Xocalı soyqırımına beynəlxalq
siyasi-hüquqi qiymət verilməsi üçün vahid mövqe ortaya
qoymalıyıq
Azərbaycanlılara qarşı
erməni şovinist dairələrinin
XIX–XX əsrlərdə mərhələ-mərhələ həyata
keçirdiyi etnik təmizləmə
siyasətinin tərkib hissəsi olan
Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici
ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və ümumən,
insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə
ağır hərbi cinayət beynəlxalq miqyasda
öz hüquqi-siyasi
qiymətini almalıdır.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu il nəinki Azərbaycan tarixində, həm də dünya tarixində misli görünməmiş vəhşiliyi ilə seçilən Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. Prezident İlham Əliyev yanvarın 28-də Xocalı soyqırımının otuzuncu ildönümü haqqında mühüm sərəncam imzalamışdır.
Sərəncamda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsinin təmin edilməsi vacib şərt kimi qoyuldu. Bu sərəncam Azərbaycan xalqının XX əsrin sonunda yaşadığı dəhşətli faciənin dünya miqyasında tanınması, qəbul edilməsi istiqamətində düşünülmüş olduqca mühüm və təqdirəlayiq qərardır. Bildiyimiz kimi, erməni lobbisinin illərdir həyata keçirdiyi anti-Azərbaycan kampaniyası həqiqətlərimizin dünya miqyasında qəbul edilməsi qarşısında əsas əngəllərdən biridir. Bu baxımdan qan yaddaşımızla bağlı önəmli günlərdə dövlət- xalq birliyimizin təmin olunması, bu mexanizmin işlək və bir hədəfə istiqamət alaraq toparlanması gələcək faciələrimizin qarşısının alınması baxımından, soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsi üçün vacib məsələlərdəndir.
Xocalı soyqırımı Azərbaycan xalqının heç zaman unutmayacağı həqiqətdir. Bir vaxtlar çoxumuza xəyal kimi görünən işğalda qalan torpaqlarımızın azad edilməsi məsələsi bu gün artıq gerçəyə çevrilmişdir. Əlbəttə, bu gün sülh danışıqları, sərhədlərin delimitasiya və demarkasiya məsələləri, Zəngəzur dəhlizinin açılması, nəqliyyat, loqistik, kommunikasiya layihələrinin ərsəyə gəlməsi günün tələblərindəndir. Lakin bütün bunlar Xocalı soyqırımının arxa plana keçməsi, xalqımızın nə vaxtsa unudacağı anlamına gəlmir. Ermənistan Xocalı soyqırımının baş verməsində birbaşa məsuliyyət daşıyır və dünyanın gözü önündə dinc azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırımı həyata keçirib.
Dövlət başçısı Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayət, soyqırımı kimi tarixiləşdiyini vurğulayaraq bildirmişdi ki, Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın.
Xocalı soyqırımının başvermə səbəblərindən biri o idi ki, şəhər getdikcə inkişaf edir, əhalsinin sayı çoxalır və nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ermənilər Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək niyyətində idi.
Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini də qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Erməni faşistləri soyqırımın izini itirmək üçün Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir nümunələr olan Xocalı abidələrini də dağıtmışlar.
Bu gün rəsmi olaraq, soyqırımı nəticəsində 613 nəfərin öldürülməsi qəbul edilir ki, onlardan da 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.
Statistikanın dəhşətli və ürəkağrıdan tərəflərindən biri də o idi ki, soyqırımı 8 ailənin tamamilə məhv edilməsilə nəticələnmiş, 56 insan işgəncə ilə öldürülmüş, 27 ailənin yalnız 1 üzvü sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir, 230 ailə başçısını itirmiş, 487 insan şikəst olmuş (halbuki, onlardan 76 nəfəri həddi-buluğa çatmayanlar idi), 1275 insan əsir götürülmüşdür. Sonradan 1165 insan girovluqdan azad edilsə də, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixinin birgə rəhbərlik etdikləri əməliyyatda 50-dən çox erməni zabiti və gizir iştirak etmişdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtmasından sonra açıqlanmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” kimi qeyd olunması haqqında qərar vermişdir.
Bu gün Xocalı soyqırımının tanıdılmasında Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun dəstəyi ilə dünyada “Xocalıya Ədalət !” kampaniyası aparılmaqdadır. Təsadüfi deyildir ki, Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur. Xocalı soyqırımının tanıdılmasında xaricdə məskunlaşmış soydaşlarımızın da böyük rolu var. Hər il dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız qan yaddaşımızla bağlı günlərimizi diqqətdə saxlayır, öz vətənpərvərlik borclarını yerinə yetirməyə çalışırlar. “Xocalıya ədalət!” beynəlxalq informasiya-təşviqat kampaniyasının fəal mövqeyi və təbliğatı nəticəsində İslam Əməkdaşlıq Təşkilatının 2010-cu ildə Uqandanın paytaxtı Kampalada, 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu–Dabidə, 2012-ci ildə Cibutidə, 2013-cü ildə Misirin paytaxtı Qahirədə, 2014-cü ildə İranın paytaxtı Tehranda, 2015-ci ildə Küveytdə keçirilən sessiyalarında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.
Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Soyqırımın ildönümləri dəfələrlə Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkəsində qeyd olunmuş, ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmişdir. Bu tədbirlər hər il davam etdirilir.
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması keçmiş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımlar atılmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.
Məhz həmin addımların nəticəsidir ki, bu gün dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, konkret olaraq isə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Bu gün dünyadakı erməni diasporu və lobbisi Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini, uzun illər işğaldan azad edilmiş bölgələrimizin yenidən işğal edilməsi üçün Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri unutdurmaq, diqqətdən kənarda saxlamaq məqsədilə xüsusən də bizim fəallaşdığımız ildönümü tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddialarını da qaldırmaqdan çəkinmirlər.
Bu baxımdan, hər il qan yaddaşımızla bağlı günlərdə, xüsusilə, Xocalı soyqırımı ərəfəsində Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini, birliyini daha da dərinləşdirməli, koodinasiya prinsiplərini önə çəkməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Dövlət başçısının sərəncamında o da vurğulanır ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq Qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Beləliklə, Azərbaycan dövlət başçısının Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı imzaladığı mühüm sərəncamın şərtlərindən irəli gələrək, eyni zamanda, vətəndaşlıq və soydaşlıq borcumuzun yerinə yetirilməsi baxımından bu il əvvəlki illərdən də artıq mütəşəkkil olmalı, səsimizi dünyaya çatdırmağı, həqiqətlərimizin qəbul edilməsinə, tarixin bu amansız qətliamına beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinə nail olmalıyıq.
Anar TURAN
Xalq qəzeti.-2022.-19
fevral.-S.5.