Yaddaşımızın ağrılı səhifəsi

 

Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı qətliamı 30 ildir ki, qəlbimizi ağrıdır. Erməni faşistləri tərəfindən Azərbaycanın qədim ərazisi Xocalıda törədilən soyqırımı məhz Qarabağda azərbaycanlıların məhvinə yönəldilmişdi. Bu faciə yüzlərlə insanın – cavanların, qadınların, qocaların, uşaqların həyatına son qoydu, nə qədər ailələr dağıdıldı, nə qədər soydaşımız əsir götürüldü, itkin düşdü.

Tarix XIX-XX əsrlərdə dəfələrlə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrinə şahid olub. 31 mart 1918-ci ildə Bakı­da və Azərbaycanın müxtəlif rayon­larında törədilən qətliamlar, 26 fevral 1992-ci ildə Xocalı soyqırımı, Qara­bağın işğalı zamanı nə qədər kəndin, şəhərin yer üzündən silinməsi, insan­ların məhv edilməsi – bütün bunlar bizim yaddaşımızda ömürlük həkk olunmuş hadisələrdir.

 

Lakin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun Qarabağda möhtəşəm Qələbə qazanması bizə təskinlik hissləri bəxş etsə də, şəhidlərimizi heç vaxt unutmuruq. Xüsusilə Xocalı bizim ürəyimizdə sanki qaysaq tutmayan bir yaradır.

 

Artıq neçə ildir ki, Azərbaycan xalqı “Xocalıya ədalət!” deyə hayqırır. Bu reallığı dünyanın bütün xalqlarının qəbul etməsi vacibdir, çünki biz, həqiqətən də ədalət tərəfdarıyıq və insanlığa qarşı yönələn bu soyqırımı həqiqətlərini bütün dünya bilməlidir.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sür­düyü “Xocalıya ədalət!” kampaniyası ildən-ilə əhatə dairəsini genişləndirir, minlərlə, milyonlarla insan bu hərəkata qatılır. Biz öz həqiqətlərimizi dünyaya çatdırmağa borcluyuq və hər kəs bacardırığı qədər bunun uğrunda mübarizə aparmalıdır.

 

Deməliyəm ki, Xocalı soyqırımının ilk günlərindən bu faciə mədəniyyət xadimlərinə də böyük təsir etmiş­di. Xocalı qətliamı bəstəkarların, musiqiçilərin yozumunda musi­qi əsərlərinə çevrilərək, musiqi vasitəsilə təcəssüm olunmuşdur. Zaman keçdikcə, irili-xırdalı nə qədər əsər yaranmışdır. Müxtəlif illərdə Məmməd QuliyevinSimfoniya-rekviyemi, Nəriman Məmmədovun “Xocalı şəhidlərinə” simfoniyası, Elnara Dadaşovanın “Xocalı laylası”, Arif Mirzəyevin orqan üçün “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun “Xocalı avazları” oratoriyası, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması, Faiq Nağıyevin “Xocalı ha­rayı” rekviyemi, Rauf Əliyevin “Xocalı – İthafvokal-simfonik əsəri, Azad ZahidinRekviyemi, Azər Dadaşo­vun “Xocalı naləsi” odası, “Xocalıya ədalət!” simfonik plakatı və s. neçə-neçə əsər yaranmışdır. Bu mövzuda yeni əsərlərin yaradılması davam edir və səsləndirilərək, musiqi dili ilə bu faciəni insanlara çatdırır. Bu əsərlər özündə olduqca çoxçalarlı hissləri–faciə, kədər,ağrı, iztirab, həmçinin igidlik, qürur, şərəf, məğrurluq...əks etdirir.

 

Xocalı faciəsinə bir sıra xarici bəstəkarlar da əsərlər həsr etmişlər. Bunlardan fransız bəstəkarları Pyer Tillounun “Xocalı 613” (2013), Roman ZanteninIn Memory of Khodjaly Victims” (2016) əsərlərinin ilk ifası Parisdə və Brüsseldə olmuşdur. Qazax bəstəkarı Balnur Kadırbekin “Xocalı qurbanları” simfonik əsəri (2017) Bakıda səsləndirilmişdir. Rus bəstəkarı Aleksandr Çaykovskinin “Xocalı” faciəli musiqisinin (2012) premyerası isə Qəbələdə Beynəlxalq Musiqi Festivalında olmuşdur. Onu da demək istərdim ki, A.Çaykovskinin əsəri royal, tar, viola, violonçelkamera orkestri üçün nəzərdə tutulmuşdur. Mən özümsolist qismində bu əsərin ilk ifaçıların­dan biri olmuşam. Bu, çox kədərli, hüznlüçox dramatik bir musiqidir. Təsadüfi deyil ki, bəstəkar özü onu faciəli musiqi adlandırmışdır. Xocalı faciəsinin artıq beynəlxalq miqyasda, xarici bəstəkarlar tərəfindən musiqi təcəssümü onun ümumbəşəri bir faciəyə çevrilməsinin inandırıcı sübu­tudur.

 

Bəli, bu gün biz Xocalı soyqırı­mına kədərlənməklə yanaşı, həm də öz hiddətimizi ifadə edirik və inanırıq ki, bu faciə bütün dünya xalqlarının qəlbində öz əks-sədasını tapacaq. “Xocalıya ədalət!” deyərək, Azərbaycan həqiqətlərini bütün dün­yaya çatdırmış olacağıq!

 

Fərhad BƏDƏLBƏYLİ,

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor

 

Xalq qəzeti .- 2022.- 26 fevral.- S.13.