Kəlbəcərin baş planı xoş gələcək
müjdəsidir
Biz Kəlbəcəri bir güllə atılmadan azad
etdik, öz doğma diyarımızı qaytardıq və
bu gün Kəlbəcərdə
quruculuq işləri gedir.
Mən ikinci dəfədir Kəlbəcərə
gəlirəm və bu gün
də bir çox tədbirlər
var. Kəlbəcərin infrastrukturu,
elektrik təchizatı, su
təchizatı, evlərin tikilməsi – artıq buna start verilir.
Əlbəttə ki, biz,
ilk növbədə, hərbi təyinatlı
yolları inşa etməliydik və bunu etdik. Bu
gün bu hərbi hissənin
açılması bir daha
göstərir ki, biz
istədiyimizə nail olacağıq –
Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Amansız müharibə ulu dağların qoynunda yerləşən Kəlbəcəri də əlimizdən almışdı. O uca yerlərə də həsrət qalmışdıq. Hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev kəlbəcərlilərlə görüşündə demişdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir... Biz qoymayacağıq ki, torpağımızın bir qarışı da qəsbkarların əlində qalsın”.
Elə də oldu. Ümummilli liderin layiqli davamçısı, Prezident
İlham Əliyevin böyük
sərkərdəlik məharəti, diplomatik
uğuru sayəsində digər ərazilərimiz
kimi, Kəlbəcər də qəsbkarların
əlindən alındı.
Düz 27 il yarımlıq ayrılıqdan sonra rəşadətli Azərbaycan Ordusu bizi doğma yurd yerlərimizə qovuşdurdu. 2020-ci il noyabrın 10-da imzalanan sülh müqaviləsinə əsasən, noyabrın 25-də Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldaraq öz həqiqi sahiblərinə təhvil verməyə məcbur oldular.
Bir gün
gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər!
–deyən el şairi
Sücaətin də, Məmməd Aslanın da,
Bəhmən Vətənoğlunun da
ruhları bu gün
şaddır. Artıq Kəlbəcərin üzü
gülür.
Böyük
qələbədən ilyarım vaxt ötür. Dünya qalib Azərbaycanın zəfərini də, bu zəfərin ardınca gələn bərpa-quruculuq
işlərini, Qarabağı və Şərqi Zəngəzuru
dirçəltmək əzmini də yüksək dəyərləndirir,
regionda məhz bizim
diktə etdiyimiz reallıqları qəbul
edir. Geriyə yol
yoxdur. Yalnız irəli – daha
uca zirvələrə doğru
gedirik. Üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız xüsusi yaraşıq verdiyi
o doğma zirvələrdə
inamla dalğalanır.
Arabir
sərhəd zonasında erməni silahlı qüvvələrinin
tör-töküntülərinin Azərbaycan Ordusunun
mövqelərini atıcı silahlardan istifadə etməklə
atəşə tutmaları isə revanşistlərin mənasız
əsəbiliyinin təzahürüdür. Onlar Azərbaycan
Müdafiə Nazirliyinin bölmələri
tərəfindən adekvat cavab
tədbirləri ilə dərhal susdurulur
və itki verə-verə qaçıb
gizlənirlər. Əməliyyat şəraiti bölmələrimizin
tam nəzarəti altında olmaqla, işğaldan azad edilmiş ərazilərimizin
hər qarışına sahibliyimiz birmənalı
olaraq daha da güclənib.
Azərbaycan
Prezidenti, müzəffər Ali Baş Komandan İlham
Əliyev dəfələrlə qəti surətdə bildirib
ki, heç bir təxribat bizi quruculuq yolundan döndərə
bilməz, azərbaycanlıların əzəli-əbədi
torpaqlara – Qarabağa və ona bitişik rayonlara kütləvi
qayıdışı qarşısıalınmaz prosesdir və
əbədilik olacaq. Digər rayonlarla bərabər, Kəlbəcərin
dirçəldilməsinə dövlət səviyyəsində
xüsusi önəm verilməsi dağlar diyarının əvvəlki
şöhrətini tezliklə özünə qaytarmaq,
onu beynəlxalq turizmin
gözəl məkanı kimi bərpa etmək
məramını sərgiləyir.
Ərazilərin
bərpasına verilən önəmin göstəricisidir ki,
dövlətimizin başçısı böyük qələbədən
ötən müddətdə azad edilmiş
rayonlarımıza çoxsaylı səfərlər edib. Əgər əvvəllər cənab İlham Əliyev ən əziz günlərdə
qaçqın və məcburi köçkün
soydaşlarımızın yanında olmağa
üstünlük verirdisə, indi, şanlı müharibədən sonra əlamətdar tarixləri, hətta özünün doğum
günlərini belə işğaldan azad olunmuş rayonlarda keçirir. Elə
ötən həftə Azərbaycan Silahlı Qüvvələri
Günündə yenidən o müqəddəs
yerlərdə əsgər və zabitlərimizlə görüşüb. Kəlbəcər rayonuna səfəri çərçivəsində
komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə
həsr olunmuş təntənəli mərasimdə
iştirak edib. Prezidentin oradakı çıxışı
zamanı dediyi bu
sözlər hər birimizin qəlbini qürurla döyündürüb:
“Biz bütün
dünyaya göstərdik ki,
həm ruhən, həm fiziki cəhətdən,
həm peşəkarlıq, həm döyüş
qabiliyyəti, həm də Vətənə olan
sevgi və məhəbbət nöqteyi-nəzərindən
böyük xalqıq”.
