Aqrar sektor: uğurlar, gözləntilər və
çağırışlar
Müsahibimiz Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdir
2021-ci il arxada
qalmışdır. Sizcə, ötən il
xalqımız, iqtisadiyyatımız üçün
nə ilə əlamətdar olmuşdur?
– Əvvəla, qeyd etmək istərdim ki, bu gün Azərbaycan xalqı öz qədim tarixinin ən şanlı dövrünü yaşayır. Belə ki, 2020-ci ilin payızında, qırx dörd günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yüksək qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi zəfər xalqımızda yüksək ruh yüksəkliyi, gələcəyə dərin inam yaradıbdır. Azərbaycan cəmiyyətində bu möhtəşəm uğurdan qaynaqlanan sonsuz sevinc və səadət hissi və duyğuları ölkəmizin ictimai-siyasi həyatına, o cümlədən, iqtisadiyyatımıza öz müsbət təsirini göstərmiş, ölkənin inkişafına xüsusi bir dinamika gətirmişdir.
Mən dünya iqtisadiyyatının son inkişaf prosesləri ilə bağlı statistik rəqəmləri araşdırmış, təhlillər aparmışam. Tam yəqinliklə deyə bilərəm ki, ötən il yaxın və uzaq ölkələrin heç birində Azərbaycanda olduğu kimi yüksək iqtisadi nəticələr əldə olunmamışdır. Bundan necə qürur duymamaq olar?! Özünüz təsəvvür edin, müharibədən çıxan və pandemiya ilə mübarizə aparan bir ölkədə ötən il 5 faizlik iqtisadi artıma nail olunub. Qeyri-neft sektorunda illik artım 7,2 faiz təşkil edibdir. Qeyri-neft sənayesində isə artım hətta 20 faizdən çox olubdur.
Digər səciyyəvi rəqəmləri yada sala bilərəm. Keçən il Azərbaycan dünya bazarlarına 20 milyard manatlıq məhsul ixrac etmişdir. Ölkə ixracında qeyri-neft məhsullarının həcmi 40 faizi ötmüşdür və bu tendensiya davam edir. Valyuta ehtiyatlarımız daha 2,5 milyard ABŞ dolları artmışdır. Bunlar, əlbəttə, çox yaxşı göstəricilərdir.
– Siz bu
yaxınlarda telekanalların birinə müsahibənizdə qeyd etdiniz ki,
irəlidə ölkəmizi bütün
sahələrdə daha böyük
uğurlar gözləyir. Bu
fikirinizi nə ilə əsaslandıra bilərsiniz?
– Azərbaycanı bu il də, qarşıdakı illərədə də böyük uğurlar gözləyir. Buna əminəm. Ona görə əminəm ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə düzgün və səmərəli idarəçilk sistemi mövcuddur. Sevindirici haldır ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən, aqrar sektorda düşünülmüş və hərtərəfli islahatlar aparılır və bu, öz bəhrəsini verməkdədir. Əhalinin məşğulluğu, rifahı daim yaxşılaşır.
Möhtərəm Prezidentin ölkəmizin parlaq gələcəyi naminə müəyyən etdiyi vəzifələrin sahəsi çox genişdir. Tam əminliklə demək olar ki, bu gün siyasi, iqtisadi, sosial, mədəni sahələri əhatə edən proqramlar, layihələr, qərar və sərəncamlar bilavasitə ölkənin daha da qüdrətlənməsinə, daim yüksələn sosial rifahı təmin edən davamlı iqtisadi inkişafın sürətləndirilməsinə, dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsinə hesablanmışdır.
2021-ci ildə Azərbaycan dövlətinin rəhbəri düşmən üzərində qazanılmış tarixi qələbənin möhkəmləndirilməsi, ədalətli mübarizəmizin dəstəklənməsi üçün beynəlxalq səviyyədə səmərəli görüşlər keçirilmiş, mühüm danışıqlar aparmışdır. Görünən budur ki, Azərbaycan dövləti öz müdrik liderinin ağıllı, uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yarada bilmişdir.
Bəli, dinamik inkişaf edən Azərbaycan bölgəyə sülh, inkişaf və tərəqqi gətirir. Böyük geosiyasi əhəmiyyət kəsb edən Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması üçün ciddi işlər görülür. Ölkəmiz bu gün faktiki olaraq regionun iqtisadi inkişafının lokomotivi rolunda çıxış edir. Sivil, demokratik dünya bunu görür və müstəqil, prinsipial siyasət kursu həyata keçirən rəsmi Bakının regionun gələcəyi ilə bağlı ədalətli mövqeyi ilə hesablaşır.
Bu məqamda mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqa və humanist bəşəri dəyərlərə əsaslanır. Bu gün xalqımızın sevimli lideri cənab İlham Əliyev dünyanın ən demokratik və tərəqqipərvər dövlət başçılarından biri kimi qəbul edilir. Möhtərəm Prezidentimizin humanist, bəşəri ideyalara sadiqliyiyi, sülhsevərliyi və insanpərvərliyi Azərbaycan dövlətinin nüfuzunu və şöhrətini durmadan artırır.
