Şəhidlərimizin qanı yerdə qalmadı

 

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam o dəhşətli günləri yenidən gözlərim önündə canlandırdı. Sərəncamda qeyd edildiyi kimi, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmışdır. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Əminəm ki, beynəlxalq birlik gec də olsa, bu soyqırımına siyasi- hüquqi qiymət verəcək.

 

Mən köklü xocalılıyam. Xo­calının kökünü üç törəmə təşkil edir. Onlardan biri də məhz bizik. Valideynlərim, babalarım, nənələrim, elə mən özüm də Xocalıda anadan olmuşuq. Orada səkkizillik məktəbi, Xankəndidə tam orta məktəbi, Bakıda isə ali məktəbi bitirmişəm. Ali təhsilimi bitirəndən sonra Xocalıya qayıt­dım. 3-4 il müəllim, sonra direktor müavini, məktəb direktoru kimi vəzifələrdə çalışdım.

 

1988-ci ildə Dağlıq Qarabağda ilk hadisələr başlananda Xocalı kənd soveti sədri idim. Bundan sonra –1990-cı il aprelin 4-də Xocalıya şəhər statusu verildi. Mən şəhər sovetinin sədri oldum. Bir il sonra isə Xocalı Ərazi Partiya Komitəsi və Xocalı Ərazi İcraiyyə Komitəsi adlı qurumlar yaradıldı. Bu, Dağlıq Qarabağda böyük bir ərazini əhatə edirdi. Əhalinin təkidi ilə mən həmin qurumlar yaradılan­da həm İcraiyyə Komitəsinin sədri, həm də Partiya Komitəsinin birinci katibi seçildim. 1991-ci il oktyabr ayının 29-na qədər həmin qurumla­ra rəhbərlik etdim. Həmin tarixdən ilk dəfə olaraq, icra başçısı vəzifəsi təsis olundu.

 

1991-ci il noyabrın 26-da isə Xocalıya rayon statusu ve­rildi. 2000-ci ildə – deputat seçilənə qədər Xocalı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirdim.

 

Xocalı çox qədim tarixə malik yaşayış məskənidir. Şəhərin yaşı 3-4 min il əvvələ gedib çıxır. Orada bir neçə dəfə arxeoloji qazıntılar aparılıb. İlk qazıntılar 1894-cü ildə yəhudi mənşəli alman arxeoloqu tərəfindən həyata keçirilib. Bizdə olan məlumata görə, o zaman Xo­calıda Tunc dövrünə aid əşyalar ta­pılıb. Bakıda olan Tarix muzeyində, hətta Sankt-Peterburqdakı Ermitaj muzeyində Xocalıdan aşkar edilən tapıntılar saxlanılır. Xocalının qədim türklər yaşamış ərazilərində dik daş qəbirlər olub. Sıra ilə düzülən bu daşlar hansısa işarəni ifadə edirdi. Çoxsaylı kurqanlar da var idi və onları araşdırdıqda Tunc dövrünə aid əşyalar, materiallar çıxarılırdı. Qarabağda Şuşa və başqa ərazilərin qoşunlarının sax­landığı yer həmişə Xocalı–Əsgəran ərazisi olub. Əsgəranla Xocalını Pənahəli xanın tikdiyi qala ayırırdı.

 

Hazırda xalqımız üçün keçmiş hesab edilən Dağlıq Qarabağ­da – indiki Qarabağ yeganə hava limanı da Xocalıda idi, Bakıdan gedən magistral yol da Xocalıdan keçirdi. Sonralar 1980-ci illərə yaxın Xankəndiyə gedən dəmir yolu xətti də Xocalıdan keçməklə çəkildi. Rayonumuzu üç çay əhatə edirdi. Ortadan Xocalı çayı ke­çir – ermənilər onu Badara çayı adlandırırdı. Qarqar və İris çayları da var idi. İris çox kiçik çay idi. Xocalının torpaqları münbit, əhalisi zəhmətkeş idi.

