Milli maraqların mütləq üstünlüyü

 

Öncə onu vurğulayaq ki, Azərbaycan Respublikasının bölgə ölkələri və beynəlxalq aləmlə münasibətləri, ümumən müstəqil siyasəti çoxşaxəli xarakter daşıyır və bu xarakterin əsas əlaməti milli maraqların mütləq prioritet olmasıdır. Dövlət müstəqilliyini 30 il öncə bərpa etmiş respublikamız beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu işbirliyini təbliğ, təşviq və özünəməxsus şəkildə təmsil edir. Müstəqil Azərbaycan Respublikası öz xarici siyasətində qlobal həmrəyliyə, beynəlxalq işbirliyinə, sivilizasiyalar və mədəniyyətlərarası dialo­qa, multilateralizmə xüsusi önəm verir. Azərbaycan bu vurğulanan sahələrdə örnəklər yaradır. Dünyada BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına (QH) respublikamızın hazırda da davam edən sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, atdığı prak­tik addımlar bunu təsdiq edir.

 

Xüsusilə, qonşu ölkələrlə yüksək səviyyəli işbirliyinin, əgər bu müm­kün deyilsə, yenə etibar və ləyaqətini qorumaqla mümkün təmasların axtarışı, yaxşı münasibətlər üçün əsaslar yara­dılması Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının prioritet hesab etdiyi vacib sahələrdəndir. Heç kəsə sirr deyil ki, 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanılmasında da məhz bu amil rol oynayıb. Cənab İlham Əliyev özünün 20 noyabr 2021-ci il tarixli müraciətində Ermənistanı nəzərdə tutaraqçox haqlı olaraq sual edirdi: “Qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

 

Azərbaycanın qonşuları və hər qon­şu ilə münasibətlərin keçmişi, bu günü bəllidir. Bu münasibətlərin gələcəyi isə bu gün nəyi necə etməkdən, qarşılıqlı anlaşmadan, hadisələrə böyük tabloda baxmaqdan, necə deyərlər, “Lütfizadə məntiqi”ndən keçir. Burada klassik məntiq bir çox hallarda özünü doğrult­mur. Yəni qeyri-səlis məntiq Aristotel məntiqindən yalnız İKT sahəsində deyil, siyasi qərar qəbuletmədə də üstün­lük təmin edir. Azərbaycan –Türkiyə, Azərbaycan–Gürcüstan, Azərbaycan –Rusiya, Azərbaycan Respublikası –İran, hətta gələcək Azərbaycan –Ermənistan münasibətləri baxımından soyuq ağılla, düşünülmüş, dəqiq hesablanmış, xarakterli yanaşmaları görməkdəyik. Bizə problem yaratmayan heç kimə biz problem yaratmırıq, bizi özünə düşmən bilməyən heç kimin düşməni deyilikPrezidentin sözləri ilə desək, “Sözümüz imzamız qədər keçərlidir”! Əslində, Azərbaycan kimi dəyişməz xarakterli, eti­barlı qonşu bütün qonşuların şansıdır.

 

Azərbaycanın ən yüksək, əvəzsiz və müstəsna münasibətləri, əlbəttə, qardaş Türkiyə ilədir. Qardaş ölkələrimiz ara­sında strateji müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanətdir. 15 iyun 2021-ci ildə Şuşa­da prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respub­likası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Bu önəmli sənəd hər iki ölkənin parlamenti tərəfindən təsdiq olunub. Bəyannamə qardaş, qonşudost ölkələrimiz ara­sındakı münasibətləri rəsmən strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

 

Azərbaycan, ümumən Türk dünyası ilə işbirliyinə çox önəm verir. Türkdil­li Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz mil­li kimliyinə, kökünə verdiyi önəmin parlaq örnəyidir. Həmin Şura 2021-ci ildə İstanbulda keçirilən növbəti Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatına çevrilib. Bu yeni status, yenidaha yüksək münasibətlər sistemi deməkdir. Qonşu Gürcüstanla münasibətlərimiz yüksək səviyyədədir. Haqlı olaraq, Azərbaycan–Gürcüstan münasibətləri Ermənistanın örnək almalı münasibət modeli olaraq təqdim edilir. Azərbaycan ilə İran arasındakı münasibətlər də, xüsusilə, son aylarda müsbət məcrası ilə seçilir. Yüksək səviyyəli rəsmi təmaslar intensivləşib, müxtəlif əməli fəaliyyət sahələri üzrə ikitərəfli əlaqələrin böyük potensialı danılmazdır.

 

Ermənistanla münasibətlərdə bir başlıca problem var, o problem də elə Ermənistanın özüdür. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti, hamı tərəfindən qəbul edilmiş mehriban qonşuluq, birgəyaşayış formullarına, beynəlxalq hüquq normalarına əməl etsə, münasibətlərdə yeni səhifə açıla bilər. Keçmişdə olanların məsuliyyəti Ermənistanın üzərindədir, uğursuz dövlət gələcəyin məsuliyyətini da­şıdığını göstərmək üçün keçmişin məsuliyyətini etiraf etməyi bacarmalıdır.

