladıqları hərbi əməliyyatların İkinci Qarabağ müharibəsinə çevrilməsindən son­ra isə hələ 6-7 ay əvvəl konturları görünən yeni siyasi konfiqurasiya gü­nün reallığına çevrildi. Ölkədəki bütün siyasi partiyalar – təbii ki, cüzi istis­nalarla – dövlət başçısının ətrafında elə sıx birləşdilər ki, bu faktı nəinki düşmənlərimiz, heç bəzi dostlarımız da gözləmirdilər. Gözlənilməyəni reallığa çevirən siyasətçiyə isə xalqın lideri deyirlər.

 

Ekspertlər yazırlar ki, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Uzun fasilədən sonra 9 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, vaxtı ötü­rülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, 30 siyasi partiyanın qurultayları keçirildikdən sonra nəticələrinin dövlət qeydiyyatına alın­ması, qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılması, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin siyasi partiya rəhbərləri ilə müzakirəsinin aparılması və digər addımlar bu baxımdan xüsusi qeyd edilməlidir.

 

Nəticədə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların ərazi bütövlüyümüzün təmin olunması məsələsində Prezident, müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərdilər. Bu isə milli həmrəyliyin bariz nümunəsidir. Eyni zaman­da, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Vətən müharibəsi zamanı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunma­sı və bütövlükdə, milli maraqların qorunması istiqamətində də fəallıq nümayiş etdiriblər. Siyasi partiyalar tərəfindən bəyanat və müraciətlər imzalanıb. Yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə va­hid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir.

 

Ancaq Azərbaycan təkcə siyasi partiyaların vahid məram uğrunda birləşdiyi ölkə deyil. Respublikamız­da yaşayan bütün xalqların və dini konfessiyaların təmsilçiləri də vahid məram – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmişlər. Dövlət baş­çımız fevralın 2-də Gənclər Gününün 25 illiyi münasibətilə keçirilən Gənclər Forumunda bu məsələyə xüsusi önəm verərək dedi ki, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olubbu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir.

 

Prezident xatırlatdı ki, İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular: “Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2022.- 10 fevral.- S.1;4.