Qaradağlının müdafiəçiləri
son gülləyədək
döyüşmüşdülər...
1988-ci ildə ərazi iddiası ilə Azərbaycana siyasi-hərbi təcavüz etmiş Ermənistanın Qarabağın dağlıq hissəsində soydaşlarımızın yaşadığı iri yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi soyqırımından 30 il keçir. “Azərbaycanlılarsız Ermənistan” siyasətinin davamı olaraq “Azərbaycanlılarsız Qarabağ” millətçi-separatçı erməni hərbi müdaxiləsinin nəticəsi olmuş bu qətliam miqyasına və qəddarlıq dərəcəsinə görə tarixi insan qırğınları sırasında yer almışdır.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Qaradağlı faciəsinin 30-cu ildönümündə beynəlxalq ictimaiyyətə çağırışında soydaşlarımıza qarşı xüsusi amansızlıqla törədilmiş bu faciənin antibəşəri mahiyyəti bir daha haqsevər insanların nəzərinə çatdırıldı, cinayətkarların cəzalandırılması tələb edildi: “Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər”.
Respublika Hərbi Prokurorluğunda isə Qaradağlı faciəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətinin soyqırımının 30-cu ildönümü günündə yaydığı açıqlamada bildirildi ki, Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam edir.
Məlumatda xatırladılır ki, erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini məcburi hərəkətlərlə didərgin salmaq məqsədilə 1988-ci ilin fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq basqınlar edərək evlərini yandırıb qarət edib, nəticədə kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin salıblar.
Ombudsmanın beynəlxalq aləmə çağırışında və Hərbi Prokurorluğun məlumatında bir daha əksini tapan qanlı həqiqət budur ki, 1992-ci il fevralın 17-də Ermənistanın silahlı quldur dəstələri 366-cı sovet alayının köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törətmişlər. Xalqımız bu il 30-cu dəfədir ki, faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, ölkəmizin 2020-ci ilin payızındakı Qarabağ zəfərindən sonra cinayətkarların cəzalarına çatdırılacağına daha böyük ümid bəsləyir.
Yenidən acı duyğularla 30 il əvvəlin o dəhşətli, mərhumiyyətli günlərini, Qaradağlının bəlalı tarixçəsini xatırlayırıq. Bir zamanlar Qarabağda gələcək müsibətlərdən xəbərsiz, çal-çağırlı, barlı-bağatlı, dəfələrlə tarixin amansız acılarını mərdliklə dəf etmiş Qaradağlı adlı kənd vardı. Təbiət bu yerlərə bütün gözəlliklərini bəxş etdiyi kimi, tarix də bu kəndin adamlarını bütün sınaqlardan üzüağ çıxarmışdı. XX əsrdə ermənilər Qaradağlını 5 dəfə – 1905, 1907, 1915, 1918 və 1992-ci illərdə dağıtmışlar.
1988-ci il 12 fevralda ermənilərin separatçılıq niyyətlərini açıq şəkildə bəyan etməsi ilə Qarabağ münaqişəsi başlandı. Hadisələrin ilk günlərindən Dağlıq Qarabağda yaşayan azərbycanlılar öz haqq səslərini ucaltsalar da, heç bir nəticə vermədi. Münaqişə getdikcə genişləndi, qanlı xarakter aldı. Respublikanın o vaxtkı rəhbərliyinin qorxaqlığı, səriştəsizliyi və maymaqlığı ermənilərin daha da azğınlaşmasına gətirib çıxartdı. Kəndlər, şəhərlər yandırıldı, talan edildi.
Qarabağ münaqişəsində erməni vəhşiliyinin qurbanı olan bölgələrdən biri də Xocavənd rayonudur. Gec də olsa, 1991-ci il 26 noyabr tarixdə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradıldı. Lakin 1 il keçməmiş– 1992-ci ilin 2 oktyabrında Ermənistan silahlı birləşmələri rayonu işğal etdi. Erməni təcavüzü nəticəsində soydaşlarımızdan 145 nəfər qətlə yetirildi. Bu rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri demək idi. 300 nəfərdən çox rayon sakini isə yaralanmış və işgəncələrdən sağlamlığını itirmişdir. İşğaldan sonra rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşmışdır.
