Qubadlıda ermənilərin
dağıtdığı tarixi-dini abidələr
bərpa ediləcək
2020-ci il oktybrın 25-də müzəffər Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyev ötən il dekabrın 23-də Qubadlıdakı çıxışında dedi: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində inzibati ərazi vahidi kimi Qarabağ xanlığının tabeliyində idi. Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921–ci ildə daşnak–bolşevik ittifaqı mahalı iki yerə böldü. Qərbi Zəngəzur Ermənistana verildi, Şərqi Zəngəzur--Qubadlı, Laçın və Zəngilan Azərbaycanın inzibati ərazisində qaldı.
1993-cü il avqustun 31-də Qubadlı ermənilər tərəfindən işğal olundu və rayon əhalisi 27 il məcburi köçkün həyatı yaşadı. Artıq o ağır günlər geridə qalıb. Vətən müharibəsinin 29-cu günündə bu ağır yükdən qurtulduq. Ali Baş Komandan və onun əmrini canla-başla yerinə yetirən igid oğullarımızın – əsgər və zabitlərimizin, canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz güldü, qamətimiz dikəldi. İndi azad Qarabağımızın digər bölgələri kimi, Qubadlıda da abadlıq-quruculuq işləri gedir.
Doğrudur, erməni vandalları rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Zəfər tariximizin memarı, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Bunu həm dövlət başçımızın, həm də birinci xanım Mehriban Əliyevanın Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda başladığı quruculuq, abadlıq işləri deməyə əsas verir.
Qubadlının işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 16 tarixi-dini abidəni, 23 ziyarəgahı, 25 memarlıq abidəsini talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, V əsrdə tikilmiş Göy qala yerlə-yeksan edilmişdir.
Tarixi, mədəni abidələr dağıdılıb, yandırılıb, dini abidələr donuz tövləsinə çevrilib. Məmər kəndindəki XVIII əsrə aid məscid də olduqca acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də donuz tövləsi kimi istifadə ediblər. “National Geografic” jurnalının tanınmış fotojurnalisti Reza Deghatinin Məmər kəndindəki məsciddən çəkdiyi fotolar ermənilərin "mədəni donuz"luğunu dünyaya göstərdi.
Bir sözlə, mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa, hamısını məhv etməyə çalışmışlar. Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani şəkildə bir daha sübut edir.
Qubadlı rayonunun qədim daş dövrünə aid abidələri içərisində Bərgüşad çayı sahilində yerləşən mağaranı, rayon mərkəzindən 20 kilometr şimalda yerli əhalinin pir adlandırdığı dini inanc yeri olan “Ağ kaha” və “Qara kaha” mağaralarını, Balahəsənli, Əliquluuşağı kəndlərində və Gavur dərəsində mağara məbədləri ni xüsusilə qeyd etmək olar. Tunc dövrünə aid abidələr içərisində isə Muradxanlı kəndində “Maltəpə” yaşayış məskənini, Teymur Müskanlı və Əliquluuşağı kəndləri ətrafındakı qalaları, kurqanları, Qalaça, Qız qalası, Koroğlu qalası, Qubadlı şəhərinin mərkəzində “Xırman yeri” təpəsi və digər tarixi yer-yurd məkanlarını göstərmək olar. Erməni işğalçıları tərəfindən Qarabağın digər tarixi və mədəni abidələri kimi, Qubadlının da tarixi abidələrinin bir çoxu hərbi məntəqə kimi istismar olunub və ya məhv edilib. Qubadlı şəhərinin mərkəzində xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın şərəfinə qoyulan xatirə abidələri rayon ərazisi işğal edildiyi ilk günlərdə dağıdılıb.
Tarixçi alimlər təsdiq edirlər ki, Qubadlı rayonu ərazisində bölgənin yerli əhalisi olan Azərbaycan türklərinin əcdadları olan Oğuz türklərinə aid xeyli sayda qoç və at heykəlləri aşkarlanıb. Qubadlı şəhəri yaxınlığında bir çox qədim qalaların bu günədək gəlib çatmış qalıqları, Yazı düzündə, Əliquluuşağı kəndi yaxınlığında V əsrə aid Göy qala, həmçinin Muradxanlı kəndi ərazisində Qalalı istehkam kompleksi qədim türk boylarının yadelli hücumlarına qarşı hünərlə mübarizə aparmasından xəbər verir.
Qubadlıda aparılan quruculuq işləri zamanı həmin tarixi-dini abidələrin bərpası ilə yanaşı, Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirən abidələrin qoyulması da nəzərdə tutulur.
Ötən il cənab Prezident Qubadlıda rayon sakinləri ilə görüşündə demişdir: “Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən, Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır”.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti
2022.- 12 fevral.- S.6.