Media haqqında Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri
üçün aşağıdakı əsas
anlayışlardan istifadə edilir:
1.1.1. kütləvi
informasiya – əldə olunması, ötürülməsi,
istehsalı və yayımı Azərbaycan
Respublikasının qanunları ilə məhdudlaşdırılmayan,
qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə
media subyektləri tərəfindən dərc olunan və (və
ya) yayımlanan məlumatlar;
1.1.2. media –
kütləvi informasiyanın dövri və ya müntəzəm
olaraq dərc olunmasını və (və ya)
yayımlanmasını həyata keçirmək
üçün istifadə olunan alət və vasitələr,
habelə onlar vasitəsilə formalaşan informasiya mühiti;
1.1.3. media subyekti
– əsas fəaliyyət növü kütləvi
informasiyanın dərc olunması və (və ya)
yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və
ya hüquqi şəxs;
1.1.4. jurnalist – əmək müqaviləsi
ilə media subyektində və ya fərdi olaraq müəllif
hüquqları əsasında mülki hüquq müqaviləsi
ilə fəaliyyət göstərən, əsas fəaliyyət
növü davamlı şəkildə məlumat toplamaq,
hazırlamaq, redaktə və istehsal etmək, ötürmək,
habelə həmin məlumatlara dair fikir bildirmək (şərh
vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək
məqsədilə yerinə yetirən şəxs;
1.1.5. audiovizual
media – televiziya və radio yayımının, o cümlədən
sifarişli yayım xidmətinin müxtəlif texniki üsul
və vasitələrlə audio və (və ya) vizual formada
istifadəçiyə təqdim edilməsini həyata
keçirən media;
1.1.6. çap
mediası – il ərzində müəyyən dövriliklə
planlaşdırılmış vaxtda və ya müvafiq
materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi
informasiyanı vahid tərtibata malik kağız və (və
ya) elektron daşıyıcıda yayımlayan media;
1.1.7. onlayn media –
audiovizual media və çap mediası istisna olmaqla, mətn,
audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan
kütləvi informasiyanı veb-saytda yayımlayan media;
1.1.8. informasiya
agentliyi – kütləvi informasiyanın əldə
olunmasını, ötürülməsini, istehsalını və
yayımını həyata keçirən, habelə digər
media subyektləri ilə informasiya verilməsi (əldə
edilməsi) haqqında müqavilələr bağlayan, əldə
etdiyi informasiyanın müntəzəm olaraq həmin
müqavilələr üzrə
çatdırılmasını təmin edən media;
1.1.9. redaksiya –
veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin,
habelə televiziya və radio kanallarının, sifarişli
yayım xidmətinin və informasiya agentliklərinin
yaradıcı heyətindən ibarət bölmə;
1.1.10. məsul
redaktor – televiziya və radio yayımında proqram cədvəli,
sifarişli yayım xidmətində isə proqram kataloqu
çərçivəsində yer alan proqramın, habelə
çap mediasında və onlayn mediada yayımlanan
materialın məzmunu və seçimi üzrə qərar
vermə funksiyasını həyata keçirən şəxs;
1.1.11. istifadəçi
– kommersiya məqsədi olmadan informasiya ehtiyaclarını
qarşılamaq üçün mediadan istifadə edən
fiziki və ya hüquqi şəxs;
1.1.12. media
savadlılığı – kütləvi informasiyanın məzmunu,
onun ötürülməsi və istehlakı üzrə biliyə
sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif
kontekstlərdə istifadə etmə və təhlil aparma
qabiliyyəti;
1.1.13. loqotip
(emblem) – media subyektinin redaksiyasını
(redaksiyalarını) fərqləndirməyə imkan verən
hər hansı simvollar kombinasiyası (sözlər, hərflər,
rəqəmlər, qrafik elementlər və s.);
1.1.14. audiovizual
yayımçı – televiziya və radio yayımında, o
cümlədən sifarişli yayım xidmətində
proqramların məzmunu üzərində cavabdehlik
daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar
verən fiziki və ya hüquqi şəxs;
1.1.15. yerüstü
yayımçı – televiziya və radio proqramlarının məzmunu
üzərində cavabdehlik daşıyan və həmin
proqramları yerüstü yayım üsulu ilə
yayımlayan fiziki və ya hüquqi şəxs;
1.1.16. ümumölkə
yayımçısı – proqramları Azərbaycan
Respublikasının ərazisi hüdudlarında əhalinin
minimum 70 faizini əhatə edən yerüstü
yayımçı;
1.1.17. regional
yayımçı – proqramları Azərbaycan
Respublikasının azı 2 (iki) inzibati ərazi vahidinin əhalisinin
minimum 70 faizini əhatə edən yerüstü
yayımçı;
1.1.18. platforma
yayımçısı – audiovizual proqramların məzmunu
üzərində cavabdehlik daşıyan və həmin
proqramları platforma və (və ya) multipleks operatoru və (və
ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) vasitəsilə, yaxud birbaşa internet üzərindən
yayımlayan fiziki və ya hüquqi şəxs;
1.1.19. infrastruktur
operatoru – sahib olduğu baza yerüstü yayım şəbəkələri
vasitəsilə radiotezlik resurslarından istifadə etməklə
çox sayda audiovizual rəqəmli yayım
siqnallarının bir və ya bir neçə siqnal halında
birləşdirilməsi yolu ilə, habelə ayrıca
radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin
edən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum);
1.1.20. multipleks
operatoru – birdən çox televiziya və ya radio
kanalının radiotezlik resurslarından istifadə etməklə
retranslyasiyasını həyata keçirən hüquqi şəxs;
1.1.21. platforma
operatoru – proqramların, o cümlədən sifarişli
yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və
peyklə kodlanmış yayım siqnalları vasitəsilə
retranslyasiyasını həyata keçirən fiziki və ya
hüquqi şəxs;
1.1.22. sifarişli
yayım xidməti provayderi – tərtib olunmuş proqram
kataloquna uyğun olaraq proqramların istifadəçinin
seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən
izlənilməsini və (və ya) dinlənilməsini təmin
edən və həmin proqram kataloqunun məzmunu üzərində
cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs;
1.1.23. retranslyasiya
– hər hansı texnologiyadan istifadə etməklə televiziya
və ya radio kanallarının, habelə proqramların və
ya onların hissələrinin məzmununa dəyişiklik
edilmədən yayımlandığı anda qəbulu və
ötürülməsi;
1.1.24. tematik
yayım – proqram cədvəlinin və ya kataloqunun azı 75
(yetmiş beş) faizi müəyyən sahəyə (xəbər,
film, sənədli film, idman, musiqi, uşaq əyləncə,
teleticarət və s.) həsr olunan proqramlardan ibarət
yayım;
1.1.25. proqram –
istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək
və (və ya) əyləndirmək üçün nəzərdə
tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər
əsasında hazırlanan, proqram cədvəli və ya
proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş
qurğuları vasitəsi ilə qeydə alınaraq
yayımlanan məlumatların məcmusu;
1.1.26. proqram cədvəli
– proqramların vaxtının və
ardıcıllığının əks olunduğu cədvəl;
1.1.27. proqram
kataloqu – sifarişli yayım xidmətində istifadəçinin
seçiminə təqdim olunan proqramların toplusu;
1.1.28. peyk
yayımı – peyk yayım infrastrukturu vasitəsi ilə
ötürülməsi və istifadəçilər tərəfindən
birbaşa qəbulu təmin olunan audiovizual yayım;
1.1.29. kabel
yayımı – müxtəlif növ kabel və (və ya)
hibrid infrastruktur (efir-kabel, peyk-kabel və s.) vasitəsilə
ötürülməsi və istifadəçilər tərəfindən
qəbulu təmin olunan audiovizual yayım;
1.1.30. İPTV yayımı – internet
provayderin audiovizual proqramların ötürülməsini və
istifadəçilər tərəfindən qəbul edilməsini
öz internet protokolundan (İP) istifadə etməklə təmin
etdiyi yayım;
1.1.31. OTT yayımı – audiovizual
proqramların internet vasitəsilə istifadəçinin qəbuledicisinə
ötürülməsini təmin edən yayım (İPTV
yayımı istisna olmaqla);
1.1.32. mobil TV
yayımı – audiovizual proqramların mobil telekommunikasiya şəbəkələri
vasitəsi ilə ötürülməsi və istifadəçilər
tərəfindən qəbulu təmin olunan yayım;
1.1.33. praym-taym – audiovizual
proqramların Azərbaycan Respublikası Audiovizual
Şurasının (bundan sonra – Şura) qərarı ilə
müəyyən edilən sutka ərzində ən çox
izlənilən və ya dinlənilən vaxtı;
1.1.34. reytinq
ölçən təşkilat – audiovizual medianın
auditoriyasının həcmini ölçən şəxs;
1.1.35. əhəmiyyətli
tədbir – cəmiyyət üçün maraq kəsb edən
və ölkə ərazisində fəaliyyət göstərən
media subyektləri tərəfindən dərc olunması və
(və ya) yayımlanması nəzərdə tutulan ictimai,
siyasi, sosial və iqtisadi məzmunlu hadisə.
1.2. Bu Qanunda istifadə olunan
digər anlayışlar Azərbaycan Respublikasının
normativ hüquqi aktları ilə müəyyən olunmuş
mənaları ifadə edir.
Maddə 2. Media haqqında qanunvericilik
Media haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat
azadlığı haqqında”, “Fərdi məlumatlar
haqqında”, “İnformasiya əldə etmək haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından,
habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun Azərbaycan
Respublikasının ərazisində təsis olunmuş media
subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin
Azərbaycan Respublikasının hüdudlarından kənarda
olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə
və əhalisinə istiqamətlənmiş bütün
media subyektlərinə, Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaradılan media məhsullarının
yalnız Azərbaycan Respublikasının ərazisində
yayılan hissəsinə, habelə jurnalistlərə
şamil edilir.
3.2. Bu Qanunun müddəaları
aşağıdakılara şamil edilmir:
3.2.1. media subyekti
hesab edilməyən şəxslər (jurnalistlər istisna
olmaqla) tərəfindən yayımlanan informasiyaya;
3.2.2. kütləvi
informasiyanın yayılması istisna olmaqla, informasiya
texnologiyalarından istifadə etməklə istifadəçilərin
bir-birinə göndərdiyi yazışmalara
(korrespondensiyaya).
3.3. Media subyektlərinin
seçkiqabağı və referendumqabağı təşviqatla
bağlı fəaliyyətinin xüsusiyyətləri Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
Maddə 4. Media sahəsində dövlətin
vəzifələri
4.1. Media sahəsində dövlətin
əsas vəzifələri aşağıdakılardır:
4.1.1. media sahəsində
fikir müxtəlifliyi və fəaliyyət
azadlığını təmin etmək;
4.1.2. Azərbaycan Respublikasında hər
kəsin informasiya ilə təmin olunması üçün
şərait yaratmaq;
4.1.3. istifadəçiləri,
xüsusilə də uşaqları zərərli
informasiyanın təsirlərindən qorumaq;
4.1.4. medianın
inkişafını təşviq etmək və
stimullaşdırıcı tədbirlər həyata
keçirmək;
4.1.5. media subyektlərinin
və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
4.1.6. media sahəsində
rəqabət mühitini təmin etmək, media subyektlərinin
və jurnalistlərin fəaliyyəti üçün bərabər
imkanlar yaratmaq;
4.1.7. Azərbaycan
Respublikasının media məkanının təhlükəsizliyini
təmin etmək;
4.1.8. ictimai
yayımın təmin olunması üçün şərait
yaratmaq.
Maddə 5. Media azadlığı
5.1. Azərbaycan
Respublikasında media azaddır.
5.2. Media sahəsində dövlət
senzurası, habelə bu məqsədlə dövlət
orqanlarının (qurumlarının) və ya vəzifələrin
yaradılması və maliyyələşdirilməsi
qadağandır.
5.3. Media sahəsində fəaliyyətin
azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə
etmək, hazırlamaq, ötürmək, istehsal etmək və
yaymaq hüququna dövlət tərəfindən təminat
verilməsinə əsaslanır.
5.4. Media sahəsində fəaliyyət
yaradıcılıq və redaksiya müstəqilliyi əsasında
həyata keçirilir.
5.5. Media sahəsində fəaliyyət
azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən
Azərbaycan Respublikasının digər qanunları ilə
müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla
bilər.
5.6. Azərbaycan Respublikasından kənarda
yerləşən media subyektlərinin fəaliyyətində
bu Qanunun tələblərinin pozulması halları aşkar
edildikdə, Şura və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə
tutulmuş tədbirləri həyata keçirir.
Maddə 6. Jurnalist fəaliyyətinin təminatı
6.1. Jurnalistlər müstəqillik,
öz mənafelərini təmsil edən təşkilatlarda
birləşmək, peşə borclarını yerinə yetirərkən
şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini
müdafiə etmək hüquqlarına malikdirlər.
6.2. Jurnalistlərin peşəkar fəaliyyətinə
qanunsuz müdaxilə etmək yolverilməzdir.
6.3. Azərbaycan
Respublikasının qanunları ilə məhdudlaşdırılmayan,
ümumi istifadə üçün nəzərdə
tutulmuş məlumatların toplanması, hazırlanması,
redaktə və istehsalı, ötürülməsi, habelə
həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi)
ilə bağlı jurnalistlərin təqib edilməsi və
onlara təzyiq göstərilməsi yolverilməzdir.
Maddə 7. Hərbi və fövqəladə
vəziyyət dövründə media subyektlərinin və
jurnalistlərin fəaliyyəti
Hərbi və fövqəladə vəziyyət
dövründə media sahəsində çalışan
işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi
vəziyyət haqqında” və “Fövqəladə vəziyyət
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
tənzimlənir.
Maddə 8. Dini ekstremizm əleyhinə
xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın
verilməsi
8.1. Dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılması zonasında
media sahəsində çalışan işçilərin fəaliyyəti
əməliyyat aparan orqan tərəfindən müəyyən
edilir.
8.2. Dini ekstremizm əleyhinə
aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə
məlumatlar əməliyyat aparan orqanın müəyyən
etdiyi formada və həcmdə verilir.
8.3. “Dini ekstremizmə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların
yayılmasına yol verilmir.
Maddə 9. Terror əleyhinə
aparılan əməliyyat zonasında media subyektlərinin və
jurnalistlərin fəaliyyəti
Terror əleyhinə
aparılan əməliyyat zonasında media sahəsində
çalışan işçilərin fəaliyyəti
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 10. Media
savadlılığı
10.1. Media
savadlılığının artırılması məqsədilə
dövlət tədbirləri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həyata keçirilir.
10.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) media
savadlılığının artırılması sahəsində
beynəlxalq təcrübənin tətbiqi imkanlarının
araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq
edir və təcrübə mübadiləsi aparır.