 

1988-ci ildə hadisələr başla­nandan sonra mən Ermənistandan gələn ilk qaçqınları Xocalıda yerləşdirdim. Söhbət həmin ilin may ayından gedir. Bizdə 10 ailə yerləşdi. Ermənilərlə münaqişəmiz də ilk olaraq, həmin ailələrə görə başlandı. Ondan sonra hər yerə olduğu kimi, Xocalıya da Ermənistandan axın oldu. Çünki 1905-1906-cı illər erməni-müsəlman davasında, 1918-1920-ci illər və 1948-1953-ci illər deportasiyası zamanı da Xocalıya Ermənistandan çox­saylı ailələr gəlmişdi. Həmin illərdə gələn ailələrin qohum-əqrəbaları 1988-ci ildə yenidən Xocalıya qayıtdılar. O ailələrin bizim ərazilərdə məskunlaşması ermənilərlə bərabər, onlara söz verən respublika rəhbərliyini də narahat edirdi. Əbdürrəhman Vəzirovun hakimiyyəti bunu istəmirdi. Ermənilər Dağlıq Qara­bağda Ermənistandan qovulmuş azərbaycanlıların yerləşdirilməsini qəbul etmirdilər. Çünki orada azərbaycanlıların sayının artma­sı onlara sərf etmirdi. Vəzirov ermənilərə söz vermişdi ki, azərbaycanlıları oradan çıxaracaq. Amma buna nail ola bilmədi, biz imkan vermədik.

 

1988-ci il sentyabrın 18-də Xocalıda toy mərasimi idi. Mənim müavinimin bacısının toyu ola­caqdı və biz də bu mərasimə hazırlaşırdıq. O toy yasa çevrildi. Ermənilər həmin gün Xankəndidə mitinq keçirirdilər. O mitinqdə qərar verirlər ki, burdan Xocalı­ya gedirik, oranı yandırıb əhalini oradan çıxarırıq. Bizə axşamtərəfi saat 3-4 radələrində xəbər gəldi ki, ermənilər hücuma hazırlaşır. 10 mindən çox insan birbaşa mitinqdən Xocalıya hücuma keçdi. Xankəndi ilə Xocalının arası təxminən 10 kilometrdir. Kütlənin qarşısında “Kraz” maşınlar gəlirdi, içi iri armaturlar, partladıcı– yan­dırıcı maddələrlə dolu idi. Özləri ilə təcili yardım maşınları da gətirmişlər. Ermənilər tam ha­zırlıqlı idilər. Biz öz ev-eşiyimizi, torpağımızı, əhalimizi qorumalı idik. Həmin illərdə sovetlərdən qalma qoşun Əsgəranda yerləşirdi. Əsgəranla Xocalının arası isə cəmi 5 kilometr idi. Biz telefonla ko­mendatla danışıb, yardım istədik. Onlar dedilər ki, köməyə gəlirlər. Əsgəran milisi qoşunlara bələdçilik edirdi. Xocalıya təxmini bir kilometr qalmış, “86-cı kilometr” adlanan yol ayırıcında milis (indiki polis) qoşunu səhv istiqamətə yönləndirir. Həmin yol ayrıcında yolun bir qolu Xocalının ətrafına fırlanaraq, şəhərə girişi təmin edir. Həmin yolla getdikdə, Xankəndidən fırla­naraq şəhərə daxil ola bilərdilər. Bu isə təxminən 30 kilometr məsafə deməkdir. Deməli, cəmi 10 dəqiqəyə şəhərə daxil olacaq qo­şunlar 2 saatdan çox davam edən döyüş bitdikdə Xocalı istiqamətində göründü. Ermənilər bizə məğlub olub geri qayıdanda sovet qoşunla­rı ilə qabaqlaşdılar.