Xocavəndin ən çox itki verən və böyük döyüş yolu keçən kəndi Qaradağlıdır. Bütövlükdə, 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 4 il quldurların bu yoldan gediş-gəlişi kəsilmişdi və onlar digər erməni kəndlərindən keçib getməli olurdular. Öz kəndlərini kənar kömək olmadan müdafiə edən qaradağlılar doğma obanın hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar. Həmin 4 ildə Qaradağlının başına nələr gəlmədi? Bu xronikanın dəhşətli səhifələri qan rəngindədir, unudulmazdır.
1991-ci ilin sonlarına doğru Qaradağlının mühasirə halqası tam sıxılırdı. Xocavənd 19 noyabr 1991-ci ildə işğal edildi. Kəndə yaxın olan Malıbəyli 12 fevral 1992-ci il tarixdə yandırıldı. Hamıya aydın idi ki, növbəti hədəf Qaradağlıdır. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün hər saat yaxınlaşırdı. Fevral ayının 14-də Kənxurd, Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi və digər erməni kəndləri istiqamətindən quldurlar xarici muzdluların və Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə, əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalmış Qaradağlıya sürətli hücuma keçdilər. Az miqdarda, adi silahları olan qaradağlılar düşmənlə qeyri-bərabər döyüşə girdilər.
Qaradağlının igid müdafiəçiləri 3 gün davam edən qanlı savaşda son gülləyədək döyüşdülər. Onlarla dinc sakini yollarda güllələnən və son döyüşdə şəhid olmuş kənd 1992-ci il fevralın 17-də qeyri-bərabər döyüşdə erməni silahlı quldur birləşmələri tərəfindən işğal olundu. İşğal zamanı 118 nəfər əsir götürüldü. Əksəriyyəti gənclər olmaqla, 33 nəfər kəndin yaxınlığında “Bəylik bağı” adlanan yerdə vəhşicəsinə güllələndi. Öldürülənləri və yaralıları silos quyusuna tökərək üstlərini torpaqla örtdülər. Bu hadisə həmin gün təsadüf nəticəsində sağ qalan Vidadi Hüseynovun gözləri qarşısında baş verdi. Ata-ananın, qardaşın gözləri qarşısında doğmaları güllələndi.
Qaradağlı – Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində əsirlər maşınlardan düşürdüldü və hamının gözü qarşısında güllələndi. Girovluqda olarkən 20-dək Qaradağlı sakini ermənilər tərəfindən əzab və işgəncələr verilərək amansızlıqla qətlə yetirildilər. Əsir götürülənlərdən 50 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq əsirlikdə saxlandılar, azad olunduqdan sonra 18 nəfər sağalmaz yaralardan müxtəlif vaxtlarda vəfat etdi. Əsirlikdə saxlanılanlarla vəhşicəsinə, vandalizm hərəkətləri ilə davranılması, başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çıxarılması, ac-susuz saxlanılması, döyülərək öldürülməsi insanlığa qarşı misilsiz cinayət hadisəsi idi.
Ümumiyyətlə, kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüşdür. 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.
İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır. Dağlıq Qarabağda baş vermiş qanlı hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1993-cü ildən Qaradağlı faciəsinin ildönümü günlərində kənd şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimlər, tədbirlər keçirilir. Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış rayon sakinlərinin və şəhid ailələrinin iştirakı ilə Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə faciə qurbanları dərin hüznlə yad edilir.
Dağlıq Qarabağ münaqişəsində erməni vandallarının törətdikləri soyqırım və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq hər bir azərbaycanlını haqq savaşına səsləmiş, bundan sonrakı tariximizdə isə ayıq-sayıq və əyilməz olmağa hazırlayır. II Qarbağ savaşında erməni işğalçılrını diz çökdürərək Qarabağdan qovub çıxardan Azərbaycan Ordusu erməni qatillərdən günahsız soydaşlarımızın intiqamını aldı. Növbəti qisas addımı isə Qarabağda soyqırımı törədən qatillərin aşkar edilib, ələ keçirilib cəzalandırılması olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin 1-ci ildönümündə Xocavənd rayonunda ictimaiyyət nümayəndələri ilə görüş zamanı bildirdi: “Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da, demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq”.
Dövlət başçısı daha sonra qeyd etdi ki, Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq– bitkiçilik, heyvandarlıq, üzümçülük: “Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir”.
İşğaldan azad olunmuş ərazilərin bax belə dirçəlişi və tərəqqisi isə Qarabağın günahsız soyqırım qurbanlarının erməni qaniçənləri tərəfindən incidilmiş, 30 il narahat olmuş və nigaran qalmış ruhlarını ikiqat sevindirəcək.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2022.-19
fevral.-S.5.