10.3. Bu Qanunun 10.1-ci maddəsində
nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin
vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
Maddə 11. Xarici media nümayəndələrinin
Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
11.1. Azərbaycan
Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və
digər xarici media nümayəndələrinin hüquqi
statusu və peşə fəaliyyəti Azərbaycan
Respublikasının normativ hüquqi aktları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir.
11.2. Azərbaycan
Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda açılır.
11.3. Xarici jurnalistlərin Azərbaycan
Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həyata keçirilir.
11.4. Media Reyestrinə daxil edilmiş
jurnalistlərin peşə fəaliyyətinin həyata
keçirilməsinə digər dövlətlər tərəfindən
xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri
tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan
Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Maddə 12. Loqotip (emblem)
12.1. Media subyekti redaksiyasının
loqotipi (emblemi) olmalıdır. Media subyektinin
redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə
edə bilər.
12.2. Loqotip (emblem) müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən aparılan Media Reyestrinə daxil
edilir.
12.3. Media subyektinin
redaksiyasının loqotipində (emblemində) irqi, dini, mənşə,
cinsi, etnik və digər ayrı-seçkiliyi, terrorçuluq,
zorakılıq və qəddarlığı təbliğ edən,
əxlaqa zidd olan simvollar və (və ya) onların kombinasiyasından
(sözlər, hərflər, rəqəmlər, qrafik elementlər
və s.), habelə digər media subyektinin redaksiyasının
loqotipi (emblemi) ilə eyni və ya ona oxşar loqotipdən
(emblemdən) istifadə olunması qadağandır.
12.4. Media subyektinin redaksiyası fəaliyyət
müddəti ərzində loqotipinə (embleminə) dəyişiklik
etmək hüququna malikdir. Bu halda o, həmin
loqotipdən (emblemdən) bu barədə dəyişiklik Media
Reyestrinə daxil edildikdən sonra istifadə edə bilər.
12.5. Audiovizual media subyektinin
redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə
bu Qanunun 12.3-cü maddəsi ilə nəzərdə
tutulmuş tələblər nəzərə alınmaqla
Şuranın razılığı ilə yol verilir. Şura edilmiş dəyişiklik barədə məlumatı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edir.
12.6. Media Reyestrinə daxil edilmiş
çap mediasının və onlayn medianın
redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə
bu Qanunun 12.3-cü maddəsi ilə nəzərdə
tutulmuş tələblər nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) razılığı ilə yol
verilir.
12.7. Televiziya yayımında
audiovizual media subyektinin redaksiyasının loqotipi (emblemi)
reklamların yayımlandığı vaxtlar istisna olmaqla,
ekranda fasiləsiz şəkildə nümayiş
olunmalıdır.
12.8. Media subyektinin
redaksiyasının loqotipi (emblemi) ilə bağlı
mübahisələr “Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında” və “Müəllif
hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan
Respublikasının qanunları ilə tənzimlənir.
Maddə 13. İnformasiyadan istifadə
edilməsi
13.1. Media subyekti digər media
subyektinin informasiyasını və proqramlarını istinad
etməklə abunəlik və ya müqavilə əsasında
istifadə edə bilər.
13.2. Abunəlik və ya müqavilə
olmadıqda media subyekti digər media subyektinin hər bir
informasiyasının yalnız üçdə birindən
çox olmayan hissəsini istinad etməklə istifadə edə
bilər.
13.3. Bu Qanunun 13.1-ci və
13.2-ci maddələri (istinadla bağlı tələb istisna
olmaqla) dövlət orqanları (qurumları) tərəfindən
yayılan rəsmi məlumatlara (press-relizlərə) və
informasiya agentliklərinin informasiyasından istifadə
hallarına şamil edilmir.
13.4. Bu Qanunun 77.2-ci maddəsində
nəzərdə tutulmuş hallarda media subyektləri məlumat
və informasiyaların həqiqətə uyğun
olub-olmamasına görə məsuliyyət
daşımır.
13.5. Audiovizual proqramlardan istifadə
bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş
qaydada tənzimlənir.
13.6. Bu Qanunun 38.2-ci və
38.3-cü maddələrinin tələbləri pozulduqda
proqrama müstəsna yayım hüququ əldə etmiş
audiovizual yayımçı Şuraya müraciət edə
bilər.
Maddə 14. Mediada dərc olunan və (və
ya) yayımlanan informasiyaya dair tələblər
14.1. Mediada dərc olunan və (və
ya) yayımlanan informasiya aşağıdakı tələblərə
cavab verməlidir:
14.1.1. Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə,
ərazi bütövlüyünün parçalanmasına,
hakimiyyətin zorla ələ keçirilməsinə və ya
saxlanmasına, kütləvi iğtişaşlara
açıq çağırışlar edilməməlidir;
14.1.2. Azərbaycan
Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə
yol verilməməlidir;
14.1.3. dövlət
dili normalarına riayət edilməlidir;
14.1.4. irqi, dini, mənşə,
cinsi, etnik və digər ayrı-seçkilik təbliğ
olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin
salınmasına açıq çağırışlar
edilməməlidir;
14.1.5. terrorçuluq,
dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ
olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə,
terrorçuluq məqsədilə təlimlərin təşkil
edilməsinə və ya keçirilməsinə yönələn
məlumatlar yayılmamalıdır, terrorçuluğa
açıq çağırışlar edilməməlidir;
14.1.6. əxlaqdankənar
leksik (söyüş) məzmunlu söz və ifadələrdən,
jestlərdən istifadəyə yol verilməməlidir;
14.1.7. şərəf
və ləyaqətin alçaldılmasına, işgüzar
nüfuzun ləkələnməsinə yol verilməməlidir;
14.1.8. şəxsin
ailə və şəxsi həyatına aid sirr olan məlumatların
yayılmasına yol verilməməlidir;
14.1.9. böhtana,
təhqirə və nifrət çıxışlarına
yol verilməməlidir;
14.1.10. sağlamlığın
və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər
təbliğ olunmamalıdır;
14.1.11. faktlar və
hadisələr qərəzsiz və obyektiv təqdim
olunmalı, birtərəfliliyə yol verilməməlidir;
14.1.12. parapsixologiya
(ekstrasens, medium və s.), mövhumatçılıq və ya
digər xürafələrin təbliğinə yol verilməməlidir;
14.1.13. pornoqrafiya
məzmunlu materialların dərc edilməsinə
(yayımlanmasına) yol verilməməlidir;
14.1.14. qanuni
qüvvəyə minmiş məhkəmə qərarı
olmadan şəxsin təqsirli olması barədə məlumatların
dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.15. “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə
əməl edilməlidir;
14.1.16. “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində
nəzərdə tutulmuş digər informasiyanın
yayımlanmasına yol verilməməlidir.
14.2. Yerüstü
yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində
nəzərdə tutulan tələblərlə yanaşı
dövlət dilindən istifadəni də təmin etməlidir.
14.3. Yerüstü
yayımçı proqramlarında yalnız Şuranın
razılığı ilə digər dillərdən istifadə
edə bilər.
Maddə 15. İnformasiyanın
yayılmasına, informasiya mənbəyinin
açıqlanmasına yol verilməyən hallar
15.1. Media subyekti və jurnalist tərəfindən
aşağıdakılara yol verilmir:
15.1.1. şəxsin
gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və
materiallarda yayılmasına;
15.1.2. məlumat
vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin
açıqlanmasına;
15.1.3. təhqiqatçının,
müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun və ya məhkəmənin
icazəsi olmadan ibtidai araşdırma məlumatlarının
yayılmasına;
15.1.4. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
nəzərdə tutulmuş qaydada tərtib edilən və
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş
informasiya hesab edilən cinayət təqibi üzrə icraat
materiallarının surətlərinin olduğu kimi
yayılmasına;
15.1.5. yetkinlik
yaşına çatmayan şübhəli, təqsirləndirilən
və ya zərər çəkmiş şəxslərin
şəxsiyyəti barədə hər hansı məlumatların
həmin şəxslərin və onların qanuni nümayəndələrinin
razılığı olmadan yayılmasına;
15.1.6. “Dini ekstremizmə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların
yayılmasına;
15.1.7. Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci
maddəsində nəzərdə tutulmuş sui-istifadə
hallarına.
15.2. Məsul redaktor və (və ya)
jurnalist istintaqı aparılan, yaxud məhkəmə
icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü
maddəsi ilə müəyyən edilmiş hallardan başqa
informasiya mənbəyini açıqlamağa məcbur edilə
bilməz.
15.3. Məsul redaktor və ya jurnalist
aşağıdakı hallarda məhkəmənin qərarı
ilə öz informasiya mənbəyini
açıqlamalıdır:
15.3.1. insan həyatının
müdafiəsi üçün;
15.3.2. ağır
və xüsusilə ağır cinayətlərin
qarşısını almaq üçün;
15.3.3. ağır
və xüsusilə ağır cinayət törətməkdə
təqsirləndirilən şəxsin müdafiəsi
üçün.
15.4. Bu Qanunun 15.1.3-cü maddəsinin
tələbləri jurnalistin müstəqil araşdırma
aparmaq hüququnu məhdudlaşdırmır.
Maddə 16. Xarici mənbələrdən
alınan informasiyanın yayılması
16.1. Azərbaycan
Respublikası vətəndaşlarının və Azərbaycan
Respublikasının hüquqi şəxslərinin xarici mənbələrdən,
o cümlədən xarici media subyektlərindən birbaşa məlumat
əldə etmək hüququ vardır.
16.2. Azərbaycan
Respublikasında yerüstü yayım üçün nəzərdə
tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici
televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
hallarda yol verilir.
16.3. Redaksiyasının daimi yeri Azərbaycan
Respublikasının hüdudlarından kənarda olan xarici
çap mediası məhsulunun Azərbaycan
Respublikasının ərazisində yayılmasına Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə
xarici çap mediası məhsulunun yayılması qaydası
nəzərdə tutulmadıqda, bu məsələlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 17. Məlumat almaq hüququ
17.1. Media subyektləri və jurnalistlər
cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət
haqqında, dövlət orqanlarının
(qurumlarının), bələdiyyələrin, müəssisə
və təşkilatların, qeyri-hökumət təşkilatlarının,
siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti
barədə düzgün informasiya almaq hüququna malikdirlər.
Bu hüquq qanunla müəyyənləşdirilmiş
hallardan başqa məhdudlaşdırıla bilməz.
17.2. Dövlət orqanları
(qurumları), bələdiyyələr, müəssisə və
təşkilatlar, qeyri-hökumət təşkilatları,
siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri
haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin
yazılı və şifahi sorğusu əsasında, habelə
mətbuat konfransları və ya brifinqlər keçirmək
yolu ilə yaxud başqa formalarda verirlər.
17.3. İnformasiya əldə edilməsi
barədə yazılı sorğuya “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının Qanununda
müəyyənləşdirilmiş qaydada və müddətdə
baxılır. Həmin Qanunda göstərilən
müddətdə həmin informasiya öz operativliyini itirərsə,
sorğuya dərhal, bu mümkün olmadıqda isə 24
(iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.
17.4. Media subyektləri və jurnalistlər
məlumatı verməkdən imtina edən dövlət
orqanlarından (qurumlarından), bələdiyyələrdən,
müəssisə və təşkilatlardan, qeyri-hökumət
təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli
şəxslərdən qanunla müəyyənləşdirilmiş
qaydada şikayət etmək hüququna malikdir.
17.5. Şura və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) əhəmiyyətli tədbirlərlə bağlı
siyahını hər il növbəti il
üçün elan etməlidir və bu siyahını
özlərinin rəsmi internet saytlarında yerləşdirməli
və onun müntəzəm olaraq yenilənməsini təmin
etməlidirlər.
Maddə 18. Təkzib, düzəliş
və cavab vermək hüququ
18.1. Media subyekti tərəfindən
fiziki şəxsin şərəf və ləyaqətini,
fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən,
böhtan və təhqir xarakterli məlumatlar
yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin
özünün və ya nümayəndəsinin, hüquqi
şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin
həmin media subyektində 1 (bir) ay müddətində cavab
vermək, habelə media subyektindən həqiqətə
uyğun olmayan məlumatın təkzib olunmasını,
düzəliş verilməsini, üzr istənilməsini tələb
etmək, yaxud birbaşa məhkəməyə müraciət
etmək hüququ vardır.
18.2. Bu Qanunun 18.1-ci maddəsində
nəzərdə tutulmuş tələblə müraciət
edilən zaman, yaxud məhkəmə qərar çıxaran
zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti
dayandırılmışsa və ya o yenidən təşkil
olunmuşsa təkzib, cavab və ya düzəliş həmin
media subyektinin və ya onun hüquqi varisinin vəsaiti
hesabına iddiaçının istədiyi media subyektlərinin
birində dərc oluna (yayımlana) bilər.
18.3. Media subyekti tərəfindən
cinayət işləri üzrə icraatın mahiyyəti və
nəticələri barədə həqiqətə uyğun
olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə
cinayət prosesini aparan orqan məlumatın təkzib
olunması və ya düzəliş verilməsi tələbi
ilə həmin media subyektinə müraciət etmək
hüququna malikdir.
Maddə 19. Təkzib, cavab və düzəliş
verilməsi qaydası
19.1. Təkzibdə hansı məlumatın
həqiqətə uyğun olmadığı, həmin
çap mediası subyektində nə vaxt və necə dərc
olunduğu göstərilir. Çap mediası
subyektində təkzib məlumatın və ya materialın
verildiyi səhifədə həmin şriftlə
yığılır və “Təkzib” başlığı
altında dərc olunur. Gündəlik,
günaşırı, həftəlik və aylıq
yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş
haqqında tələbin daxil olduğu gündən sonrakı
nömrədə, digər dövri-nəşrlər isə
hazırlanan və ya yaxın günlər üçün
planlaşdırılan buraxılışda təkzibi,
cavabı və ya düzəlişi dərc etməlidirlər.
19.2. Təkzib, cavab və ya düzəliş
audiovizual yayımçı tərəfindən tələbin
alındığı gündən sonrakı müvafiq
proqramda yayımlanır. Bunu tələb edən
fiziki şəxsin və ya onun nümayəndəsinin,
hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli
nümayəndəsinin proqramda cavabla çıxış etmək
hüququ təmin edilməlidir.
19.3. Təkzib və ya cavab mətnində
heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci
maddəsində nəzərdə tutulan tələbləri
pozmamalıdır.
19.4. Təkzib və ya cavabın mətni
təkzib edilən və ya cavab verilən məlumatın həcmindən
iki dəfədən çox olmamalıdır.
19.5. Cavab dərc olunan (yayımlanan)
nömrədə (proqramda) həmin cavabı şərh etməyə
və ya təkzib etməyə yol verilmir. Cavaba
cavab sonrakı nömrədə (proqramda) yerləşdirilə
bilər.
19.6. Təkzib, cavab və ya düzəliş
rədd edildikdə, bu barədə tələb etmiş şəxsə
3 (üç) gün müddətində əsaslandırılmış
məlumat verilməlidir.