 

Sovet dövründə əhalidə silah yox idi. Biz cəmi 20 ədəd ov tüfəngi tapa bildik. Hadisələr başlanan­dan sonra bir neçə yerdən tapıb, yığdığımız silahımız da qalmışdı. Amma ermənilərlə müqayisəyə gəlməyəcək dərəcədə az silahlan­mışdıq. Bütün şəhər əlində balta, dəhrə, bıçaq, yaba ermənilərin qabağına çıxdı. Ermənilər sayca da çox idilər və hazırlıqlı gəlmişdilər. O gün 6 evimizi yandırdılar, çəpərlərə, ot tayalarına od vur­dular. Həmin günün səhəri bütün mətbuata yaydılar ki, guya, xoca­lılar erməniləri qırıblar, 22 erməni öldürülüb. Sonradan bizim qorxu­muzdan bu rəqəmi 19-a endirdilər.

 

Xocalı sakinlərindən ölən olmamışdı, amma yaralılarımız lap çox idi. Bu hadisə ermənilər və azərbaycanlılar arasında ilk müharibə vəziyyətində toqquşma sayılır. Ermənilər hücum edəndə düşünürdülər ki, xocalıların silahı yox, digər vasitələri, təminatı yox – qaçıb canlarını qurtarma­ğa çalışacaqlar. Hücum anında kütlənin qarşısında gələn “Kraz” maşınları arxa-arxaya hərəkət edirdi. Biz nə atsaq, maşınların kuzovuna dəyirdi. Könüllülərə komanda vermişdim ki, qarşıda gələn erməniləri, canlı qüvvəni vurun. Bizə ötürülən məlumata görə, ermənilər bir il əvvəldən həbsxanada yatanların içərisindən gəncləri seçib, Ballıca kəndində yerləşən pioner düşərgəsində təlim keçirlər. Kütlənin qabağında gələnlər də məhz hazırlanmış həmin adamlar idi. Hamısı nar­kotikin və içkinin təsiri altında idi, əyinlərinə boz paltar geyindirilmiş­di.

 

O dövrdəki Azərbaycan rəhbərliyi bu məsələlərdə çox səriştəsiz idi. Həmin toqquşmanın səhəri, saat 7-də İrəvandan yola çıxmış “Yak-40” təyyarəsi hava limanında eniş etdi. Zori Balayan və bir dəstə həkim, jurnalist, pro­fessor Xankəndiyə yola düşdülər. Onlar köməyə gəlmişdilər. Erməni rəhbərliyi bu məsələdə çox diqqət göstərirdi. O vaxtki Azərbaycan rəhbərliyi isə xocalıların köməyinə yalnız 3 gün sonra gəldi. Sentyab­rın 21-də artıq əhalinin vəziyyəti pisləşib, çörək, ərzaq bitmişdi. Yolu da bağlamışdıq. Ermənilərin yarısı İrəvan tərəfdə, yarısı Xankəndidə qalmışdı. Xocalıdan keçən yolda qadınlar, qocalar, uşaqlı-böyüklü bütün xocalılar oturub, erməniləri buraxmırdılar. Tək Xocalıdan olan kişilər deyil, qadınlar da kişi paltarı geyinib keşik çəkirdilər. 3 gündən sonra “Mi-2” vertolyotu Xocalıya endi. 3 nəfər gəlmişdi. Adlarını çəkməyə ehtiyac duymuram. İlk istədiyimiz əhali üçün ərzaq, çörək oldu. Bizə bir “BTR” alıb verdilər və bir nəfəri Ağdamdan çörək gətirməyə göndərdim. Sonradan un, digər ərzaqlar da gətirə bildik.

