Xocalı soyqırımı – misli
görünməmiş bəşəri cinayət
XX əsrin sonunda bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. Keçən 30 il ərzində xalqımıza qarşı törədilmiş bu cinayəti bir gün belə unutmadıq və unutdurulmağa qoymadıq. Əksinə, beynəlxalq hüquqda layiqli qiymətini alması üçün əlimizdən gələni etdik və edirik də.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi…Mən əminəm ki, gün gələcək Xocalı soyqırımını törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər.
Bəli, bu gün Xocalı soyqırımının erməni cinayətkar militarizminin, özünün eybəcərliyi ilə XX əsrin sonuna qəddarlıq damğasını vuran bir akt olması birmənalıdır. 30 il əvvəl baş vermiş bu dəhşətli qətliamda təqsiri olanlar mütləq xalqımızın qarşısında cavab verməlidirlər. Doğrudur, Xocalı canilərinin bir hissəsi öz layiqli cəzasına çatdı. Xüsusilə 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı qurbanlarının qisası erməni quldurlarından artıqlaması ilə alındı. Belə ki, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad edildi. Soyqırımı zamanı və Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın, millətimizin qanı yerdə qalmadı. Ərazi bütövlüyümüzü təmin etdik. Lakin burada mühüm məqam ondan ibarətdir ki, ərazi bütövlüyümüzü təmin etsək də, ermənilərin xalqımıza yaşatdığı faciələri gələcək nəsillərə çatdırmaq, onları yaddaşımızda saxlamaq, unutmamaq üçün hər il dövlət səviyyəsində anım tədbirlərini qeyd edirik və edəcəyik.
Vətən müharibəsində misilsiz Zəfərimizdən sonra biz xalq olaraq tariximizdəki bir çox hadisə və faciələrə, o cümlədən 1992-ci ilin 26 fevralında baş verən Xocalı soyqırımına yeni nəzərlə baxırıq. Bu faciələr bizim üçün yeni çalarlar kəsb edib və onlara baxış bucağımız yenilənib. 44 günlük Vətən müharibəsinədək Xocalı soyqırımı bizim üçün düşmən tərəfindən amansızlıqla törədilmiş qətliam və köməksiz qadın, uşaq və qocaların qətlə yetirilməsi, zülmə və ədalətsizliyə məruz qalmağımız demək idi. Amma böyük Zəfərimizdən sonra Xocalı soyqırımı təkcə xalqımızın başına gətirilmiş müsibət yox, həm də tarixi Qələbəmizə gedən yolda xalqımızın düşmənə qarşı nümayiş etdirdiyi qorxmazlıq, barışmazlıq və toparlana bilmək anlamına gəlir.
Ermənistanın keçmiş prezidenti və Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı cinayəti hesab edilən Xocalı soyqırımının əsas təşkilatçılarından olan Serj Sarkisyan məşhur müsahibəsində açıq şəkildə etiraf edir ki, bu cinayəti törətməkdə əsas məqsəd azərbaycanlıları, məhz mülki əhalini, silahsız, dinc insanları qorxutmaq olub. Ermənistan tərəfi Xocalıda soyqırımı törətdi, amma nəzərdə tutduğu məqsədə nail ola bilmədi və buna görə də strateji baxımdan məğlub oldu.
Birincisi ona görə ki, Xocalı soyqırımının törədilməsi azərbaycanlıları nəinki qorxutmadı, əksinə, cəbhəyə getmək üçün yeni könüllülər dalğası yaratdı. O zaman çoxlu sayda gənclərimiz Xocalıda qətlə yetirilmiş uşaqların, qadınların və qocaların intiqamını almaq üçün könüllü olaraq cəbhəyə yollandılar. Amma o başqa bir mövzudur ki, həmin dönəmdə vahid komandanlığın olmaması, ölkədə hökm sürən siyasi hərc-mərclik və rəhbərliyin səriştəsizliyi ucbatından Vətən yolunda canını fəda edən çoxlu gənclərimizin olmasına baxmayaraq, düşmən qarşısında məğlub duruma düşməli və yeni faciələrlə üz-üzə qalmalı olmuşduq.
İkincisi və ən önəmlisi isə odur ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük Zəfər Ermənistanı hər cəhətdən çökdürdü, Azərbaycan xalqının Xocalı soyqırımından sonra nəinki sınmadığını, hətta daha güclü şəkildə toparlandığını göstərdi.
Xocalı soyqırımı ədalətsizlik idi, Zəfərimiz isə ədalətin bərpasıdır. Amma biz mülki insanlardan qisas almadıq, ədaləti ləyaqətlə bərpa etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun qarşı tərəfdəki dinc əhaliyə münasibətdə ləyaqətli davranışı və düşmən hərbçilərlə müharibə qaydalarına uyğun rəftarı Xocalı soyqırımını törədən Ermənistanın mənəvi acizliyini bir daha ortaya qoydu, Azərbaycanın isə mənəvi-psixoloji qüdrətini, humanizmə, ləyaqətə və ümumbəşəri dəyərlərə sədaqətini praktiki olaraq təsdiq etdi. Xocalı soyqırımı Azərbaycan xalqının strateji səbrinin sınağı idi və xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bu sınaqdan üzüağ çıxdı.