19.7. Aşağıdakılar təkzib
və ya cavab mətnini dərc etməkdən (yayımlamaqdan)
imtina üçün əsasdır:
19.7.1. təkzibi tələb
olunan məlumat məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə təsdiq edilmişdirsə;
19.7.2. təkzibi tələb
olunan məlumat və ya materialla bağlı media subyekti tərəfindən
şikayətçinin müraciəti əsasında artıq
təkzib verilmişdirsə;
19.7.3. təkzib və
ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə
tutulan tələbləri pozursa;
19.7.4. təkzib və
ya cavabın mətni təkzib edilən və ya cavab verilən
məlumatın həcmindən iki dəfədən
çoxdursa;
19.7.5. məlumatın
və ya materialın media subyekti tərəfindən dərc
edilməsindən (yayımlanmasından) bir ay müddətində
üzrsüz səbəbdən müraciət edilməmişdirsə.
19.8. Təkzib, cavab və ya düzəlişin
verilməsinə görə ödəniş tələb
edilmir.
19.9. Haqsız, qeyri-dəqiq və
gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri nəzərə alınmaqla təkzib
olunur.
19.10. Onlayn mediada təkzib və ya cavabın
mətni təkzib və ya cavab vermək hüququnun
yaranmasına səbəb olmuş materialın yayımı
üsuluna uyğun şəkildə yayımlanmalıdır
(eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə
və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə
uyğun olmadığı, həmin onlayn media subyektində nə
vaxt və necə yayımlandığı göstərilməlidir.
19.11. Təkzib və ya cavab mətnini
orijinal nəşrdə olduğu kimi həmin veb-səhifədə
və ya veb-saytın həmin bölməsində yerləşdirmək
mümkün olmadıqda, onlayn media subyekti müvafiq materiallar
(paylaşımlar) arasında hiperlinklərin
yaradılmasını təmin etməli və orijinal mətnin
yanında bu materialda (paylaşımda) olan məlumatın təkzib
edildiyinə və ya cavab verildiyinə dair bildiriş yerləşdirməlidir.
Maddə 20. Müəlliflik hüququ və
əlaqəli hüquqlarının obyektlərindən və
oxucu məktublarından istifadə edilməsi
20.1. Müəlliflik hüququ və əlaqəli
hüquqların obyektlərindən mediada istifadəyə
“Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməklə yol verilir.
20.2. Oxucu (dinləyici,
tamaşaçı) məktubları dərc edilərkən
(yayımlanarkən) onların məzmununu təhrif etməyən
ixtisara və redaktəyə yol verilir. “İnformasiya
əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallardan başqa redaksiya oxucu (dinləyici,
tamaşaçı) məktublarına cavab verməyə məcbur
deyildir.
20.3. Bu Qanunla müəyyən
edilmiş hallardan başqa media subyekti dərc etməkdən
(yayımlamaqdan) imtina etdiyi materialı dərc etməyə
(yayımlamağa) məcbur edilə bilməz.
Maddə 21. Gizli audio və (və ya)
vizual məlumatlar
21.1. Gizli audio və video
yazılardan, foto çəkilişlərindən istifadə
etməyə və ya onları yaymağa yalnız
aşağıdakı hallarda yol verilir:
21.1.1. barəsində
gizli audio və ya video yazısı, foto çəkilişi
aparılmış şəxsin bu materiallardan istifadəyə
və ya onların yayılmasına yazılı
razılığı varsa, habelə digər şəxsin
(şəxslərin) Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyən edilmiş hüquq və
azadlıqlarının qorunması üçün zəruri
tədbirlər görülmüşdürsə;
21.1.2. məhkəmənin
qərarı ilə nümayiş etdirilirsə.
21.2. Bu Qanunun 21.1-ci maddəsinin
tələblərini pozaraq gizli audio-video yazılardan, film və
foto çəkilişlərindən istifadə olunması və
onların yayılması qadağandır.
Maddə 22. Media subyektləri tərəfindən
yayımlanmış materialların saxlanılması
22.1. Audiovizual yayımçılar
öz proqramlarını 3 (üç) ay müddətində
saxlamalıdırlar.
22.2. Seçkiqabağı və
referendumqabağı təşviqata aid audiovizual
proqramların audio və (və ya) videoyazısı
aparılır, həmin yazılar yayımlandığı
gündən 12 (on iki) ay müddətində müvafiq
audiovizual yayımçı tərəfindən
saxlanılır. Audiovizual yayımçı ödənişli
və ödənişsiz efir vaxtının ayrılmasına
dair hesabat sənədlərini səsvermə günündən
başlayaraq 5 (beş) il müddətində
saxlamalıdır.
Maddə 23. Reklamın yayılması
Mediada reklam “Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq hazırlanır və yayılır.
Maddə 24. Beynəlxalq əməkdaşlıq
24.1. Media sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında
həyata keçirilir.
24.2. Azərbaycan
Respublikasının media subyektləri, peşəkar jurnalist təşkilatları
öz fəaliyyət istiqamətlərinə uyğun əcnəbi
və vətəndaşlığı olmayan şəxslərlə,
habelə xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda
iştirak edə və bu məqsədlə müqavilələr
bağlaya bilərlər.
2-ci fəsil
Media subyektləri
Maddə 25. Media subyektləri
25.1. Media subyektləri
aşağıdakılardır:
25.1.1. audiovizual
media subyektləri;
25.1.2. çap
mediası subyektləri;
25.1.3. onlayn media
subyektləri;
25.1.4. informasiya
agentlikləri.
Maddə 26. Media subyektinə dair tələblər
26.1. Media subyektinə dair tələblər
aşağıdakılardır:
26.1.1. təsisçi
fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi
yaşayan Azərbaycan Respublikasının vətəndaşı
olmalıdır;
26.1.2. təsisçi
hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında
üstün iştirak payı (75 faiz) Azərbaycan
Respublikasında daimi yaşayan Azərbaycan
Respublikasının vətəndaşına (vətəndaşlarına)
və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan
keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə)
məxsus olmalıdır;
26.1.3. media subyekti
fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi
yaşayan Azərbaycan Respublikasının vətəndaşı
olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə
cavab verməlidır.
26.2. Bu Qanunun 26.1.1-ci və
26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər
media subyektinin təsisçisi olan hüquqi şəxsin
birbaşa və dolayısı ilə
iştirakçısı olan şəxslərin
iştirakçılarına da şamil edilir.
26.3. Aşağıdakı şəxslər
media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
26.3.1. ağır
və ya xüsusilə ağır cinayətlərə, habelə
ictimai mənəviyyat əleyhinə olan cinayətlərə
görə əvvəllər məhkum edilmiş şəxslər;
26.3.2. məhkumluğu
ödənilməmiş və ya götürülməmiş
şəxslər;
26.3.3. məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər.
26.4. Siyasi partiyalar və dini qurumlar
yalnız çap mediasının təsisçisi (iştirakçısı)
ola bilərlər.
26.5. Media subyektinin onun təsisçisi
(iştirakçısı) olmayan xarici ölkələrin
fiziki və ya hüquqi şəxsləri, onların filial və
nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan
Respublikasında təsis etdikləri hüquqi şəxslər,
habelə xarici ölkələrin dövlət qurumları tərəfindən
maliyyələşdirilməsinə yol verilmir.
26.6. Audiovizual media subyektinin
iştirakçılarının tərkibində hər
hansı bir dəyişiklik edilməzdən 1 (bir) ay əvvəl
Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin
bu Qanunun tələblərinə uyğun olması barədə
1 (bir) ay müddətində əsaslandırılmış rəy
verir. Verilmiş müsbət rəy əsasında
audiovizual media subyektinin iştirakçılarının tərkibində
edilmiş dəyişikliyi təsdiq edən sənədlər
1 (bir) ay müddətində Şuraya təqdim
olunmalıdır.
26.7. Audiovizual media subyekti Şuraya,
digər media subyektləri isə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri
və iştirakçıları, habelə idarəetmə
orqanının rəhbəri barədə məlumatı hər
il dekabr ayının 30-dək təqdim etməlidir.
26.8. Media subyektinin idarəetmə
orqanının rəhbəri ali təhsilli
olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3-cü maddələrinin
tələblərinə cavab verməlidir.
3-cü fəsil
Audiovizual media
Maddə 27. Audiovizual media subyektləri
27.1. Audiovizual media subyektləri
aşağıdakılardır:
27.1.1. yerüstü
yayımçı:
27.1.1.1. ümumölkə
yerüstü televiziya yayımçısı;
27.1.1.2. regional
yerüstü televiziya yayımçısı;
27.1.1.3. ümumölkə
yerüstü radio yayımçısı;
27.1.1.4. regional
yerüstü radio yayımçısı;
27.1.2. platforma
yayımçısı:
27.1.2.1. peyk
yayımı həyata keçirən platforma
yayımçısı;
27.1.2.2. peyk
yayımı həyata keçirməyən platforma
yayımçısı;
27.1.3. platforma
operatoru:
27.1.3.1. sadə
platforma operatoru;
27.1.3.2. universal
platforma operatoru;
27.1.4. multipleks
operatoru;
27.1.5. infrastruktur
operatoru;
27.1.6. sifarişli
yayım xidməti provayderi.
Maddə 28. Audiovizual media subyektlərinin
fəaliyyətinin əsasları
28.1. Yerüstü
yayımçı infrastruktur və multipleks operatoru,
infrastruktur və multipleks operatoru isə yerüstü
yayımçı kimi fəaliyyət göstərə bilməz.
28.2. Platforma operatoru və multipleks
operatoru platforma yayımçısı kimi fəaliyyət
göstərmək üçün bu fəaliyyət
növü üzrə də lisenziya almalıdır.
Maddə 29. Yerüstü
yayımçı
29.1. İctimai yayımçı
istisna olmaqla, yerüstü yayımçıya lisenziya
müsabiqə əsasında verilir.
29.2. Yerüstü ümumölkə
yayımçısının proqramları ölkə
üzrə, yerüstü regional yayımçının
proqramları isə həmin region üzrə infrastruktur və
platforma operatorları tərəfindən retranslyasiya olunur.
29.3. Yerüstü
yayımçı öz proqramlarını infrastruktur və
platforma operatorlarına retranslyasiya üçün təqdim
etməlidir. Yerüstü yayımçı
bunun müqabilində platforma operatorlarından ödəniş
tələb edə bilməz.
29.4. Yerüstü ümumölkə
yayımçısı ölkə üzrə,
yerüstü regional yayımçı isə müvafiq
region üzrə yerüstü yayımın təmin
olunması üçün infrastruktur operatoru ilə
müqavilə bağlayır və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi məbləğdə infrastruktur
operatoruna xidmət haqqı ödəyir.
29.5. Yerüstü ümumölkə
yayımçısının peyk yayımı həyata
keçirməsi üçün lisenziya tələb olunmur. Yerüstü ümumölkə
yayımçısı peyk operatorları ilə müqavilə
bağlayaraq peyk yayımı da həyata keçirə bilər.
29.6. Yerüstü
yayımçı proqramlarını onların məzmununa dəyişiklik
etmədən öz internet informasiya ehtiyatında
(veb-saytında) və digər video paylaşım
platformalarında yayımlaya bilər.
Maddə 30. Platforma
yayımçısı
30.1. Siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla,
dövlət orqanları (qurumları) və dövlətə
məxsus olan hüquqi şəxslər tərəfindən
maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət
sahəsini əks etdirən, ictimai yayım funksiyası
daşıyan audiovizual yayımçı yalnız platforma
yayımçısı kimi fəaliyyət göstərə
bilər.
30.2. Platforma yayımçısı
(bu Qanunun 30.8-ci maddəsi istisna olmaqla) lisenziya əsasında
fəaliyyət göstərir.
30.3. Peyk yayımı həyata
keçirən platforma yayımçısı
üçün lisenziya müsabiqə əsasında
yalnız hüquqi şəxslərə verilir.
30.4. Platforma yayımçısı
praym-taymda yayımlanan proqramlarında dövlət dilindən
istifadəni tam təmin etdikdə, reklam fəaliyyəti həyata
keçirə bilər.
30.5. Platforma yayımçısı
proqramlarını onların məzmununa dəyişiklik etmədən
öz veb-saytında və digər video paylaşım
platformalarında yayımlaya bilər.
30.6. Platforma
yayımçısının redaksiyası Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərməlidir
və gündə minimum 6 saat yayım həyata keçirməlidir.
30.7. Birbaşa internet üzərindən
yayımlanan platforma yayımçısı bu Qanunun
30.6-cı maddəsində nəzərdə tutulmuş tələblərlə
yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə
malik olmalı, habelə yayımı özünün
veb-saytından həyata keçirməlidir.
30.8. Birbaşa internet üzərindən
audiovizual proqramlar yayımlayan şəxslər yalnız
öz müraciətləri əsasında platforma
yayımçısı lisenziyası ala bilərlər. Bu halda qeyd olunan şəxslər bu Qanunun 30.2–30.7-ci
maddələrinin tələblərinə cavab verməlidir.
Maddə 31. Sifarişli yayım xidməti
provayderi
31.1. Sifarişli yayım xidməti
provayderi lisenziya əsasında fəaliyyət göstərir.
31.2. Sifarişli yayım xidməti
provayderi proqram kataloqunu platforma operatorunun yayım
üsulları və ya birbaşa internet vasitəsilə, o cümlədən
mobil tətbiqlər vasitəsilə təqdim edir.
31.3. Sifarişli yayım xidməti
provayderi proqram kataloquna daxil etdiyi bütün proqramlar barədə
məlumatı və həmin proqramların yayımı
üçün əldə etdiyi yayım hüquqlarına
dair müqavilələri Şuraya təqdim etməlidir.
31.4. Sifarişli yayım xidmətinin
proqram kataloquna daxil edilmiş bütün proqramlar
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yaş kateqoriyaları üzrə təsnifatlandırılmalıdır.
Maddə 32. Platforma operatoru
32.1. Platforma operatoru lisenziya əsasında
fəaliyyət göstərir.
32.2. Sadə platforma operatoru yalnız
bir üsulla, universal platforma operatoru isə eyni zamanda 2 (iki) və
daha çox üsulla retranslyasiya həyata keçirə bilər.
32.3. Platforma operatoru müqavilə əsasında
istifadəçiyə audiovizual proqramların
satışını həyata keçirir.
32.4. Platforma operatoru onunla xarici
audiovizual yayımçı və ya onun adından müqavilə
bağlamaq səlahiyyəti olan şəxs arasında xarici
audiovizual yayımçıların proqramlarının
retranslyasiyasına dair bağlanmış müqavilənin surətini
Şuraya təqdim etməlidir.
32.5. Platforma operatoru yerüstü
ümumölkə yayımçısının
proqramlarını ölkə üzrə, yerüstü
regional yayımçının proqramlarını isə
region üzrə retranslyasiya etmək üçün öz
yayım paketlərinə daxil etməlidir. Platforma
operatoru bunun müqabilində yerüstü
yayımçıdan ödəniş tələb edə bilməz.
