Xocalı qətliamını törədənlər tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər

 

Məlumdur ki, 1992-i il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldur dəstələri Xocalı şəhərinə hücum edərək, burada dinc sakinlərə qarşı etnik zəmində xüsusi amansızlıqla qətliam törədiblər. Qatillər hətta uşaq, qadın və ahıllara belə aman verməyib, onları qəddarcasına süngüdən keçiriblər.

 

O məşum gecədən 30 il keçməsinə baxmayaraq, bu gün də xalqımız, bütövlükdə bəşəriyyət bu qanlı faciədən dəhşətə gəlir və cinayətkarları qətiyyətlə lənətləyir. Təsadüfi deyil ki, Xo­calı qətliamı XX əsrin ən dəhşətli soyqırımlarından biri hesab olunur.

 

Son illər ermənilər bu qara ləkəni tarixin yaddaşından silmək üçün min bir oyuna, hiyləyə əl atırlar. Lakin, bu cəhdlər əbəsdir. Tükürpədici erməni vəhşiliyinin qurbanı olan Xocalı sakinlərinin ürək dağlayan acı harayı tarixin yaddaşına əbədi həkk olunub. Bu qətliama “imza atanlaröz ağır əməllərinin bədəllərini mütləq ödəyəcəklər.

 

Ermənilərin Xocalıda ağır zo­rakılıqlar törətməkdə əsas niyyəti bu torpağın əsl sahibləri olan soydaşlarımızı vahiməyə salaraq, onları doğma ata-baba yurdla­rından perik salmaq idi. Düzdür, erməni faşistləri xarici havadarla­rının dəstəyilə bir müddət öz bəd niyyətlərinə çatdılar. Qarabağı işğal edib orada daşı daş üstə qoymadılar, hər şeyi dağıtdılar. Erməni vandalizminin miqyası bu gün bütün dünyanı şoka salıb.

 

Lakin zamantarix və hər şeyi öz yerinə qoyur. Azərbaycan xalqı 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük şanlı Vətən müharibəsində doğma və əzəli tor­pağını yağı düşməndən azad etdi. Vətənimizin mərd, qeyrətli oğulları həm bir millət olaraq başımızı uca etdilər, həm də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının ruhunu şad etdilər.

 

Qeyd etmək lazımdır ki, tarixdə Xocalı kimi ağır faciələrin təkrar olunmaması üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu istiqamətdə Heydər Əliyev Fondu­nun vitse-prezidenti hörmətli Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən mühüm işləri ürəkdən təqdir edirəm.

 

Erməni millətçiləri təkcə Xocalıda qətliam törətməyiblər. Onlar hələ 1905 və 1918-ci illərdə onlar Bakı, Şamaxı və Qubada, ölkəmizin digər bölgələrində də etnik zəmində dəhşətli zorakılıqlar həyata keçiriblər.

 

Mənim xeyli yaşım var. Hələ uşaq yaşlarımda ermənilərin doğulub boya-başa çatdığım Quba rayonunda amansız soy­qırımı törətdikləri barədə eşitmişbundan dəhşətə gəlmişdim. Sonradan öyrəndim ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talan­lara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

 

Hazırda rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksi fəaliyyət göstərir. Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucal­dılıb.

 

İldırım MƏMMƏDOV,

 

Quba Rayon Ağsaqqallar Şurasının sədri

 

Xalq qəzeti  2022.- 26 fevral.- S.12.