 

O hadisəni törədən ermənilərin bir nəfəri də olsun həbs edilmədi. Ancaq 9 nəfər Xocalı sakinini həbs etdilər. Halbuki, özləri də bilirdilər ki, ermənilər bizə hücum etmişdilər. SSRİ hüquq-mühafizə orqanlarından 2 qrup Xocalıya gəldi. Məndən başlayaraq, hamını sorğu-suala çəkdilər. Həbs edilən 9 nəfəri hər gün incidirdilər ki, hadisəni Elmanın törətdiyini deyin, sizi azad edək. Onlar hər şeyi öz gözləri ilə gördüklərindən belə bir söz demədilər. Mən özümlə iki nəfər də götürüb, Vəzirovun qəbuluna gəldim. O, ilk gün bizi qəbul etmədi. Bizi Ali Sovetin sədri Süleyman Tatlıyevin yanı­na göndərdilər. Kabinetinə daxil olan kimi ilk sözü belə oldu: “Siz neynəmisiniz, erməniləri niyə qırmısınız?” Bunu eşidəndən sonra dərdimizi demədən kabinetindən çıxdıq. Vəziyyətin gərginləşdiyini görən Əbdürrəhman Vəzirov səhəri bizi qəbul etməli oldu. O da üzərimizə hücuma keçdi. Vəzirov mənə dedi ki, sən cinayətkarsan, qan tökmüsən, erməniləri qırmı­san. Bu zaman onun otağına bir nəfər daxil oldu. Vəzirov dedi ki, bu İlyas İsmayılovdur – respub­likanın baş prokuroru. Sizi həbs etmək üçün çağırmışam. Biz ona vəziyyəti izah etməyə çalışdıq. O sual verdi ki, deyin görüm bura niyə gəlmisiniz? Mən dedim ki, bi­zim 9 nəfər sakinimizi həbs ediblər, onlar azad edilsin. İkinci istəyimiz isə odur ki, Ermənistandan qovulan azərbaycanlıların köçü­nün istiqaməti Dağlıq Qarabağa yönəldilsin. Ermənilər bu prosesi görüb, əhalinin deportasiyasını dayandıracaq. Bu, baş tutmasa, toqquşma baş verəcək və hər iki tərəfdən itkilər olsa da, ermənilər məğlub olacaqlar.

 

Vəzirov yenidən bizim üzərimizə hücuma keçdi, təklifimizlə razılaşmadı. 1988-ci ilin noyabrında Moskvanın xüsusi nümayəndəsi Arkadi Volski Dağlıq Qarabağda yaradılmış Xüsusi İdarəetmə Komissiyasının rəhbəri təyin olunduqdan sonra Vəzirov televiziyada sevinə-sevinə dedi ki, artıq bu işlə Moskva məşğul olacaq. Yəni, məsuliyyət bizim üzərimizdən getdi.

 

Ermənilərin əsas məqsədi Ermənistandan və Dağlıq Qara­bağdan azərbaycanlıları çıxarmaq idi. Deməli, digər yerlərlə bərabər Xocalı haqqında da bu planları var idi. Təhlükə var deyə, doğma el-obamızı, yurdumuzu qoyub, qaça bilməzdik! Bu namərdlikdir. Müdafiə, vətəni, torpağı qorumaq haqqında düşünürdük. Arxamız­da isə Azərbaycan rəhbərliyinin dayandığını sanırdıq.

 

Xocalı Qarabağda hadisələr başlayandan işğala qədər bloka­dada idi. 4 il müharibə, vuruşmalar getdi. Biz erməni xislətini bilirdik. Laçının və Şuşanın maşınla­rı Xocalıdan keçirdi. Ərzaq, bir çox vasitələr daşıyırdılar. Hansı azərbaycanlı maşını ermənilər tərəfindən tutulsaydı, vurulsaydı, xocalılar onun əvəzini çıxırdılar. 4 il o yol xocalıların nəzarətində olub. Xocalıya yüz dəfələrlə ermənilərin hücumu olub. Bütün əhali əsl vətənpərvərliklə vuruşurdu.