32.6. Platforma operatoru müqavilə əsasında
platforma yayımçısının proqramlarının
retranslyasiyasını həyata keçirə bilər.
32.7. Platforma operatorunun fəaliyyətində
Şura tərəfindən monitorinqin həyata keçirilməsi
məqsədilə həmin operator tərəfindən
Şuranın ödənişsiz istifadə hüququ təmin
edilməlidir.
32.8. Platforma operatoru retranslyasiya etdiyi
audiovizual yayımçıların siyahısını hər
növbəti ayın birinci həftəsində Şuraya təqdim
etməlidir.
Maddə 33. İnfrastruktur operatoru
33.1. İnfrastruktur operatoru
Şuranın qərarı ilə ayrılmış
radiotezlikdən (radiotezliklərdən) istifadə edir.
33.2. İnfrastruktur operatoru
yerüstü yayımçının proqramlarının
retranslyasiyasını təmin etməlidir.
33.3. İnfrastruktur operatoru
yerüstü ümumölkə
yayımçısının ölkə üzrə,
yerüstü regional yayımçının isə
müvafiq region üzrə yerüstü yayımının təmin
olunması üçün yerüstü yayımçı
ilə müqavilə bağlayır və bu Qanunun 29.4-cü
maddəsində göstərilən məbləğdə
xidmət haqqı alır.
33.4. İnfrastruktur operatoru istifadəçilərə
ödənişli retranslyasiya xidməti göstərə bilməz.
33.5. İnfrastruktur operatoru multipleks və
platforma operatorlarına, həmçinin peyk operatoruna
siqnalın ötürülməsini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi məbləğdə xidmət
haqqı almaqla həyata keçirir.
Maddə 34. Multipleks operatoru
34.1. Multipleks operatoru
üçün radiotezlik (radiotezliklər) onun istifadəsinə
Şura tərəfindən bu Qanunun 5-ci fəslinə
müvafiq olaraq keçirilən müsabiqə əsasında
verilir. Müsabiqənin qalibi eyni zamanda multipleks
operatoru üçün müvafiq lisenziya əldə
etmiş sayılır.
34.2. Növbəti radiotezlik
(radiotezliklər) əldə etmək istəyən multipleks
operatoru radiotezliyin (radiotezliklərin) verilməsinə dair
müsabiqədə iştirak etməlidir. Bu
müsabiqənin nəticəsində qalib olmuş multipleks
operatoruna yenidən lisenziya verilmir.
34.3. Multipleks operatoru müqavilə əsasında
istifadəçiyə audiovizual proqramların
satışını həyata keçirir.
34.4. Multipleks operatoru müqavilə əsasında
platforma yayımçısının proqramlarının
retranslyasiyasını həyata keçirə bilər.
34.5. Multipleks operatoru onunla xarici
audiovizual yayımçı və ya onun adından müqavilə
bağlamaq səlahiyyəti olan şəxs arasında xarici
audiovizual yayımçıların proqramlarının
retranslyasiyasına dair bağlanmış müqavilənin surətini
Şuraya təqdim etməlidir.
34.6. Multipleks operatorunun fəaliyyətində
Şura tərəfindən monitorinqin həyata keçirilməsi
məqsədilə həmin operator tərəfindən
Şuranın ödənişsiz istifadə hüququ təmin
edilməlidir.
34.7. Multipleks operatoru retranslyasiya
etdiyi audiovizual yayımçıların siyahısını
hər növbəti ayın birinci həftəsində
Şuraya təqdim etməlidir.
Maddə 35. Yerüstü yayımın
radiotezlik planlaşdırılması
35.1. Yerüstü yayım
üçün radiotezlik siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
tərtib olunur və yerüstü yayım üçün
istifadəyə yararlı radiotezliklər haqqında məlumatlar
hər yarımildə 1 (bir) dəfə Şuraya təqdim
edilir. Bu məlumatlar Şuranın sorğusu əsasında
da təqdim olunur.
35.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) və
infrastruktur operatoru hər yarımildə 1 (bir) dəfə
yayım imkanları barədə Şuraya məlumat verir. Bu məlumatlar Şuranın sorğusu əsasında
da təqdim olunur.
35.3. Şura ümumölkə və
regional yerüstü yayım üçün istifadəyə
yararlı radiotezliklərin və yayım imkanlarının
istifadəsini təşkil edir.
Maddə 36. Audiovizual yayım
avadanlıqlarının sertifikatlaşdırılması
Audiovizual proqramların
ötürülməsi və yayımlanmasını təmin
edən yerüstü yayım radiovericiləri, peyk
yerüstü radiovericiləri, yerüstü radio-rele
aralıq və son stansiyaları, habelə kabel yayımı
stansiyaları və paylayıcı şəbəkə
avadanlıqları “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurumlar tərəfindən
sertifikatlaşdırılır.
Maddə 37. Dövlət orqanlarında
(qurumlarında), hüquqi və fiziki şəxslərə məxsus
obyektlərdə və onların ərazi hüdudlarında
audiovizual yayım
Dövlət orqanlarında
(qurumlarında), hüquqi və fiziki şəxslərə məxsus
obyektlərdə və onların ərazi hüdudlarında
onlar tərəfindən həyata keçirilən və həmin
qurumların fəaliyyətini əks etdirən informasiya
xarakterli audiovizual proqramlardan ibarət yayım, habelə həmin
qurumlar tərəfindən yalnız yerüstü
yayımçıların proqramlarının
retranslyasiyası üzrə fəaliyyət
lisenziyalaşdırılmır.
Maddə 38. Yayım hüququ
38.1. Proqramın müəllifi həmin
proqramın yayımlanması hüququnu yayım üsulunun və
şərtlərinin göstərildiyi müqavilə əsasında
bir neçə və ya müstəsna olaraq bir audiovizual
yayımçıya verə bilər. Həmin
müqavilələrin surəti audiovizual yayımçı tərəfindən
Şuraya təqdim edilməlidir.
38.2. Proqrama müstəsna yayım
hüququ əldə etmiş audiovizual yayımçıdan
başqa digər audiovizual yayımçıların həmin
proqramı yayımlaması qadağandır.
38.3. Müstəsna yayım hüququ
ilə yayımlanan əhəmiyyətli tədbir digər
audiovizual yayımçılar tərəfindən 60
(altmış) saniyədən artıq olmamaq və mənbəyini
bildirmək şərti ilə ödənişsiz yayımlana
bilər.
38.4. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) xarici
audiovizual yayımçının proqramlarının
yayımlanmasına razılıq verilməsi üçün
Şuraya müraciət etməlidir.
Maddə 39. Audiovizual
yayımçının vəzifələri və audiovizual
yayıma dair tələblər
39.1. Audiovizual
yayımçının vəzifələri
aşağıdakılardır:
39.1.1. sifarişli yayım xidməti
istisna olmaqla, Azərbaycan Respublikasının Dövlət
Himnini hər gün səhər yayımın əvvəlində
“Azərbaycan Respublikasının Dövlət Himnindən
istifadə qaydaları haqqında” Azərbaycan Respublikası
Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək;
39.1.2. tütün
istifadəsi prosesinin nümayiş etdirildiyi proqramlarda
tütündən istifadənin sağlamlığa və ətraf
mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici
məlumatların verilməsini təmin etmək;
39.1.3. bu Qanunun
14.1-ci və 14.2-ci maddələrində nəzərdə
tutulmuş tələblərə riayət etmək;
39.1.4. reklam və
sponsorluq fəaliyyətini “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə əsasən həyata
keçirmək;
39.1.5. Şuranın qərarlarını
icra etmək;
39.1.6. bu Qanunla
müəyyənləşdirilmiş digər vəzifələri
yerinə yetirmək.
39.2. Audiovizual yayımın səs və
təsvirinə dair keyfiyyət göstəriciləri ilə
bağlı tələblər Şura tərəfindən
müəyyən edilir.
39.3. Ümumxalq hüzn, Anım və
matəm günlərində audiovizual yayım
aşağıdakı qaydada həyata keçirilməlidir:
39.3.1. komediya və
erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli
və ümumxalq hüzn, Anım və matəm günlərinin
mahiyyətinə uyğun olmayan digər proqramlar
yayımlanmamalıdır;
39.3.2. reklam
yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);
39.3.3. azı hər
iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm
günü ilə bağlı məlumat
yayımlanmalıdır;
39.3.4. saat 12.00-da
bir dəqiqəlik sükut elan edilməlidir.
Maddə 40. Tematik yayım
Bu Qanunun 50.1-ci və 50.2-ci
maddələrində göstərilən audiovizual media
subyektləri tərəfindən yayımın lisenziyada qeyd
olunan janrda həyata keçirilməsi məcburidir.
Maddə 41. Yayımın
dayandırılması
41.1. Aşağıdakı hallarda
yayım Şuranın qərarı ilə 24 (iyirmi dörd)
saat müddətinədək müvəqqəti
dayandırılır:
41.1.1. bu Qanunun
14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər
ayrı-seçkiliyin təbliği ilə bağlı),
14.1.5-ci (zorakılıq və qəddarlıqla bağlı),
14.1.6-cı, 14.1.12-ci, 14.1.13-cü, 38-ci, 39.1.1-ci, 39.1.2-ci,
39.1.4-cü və 39.3-cü maddələrinin tələbləri
pozulduqda;
41.1.2. yayımla
bağlı lisenziyada göstərilən ərazi
kateqoriyasına riayət edilmədikdə.
41.2. Aşağıdakı hallarda
yayım Şuranın qərarı ilə 1 (bir) gündən
1 (bir) ayadək müddətə müvəqqəti
dayandırılır:
41.2.1. bu Qanunun
7-ci, 8-ci, 9-cu, 14.1.2-ci və 14.1.5-ci (terrorçuluğun və
dini ekstremizmin təbliği ilə bağlı) maddələrinin
tələbləri pozulduqda;
41.2.2. Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə,
ərazi bütövlüyünün parçalanmasına,
hakimiyyətin zorla ələ keçirilməsinə və ya
saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və
ya dini nifrət və düşmənçiliyin
salınmasına, terrorçuluğa açıq
çağırışlar, habelə terrorçuluğun
maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə
təlimlərin təşkil edilməsinə və ya
keçirilməsinə yönələn məlumatlar
yayımladıqda.
41.3. Şura bu Qanunun 41.2.2-ci maddəsində
göstərilən halda yayımın dərhal
dayandırılması barədə qərar qəbul edir və
bu Qanunun 58.4-cü maddəsi nəzərə alınmaqla
yayımçının lisenziyasının ləğv edilməsi
barədə iddia ərizəsi ilə məhkəməyə
müraciət edir. Məhkəmə iddia ərizəsinə
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
128-ci maddəsinə uyğun olaraq baxır.
41.4. Şura tərəfindən
yayımın dayandırılması barədə qərarın
surəti dərhal məlumat üçün audiovizual
yayımçıya, icra üçün infrastruktur
operatoruna, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) və platforma operatorlarına göndərilməlidir.
41.5. Bu Qanunun tələblərini
pozmuş audiovizual yayımçı bu Qanunun 41.1-ci və
41.2-ci maddələri ilə ona tətbiq edilmiş müvafiq
tədbirin məzmunu barədə məlumatı
yayımın dayandırıldığı müddət ərzində
özünün televiziya və (və ya) radio kanalında
yayımlamalıdır.
41.6. Barəsində yayımın
dayandırılması və ya digər inzibati tənbeh tətbiq
etmə haqqında qərar çıxarılmış
yayımçı buna səbəb olmuş audiovizual
proqramı özünün veb-saytından və həmin
proqramın yayımlandığı video paylaşım
platformalarından çıxarmalıdır.
Maddə 42. Audiovizual proqramların
auditoriya həcminin araşdırılması
42.1. Audiovizual yayımın
dayanıqlı inkişafını təmin etmək, həmin
sahəyə investisiya qoyuluşunu və reklamı təşviq
etmək məqsədilə xüsusi qurğularla audiovizual
yayımçıların və onlar tərəfindən
yayımlanan proqramların auditoriya həcminin
araşdırılması Şuranın tələblərinə
cavab verən reytinq ölçən təşkilat tərəfindən
audiovizual yayımçılarla bağlanılmış
müqavilə əsasında həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi halda bu maddənin
məqsədləri üçün maliyyələşmə
dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilə bilər.
42.2. Dövlət büdcəsindən
maliyyələşən audiovizual yayımçılar
(sifarişli yayım xidməti istisna olmaqla) auditoriya həcminin
Şuranın tələblərinə cavab verən reytinq
ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsini
təmin etməlidirlər.
42.3. Audiovizual media subyektlərinin və
reklam agentliklərinin reytinq ölçən təşkilatın
təsisçisi (iştirakçısı) olmasına yol
verilmir.
42.4. Reytinq ölçən təşkilat
audiovizual proqramların auditoriya həcminin
araşdırılmasını aşağıdakı prinsiplər
əsasında həyata keçirir:
42.4.1. aparılan
araşdırmaların tam və mütəmadi olması;
42.4.2. aparılan
araşdırmalar nəticəsində əldə edilən məlumatların
toplanması, işlənməsi, saxlanılması və
yayımlanmasının beynəlxalq standartlara
uyğunluğunun təmin edilməsi;
42.4.3. aparılan
araşdırmaların obyektivliyinin təmin olunması;
42.4.4. aparılan
araşdırma zamanı əldə olunan məlumatların
toplanma mənbələrinin konfidensiallığının
qorunması;
42.4.5. “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməsi.
42.5. Yayımçılar reytinq
ölçən təşkilat tərəfindən
aparılan araşdırmaların nəticələri barədə
hesabatları Şuranın sorğusu əsasında Şuraya
təqdim etməlidirlər.
4-cü fəsil
Audiovizual media sahəsini tənzimləyən
orqan
Maddə 43. Audiovizual media sahəsini tənzimləyən
orqanın statusu
43.1. Azərbaycan
Respublikasında audiovizual media sahəsində tənzimləməni
Şura həyata keçirir.
43.2. Şuranın fəaliyyəti
dövlət büdcəsi və qanunla qadağan olunmayan digər
mənbələr hesabına maliyyələşdirilir.
43.3. Şura müstəqil balansa, “Azərbaycan
Respublikasının Dövlət Gerbindən istifadə
qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının
Dövlət Gerbinin təsviri və öz adı əks
olunmuş möhürə, müvafiq ştamplara, blanklara və
bank hesablarına malikdir.
Maddə 44. Şuranın fəaliyyət
prinsipləri
Şuranın fəaliyyəti
qanunçuluq, müstəqillik, kollegiallıq, qərəzsizlik,
obyektivlik və peşəkarlıq prinsiplərinə əsaslanır.
Maddə 45. Şuranın müstəqilliyi
45.1. Şura təşkilati və
funksional müstəqilliyə malikdir və onun fəaliyyətinə
qanunsuz müdaxilə etmək yolverilməzdir.
45.2. Şuranın strukturunu və
işçilərinin say həddini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən
edir.