– Tahir müəllim, siz ölkəmizin ali qanunverici orqanında Aqrar siyasət komitəsinə rəhbərlik edirsiniz. Hazırda aqrar sektor qarşısında hansı mühüm hədəflər qoyulub və bu istiqamətdə görülən işləri qənaətbəxş hesab etmək olarmı?
– Aqrar sahə tarixən Azərbaycan dövlətinin aparıcı sahələrindən biri olub və bu gün də belədir. Sevindirici haldır ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə son illər bu istiqamətdə mühüm islahatlar aparılıbdır və nəticədə ölkəmizdə kənd təsərrüfatı sahəsində ciddi keyfiyyət dəyişiklikləri baş veribdir.
Azərbaycan kəndi 2021-ci ili də nəzərəçarpan uğurlarla yola salmışdır. Ötən il ərzində ölkədə buğda, dən üçün qarğıdalı, şəkər çuğunduru, kartof, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı və tütün istehsalı və tədarükü xeyli artmışdır. 2021-ci ildə ölkəmizdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 9163,4 milyon manat təşkil edib ki, bunun da 50,8 faizi heyvandarlıq, 49,2 faizi bitkiçilik sahələrinin payına düşüb.
Başqa bir göstəricini də qeyd etmək yerinə düşərdi. Belə ki, 2021-ci ildə kənd təsərrüfatı, meşə və balıqçılıq sahələrində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,9 faiz təşkil edibdir. Ötən ilin yanvar–dekabr ayları ərzində 877,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac edilib. 2021-ci ildə kənd təsərrüfatı məhsulları ixracının həcmi özündən əvvəlki ilin müvafiq dövrünə nisbətdə dəyər ifadəsində 15,1 faiz artıbdır.
– Aqrar sektorda
hansı yeni vacib vəzifələrin
həlli planlaşdırılır?
– Məlumdur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Zərrə qədər şübhə etmirəm ki, “Milli Prioritetlər” ölkəmizin qarşıdakı 10 il ərzində bütün sahələrdə, eləcə də aqrar sahədə keyfiyyət etibarilə daha yüksək səviyyəyə çıxmasına şərait yaradacaq.
Azərbaycan kəndində bu gün modern idarəçilik modelləri yaradılır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması layihələri böyük uğurla reallaşır. Bu mühüm işlər Azərbaycanın idarəçilik və modern texnologiyaların tətbiqi istiqamətində yüksək intellektual və kreativ ideyalara nə qədər açıq olduğunu bir daha bariz şəkildə nümayiş etdirir.
Yadınıza salmaq istərdim ki, ötən il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə yaxından tanış olublar. Artıq orada tikinti-quruculuq işləri başa çatdırılıb və Ağalı kəndi ilk sakinlərini gözləyir.
– İşğaldan azad edilmiş ərazilərdə daha hansı işlər görülür? Axı, bərəkətli Qarabağ torpağı ölkəmizdə ərzaq bolluğu yaradılmasına böyük töhfə verə bilər...
– Əlbəttə, elədir. Hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının geniş istehsalı və emalını təşkil etmək istiqamətində vaxt itirmədən bütün lazımi işlər görülür. İşğaldan azad olunmuş torpaqlar öz münbitliyi və məhsuldarlığına görə seçilir. Sovetlər dövründə bu torpaqlarda bol taxıl, üzüm, pambıq, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq intensiv metodlarla inkişaf etdirilib.
Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sektorun inkişafına güclü təkan verəcək. Qarabağda artıq min hektarlarla torpaq əkin dövriyyəsinə daxil edilib. Biz bu münbit torpaqlardan bol və çeşidli məhsullar gözləyirik.
Qarabağ barədə danışanda insanda xoş əhvali-ruhiyyə yaranır. Orada yeni yollar çəkilir, digər lazımi infrastruktur yaradılır, iri aqroparklar salınır. Bütün bunlar çox sayda yeni iş yerləri deməkdir. Yaxın həftələr, aylar ərzində məcburi köçkün ailələri öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Bununla da, qədim Qarabağ torpağının yeni büsatı, növrağı başlayacaq. Bu gözəl diyarda aparılan bərpa-quruculuq işlərinin iştirakçısı olmaq çox qürurvericidir. Orada çalışanların hər biri öz fədakar əməyi ilə Böyük Qayıdışımızı yaxınlaşdırırlar.
– Bu gün bütün dünyada, o cümlədən, ölkəmizdə əhalinin
ərzaq təhlükəsizliyi məsələsi çox aktuallaşıb. Bu
barədə nə deyə bilərsiniz?
– Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin suallarını cavablandırarkən ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün ölkədə ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Cənab Prezident bu məsələni daim nəzarətdə saxlayır və hökumətə lazımi tapşırıqlar verir.
Məlumdur ki, Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Uzun illər ərazimizin 20 faizi işğal altında olub. Ərazimizin bir hissəsi kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Bununla bərabər, Azərbaycan dövləti problemin həlli istiqamətində ardıcıl, düşünülmüş işlər görür.