 

1988-ci il fevralın 12-də ilk toqquşma Əsgəranda başladı. Biz 6 nəfər idik. Gecə teleqram gəldi və səhər Əsgəran Rayon Parti­ya Komitəsinə getdik. 500 nəfər erməninin içərisində biz də var idik. Mitinqlər onda başladı. Həmin gündən Xocalıda özünümüdafiə postları yaratdıq. Xocalının bütün perimetri boyu 32 post yaratmış­dıq. Camaat özünü qoruyurdu. Ən səhv və nifrət doğuran sual odur ki, təhlükə olduğunu bilə-bilə niyə qaç­mırdınız? Əmin-amanlıqda Bakıda yaşayırıqsa, Bakının başının üstü­nü təhlükə alanda, biz necə qaçıb, canımızı qurtarmağı düşünərik?

 

1991-ci ilin oktyabrın 30-da gecə bizim bir “UAZ” markalı avtomobilimizi vurdular. İçərisində olanlardan biri öldü, digəri isə yara­landı. Həmin gündən işğal olunana qədər Xocalı tam mühasirədə qaldı – 4 ay. Bu müddətdə mən müəyyən yollarla, bəzən zorla Ali Sovetə girirdim, çıxış edirdim. Həmin çıxışları əks etdirən ste­neoqramları özümdə də saxlamı­şam. Zaldakı mikrofonları güclə, icazəsiz götürürdüm, müraciətlər edirdim. Xocalıda olanda ziyalı­lar, məktəblilər, sıravi insanların, öz adımdan Bakıya çoxlu sayda teleqramlar göndərirdik. Fəlakət qarşısında olduğumuzu bildirməyə çalışırdıq. Ancaq ölkədə xaos, hakimiyyət çəkişmələri, başsızlıq hökm sürürdü. Xalqın müdafiəsi üçün addım atılmırdı. Müdafiə Nazirliyi yaradılmışdı – adı var, özü yox. Guya özünümüdafiə batalyon­ları təşkil edilmişdi, onlar da Bakıda hansı qüvvələrə xidmət edirdi, Allah bilir. Xalqın müdafiəsi üçün vahid komandanlıq yox idi.

 

O zaman Ali Sovetdə bir çıxışım oldu. Steneoqramı hələ də saxla­nılır. Ali Sovetdə rəhbərliyi ittiham edirdim ki, siz burada hakimiyyət uğrunda mübarizə aparırsınız, orada, Qarabağda bizi qıracaq­lar. Prezident Ayaz Mütəllibov da iclasda iştirak edirdi. Mən dedim, baxın, prezident burada, müdafiə naziri, deputatlar – hamısı burada. Əgər siz, doğrudan da, millətin, dövlətin, torpağın müdafiəsi ilə məşğulsunuzsa, Dağlıq Qara­bağda azərbaycanlılar yaşayan hər hansı məntəqəni seçin, onun müdafiəsinin necə təşkil olunduğu haqqında məlumat verin. Birdən zaldan səs gəldi, “bəy, mən bilirəm” – deyə bir nəfər qışqırdı. Baxdım ki, Rəhim Qazıyevdir, ayağa qalxıb. Çox əsəbi şəkildə cavab verdim ki, heç sən də bilmirsən, otur aşağı. Bundan ağır ittiham olmazdı. Sübut etdim ki, siz bizim müdafiəmizlə məşğul deyilsiniz. Sadəcə hakimiyyət davası edirsiniz.