Maddə 46. Şuranın fəaliyyət
istiqamətləri
46.1. Şuranın fəaliyyət
istiqamətləri aşağıdakılardır:
46.1.1. audiovizual
media sahəsində tənzimləməni və qüvvədə
olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti
həyata keçirmək;
46.1.2. audiovizual
media sahəsində dövlət siyasətinin
formalaşmasında iştirak etmək və bu siyasətin həyata
keçirilməsini təmin etmək;
46.1.3. bu Qanunla
müəyyən edilən digər istiqamətlərdə fəaliyyət
göstərmək.
Maddə 47. Şuranın vəzifə
və hüquqları
47.1. Şuranın vəzifələri
aşağıdakılardır:
47.1.1. audiovizual
media sahəsində normativ hüquqi aktların, inkişaf
konsepsiyalarının və məqsədli proqramların
hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
47.1.2. audiovizual
media sahəsində normativ xarakterli aktlar qəbul etmək;
47.1.3. audiovizual
yayımın səs və təsvirinə dair keyfiyyət
göstəricilərini müəyyən etmək;
47.1.4. audiovizual
media subyektləri üçün lisenziyalar vermək;
47.1.5. audiovizual
media sahəsində bu Qanunun tələblərinin yerinə
yetirilməsinə nəzarət etmək məqsədilə
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yoxlamalar həyata keçirmək;
47.1.6. bu Qanunla
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq audiovizual media subyektləri üçün
icrası məcburi olan qərarlar qəbul etmək;
47.1.7. “İctimai televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikası Qanununun
17.2-ci maddəsində göstərilən təşkilatlardan
Yayım şurasının üzvlüyünə namizədlərin
irəli sürülməsi işini təşkil etmək;
47.1.8. yerüstü
yayımın radiotezlik planlaşdırılmasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) birgə həyata keçirmək;
47.1.9. xarici
audiovizual yayımçının proqramlarının
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) xidmətlərindən istifadə etməklə
yayımlanmasına razılıq vermək;
47.1.10. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr ilə tənzimlənən
və Şuranın səlahiyyətinə aid olan məsələlər
üzrə Azərbaycan Respublikasının
götürdüyü öhdəliklərin yerinə yetirilməsini
təmin etmək;
47.1.11. audiovizual media sahəsində
inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri
olduqda isə aidiyyəti üzrə məlumat vermək;
47.1.12. Şuraya ayrılan büdcə
vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;
47.1.13. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
47.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, veb-saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
47.1.15. Şuranın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
47.1.16. Şuranın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
47.1.17. bu Qanundan irəli gələn digər vəzifələri yerinə yetirmək.
47.2. Öz vəzifələrini yerinə yetirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:
47.2.1. audiovizual media sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
47.2.2. audiovizual media sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
47.2.3. audiovizual media sahəsi üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
47.2.4. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
47.2.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
47.2.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
47.2.7. bu Qanundan irəli gələn digər hüquqları həyata keçirmək.
Maddə 48. Şuranın fəaliyyətinin idarə olunması
48.1. Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
48.2. Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
48.3. Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
48.4. Aşağıdakı şəxslər Şuranın üzvü ola bilməzlər:
48.4.1. ali təhsili olmayanlar;
48.4.2. ikili vətəndaşlığı və ya başqa dövlətlər qarşısında öhdəliyi olanlar;
48.4.3. dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutanlar, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar;
48.4.5. din xadimləri;
48.4.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
48.4.7. ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş şəxslər;
48.4.8. media subyektləri və onların təsisçisi (iştirakçısı) olan şəxslər.
48.5. Şuranın üzvləri səlahiyyət müddəti qurtaranadək yalnız aşağıdakı hallarda öz vəzifələrindən azad edilirlər:
48.5.1. öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;
48.5.2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
48.5.3. dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;
48.5.4. din xadimi olduqda;
48.5.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
48.5.6. ağır və xüsusilə ağır cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
48.5.7. media subyekti və onun təsisçisi (iştirakçısı) olduqda.
48.6. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə Şuranın sədrini seçirlər.
48.7. Şura xərclər smetası daxilində Şura aparatının strukturunu təsdiq edir.
48.8. Şuranın sədri:
48.8.1. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;
48.8.2. Şura aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
48.8.3. Şura aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;
48.8.4. öz səlahiyyəti çərçivəsində icrası məcburi olan daxili əmrlər, sərəncamlar və göstərişlər verir;
48.8.5. bu Qanundan irəli gələn digər səlahiyyətləri həyata keçirir.
Maddə 49. Şura üzvlərinin təminatı
49.1. Şura sədrinin aylıq vəzifə maaşı mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin aylıq vəzifə maaşına, Şuranın digər üzvlərinin aylıq vəzifə maaşı isə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin müavininin aylıq vəzifə maaşına bərabər tutulur.
49.2. Şuranın üzvlərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.
5-ci fəsil
Audiovizual media sahəsində
lisenziyalaşdırma
Maddə 50. Audiovizual media subyektləri
üçün verilən lisenziyalar
50.1. Yerüstü
yayımçılara aşağıdakı lisenziyalar
verilir:
50.1.1. ümumölkə
yerüstü televiziya yayımçısı lisenziyası;
50.1.2. regional
yerüstü televiziya yayımçısı lisenziyası;
50.1.3. ümumölkə
yerüstü radio yayımçısı lisenziyası;
50.1.4. regional
yerüstü radio yayımçısı lisenziyası.
50.2. Platforma
yayımçılarına aşağıdakı lisenziyalar
verilir:
50.2.1. peyk
yayımı həyata keçirən platforma
yayımçısı lisenziyası;
50.2.2. peyk
yayımı həyata keçirməyən platforma
yayımçısı lisenziyası.
50.3. Sifarişli yayım xidməti
provayderinə sifarişli yayım xidməti provayderi
lisenziyası verilir.
50.4. Platforma operatorlarına
aşağıdakı lisenziyalar verilir:
50.4.1. sadə
platforma operatoru lisenziyası;
50.4.2. universal
platforma operatoru lisenziyası.
50.5. Multipleks operatoruna multipleks
operatoru lisenziyası verilir.
Maddə 51. Müsabiqə əsasında
lisenziyaların verilməsi
51.1. Bu Qanunun
50.1.1–50.1.4-cü, 50.2.1-ci və 50.5-ci maddələrində
göstərilən lisenziyaların verilməsi
üçün bu Qanunun 35.1-ci və ya 35.2-ci maddələrində
nəzərdə tutulmuş məlumatlar əsasında
Şuranın qərarı ilə müsabiqə elan edilir və
bu elan onun veb-saytında və azı 2 (iki) rəsmi qəzetdə
yayımlanır.
51.2. Elanda aşağıdakı məlumatlar
olmalıdır:
51.2.1. bu Qanunun
50.1.1–50.1.4-cü və 50.2.1-ci maddələrində nəzərdə
tutulmuş lisenziyalar üçün yayımın
növü (televiziya və (və ya) radio);
51.2.2. bu Qanunun
50.1.1–50.1.4-cü maddələrində nəzərdə
tutulmuş lisenziyalar üçün yayımın ərazi
kateqoriyası və yayımın janrı;
51.2.3. bu Qanunun
50.2.1-ci maddəsində nəzərdə tutulmuş lisenziya
üçün yayımın janrı;
51.2.4. bu Qanunun
50.5-ci maddəsində nəzərdə tutulmuş lisenziya
üçün yayımın ərazi kateqoriyası;
51.2.5. müsabiqədə
iştirak haqqının məbləği, onun ödənilməsi
müddəti və qaydası;
51.2.6. bu Qanunun
52.2-ci maddəsində nəzərdə tutulan sənədlərin
siyahısı və həmin sənədlərin təqdim
edilmə ünvanı və qaydası.
51.3. İştirak haqqı müvafiq
lisenziya üçün nəzərdə tutulmuş dövlət
rüsumunun 2 (iki) faizi məbləğində müəyyən
olunur. Müsabiqədə qalib olmayan şəxslərin
iştirak haqqı geri ödənilmir.
Maddə 52. Müsabiqə üzrə sənəd
qəbulu
52.1. Sənəd qəbulu müsabiqənin
keçirilməsi üçün elanın dərc edildiyi
gündən 30 (otuz) iş günü müddətində həyata
keçirilir.
52.2. Müsabiqədə iştirak
etmək üçün aşağıdakı sənədlər
kağız və ya elektron formada təqdim edilməlidir:
52.2.1. müsabiqədə
iştirak barədə forması və məzmunu Şura tərəfindən
müəyyən olunmuş və fiziki şəxs və ya
hüquqi şəxsin səlahiyyətli nümayəndəsi
tərəfindən imzalanmış ərizə;
52.2.2. fiziki şəxsin
şəxsiyyət vəsiqəsinin və səlahiyyətli
nümayəndənin səlahiyyətini təsdiq edən sənədin
surəti;
52.2.3. hüquqi
şəxslərin dövlət reyestrindən
çıxarışın və nizamnamənin notarial qaydada
təsdiq olunmuş surəti;
52.2.4. vergi ödəyicisinin
uçota alınması haqqında şəhadətnamənin
surəti;
52.2.5. təsisçi
(iştirakçı) fiziki şəxs olduqda – onun (onların),
habelə direktorun adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi; təsisçi
(iştirakçı) hüquqi şəxs olduqda – onun
(onların) adı, hüquqi ünvanı;
52.2.6. təsisçi
(iştirakçı) fiziki şəxs olduqda – onun məhkumluğunun
olub-olmaması barədə arayış;
52.2.7. yayımı
həyata keçirmək üçün texniki imkanları
haqqında Şura tərəfindən müəyyən
edilmiş formada məlumat;
52.2.8. yayımçının
və ya operatorun adı ilə bağlı məlumat;
52.2.9. media
subyektinin redaksiyasının loqotipi (emblemi) ilə
bağlı məlumat;
52.2.10. iqtisadi əsaslandırma.
52.3. Şura bu Qanunun 52.2-ci maddəsində
nəzərdə tutulmuş sənədləri, o cümlədən
elektron sənədləri əldə etmək
üçün dövlət orqanlarının
(qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) müəyyən
olunmuş hədlərdə istifadə edir. Bunun
mümkün olmadığı hallarda həmin sənədlərin
təqdim edilməsi ərizəçinin
razılığı ilə sorğu əsasında aidiyyəti
orqandan (qurumdan) tələb olunur və ya ərizəçi
tərəfindən təmin olunur.
52.4. Təqdim olunmuş sənədlərə
sənədlərin qəbulunun başa
çatdığı vaxtdan 10 (on) iş günü müddətində
baxılır.
52.5. Təqdim edilmiş sənədlərdə
aradan qaldırılması mümkün olan və
lisenziyanın verilməsindən imtinaya səbəb olmayan
çatışmazlıqlar barədə məsələlərə
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun 19.1–19.4-cü maddələrinə
uyğun olaraq baxılır.
Maddə 53. Müsabiqənin
keçirilməsi
53.1. Aşağıdakı hallarda
Şura tərəfindən ərizəçinin müsabiqəyə
buraxılmasından imtina barədə əsaslandırılmış
qərar qəbul edilir və bu qərar 3 (üç) iş
günü müddətində ərizəçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir:
53.1.1. ərizə
buna hüququ olmayan şəxs tərəfindən
verilmişdirsə;
53.1.2. eyni ad
altında başqa media subyekti fəaliyyət göstərirsə;
53.1.3. təqdim
olunmuş sənədlərdə düzgün olmayan və ya
təhrif olunmuş məlumatlar aşkar olunarsa (bu Qanunun
52.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla);
53.1.4. ərizəçinin
əvvəllər aldığı lisenziyanın bu Qanunun
58.1.2-ci, 58.1.4-cü, 58.1.6-cı, 58.1.9–58.1.11-ci maddələrində
nəzərdə tutulmuş əsaslarla ləğv edilməsindən
3 (üç) ildən az müddət keçibsə;
53.1.5. təsisçisi
və ya təsisçilərindən biri əvvəllər
lisenziyası bu Qanunun 58.1.2-ci, 58.1.4-cü, 58.1.6-cı,
58.1.9–58.1.11-ci maddələrində nəzərdə
tutulmuş əsaslarla ləğv edilən fiziki və ya
hüquqi şəxs olduqda, lisenziyanın ləğv edilməsindən
3 (üç) ildən az müddət keçibsə;
53.1.6. ərizəçi
bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə
tutulmuş tələblərə cavab vermirsə.
53.2. Təqdim olunmuş sənədlərdə
imtina üçün əsaslar olmadıqda, bu Qanunun
52.4-cü maddəsində nəzərdə tutulmuş
müddətdə Şura tərəfindən ərizəçilərin
müsabiqəyə buraxılması barədə qərar qəbul
edilir və bu qərar ərizəçiyə təqdim edilir
və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir.
53.3. Müsabiqə bu Qanunun 53.2-ci
maddəsində nəzərdə tutulmuş müddətin
bitdiyi tarixdən 30 (otuz) iş günü müddətində
keçirilməli və müsabiqənin nəticəsi bu
müddət ərzində açıqlanmalıdır.
53.4. Aşağıdakı hallarda
müsabiqə baş tutmamış hesab edilir:
53.4.1. müsabiqəyə
ikidən az ərizəçi müraciət etdikdə;
53.4.2. müsabiqənin
iştirakçısı olmadıqda;
53.4.3. müsabiqənin
qalibi müsabiqənin nəticəsində lisenziya almaqdan
imtina etdikdə.
53.5. Müsabiqə baş
tutmamış hesab edildikdə, Şura tərəfindən bu
barədə qərar qəbul edilir və bu qərar onun
veb-saytında və azı 2 (iki) rəsmi qəzetdə
yayımlanır. Təkrar müsabiqə bu
Qanunun 51–53-cü maddələrinə uyğun olaraq həyata
keçirilir.
53.6. Bu Qanunun 53.4.1-ci maddəsində
nəzərdə tutulmuş hala görə müsabiqə
baş tutmadıqda baş tutmamış müsabiqəyə
müraciət etmiş ərizəçi elan olunmuş təkrar
müsabiqədə yeganə ərizəçi olduqda həmin
müsabiqənin qalibi hesab edilir.
53.7. Baş tutmamış müsabiqəyə
müraciət etmiş ərizəçi təkrar müsabiqədə
iştirak üçün müraciət etdikdə yenidən
iştirak haqqını ödəməkdən azaddır.
Maddə 54. Müsabiqə üzrə
müraciətlərin qiymətləndirilməsi və
müsabiqənin nəticələri
54.1. Müsabiqə üzrə
müraciətlər qiymətləndirilərkən
aşağıdakılar nəzərə alınır:
54.1.1. ərizəçinin
texniki imkanları və iqtisadi əsaslandırması;
54.1.2. mövcud
media subyektlərinə lisenziya verilərkən ərizəçinin
müsabiqə nəticəsində əldə edəcəyi
lisenziya üzrə fəaliyyətinin “Antiinhisar fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli
gələn tələblərə uyğunluğu.
