Bakı – Moskva: Münasibətlərə
aysberqin zirvəsindən baxış
Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə, hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək daha asandır... Hesab edirəm ki, bu, böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlərdən məhz bu sitatın seçilməsi təsadüfi olmadı. Çünki dövlət başçımız həmin sitatda xarici siyasətdəki ən böyük uğurlaımızdan olan müttəfiqlik haqqında Moskva Bəyannaməsini böyük məsuliyyət adlandırdı.
Bu sətirlərin əvvəlində “məsuliyyət” ifadəsini xatırlatmağımız isə Rusiya Prezidenti Vladimir Putinin iki türk dövlətinin başçısı haqqında səsləndirdiyi ifadələrdən qaynaqlanır. Vladimir Putin Türkiyə Cümhuriyyətinin Prezidenti haqqında demişdi ki, “Ərdoğan sözünün üstündə dayanmağı bacaran kişidir”. Rusiya Prezidentinin azərbaycanlı həmkarı haqqında söylədiyi fikirləri isə dəfələrlə yada salmışıq: “İlham Əliyev məsuliyyətli liderdir”.
Sülh yolu ilə həll... heç də hər zaman mümkün olmur
Maraqlıdır ki, dövlət başçımız fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə məsuliyyət məsələsini bir neçə dəfə yada saldı.
O, həm müttəfiqlik haqqında bəyannamə barədə danışarkən məsuliyyət ifadəsini xatırlatdı, həm də jurnalistin Rusiya – Ukrayna münaqişəsinin perspektivi barədə proqnoz eşitmək istədiyi zaman xatırlatdı ki: “ Proqnoz vermək mən tərəfdən çox məsuliyyətsizlik olardı, çünki mən həmişə faktlardan istifadə etməyin, baş verən vəziyyəti bizə aid olan sahədə dəyərləndirməyin, bu vəziyyətin Azərbaycan üçün maksimum əlverişli formalaşması üçün mümkün olan hər şeyi etməyin tərəfdarıyam... Bu mövzunu 30 il ərzində bizə hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm: “Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də, əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin, bu, həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur”.
Yeni səviyyə
“Rossiyskaya qazeta”nın baş redaktoru Vladislav Fronin xatırlatdı ki, indiyədək Azərbaycanla Rusiya arasında iki yüzdən çox sənəd imzalanıb və onların arasında strateji tərəfdaşlığı ehtiva edən sənədlər də var. Bəs bu bəyannamədəki yeni səviyyə nə deməkdir? Doğrusu, bu sualın cavabı bizim özümüz üçün də maraqlı idi.
Dövlət başçımız yeni bəyannamə haqqında dedi: “Bu, müqavilədən yüksəkdir, ona görə ki, ... müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir”.
KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır
“İnterfax” Agentliyinin baş direktoru Mixail Komissarın verdiyi sual maraqlı olduğu kimi, onun “Dağlıq Qarabağ” ifadəsini dilə gətirməməsi də alqışlanmalı idi: “Qarabağda vəziyyətin müəyyən dərəcədə nizamlanmasını nəzərə alaraq… Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına… meyil edə bilərmi?”
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı barədə danışarkən xüsusilə vurğuladı ki, artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə – müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik. Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib.
Sualın KTMT ilə bağlı hissəsinə gəlincə isə Prezident xatırlatdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi: “Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si – 6-cı və 16-cı bəndlər, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz”.
Qərəzli suala arqumentlərə,
real faktlara əsaslanan sərt cavablar
“RT” telekanalının və “Rossiya
seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru
Marqarita Simonyan tədbirdə özünü savadlı və
səviyyəli göstərə bilsə də, erməniliyini
gizlədə bilmədi. Onun yalan danışdığı
ilk ifadələrindən də məlum idi: “Biz hamımız
bilirik ki, ermənilərin Azərbaycana girişinə
qadağa qoyulub”. Halbuki, o, hamımız desə də, zalda həmin
“həqiqəti” Marqaritanın özündən başqa bilən
yox idi. Dövlət başçımız da suala cavab verməzdən
əvvəl dedi ki, həmin informasiya həqiqətə
uyğun deyil.
Prezident xatırlatdı ki, bizdə
etnik prinsipə görə ölkəyə girişə
qadağa yoxdur və erməni xalqının nümayəndələrinin
Azərbaycana çoxsaylı səfərləri buna
sübutdur: “Onlar Avropa Oyunları kimi idman tədbirlərində
iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən
hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni
olan bir nümayəndəsinə gümüş medalı
şəxsən özüm təqdim etmişəm. O,
qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri
kürsüdə yanaşı dayanmışdı. Mən
onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı
adamların ürəyincə olmasa da, onlar məni uzun
müddət alqışladılar”.
Prezident xatırlaqtdı ki, bir
neçə il bundan əvvəl Katolikos Qareginin Azərbaycana
səfəri olub, mən öz iş kabinetimdə onunla
görüşmüşəm: “O, Bakının mərkəzində
erməni kilsəsində oldu və bu kilsədə erməni
dilində 5 mindən çox kitabı qoruyub
saxlamağımıza təəccübləndi, o,
özü buna şahiddir. Mən belə nümunələri
çox misal gətirə bilərəm – erməni soylu
deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları”.
Marqarita Simonyanın ermənicəsinə ortaya atdığı qərəzli arqumentlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da söhbətə qatımasına səbəb oldu. Mehriban xanım qeyd etdi ki, bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi: “Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır. Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı.
O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı. Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, – o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, – onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”.
Qaz məsələsində Rusiya ilə rəqabət aparmırıq, əməkdaşlıq edirik
“Rossiya-24” telekanalının Baş redaktoru Yevgeni Bekasovun həm Rusiyanın, həm də Azərbaycanın Avropaya qaz ixracı məsələsində – spot bazarındakı vəziyyət barədə sualını cavablandıran Prezident xatırlatdı ki, hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir. Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır.”
Bir daha məsuliyyət haqqında
... Təbii ki, dövlət başçımızın Rusiya auditoriyası üçün danışdıqlarının hamısı maraqlı və arzuolunan idi. Ancaq rus müəlliflərdən biri İlham Əliyevin həmin cavablarının hamısına nisbətən sonda söylədiyi bir fikri daha çox qabartmışdır: “Mən dediyim hər bir sözə görə məsuliyyət daşıyıram”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2022.-26
fevral.-S.2.