 

Digər qonşumuz Rusiya ilə münasibətlərə keçməmişdən öncə çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa Birliyi (AB) ilə münasibətlərinə vurğu edək. Bu münasibətlər də yüksələn xətlə inkişaf edir. Gələn ay Bakıda Azərbaycan və AB arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında AB ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Avropanın enerji təchizatında, qitənin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin çəkisi durmadan artır. Təsadüfi deyil ki, 15 fevral 2022-ci ildə Prezident İlham Əliyevlə telefon söhbəti zamanı NATO-nun Baş katibi Yens Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artır­masına görə Azərbaycana təşəkkürünü ifadə edib. Avropa dedikdə, təhlükəsizlik dedikdə, ilk ağla gələn institut, əlbəttə, NATO olur. NATO ilə münasibətlərimiz uğurla inkişaf edir. 2021-ci ilin de­kabr ayında Prezident İlham Əliyev Brüsseldə Yens Stoltenberqlə görüşüb, mühüm müzakirələr aparıb.

 

Bir sözlə, artan beynəlxalq nü­fuz ölkəmizin inkişaf perspektivlərini müəyyənləşdirir. Öz milli maraqlarına əsaslanan çoxşaxəli müstəqil siyasət Azərbaycanın beynəlxalq arenada rolu­nunnüfuzunun yüksəlməsinə, bölgə ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı etimada söykənən münasibətlərin qurulmasına və inkişafı­na münbit ortam yaradır.

 

Azərbaycan–Rusiya münasibətləri

 

Ölkəmizin Rusiya ilə yüksək səviyyəli əlaqələri var. İki ölkə prezi­denti arasında qarşılıqlı inametibara əsaslanan dostluq münasibəti forma­laşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ərazicə ən böyük ölkəsi, ümumən, ən güclü ölkələrdən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Ölkələrimiz arasında tarixən mədəni, humanitar, iqtisadi əlaqələr mövcud­dur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Yalnız bu faktlar belə Rusiya ilə münasibətlərimizin xarakteri­ni müəyyənləşdirmək üçün yetərli sayıla bilər.

 

Ölkələrimizin münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddətdə iki qonşu arasında tərəfdaşlığın mahiyyətini müəyyən edən xeyli sənəd imzalanıb:

 

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost­luqstrateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqti­sadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 01 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat.

 

Bu il ölkələrimiz arasında diplo­matik münasibətlərin yaranmasının 30-cu ildönümü tamam olur. Hazırda Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlər yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları aşaraq, 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Kənd təsərrüfatı məhsullarımızın ixracı üçün Rusiya əsas bazarlardan biridir. Təsadüfi deyil ki, 22 fevral 2022-ci il ta­rixli Moskva Bəyannaməsinin bir bəndi də aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığı ehtiva edir.

 

Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşı­lıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurur. Bəyannamənin 42 bəndi məhz bu ilk – əsas bəndin qüvvətləndirilməsinə xidmət edir.

 

Moskva Bəyannaməsinin hazır­lanması birdən-birə meydana çıxmış hadisə deyil. Prezident İlham Əliyev 2022-ci ilyeni illə bağlı xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxaca­ğının anonsunu vermişdi. Bir sözlə, Moskva Bəyannaməsi tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütöv­lüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Bu, müstəqil siyasətin aparılması üçün əlavə zəmanətdir. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də respublika­mızın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Başqa sözlə, Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Moskva Bəyannaməsi Azərbaycanı daha da gücləndirir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir nizam, konfiqurasiya formalaşdğı bəllidir. Bu yerdə, “3+3” platformasını xatırlada bilərik. Həmin platformanın ideya müəllifləri Türkiyə və Azərbaycan olsa da, bütün qonşular və yaxın-uzaq tərəfdaşlar üçün çox böyük önəm daşıyır.

 

Qafqazdakı yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit etmiş olur. 2020-ci ildə qazandığımız tarixi hərbi Zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, ölkəmizin bölgədə yaratdığı yeni gerçəkliyin tam olaraq qəbul edilməsi böyük önəm kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq ol­maq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, gücuyğun bacarıqların göstəricisidir.

 

Azərbaycanla Rusiya arasında im­zalanmış yeni bəyannamə Ermənistanın mövcud vəziyyətdən sui-istifadə imkanlarını yetərincə məhdudlaşdırır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Onu da vurğulayaq ki, rəsmi Bakı və ya rəsmi Moskva digər ölkələrlə münasibətlərində sərbəstdir və imzalanmış bəyanat Azərbaycan–Ukrayna əlaqələrinə qətiyyən xələl gətirməyəcək. Azərbaycan dost Uk­raynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir – bu barədə möv­qeyimiz tam aydındır. Prezident İlham Əliyevin Ukraynaya 14 yanvar 2022-ci il tarixli səfəri Azərbaycan –Ukrayna əlaqələrinin mövcud durumunu ifadə etmək gücündədir.

 

Respublikamız dinc gələcək əzmindədir. Ərazi bütövlüyümüzün hərbi yolla bərpa olunması məcburi tədbir idi və postmüharibə mərhələsində siyasi metodlara üstünlük verilməsi Azərbaycanın konkret seçimidir. Azərbaycan Qafqazda barışın, Xəzər hövzəsində və Avrasiya məkanında iş­birliyinin möhkəmləndirilməsi işində bö­yük uğurlar üçün birgə çalışmağa hazır və qadirdir. Bəzi maraqlı şəxslərin, si­yasi qrupların Moskva Bəyannaməsinin mahiyyətini təhrif etməsi, onun guya Azərbaycanın dövlət müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyimizə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Belə iddialar sənədin mahiyyətini dərk etməmək və ya qərəzdən irəli gəlir.

 

Qənirə PAŞAYEVA,

 

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

Xalq qəzeti 2022.- 26 fevral.- S.10.