54.2. Şura tərəfindən
müsabiqənin qalibinə lisenziyanın verilməsi barədə
qərar qəbul edilir və bu qərar ərizəçiyə
təqdim edilir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərilir. Müsabiqənin
qalibinə Şura tərəfindən lisenziyanın verilməsi
üçün dövlət rüsumu ödəmək vəzifəsi
barədə şifahi və ya məktub vasitəsilə məlumat
verilir. Ərizəçi bu məlumatı
aldığı tarixdən 5 (beş)
iş günü müddətində dövlət rüsumunu
ödəməlidir.
54.3. Dövlət rüsumunun ödənilməsi
faktını təsdiq edən sənəd Şuraya ərizəçi
tərəfindən təqdim edildikdən sonra lisenziya 2 (iki)
iş günündən gec olmayaraq ərizəçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir. Dövlət rüsumunun ödənilməsi
faktını təsdiq edən sənəd Şuraya təqdim
edilmədikdə, lisenziyanın verilməsi haqqında qərar
Şura tərəfindən ləğv edilir və bu barədə
məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə
təqdim edilir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərilir.
54.4. Müsabiqənin nəticələrinə
görə qalib elan edilən yerüstü
yayımçı infrastruktur operatoru ilə müqavilə
bağlayır. İnfrastruktur operatoru bu
müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.5. Müsabiqənin nəticələrinə
görə qalib elan edilən peyk yayımı həyata
keçirən platforma yayımçısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) ilə müqavilə bağlayır. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.6. Müsabiqənin nəticələrinə
görə qalib elan edilən multipleks operatoru müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) ilə müqavilə bağlayır. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) bu müqaviləni bağlamaqdan imtina edə bilməz.
54.7. Şura lisenziyanın verildiyi
tarixdən 3 (üç) iş günü müddətində
həmin audiovizual media subyekti barədə məlumatları
Media Reyestrinə daxil edilməsi üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) təqdim edir.
Maddə 55. Peyk yayımı həyata
keçirməyən platforma yayımçısı, platforma
operatoru və sifarişli yayım xidməti provayderi
üçün lisenziyanın verilməsi qaydaları
55.1. Bu Qanunun 50.2.2-ci,
50.3-cü və 50.4-cü maddələrində göstərilən
lisenziyaların alınması üçün bu Qanunun 52.2-ci
maddəsində nəzərdə tutulmuş sənədlər
kağız və ya elektron formada Şuraya təqdim edilir.
55.2. Təqdim edilmiş sənədlərə
qeydiyyata alındığı gündən 10 (on) iş
günü müddətində Şura tərəfindən
baxılır və lisenziyanın verilməsi və ya verilməsindən
imtina edilməsi haqqında qərar qəbul olunur və bu qərar
ərizəçiyə təqdim edilir və ya sifarişli
poçt göndərişi vasitəsilə göndərilir.
55.3. Təqdim edilmiş sənədlərdə
aradan qaldırılması mümkün olan və
lisenziyanın verilməsindən imtinaya səbəb olmayan
çatışmazlıqlar barədə məsələlərə
bu Qanunun 52.5-ci maddəsinə uyğun olaraq baxılır.
55.4. Bu Qanunun 53.1-ci və 54.1-ci maddələrində
nəzərdə tutulmuş əsaslar olduqda, Şura tərəfindən
lisenziyanın verilməsindən imtina barədə əsaslandırılmış
qərar qəbul edilir və bu qərar 3 (üç) iş
günü müddətində ərizəçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir.
55.5. Lisenziyanın verilməsindən
imtina üçün əsaslar olmadıqda Şura tərəfindən
lisenziyanın verilməsi barədə qərar qəbul edilir
və bu qərar 3 (üç) iş günü müddətində
ərizəçiyə təqdim edilir və ya sifarişli
poçt göndərişi vasitəsilə göndərilir.
55.6. Ərizəçiyə
lisenziyanın verilməsi üçün dövlət
rüsumu ödəmək vəzifəsi barədə
şifahi və ya məktub vasitəsilə məlumat verilir.
Ərizəçi bu məlumatı aldığı tarixdən
5 (beş) iş günü müddətində
dövlət rüsumunu ödəməlidir.
55.7. Dövlət rüsumunun ödənilməsi
faktını təsdiq edən sənəd Şuraya ərizəçi
tərəfindən təqdim edildikdən sonra lisenziya 2 (iki)
iş günündən gec olmayaraq ərizəçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir. Dövlət rüsumunun ödənilməsi
faktını təsdiq edən sənəd Şuraya təqdim
edilmədikdə, lisenziyanın verilməsi haqqında qərar
Şura tərəfindən ləğv edilir və bu barədə
məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə
təqdim edilir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərilir.
55.8. Şura lisenziyanın verildiyi
tarixdən 3 (üç) iş günü müddətində
həmin audiovizual media subyekti barədə məlumatları
Media Reyestrinə daxil edilməsi üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) təqdim edir.
Maddə 56. Lisenziyanın məzmunu
56.1. Lisenziyada
aşağıdakılar göstərilir:
56.1.1. lisenziyanın
verilmə tarixi və qeydiyyat nömrəsi;
56.1.2. lisenziya verən
orqanın adı və ünvanı;
56.1.3. lisenziyanın
sahibi barədə məlumatlar (hüquqi şəxsin adı
və hüquqi ünvanı, fərdi sahibkarın soyadı,
adı, atasının adı və fəaliyyət
ünvanı, VÖEN-i);
56.1.4. lisenziya verilən
fəaliyyət növü (yayım üsulu, ərazi
kateqoriyası);
56.1.5. redaksiyanın
adı (olduğu halda);
56.1.6. janrı
(olduğu halda).
Maddə 57. Lisenziyanın
dayandırılması
57.1. Lisenziya aşağıdakı
hallarda dayandırılır:
57.1.1. lisenziya
sahibi tərəfindən müvafiq ərizə təqdim
edildikdə;
57.1.2. lisenziya
sahibi bu Qanunun və Şuranın qərarlarının
pozulması hallarının aradan qaldırılmasına dair
Şuranın göstərişlərini yerinə yetirmədikdə;
57.1.3. bu Qanunun
29.4-cü maddəsində göstərilən xidmət
haqqının 6 (altı) ay ərzində ödənilməməsi
barədə infrastruktur operatorunun Şuraya müraciəti
olduqda.
57.2. Lisenziya Şuranın qərarı
ilə dayandırılır. Həmin qərarda
lisenziyanın dayandırılmasına əsas verən hallar və
lisenziyanın dayandırıldığı müddət
göstərilməlidir. Bu Qanunun 57.1.2-ci
maddəsində göstərilən əsas üzrə
lisenziyanın dayandırılması haqqında qərarda, həmçinin
dayandırılmaya əsas verən halların aradan
qaldırılması üçün görülməli olan
tədbirlər və lisenziyanın dayandırıldığı
müddətdə həmin halların aradan
qaldırılmamasının nəticəsi göstərilməlidir.
57.3. Lisenziya sahibi lisenziyanın
dayandırıldığı müddət bitənədək
bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində
göstərilən halı aradan qaldırmalı və nəticəsi
barədə 3 (üç) iş günü müddətində
Şuraya yazılı məlumat verməlidir.
57.4. Bu Qanunun 57.1.1-ci maddəsində
göstərilən əsas üzrə
dayandırılmış lisenziya lisenziya sahibinin müvafiq ərizəsinə,
bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində
göstərilən hallarda dayandırılmış lisenziya
isə həmin halın aradan qaldırılması barədə
lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən
Şuranın qərarı ilə bərpa olunur.
57.5. Lisenziyanın
dayandırılması və bərpa olunması haqqında qərar
qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində
lisenziya sahibinə təqdim edilir və ya sifarişli
poçt göndərişi vasitəsilə göndərilir.
57.6. Şura lisenziyanın
dayandırılması və bərpa olunması barədə
qərar qəbul edildiyi gündən 3 (üç) iş
günü müddətində həmin qərar barədə
məlumatı Media Reyestrinə daxil edilməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) təqdim edir.
57.7. Radiotezlik istifadəçisi olan
audiovizual media subyektinin lisenziyasının
dayandırılması və bərpa olunması barədə
qərarın surəti qərarın qəbul edildiyi gündən
3 (üç) iş günü müddətində Şura tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanına (qurumuna) və infrastruktur operatoruna göndərilir.
Maddə 58. Lisenziyanın ləğvi,
yenidən rəsmiləşdirilməsi və
dublikatının verilməsi
58.1. Lisenziya aşağıdakı
hallarda ləğv edilir:
58.1.1. lisenziya
sahibi tərəfindən müvafiq ərizə təqdim
edildikdə;
58.1.2. bu Qanunun
26-cı maddəsinin tələbləri pozulduqda;
58.1.3. lisenziyanın
sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə
xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;
58.1.4. məhkəmənin
müvafiq qərarı olduqda;
58.1.5. lisenziya
sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq
olunduğu halda;
58.1.6. lisenziyanın
alınması üçün təqdim edilmiş sənədlərdə
sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
58.1.7. bu Qanunun
57.1.2-ci və 57.1.3-cü maddələrində nəzərdə
tutulmuş hallar bu Qanunun 57.3-cü maddəsinə uyğun
olaraq aradan qaldırılmadıqda;
58.1.8. lisenziyada
göstərilmiş fəaliyyət növü lisenziya tələb
olunan fəaliyyət növlərinin siyahısından
çıxarıldıqda;
58.1.9. yayım
lisenziya alındıqdan sonra altı ay müddətində həyata
keçirilmədikdə;
58.1.10. lisenziya
verilmiş fəaliyyət növü üzrə ərazi
kateqoriyasına riayət edilmədikdə;
58.1.11. bu Qanunun
41.2-ci maddəsində nəzərdə tutulmuş hallarda
yayımın Şuranın qərarı ilə
dayandırıldığı hallar istisna olmaqla, yayım
ardıcıl olaraq 30 (otuz) gün və ya bir il ərzində
60 (altmış) gün həyata keçirilmədikdə;
58.1.12. lisenziya
sahibi bir il müddətində azı beş dəfə
audiovizual yayım sahəsində inzibati məsuliyyətə
cəlb edildikdə.
58.2. Lisenziya bu Qanunun 58.1-ci maddəsində
göstərilən hallara (bu Qanunun 58.1.4-cü maddəsi
istisna olmaqla) istinad edilməklə, Şuranın qərarı
ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu
tarixdən 2 (iki) iş günü müddətində
lisenziya sahibinə təqdim edilir və ya sifarişli
poçt göndərişi vasitəsilə göndərilir.
58.3. Şura lisenziyanın ləğvi
barədə qərar qəbul edildiyi gündən 3
(üç) iş günü müddətində həmin qərar
barədə məlumatı Media Reyestrinə daxil edilməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) təqdim edir.
58.4. Azərbaycan Respublikasının
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi
bütövlüyünün parçalanmasına, hakimiyyətin
zorla ələ keçirilməsinə və ya
saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və
ya dini nifrət və düşmənçiliyin
salınmasına, terrorçuluğa açıq
çağırışlar, habelə terrorçuluğun
maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə
təlimlərin təşkil edilməsinə və ya
keçirilməsinə yönələn məlumatların
yayılması lisenziya sahibi olan yayımçı tərəfindən
müdafiə olunduqda və ya bu
çağırışları səsləndirməyə
bilərəkdən şərait yaradıldıqda, lisenziya
Şuranın iddia ərizəsi əsasında məhkəmənin
qərarı ilə ləğv edilir.
58.5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi
və dublikatının verilməsi “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və
24-cü maddələrinə uyğun olaraq həyata
keçirilir.
58.6. Radiotezlik istifadəçisi olan
audiovizual media subyektinə lisenziya verildikdə, yenidən rəsmiləşdirildikdə,
ləğv edildikdə və lisenziyanın dublikatının
verilməsi halında Şura bu barədə qərarın qəbul
edildiyi gündən 3 (üç) iş günü müddətində
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanı (qurumu) və infrastruktur operatorunu məlumatlandırır.
6-cı fəsil
Çap mediası, onlayn media və
informasiya agentlikləri
Maddə 59. Çap mediası subyekti
59.1. Çap mediası subyektləri
fiziki və ya hüquqi şəxslər ola
bilər.
59.2. Siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən orqanlar
(qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan
Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər
dövlət orqanları (qurumları) çap mediası
subyektinin təsisçisi ola bilməzlər.
59.3. Ayda azı 1 (bir) dəfə
davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100
(yüz) nüsxədən çox olan, ildə azı 12 (on
iki) dəfə çap olunan qəzetlər və ildə
azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten
və başqa nəşrlər dövri nəşrdir.
59.4. Qəzetlər
aşağıdakı dövriliklə çap olunur:
59.4.1. həftəlik
qəzet – həftədə azı 1 (bir) dəfə;
59.4.2. günaşırı
qəzet – həftədə azı 3 (üç) dəfə;
59.4.3. gündəlik
qəzet – həftədə azı 5 (beş) dəfə.
59.5. Məzmununa görə qəzetlər
aşağıdakı kimi qruplaşdırılır:
59.5.1. ictimai-siyasi qəzet – məzmununun
azı 75 (yetmiş beş) faizi ümumilikdə
xəbərlərdən, ictimai, siyasi, sosial və iqtisadi
mövzuların işıqlandırılmasından, şərh
və təhlilindən ibarət olan qəzet;
59.5.2. tematik qəzet
– məzmununun azı 75 (yetmiş beş) faizi yalnız bir sahənin
işıqlandırılmasından, şərh və təhlilindən
ibarət olan qəzet.
59.6. Ərazi kateqoriyasına görə
qəzetlər aşağıdakı kimi
qruplaşdırılır:
59.6.1. ümumölkə
– bir media subyekti tərəfindən eyni adla çap edilən
və Azərbaycan Respublikası ərazisinin azı 70 faizinə
yayımlanan qəzet;
59.6.2. regional – 1
(bir) media subyekti tərəfindən eyni adla çap edilən
və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı
70 (yetmiş) faizində yayımlanan qəzet.
59.7. Aşağıdakı qəzetlər
davamlı yayımlanan nəşr hesab olunur:
59.7.1. 1 (bir) il ərzində
12 (on iki) nömrəyə qədər fasilə vermək
hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
59.7.2. 1 (bir) il ərzində
9 (doqquz) nömrəyə qədər fasilə vermək
hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
59.7.3. 1 (bir) il ərzində
6 (altı) nömrəyə qədər fasilə vermək
hüququ ilə nəşr olunan həftəlik qəzetlər;
59.8. İldə azı 2 (iki) dəfə
çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər
davamlı yayımlanan dövri nəşr hesab olunur.
Maddə 60. Onlayn media subyekti
60.1. Onlayn medianın subyektləri
fiziki və ya hüquqi şəxslər ola
bilər.
