Qarabağın və Zəngəzurun mədəni həyatı yenidən dirçəldilir

 

Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqisi ilə zəngindir. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də təsir göstərmişdir. Qarabağlıların zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə dünyanın məşhur muzeylərində saxlanılması faktları məlumdur.. LondonunViktoriyaAlbert”, ParisinLuvr”, VaşinqtonunMetropo­liten”, habelə Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

 

Arxeoloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi nümunələrinin aşkar edilməsi Qarabağın mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Təsadüfi deyil ki, qədim və zəngin tarixə malik Azərbaycan xalqına məxsus olan bu bölgə dünyanın bir sıra alimləri tərəfindən maraqla qəbul edildiyi kimi, eyni zamanda, bu ulu diyarın tarixinə saxta yollarla sahiblənmək istəyən avantürüstlərin də diqqətindən ya­yınmamışdır. Qarabağda aşkar edilmiş hər bir arxeoloji material, başqa sözlə, maddi mədəniyyət nümunəsi olan irili-xırdalı bütün əşyalar – tikinti materialları, məişət əşyaları, süfrə qab-qacaqları, bəzək əşyaları hər biri həm istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlər baxımından qarabağlıların həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür.

 

Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq məktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqi­sinin çoxəsrlik ənənələri vardır. Qarabağ musiqi sənətində muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Qarabağ milli musiqisinin təməl daşını, onun bünövrəsini muğamlar təşkil edir.

 

Qarabağda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mü­hüm rol oynamışdır. Xalq teatrının repertua­rını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil etmişdir. Qarabağ professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oyna­mışdır. Bunun sayəsində XIX əsrdən başlaya­raq əvvəlcə Şuşada sonra Ağdamda professi­onal teatr yaranmış və çox səmərəli fəaliyyət göstərmişdir.

 

Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərir ki, Qarabağda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmış­lar. Onlardan biri də memarlıqdır. Öz kökləri ilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlamışdır. Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı qayaüs­tü rəsmlər, zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyi ilə nadir olan xalçaçılıq sənəti, zərgərlik əşyaları və s. daxildir.

 

Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini–məscidləri, məqbərələri, sarayları, kilsələri, məbədləri və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bun­lar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus genofondunu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dol­ğunlaşmışdır. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şair və rəssam Xurşidbanu Natəvan və digərləri çıxış edirdi. Öz zənginliyinə və öz unikallığı­na görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuşdur və olacaqdır.

 

Erməni vandalları qəbul etdikləri beynəlxalq konvensiyalara məhəl qoymayaraq, Qarabağın mədəni həyatına sağalmaz yaralar vurdular. Cənab Prezident Cənclər Gününün 25 illiyi ilə bağlı keçirilən forumda dedi: “Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda geniş bir fəaliyyət meydanı açır. Biz hökumət, dövlət olaraq, əlbəttə ki, qarşımızda duran əsas vəzifələrin üzərində öz fəaliyyətimizi qururuq. İlk növbədə, bərpa işləri, minalardan təmizləmə işləri, ondan sonra infrastruktur, daha son­ra yaşayış yerlərinin, yerlərinin tikintisiondan sonra vətəndaşların oraya qayıtması gündəliyimizin əsas məsələləridir. Ancaq bunun­la yanaşı, Qarabağın və Zəngəzurun mədəni həyatının dirçəldilməsi istiqamətində də önəmli addımlar atılmalıdır”.

 

Prezident diqqətə çatdırdı ki, azad edil­miş ərazilərdə mədəni həyatın dirçəldilməsi istiqamətində artıq addımlar atılır: “Biz ar­tıq buna başlamışıq. Məsələn, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bunun gözəl nümunəsidir. Yəni, bunlar artıq ənənəsi bərpa olunmuş tədbirlərdir. Məsələn, bir təklif də var idihesab edirəm ki, bu, sizin də sözünüzlə uzlaşır – azad edilmiş torpaqlarda rəssamlıq müsabiqələrini keçirmək. Məsələn, mən hətta Operativ Qərargaha təklif etmişdim ki, bu il yaz-yay aylarında dünyanın müxtəlif yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək. Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır”.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2022.-19 fevral.-S.4.