 

Əlimiz hər yerdən üzülmüşdü. Vəziyyət çox pis idi. Ağdamdakı qərargahla hər gün əlaqə saxlayır, kömək istəyirdim. Yaralılarımızın olduğunu çatdırırdım. Hər gün deyirdilər, möhkəm olun, bu gün, sabah, axşam, səhər gəlirik. Bizə “əlinizi üzün” deyən də yox idi. İstintaq materialları saxlanılır. Mən fevralın 24-ü AzTV-yə zəng etdim. Telefonu diktor Hicran Hüsey­nov götürdü. Ona özümü təqdim etdikdən sonra dedim ki, istəyirəm telekanalınız vasitəsilə respublika rəhbərliyinə və bütün dünyaya çat­dırasınız, biz ölüm, qırğın, fəlakət qarşısındayıq, xocalıları xilas etmək üçün tədbirlər görsünlər. O zaman televiziyanın rəhbəri Elşad Quliyev idi. 1996-cı ildə Xocalı ilə bağlı məhkəmə prosesi keçiriləndə Hicran Hüseynovu məhkəməyə dəvət etdilər. O ifadəsində bildirdi ki, Elman Məmmədov mənimlə danışdı, telefonoqramı mənə verdi, mən isə bunu Elşad Quliyevə çatdırdım.

 

1992-ci ildə fevralın 9-da vertolyotla Ağdama keçdim. Gecə ilə oradan maşınla Bakıya gəldim. Fevralın 10-da, onda Dadaş Rza­yev Müdafiə Nazirliyində Qərargah rəisi idi, onun qəbuluna getdim. Biz onunla dost idik, Qarabağa Xalq Yardım Komissiyasından onu tanıyırdım. Getdiyim gün Dadaş Rzayevin yanında Arif Salahov adlı polkovnik də var idi. Onlarla söhbət etdim. Dadaş Rzayevin kabinetində böyük bir əməliyyat xəritəsi var idi, onu açdılar. Mən bir neçə hissədə rəngli karan­daşla işarələr qoydum ki, Xocalı ətrafında erməni postları haralarda yerləşir, hansı hissələrdən, necə keçib, Xocalıya gəlmək olar və s. Mən orada dedim ki, Dadaş müəllim, əgər Azərbaycan tərəfi tez tərpənib, Ağdamdakı qüvvələrlə birlikdə Əsgəran zolağını dağıdıb, Xocalıya keçsə, oradan həmin qüvvələr, yuxarı hissədən isə Şuşa bir növ birləşəcək. Xankəndi ortada qaldığına görə, öz-özünə təslim olacaq. Biz ləngisək, başımız Bakı­dakı hakimiyyət davasına qarışsa, ermənilər Xankəndidəki qüvvələrlə Xocalını dağıdıb, Əsgərana keçsələr, Qarabağ məsələsi bitəcək. Ancaq bunun da bir fay­dası olmadı. Elə hey deyirdilər ki, gözləyin, kömək gələcək.

 

Bu sözləri sonra istintaqa da dedim. 1996-cı ildə Hərbi Tribunal­da Xocalının məhkəməsi olanda da səsləndirdim. Yanımdakı hər iki şəxsi və əməliyyat xəritəsini məhkəməyə gətirdilər. Dediklərim təsdiq edildi. Dadaş müəllim də ifadəmi təsdiq etdi. Sonda dünyada analoqu olmayan Xocalı faciəsi baş verdi.

 

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqları­mızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladları­mızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci il sentyabrın 27- də baş verən Vətən müharibəsində müstəqilliyimizin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq ya­ratdılar. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq təcavüzkar, işğalçı Ermənistan ordusunun uzun illər ərzində qurduğu istehkamları yarıb keçərək, torpaqlarımızı qanları və canları bahasına işğaldan azad etdilər. 44 gün davam edən Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman or­dumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qal­madı. Azərbaycan öz ərazi bütövlü­yünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

 

Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqətin təntənəsidir və qazanılan şanlı Qələbə xalqı­mızın qürur mənbəyinə çevrildi. Möhtərəm Prezidentimizin de­diyi kimi, Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. On­ların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına çevrilir. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də, onların adları tarixin yaddaşından silinməyəcək.

 

Elman MƏMMƏDOV,

 

 Milli Məclisin deputatı,

 

Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı

 

Xalq qəzeti 2022.- 26 fevral.- S.12.