60.2. Onlayn media subyekti
özünün veb-saytında aşağıdakı məlumatları
göstərməlidir:
60.2.1. adı;
60.2.2. VÖEN-i;
60.2.3. domen
adının sahibi;
60.2.4. məsul
redaktorun soyadı, adı və atasının adı;
60.2.5. onlayn media
subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə
vasitələri.
60.3. Bu Qanunun 60.2-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar onlayn mediada “əlaqə”
başlığı altında və istifadəçilərin
ana səhifədən birbaşa daxil ola
biləcəkləri şəkildə göstərilməlidir.
60.4. Onlayn mediada materialın ilk dəfə
yayımlandığı tarix qeyd olunmalı və həmin
tarixə dəyişiklik edilməməlidir.
60.5. Onlayn media subyekti
(redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu
Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə
əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində
göstərilən informasiya istisna olmaqla, gündəlik
azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun
fəaliyyəti davamlı hesab olunur.
Maddə 61. İnformasiya agentliyi
Bu Qanunun digər media subyektlərinin
fəaliyyətinə dair müddəaları informasiya
agentliklərinə onlar tərəfindən kütləvi
informasiyanın dərc olunma və (və ya) yayımlanma
üsuluna uyğun olaraq şamil edilir.
Maddə 62. Çap mediası və
onlayn media subyektinin təsis edilməsi
62.1. Çap mediası və onlayn
media subyektinin təsis edilməsi üçün dövlət
orqanlarından (qurumlarından) icazə tələb olunmur.
62.2. Çap mediası və onlayn
media subyekti kimi fəaliyyət göstərmək
üçün hüquqi və ya fiziki şəxs müvafiq
olaraq çap mediası məhsulunun istehsalından və
materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.
62.3. Bu Qanunun 62.2-ci maddəsində
nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində
nəzərdə tutulmuş qaydaya uyğun edilir.
62.4. Dini məzmunlu çap
mediası və onlayn media subyektinin təsis edilməsi ilə
bağlı müraciətə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi
əlavə olunur.
62.5. Çap mediası və onlayn
media subyektlərinin adında Azərbaycan Respublikası
dövlət orqanlarının (qurumlarının), beynəlxalq
təşkilatların, qeyri-hökumət təşkilatlarının,
yerli özünüidarəetmə orqanlarının
adlarından (özlərinin təsis etdikləri media subyektləri
istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin
adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin
icazəsi olmadan) istifadəyə yol verilmir.
Maddə 63. Çap mediası məhsulunda
göstərilməli olan məlumatlar
63.1. Çap mediası məhsulunun hər
buraxılışında aşağıdakı məlumatlar
göstərilməlidir:
63.1.1. adı;
63.1.2. VÖEN-i;
63.1.3. məsul
redaktorun soyadı, adı və atasının adı;
63.1.4. sıra
sayı və çapdan çıxdığı tarix,
çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və
faktiki vaxt);
63.1.5. poçt
indeksi;
63.1.6. tirajı;
63.1.7. qiyməti,
“Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
63.1.8. çap
mediası subyektinin və çap mediası məhsulunun
istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə
vasitələri.
63.2. Bu Qanunun 63.1-ci maddəsində
qeyd olunan məlumatların göstərilmədiyi çap
mediası məhsullarının istehsalı və
yayımı, habelə həmin məlumatların qəsdən
yanlış göstərilməsi qadağandır.
Maddə 64. Çap mediası məhsulu
və onun yayımı
64.1. Çap mediası məhsulunun
yayımı bilavasitə redaksiya, müqavilə əsasında
naşir və rabitə müəssisələri, habelə
digər hüquqi və fiziki şəxslər tərəfindən
həyata keçirilə bilər.
64.2. Çap mediası məhsulunun
istehsalı və onun yayımı kommersiya və
qeyri-kommersiya məqsədilə həyata keçirilə bilər.
Qeyri-kommersiya məqsədilə həyata
keçirilən yayım üçün nəzərdə
tutulmuş məhsulun üzərində “Pulsuz” qeydi olur.
64.3. Çap mediası məhsulunun
yayımının dayandırılmasına, onun
tirajının, yaxud tirajının bir hissəsinin müsadirə
edilməsinə yalnız məhkəmə qərarı ilə
yol verilir.
Maddə 65. Çap mediası və
onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının
yayımlanmasının dayandırılması, habelə həmin
subyektlərin fəaliyyətinə xitam verilməsi
65.1. Çap mediası və onlayn
media subyektinin fəaliyyəti və media məhsullarının
yayımlanması məhkəmənin qərarı ilə bu
Qanunun 65.2-ci maddəsində nəzərdə tutulmuş
hallarda müvəqqəti dayandırılır, bu Qanunun
65.4-cü maddəsində nəzərdə tutulmuş hallarda
isə onların fəaliyyətinə xitam verilir.
65.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
aşağıdakı hallarda çap mediası və onlayn
media subyektlərinin fəaliyyətinin 2 (iki) ay müddətinədək
dayandırılması barədə məhkəmə
qarşısında iddia qaldırır:
65.2.1. əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs,
habelə ali təhsili olmayan şəxs idarəetmə
orqanının rəhbəri vəzifəsinə təyin
edildikdə;
65.2.2. media sahəsində
fəaliyyət azadlığından və jurnalist
hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh
almış şəxs eyni xətanı inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törətdikdə;
65.2.3. çap mediası və onlayn
media subyektləri bu Qanunun 13.1-ci, 13.2-ci, çap mediası
subyektləri isə həmçinin bu Qanunun 14.1-ci maddəsinin
tələblərinin pozulmasına görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən il ərzində 3 (üç) dəfə
xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar
törətdikdə;
65.2.4. çap
mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi
(iştirakçısı) olmayan xarici ölkələrin
fiziki və ya hüquqi şəxsləri, onların filial və
nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan
Respublikasında təsis etdikləri hüquqi şəxslər,
habelə xarici ölkələrin dövlət qurumları tərəfindən
maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə
alınmaqla) aşkar edildikdə;
65.2.5. bu Qanunun
63.2-ci maddəsində nəzərdə tutulan pozuntular
aşkar edildikdə.
65.3. Bu Qanunun 65.2-ci maddəsində
nəzərdə tutulmuş əsaslara görə onlayn media
subyektinin fəaliyyəti və media məhsullarının
yayımlanması dayandırıldıqda, bu barədə həmin
media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.
65.4. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
aşağıdakı hallarda çap mediası və onlayn
media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə
məhkəmə qarşısında iddia qaldırır:
65.4.1. bu Qanunun
65.2.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunu
aradan qaldırmadıqda;
65.4.2. bu Qanunun
65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara
görə fəaliyyəti dayandırılmış media
subyektləri bu Qanunun 65.2.2–65.2.5-ci maddələrinin tələblərini
2 (iki) il ərzində yenidən pozduqda;
65.4.3. bu Qanunun
26.1–26.4-cü maddələrinin tələblərini pozduqda;
65.4.4. bu Qanunun
62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi
müraciət edilmədikdə və ya həmin müraciətdə
göstərilən məlumatların doğru
olmadığı aşkarlandıqda;
65.4.5. media subyektləri
Media Reyestrindən bu Qanunun 75.1.7-ci maddəsinin tələblərinin
pozulmasına görə çıxarıldığı
tarixdən 1 (bir) ay ərzində, bu Qanunun 75.1.6-cı maddəsinin
tələblərinin pozulmasına görə
çıxarıldığı tarixdən isə 2 (iki) ay ərzində
qeyd olunan pozuntuları aradan qaldırmadıqda.
65.5. Onlayn media subyekti tərəfindən
bu Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq tədbirlər görülür.
Maddə 66. Xarici çap mediası məhsullarının
gətirilməsinə və yayımına qadağa
qoyulması
66.1. Bu Qanunun 14.1.1-ci,
14.1.2-ci, 14.1.4-cü, 14.1.5-ci, 14.1.7-ci, 14.1.9-cu, 14.1.10-cu,
14.1.13-cü və 14.1.14-cü maddələrinin tələblərinə
cavab verməyən informasiyalar dərc edilən xarici çap
mediası məhsullarının Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə və
yayımına məhkəmənin qərarı ilə
qadağa qoyula bilər.
66.2. Məhkəmə bu Qanunun 66.1-ci
maddəsinin tələblərinə zidd olaraq xarici çap
mediasının artıq paylanmış məhsulunu
satışdan yığışdırmaq barədə qərar
qəbul edə bilər.
Maddə 67. Redaksiya materiallarının
saxlanması
67.1. Çap mediası və onlayn
media subyekti tərəfindən redaksiya materialları (əlyazmaları,
məktublar, lent yazıları və s.) 1 (bir) il
müddətində saxlanılır.
67.2. Materialların saxlanma qaydası
çap mediası və onlayn media subyekti tərəfindən
müəyyənləşdirilir.
Maddə 68. Məcburi nüsxələr
Çap mediası məhsullarının
pulsuz məcburi nüsxələri tirajın ilk
buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən
təsisçiyə, dövlət arxivinə, həmçinin
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsində müəyyən edilmiş qaydada
müvafiq kitabxanalara göndərilir.
Maddə 69. Çap mediası və
onlayn mediada sponsorluq
69.1. Çap mediası və onlayn
media subyektlərinin fəaliyyəti və media məhsullarının
yayımlanması Azərbaycan Respublikasının vətəndaşları
və Azərbaycan Respublikasının hüquqi şəxslərinin
sponsorluğu ilə maliyyələşdirilə bilər.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
reklamı qadağan edilmiş malların istehsalı və (və
ya) satışı ilə məşğul olan şəxslər
sponsor ola bilməzlər.
69.2. Xarici ölkələrin
hüquqi və fiziki şəxsləri çap mediası və
onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25
(iyirmi beş) faizədək olan hissəsinə
sponsorluq edə bilərlər.
69.3. Çap mediası və onlayn
media subyektlərinə sponsorluq jurnalistin müstəqilliyinə
təsir edə bilməz.
69.4. Sponsorun maliyyə yardımı
ilə hazırlanmış dövri mətbu nəşrlərdə
bu barədə məlumat çap olunmalıdır.
69.5. Sponsor reklamı “Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yayımlanır.
7-ci fəsil
Jurnalistlərin fəaliyyəti
Maddə 70. Jurnalist vəsiqəsi
70.1. Media Reyestrinə daxil edilmiş
jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist
vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin
forması, onun verilməsinə və ya dəyişdirilməsinə
görə ödənişin məbləği və həmin
vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
70.2. Bu Qanunun 70.1-ci maddəsi
Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər
Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərmək üçün əvvəlcədən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq
verildikdən sonra fəaliyyət göstərə bilərlər.
70.3. Jurnalist vəsiqəsinin
etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin
etibarlılıq müddəti bitdiyi gündən ən geci 3
(üç) iş günü müddətində həmin vəsiqəni
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin
alınması üçün müraciət etmək
hüququna malikdir.
70.4. Jurnalist vəsiqəsindəki məlumatlar
dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız
vəziyyətə düşdükdə, yaxud vəsiqədəki
məlumatların səhv olduğu aşkar edildikdə
jurnalist vəsiqəsinin dəyişdirilməsi
üçün müraciət etməlidir.
70.5. Əmək müqaviləsinə
xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini
işəgötürənə (media subyektinə) təhvil
verməli, media subyekti isə həmin vəsiqəni təhvil
aldığı gündən ən geci 3 (üç) iş
günü müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) məhv
edilməsi üçün təqdim etməlidir.
70.6. Fərdi olaraq müəllif
hüquqları əsasında fəaliyyət göstərən
jurnalistlər Media Reyestrindən
çıxarıldığı gündən ən geci 3
(üç) iş günü müddətində jurnalist vəsiqəsini
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim
etməlidir.
Maddə 71. Jurnalist vəsiqəsi
verilmiş şəxslərin imtiyazları
71.1. Jurnalist vəsiqəsi
verilmiş şəxslərin aşağıdakı
imtiyazları vardır:
71.1.1. jurnalist fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı dövlət və
bələdiyyə mülkiyyətində olan muzeylərə,
qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata
keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
71.1.2. dövlət
orqanları (qurumları), müəssisə və təşkilatlar,
qeyri-hökumət təşkilatları tərəfindən
akkreditasiya olunmaq;
71.1.3. əhəmiyyətli
tədbirlərə dair kütləvi informasiyanın
axtarılması, əldə olunması, ötürülməsi,
istehsalı və yayımı məqsədilə həmin tədbirlərin
keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə
uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
71.1.4. bu Qanunun
76.1.2–76.1.5-ci maddələrində nəzərdə
tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Maddə 72. Jurnalistlərin
akkreditasiyası
72.1. Media subyektləri Media Reyestrinə
daxil edilmiş jurnalistlərini dövlət orqanlarının
(qurumlarının), müəssisə və təşkilatların,
qeyri-hökumət təşkilatlarının
razılığı ilə və onların müəyyən
etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin
qurumlarda akkreditasiyadan keçirə bilərlər.
72.2. Fərdi olaraq müəllif
hüquqları əsasında fəaliyyət göstərən
və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət
orqanlarının (qurumlarının), müəssisə və
təşkilatların, qeyri-hökumət təşkilatlarının
razılığı ilə və onların müəyyən
etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin
qurumlarda akkreditasiyadan keçə bilərlər.
72.3. Dövlət orqanlarının
(qurumlarının), müəssisə və təşkilatların,
qeyri-hökumət təşkilatlarının
razılığı ilə və onların müəyyən
etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin
qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər
istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər
barədə qabaqcadan məlumat verilir, onun stenoqramlarla,
protokollarla və başqa sənədlərlə tanış
olması üçün şərait yaradılır.
72.4. Media subyekti və jurnalist tərəfindən
akkreditasiyadan keçdiyi qurumun işgüzar nüfuzunu ləkələyən,
yaxud təhrif olunmuş və ya həqiqətə uyğun
olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq
olunmuşdursa, yaxud onlar tərəfindən akkreditasiya
qaydaları pozulmuşdursa, həmin qurum jurnalisti akkreditasiyadan
məhrum edə bilər.
72.5. Media subyektinin jurnalist olmayan
işçilərinin akkreditasiyası dövlət
orqanlarının (qurumlarının), müəssisə və
təşkilatların, qeyri-hökumət təşkilatlarının
müəyyən etdiyi akkreditasiya qaydalarına uyğun olaraq
həmin qurumlar tərəfindən həyata keçirilir.
72.6. Hərbi və fövqəladə
vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə),
dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması zonasında və terror əleyhinə
aparılan əməliyyat zonasında kütləvi
informasiyanın axtarılması, əldə olunması,
ötürülməsi, istehsalı və yayımı
yalnız Media Reyestrinə daxil edilmiş media subyektləri və
jurnalistlər, habelə fəaliyyətinə bu Qanunun 70.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada
razılıq verilmiş xarici jurnalistlər tərəfindən
həyata keçirilə bilər.