Hazırda ölkəmizdə
3,3 – 3,4 milyon ton buğda istehlak edilir. Bunun cəmi 2 milyon
tonu Azərbaycanda istehsal edilir. Biz çışmalıyıq
ki, məhsuldarlıq hesabına yerli taxıl istehsalı artsın. Bu gün taxılçılıqda məhsuldarlıq
32 sentnerdir, yəni 3,2 tondur. Bu rəqəmin
4 tona, 4,5 tona çatdırmaq lazımdır və bu, mümkündür.
Kənd Təsərrüfatı Nazirliiyinin rəhbərliyi bu məsələnin həlli istiqamətində konkret addımlar atır. Ölkəmizdə məhsul istehsalını artırmaq üçün fermerlərə dövlət dəstəyi ilbəil artırılır. Məsələn, 2021-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4543 fiziki və hüquqi şəxsə 71,5 milyon manat məbləğində güzəştli kredit verilib. Bundan 42,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,9 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 25,7 milyon manatı mikrokreditlərdir.
– Ölkəmizdə kredit və
subsidiyaların verilməsində şəffaflıq təmin
olunurmu?
– Bu, çox vacib sualdır. Bu suala bir qədər geniş, ətraflı cavab vermək istəyirəm. Azərbaycan hökuməti, həqiqətən bu sahədə şəffaflığın təmin olunması üçün əlindən gələni edir. Ölkəmizdə 1 yanvar 2020-ci ildən başlayaraq, kənd təsərrüfatının subsidiyalaşdırılmasında yeni mexanizm tətbiq olunmağa başlanılıb, fermerlərə dövlət yardımı sistemi tam elektronlaşdırılıb.
Bu məqsədlə 2019-cu ildə tələb olunan qanunvericilik bazası qəbul edilib, müvafiq elektron sistem və ona daxil olan altsistemlər formalaşdırılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bir neçə altsistem fəaliyyət göstərir. Onlardan ən əsası kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, subsidiyalar və heyvandarlıq və süni mayalanma altsistemləridir.
EKTİS-də təkcə fermerlər qeydiyyatdan keçmirlər. Kənd təsərrüfatı subyektlərinin qeydiyyatı altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi nəzərdə tutulur.
Örən ilin yanvarından başlayaraq, subsidiya almaq istəyən fermerlər mütləq əvvəlcə EKTİS-dən qeydiyyatdan keçməli, daha sonra isə müvafiq məlumatları subsidiyalar altsisteminə daxil etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq hazırda aqrar sektora müxtəlif sahələr üzrə subsidiyalar verilir.
Mən bu istiqamətdə görülən işlərin nəticələri ilə yaxından maraqlanmışam, çox sayda fermer və mütəxəssislər ilə söhbətlərim olub. Onlar hökumətin subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi üzrə gördüyü işlərdən razılıq edirlər.
– Aqrar sektor xüsusi diqqət tələb edən, daim yeniləşən bir
sahədir. Bu istiqamətdə ölkəmizdə
qanunvericilik bazası müvafiq
olaraq təkmilləşdirilirmi?
– Azərbaycanda aqrar sektorun inkişafı ən yüksək dünya standartlarına uyğunlaşdırılır. Fəxrlə qeyd edə bilərəm ki, aqrar sektorda icra olunan layihələr yüksək peşəkar mütəxəssislər tərəfindən hazırlanaraq, şövq və səriştə ilə icra olunur. Azərbaycan aqrar sahədə öz sözünü deməyə, irəli çıxmağa çalışır. Bu, əlbəttə, müsbət haldır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Milli Məclisinin rəhbərliyi, eləcə də Aqrar siyasət komitəsi tərəfindən aqrar sektorda müvafiq qanunverici baza yaradılıb. Son onillər ərzində ölkəmizdə 300-ə yaxın bu istiqamətdə qanun, qanunlara əlavə və dəyişikliklər qəbul edilmişdir. Bu proses davam edir və qanunvericilik bazası daim təkmiləşdirilir.
– Siz Azərbaycan kəndinin
sabahını necə görürsünüz?
– Azərbaycan kəndinin, bütövlükdə, ölkəmizin sabahına böyük ümidlərlə baxıram. Azərbaycanda bütün sahələrdə, o cümlədən aqrar sektorda görülən işlərin miqyası və sürəti bu gün hər kəsdə heyranlıq doğurur. Bunu ölkəmizə təşrif buyuran çox sayda nüfuzlu qonaqlar və ekspertlər də etiraf edirlər. Azərbaycanda aqrar sektorda əldə olunan böyük uğurlar möhtərəm Prezidentimizin bu sahəyə bir an azalmayan diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
Ölkə vətəndaşları cənab Prezidentə sonsuz inam və ehtiram bəsləyirlər. Hamı kimi, mən də tamamilə əminəm ki, cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan kəndinin sabahı daha parlaq və firavan olacaq.
Söhbəti qələmə aldı: Məsaim
ABDULLAYEV
Xalq qəzeti
2022.- 12 fevral.- S.6.