Xocalı soyqırımı tarixdə Azərbaycan xalqının şüuruna və kimliyinə ən çox təsir etmiş hadisələrdəndir. 30 il ərzində bu faciə haqqında çox yazılmış və danışılmışdır. Amma yenə də hadisənin daha dərindən bəhs və tədqiq edilməli, daha çox diqqət ayrılmalı aspektləri qalır. Bu, xüsusən yalan informasiyalar fonunda aktuallıq kəsb edir. Baxmayaraq ki, dezinformasiya və yalan xəbərlər dünyada daha çox internetin və sosial şəbəkələrin yaranması ilə aktuallaşıb, Azərbaycana qarşı dezinformasiya kampaniyalarının tarixi daha əvvələ gedir. Xocalı soyqırımı ətrafında Ermənistan və onun beynəlxalq havadarları tərəfindən aparılan dezinformasiya və manipulyasiya əməlləri bunu açıq şəkildə göstərir. Belə əməlləri sübut edən bir neçə məqama diqqət edək.
Bu mövzuda Ermənistanın və onu dəstəkləyənlərin Xocalı qırğınını 1988-ci ilin Sumqayıt hadisələri ilə əlaqələndirmək cəhdləri xüsusi qeyd edilməlidir. Serj Sarkisyan müsahibəsində Xocalıda törədilən vəhşilikləri “Bakı və Sumqayıtdan olan erməni oğlanların” adına yazmaqla həm hadisənin mahiyyətini təhrif edir, həm də dinc əhaliyə qarşı törədilmiş qəddar cinayətin miqyasını kiçiltməyə cəhd göstərir. Lakin 613 nəfərin qətlə yetirildiyi bir dəhşətin miqyasını kiçiltmək mümkün deyildir. Təkcə onu demək kifayətdir ki, faciədən 2-3 gün sonra, martın 1-də 366-cı alayın ərazidən çıxarılmasına başlanmış və 10 gün sonra alay, ümumiyyətlə ləğv edilmişdir. Səbəb sadədir. Heç bir dövlət, heç kəs özünün bu dəhşətli, böyük miqyaslı qətliamla əlaqələndirilməsini, adının hallanmasını istəmirdi. 366-cı alaydan söz düşmüşkən, bir sual doğuran məqamı daim diqqətdə saxlamalıyıq. 366-cı alayın Qorbaçov hakimiyyətə gəldikdən sonra Şəmkirdən Xankəndiyə köçürülməsi və məhz Xankəndi-Şuşa yolu üzərində yerləşdirilməsi o dövrün heç bir hərbi-strateji məntiqinə və meyarlarına nəinki uyğun gəlmir, hətta ziddir. Hərbi ekspertlər də bu müəmmanın səbəbini izah etməkdə hələ də çətinlik çəkirlər.
Bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımların təkrarı olan Xocalı faciəsindən 30 il keçsə də erməni hərbi birləşmələrinin törətdikləri qırğının yaraları sağalmır. Bir gecədə ermənilərin 366-cı alayının başıpozuq əsgərlərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi qətlə yetirilən Xocalıda əsl soyqırımı, o cümlədən 63 uşağın, 106 qadının vəhşicəsinə öldürülməsi 487 sakinin əlil olması, 1257 Xocalı sakininin ermənilər tərəfindən əsir alınması ilə nəticələndi. Bu, tarixdə misli görünməmiş təhqir və təhdidlə üz-üzə qalmaq idi. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları kəsilmişdir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi o illərin rus, gürcü, ingilis, fransız, alman, amerikalı… jurnalist və publisistləri də dəhşətə gətirmişdir.
Lakin erməni dezinformasiya maşını bir tərəfdən Xocalı soyqırımını ört-basdır etməyə, digər tərəfdən isə Sumqayıt hadisələrinin təhrif olunmuş variantını qabartmağa çalışır. Bu məsələdə erməni lobbisi və müxtəlif təşkilatlar və şəxslər də Ermənistana ciddi dəstək verir. Misal üçün elə Sarkisyanla həmin müsahibəni aparmış Tomas de Vaal deyir ki, o, Xocalı haqqında mətbuata şərh və ya müsahibə vermək istəmir. Bu mövqeyini onunla izah edir ki, Xocalıya təkcə bir hadisə kimi baxılmamalı, digər hadisə və proseslərlə kontekstləşdirilməlidir.
“Xocalı soyqırımının təhrif edilməsi və dezinformasiya işinin aparılması onun beynəlxalq səviyyədə tanınmasına əngəl törətməyə xidmət edir. Buna baxmayaraq, Azərbaycan Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı ciddi iş aparır və artıq əhəmiyyətli nəticələr də əldə olunub. ABŞ-da 30-dan artıq ştatın parlamenti və qubernatorları, Çexiya, Sloveniya, Şotlandiya kimi Avropa ölkələrinin parlamentləri, digər dövlətlərin qanunverici orqanları Xocalı soyqırımına dair qətnamələr, bir sıra beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında son dərəcə mühüm rol oynayıb, Ermənistan tərəfinin yuxarıda qeyd edilən çoxillik dezinformasiya və təhrif fəaliyyətinə sarsıdıcı zərbə endirib.
Bu kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 27 ildən çox işğalda qalan Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.
Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və sair tədbirlərdən fəal istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.
Beləliklə, Azərbaycan dövlətinin xarici siyasət prioritetlərində xalqımızın qan yaddaşının təbliği və xüsusilə Xocalı soyqırımının öz layiqli qiymətini alması üçün apardığı prinsipial siyasət, dövlətimizin siyasətinə yaxından dəstək olan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ilbəil daha da genişləndirilir. Əminik ki, beynəlxalq ictimaiyyət, təşkilatlar, böyük dövlətlərin parlamentləri Xocalı soyqırımını tanıyacaq və erməni cinayətlərini yüksək tribunalardan etiraf edəcəklər.
Adil ƏLIYEV
Milli Məclis Sədrinin
müavini
Xalq qəzeti .- 2022.-
26 fevral.- S.11.