8-ci fəsil
Media Reyestri
Maddə 73. Media Reyestri
73.1. Azərbaycan
Respublikasında media subyektlərinə, o cümlədən
onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların
sistemləşdirilməsi məqsədilə Media Reyestri
yaradılır.
73.2. Media Reyestri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması
Azərbaycan Respublikasının dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilir.
73.3. Media Reyestri
aşağıdakı bölmələrdən ibarətdir:
73.3.1. audiovizual
media subyektləri;
73.3.2. çap
mediası subyektləri;
73.3.3. onlayn media
subyektləri;
73.3.4. informasiya
agentlikləri;
73.3.5. jurnalistlər.
73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci,
57.6-cı və 58.3-cü maddələrində nəzərdə
tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edir.
73.5. Çap mediası və ya onlayn
media subyektləri, informasiya agentlikləri, həmçinin
jurnalistlər Media Reyestrinə daxil edilməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) müraciət edirlər.
73.6. Media Reyestrinin aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
73.7. Media Reyestrinə
aşağıdakı məlumatlar daxil edilir:
73.7.1. media
subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının)
adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;
73.7.2. fiziki şəxs
olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi
(iştirakçısı), habelə media subyektinin təsisçisi
olan hüquqi şəxsin birbaşa və dolayısı ilə
iştirakçısı olan şəxslər haqqında bu
Qanunla nəzərdə tutulmuş məlumatlar;
73.7.3. media
subyektinin VÖEN-i;
73.7.4. media
subyektinin idarəetmə orqanının rəhbərinin
adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi, əlaqə
məlumatları;
73.7.5. məsul
redaktorun adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi, əlaqə
məlumatları;
73.7.6. media
subyektində işləyən jurnalistlərin siyahısı
(adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi, əlaqə
məlumatları);
73.7.7. çap
mediası subyektinin dövriliyi və birdəfəlik
tirajı, məzmunu haqqında məlumat;
73.7.8. onlayn media
subyektinin domen adının sahibi haqqında məlumat;
73.7.9. media
subyektinin və (və ya) onun redaksiyasının
(redaksiyalarının) ərazi kateqoriyası;
73.7.10. audiovizual
media subyektlərinin və (və ya) onların
redaksiyasının (redaksiyalarının) janrı, yayım
üsulu və növü;
73.7.11. audiovizual
media subyektlərinin lisenziyası haqqında məlumatlar;
73.7.12. informasiya
agentliklərinin digər media subyektləri ilə informasiya
verilməsi (əldə edilməsi) haqqında
bağladığı müqavilələr barədə məlumatlar;
73.7.13. jurnalistin
adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən
sənədin nömrəsi və verilmə tarixi, əlaqə
məlumatları;
73.7.14. verilmiş
(o cümlədən olduğu halda əvvəllər
verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;
73.7.15. jurnalistin əmək
və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti
haqqında ümumi məlumat;
73.7.16. fərdi
olaraq müəllif hüquqları əsasında mülki
hüquq müqaviləsi ilə işləyən jurnalistin
VÖEN-i;
73.7.17. media
subyektinin idarəetmə orqanının rəhbərinin,
jurnalistin ali təhsili haqqında məlumat;
73.7.18. təsisçi
(iştirakçı) fiziki şəxs olduqda, onun
(onların), media subyektinin idarəetmə orqanının rəhbərinin
və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.
73.8. Media Reyestrinə daxil edilmiş
media subyektinə forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiqlənmiş Media Reyestri şəhadətnaməsi
verilir.
73.9. Media subyektlərinin və
jurnalistlərin siyahısı istisna olmaqla, Media Reyestrinə
daxil edilmiş digər məlumatlar ictimaiyyət
üçün açıq deyildir.
Maddə 74. Media Reyestrinə daxil edilmək
üçün tələblər
74.1. Media Reyestrinə media subyekti kimi
daxil edilmək üçün müraciət edən şəxslər
aşağıdakı tələblərə cavab verməlidir:
74.1.1. bu Qanunun
26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş
tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə
alınmaqla) uyğun olmalıdır;
74.1.2. fəaliyyəti
davamlı olmalıdır (müraciət tarixinə qədər
media sahəsində fəaliyyət göstərməmiş
media subyektləri istisna olmaqla);
74.1.3. fəaliyyəti
bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə
uyğun olmalıdır;
74.1.4. hüquqi
şəxs olduqda, hüquqi şəxslərin dövlət
reyestrində qeydiyyata alınmış olmalıdır;
74.1.5. fiziki şəxs
olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış
olmalıdır;
74.1.6. Media Reyestrində olan digər
media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri)
ilə eyni və ya oxşar olmamalıdır.
74.2. Media Reyestrinə daxil edilmək
üçün müraciət etmiş jurnalistlər
aşağıdakı tələblərə cavab verməlidir:
74.2.1. ali təhsili
olmalıdır;
74.2.2. fəaliyyət
qabiliyyətli olmalıdır;
74.2.3. ağır
və ya xüsusilə ağır cinayətlərə, habelə
ictimai mənəviyyat əleyhinə olan cinayətlərə
görə əvvəllər məhkum edilməmiş
olmalıdır;
74.2.4. məhkumluğu
ödənilmiş və ya götürülmüş
olmalıdır;
74.2.5. media subyekti
ilə əmək müqaviləsi olmalıdır (fərdi
olaraq müəllif hüquqları əsasında işləyən
jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi
müqaviləsi olmalıdır);
74.2.6. işlədiyi
media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
74.2.7. işlədiyi
media subyekti davamlı fəaliyyət göstərməlidir
(müraciət tarixinə qədər fəaliyyət göstərməmiş
media subyektləri istisna olmaqla);
74.2.8. jurnalistlərin
fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin
tələblərinə uyğun olmalıdır;
74.2.9. işlədiyi
çap mediası subyektinin fəaliyyətində
yaranmış fasilə bu Qanunun 59.7-ci maddəsində nəzərdə
tutulmuş müddətdən artıq olmamalıdır;
74.2.10. jurnalistika
sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş
stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində
jurnalistika sahəsində 3 (üç) ildən az olmayan
müddətdə fəaliyyət göstərməlidir;
74.2.11. jurnalist
kimi fəaliyyət göstərdiyi müddət ərzində
peşə etikası (etik davranış) qaydalarına riayət
etməlidir;
74.2.12. fərdi
olaraq müəllif hüquqları əsasında mülki
hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi
sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
74.3. Media Reyestrinə daxil edilmək
üçün müraciət etmiş şəxslər bu
Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci
maddəsinin tələblərinə cavab vermədikdə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə
daxil edilməsindən imtina edilir.
74.4. Bu Qanunun 54.7-ci və
55.8-ci maddələrinə uyğun olaraq təqdim olunmuş məlumatlar
əsasında audiovizual media subyektləri birbaşa Media
Reyestrinə daxil edilirlər.
Maddə 75. Media Reyestrindən
çıxarılma
75.1. Media Reyestrinə daxil edilmiş
media subyektləri aşağıdakı hallarda Media Reyestrindən
çıxarılır:
75.1.1. media
subyektinin ərizəsi olduqda;
75.1.2. hüquqi
şəxs olan media subyekti ləğv edildikdə;
75.1.3. məhkəmənin
qərarı ilə media subyektinin fəaliyyətinə xitam
verildikdə;
75.1.4. fiziki şəxs
olan media subyekti öldükdə və ya qanuni qüvvəyə
minmiş məhkəmə qərarı ilə
ölmüş və ya itkin düşmüş elan edildikdə;
75.1.5. bu Qanunun
26.1–26.5-ci (bu Qanunun 69.2-ci maddəsi nəzərə
alınmaqla) və 74.1.5-ci maddələrinin tələblərinə
cavab vermədiyi aşkar edildikdə;
75.1.6. çap
mediası subyekti tərəfindən bu Qanunun 59.7-ci maddəsinin,
onlayn media subyekti (redaksiyaları) tərəfindən isə
bu Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;
75.1.7. Media Reyestrinə daxil
edilmiş çap mediası və ya onlayn media subyektinin
reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik
baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində
bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə
birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edilmədikdə;
75.1.8. audiovizual
media subyektinin lisenziyası ləğv edildikdə.
75.2. Media subyekti Media Reyestrindən
çıxarıldıqda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
veb-saytında bu barədə məlumat yerləşdirilir.
75.3. Media Reyestrinə daxil edilmiş
jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən
çıxarılır:
75.3.1. jurnalistin ərizəsi
olduqda;
75.3.2. bu Qanunun
74.2-ci maddəsinin tələblərinə cavab vermədiyi
aşkar edildikdə;
75.3.3. ağır
və xüsusilə ağır cinayətlərə görə
məsuliyyətə cəlb edildikdə;
75.3.4. öldükdə
və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı
ilə ölmüş və ya itkin düşmüş elan
edildikdə;
75.3.5. yayımladığı
informasiyanın bu Qanunun 14-cü maddəsinin tələblərinə
cavab verməməsi halları il ərzində 3 (üç)
dəfə aşkar edildikdə;
75.3.6. işlədiyi
media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında
işlədiyi yeganə media subyekti Media Reyestrindən
çıxarıldıqda;
75.3.7. fərdi
olaraq müəllif hüquqları əsasında mülki
hüquq müqaviləsi ilə işləyən jurnalist vergi
uçotundan çıxarıldıqda və ya sahibkarlıq
fəaliyyəti dayandırıldıqda.
75.4. Jurnalist Media Reyestrindən
çıxarıldıqda onun jurnalist vəsiqəsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən ləğv edilir və bu
barədə onun veb-saytında məlumat yerləşdirilir.
75.5. Bu Qanunun 58.3-cü maddəsinə
uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında
audiovizual media subyektləri birbaşa Media Reyestrindən
çıxarılır.
Maddə 76. Media sahəsində fəaliyyət
göstərən şəxslər üçün güzəştlər
və imtiyazlar
76.1. Media Reyestrinə daxil edilmiş
şəxslər üçün aşağıdakı
güzəşt və imtiyazlar müəyyənləşdirilə
bilər:
76.1.1. media subyektlərinə
dövlət orqanları (qurumları) tərəfindən rəsmi
elan və sosial reklamların sifarişi;
76.1.2. media subyektlərinin
işçilərinin və jurnalistlərin müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təşkil edilən təlimlərdə
ödənişsiz və ya güzəştli əsaslarla
iştirakı;
76.1.3. müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təşkil edilən dövlət
və cəmiyyət üçün əhəmiyyət kəsb
edən məsələlər üzrə layihələrdə
iştirakı;
76.1.4. maliyyə
xarakterli güzəşt və imtiyazlardan (güzəştli
kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
76.1.5. sosial müdafiəsinin
gücləndirilməsi və maddi təminatının
yaxşılaşdırılması ilə bağlı
güzəştlərdən yararlanma.
9-cu fəsil
Yekun müddəalar
Maddə 77. Bu Qanunun pozulmasına
görə məsuliyyət
77.1. Bu Qanunun tələblərinin
pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi
və Cinayət Məcəlləsi ilə müəyyən
edilmiş hallarda məsuliyyət daşıyırlar.
77.2. Mediada yayılmış həqiqətə
uyğun olmayan məlumata görə redaksiya, eləcə də
jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:
77.2.1. həmin məlumat
dövlət orqanlarının (qurumlarının) vəzifəli
şəxsləri və ya onların mətbuat xidmətləri
tərəfindən rəsmi yayılmışdırsa;
77.2.2. həmin məlumat
informasiya agentliklərindən və ya idarə, müəssisə,
təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının
mətbuat xidmətləri tərəfindən
yayılmışdırsa;
77.2.3. həmin məlumat Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının, dövlət
orqanlarının (qurumlarının), bələdiyyələrin,
idarə, müәssisә, təşkilat
və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin,
habelə vəzifəli şəxslərin rəsmi
çıxışlarında olduğu kimi təkrar
edilmişdirsə;
77.2.4. həmin məlumat
canlı yayımla efirə gedən çıxışlarda
səsləndirilmişdirsə.
Maddə 78. Keçid müddəalar
78.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay ərzində bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər kağız və ya elektron formada təqdim edildikdən sonra Şura tərəfindən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən teleradio yayımı sahəsində lisenziya sahiblərinə aşağıdakı lisenziyalar ödənişsiz əsaslarla verilir:
78.1.1. ümumölkə televiziya və radio yayımçılarına – ümumölkə yerüstü televiziya yayımçısı və ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
78.1.2. regional televiziya və radio yayımçılarına – regional yerüstü televiziya yayımçısı və regional yerüstü radio yayımçısı lisenziyası;
78.1.3. kabel yayımçılarına istifadə etdikləri yayım üsullarından (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları) asılı olaraq – sadə platforma operatoru lisenziyası və universal platforma operatoru lisenziyası;
78.1.4. radiotezliklərdən istifadə etməklə fəaliyyət göstərən kabel yayımçılarına – multipleks operatoru lisenziyası;
78.1.5. peyk yayımçılarına – peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası.
78.2. Azərbaycan Respublikasında rəqəmsal radio yayımına tam keçid təmin olunanadək fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıları infrastruktur və ya multipleks operatorunun retranslyasiya funksiyasını həyata keçirə bilərlər.
78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir.
78.4. Bu Qanunun 48.3-cü maddəsi Şuranın bu Qanun qüvvəyə mindikdən sonra təyin edilmiş üzvlərinə şamil olunur.
78.5. Bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri bu Qanun qüvvəyə mindikdən sonra yaranan hallara şamil olunur.
78.6. Bu Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 82; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004, ¹ 2, maddələr 57, 58; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079; 2009, ¹ 4, maddə 212, ¹ 8, maddə 611; 2010, ¹ 3, maddə 172; 2015, ¹ 2, maddə 82, ¹ 11, maddələr 1258, 1292; 2016, ¹ 1, maddə 40, ¹ 5, maddə 837, ¹ 12, maddə 1986; 2017, ¹ 12 (I kitab), maddə 2254; 2018, ¹ 1, maddə 16, ¹ 5, maddə 891, ¹ 6, maddə 1166; 2019, ¹ 3, maddə 376, ¹ 12, maddə 1882; 2020, ¹ 6, maddə 671) və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 583; 2004, ¹ 1, maddə 10; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 469; 2006, ¹ 11, maddə 932, ¹ 12, maddə 1005; 2007, ¹ 6, maddə 560, ¹ 8, maddə 749, ¹ 11, maddə 1053; 2009, ¹ 6, maddə 394; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 2, maddə 70; 2015, ¹ 4, maddə 354; 2016, ¹ 12, maddə 1987; 2018, ¹ 2, maddə 153, ¹ 6, maddə 1167, ¹ 12 (I kitab), maddə 2477; 2019, ¹ 12, maddə 1882; 2020, ¹ 6, maddələr 671, 673) ləğv edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2021-ci il
Xalq qəzeti.-
2022.- 9 fevral.- S.7-10.