Cənab
İlham Əliyevin hərbi şəhərciyin ərazisində
uzunömürlülük rəmzi olan çinar ağacı
əkməsi, şəhidlərin xatirəsinə ucaldılan
abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət
etməsi, əslində, dünyaya bir mesaj idi ki, Qarabağ Azərbaycandır
və nida!
“Şiş
ucları buludlarla döyüşən” dağların qoynunda
bərpa layihələrinin icrasının geniş vüsət
alması əsl qeyrət məsələsidir. Sərhədlərin
yeni yaradılan hərbi hissələrlə
möhkəmləndirilməsi dinc quruculuq işlərinin güvənliyini xeyli artırıb. Bildiyimiz
kimi, hələ ötən il pilot layihələr kimi bu rayonun
arıçılıq və heyvandarlıqla məşğul
olan bir qrup sakininin doğma yurdlarına gəlişi təmin edilib və onlar öz təsərrüfatlarını yaradaraq işə başlayıblar. Yaxın perspektivin əsas hədəflərindən biri elə bölgədə aqrar
sahəni inkişaf etdirməkdir.
Buranın yaylaqları isə qoyunçuluğun
inkişafına xidmət edəcək. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin
çıxarılması və emalı sənayesinin təşkili,
xalçaçılığın genişləndirilməsi
də ölkə iqtisadiyyatına böyük
fayda gətirəcək.
Azərbaycan Prezidenti iyunun 26-da Kəlbəcər – Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Qeyd olunub ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.
Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Bildirilib ki, Kəlbəcər şəhərinin baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq, müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Heyranlıq yaradan genişəhatəli və çoxşaxəli işlərdir.
Dövlət
başçısı səfər zamanı Kəlbəcər
Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməllərini
qoyub. “Çıraq-1” Kiçik
Su Elektrik Stansiyasında
tikinti işlərinin gedişi
ilə tanış olub. Əslində, elə
bu quruculuq səylərinin
təməlində işığa, suya,
savaba canatma amalı özünü göstərir. Bütün səylər tezliklə gerçəkləşəcək
Böyük Qayıdış
missiyasına xidmət edir. Prezidentimiz tarix yazır.
Xalqımız bu məramı əməli
işlərlə həyata keçirir. Gözü götürməyənlərin isə
gözlərinə qaranlıq çökür.
Qəsbkarların
vəhşi qəbilə təfəkkürü burada hər
addımda özünü göstərir. İnsanlığa
sığmayan hərəkətlərə heç
bir izah haqq qazandırmır. Zəfər və İşğal muzeylərini layihələndirən
“ACN” şirkətinin nümayəndələri ilə
görüşündə Prezident bu barədə fikirlərini bir
daha təkrarlayıb: ”Biz
onlara qarşı heç
bir pis iş
görməmişik. Biz etnik
təmizləməyə məruz qalmışıq. Onlar bizim
torpağımıza gəldilər, hər şeyi
dağıtdılar və getmədilər. Kəlbəcəri
tərk etmək üçün onlara vaxt verəndə nə
etdilər? Evləri yandırmağa, ağacları kəsməyə
başladılar və 32 su elektrik stansiyasını dağıtdılar.
Təsəvvürünüzə gətirirsinizmi?”
Bu
gün Kəlbəcər özünün su
aydınlığına qovuşur. Burada
suların gündəlik istismar
ehtiyatının (7393 kubmetrin) 58 faizi Kəlbəcərin payına düşür. Ümumiyyətlə,
azadlığa qovuşmuş ərazilərimizdə
120-dək müxtəlif tərkibli mineral
su yataqları var. Turşsu, İstisu,
Bağırsaq, İlıqsu, Minkənd sularının
müalicəvi əhəmiyyəti böyükdür.
Onlar da bərpa olunacaq və yenidən istehsalına başlanacaq. Ulu öndər
vaxtilə bu misilsiz məkanlar
barədə özəl fikirlərini sevə-sevə bildirmişdi: ”Şuşa
hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç
vaxt biz
Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl
şəhər, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcərin o
İstisuyu.... Biz
onlarsız yaşaya bilmərik.Təsəvvür
də edə bilmərik". Budur, biz həmin doğma məkanlardayıq.
Fədakar insanlar qurub-yaradır, gözəllikləri
bacarıqla cilalayırlar.
“Kəlbəcər”
adının ilkin mənası “çay üstündə
qala”dır. “İstisu”
sanatoriyasının təməlqoyma mərasimində qeyd olunub ki,
ilk dəfə 1928-ci ildə burada eyniadlı sanatoriya tikilmiş, lakin işğal dövründə yararsız hala salınmışdı. 34 hektar
ərazidə yaradılması nəzərdə tutulan yeni “İstisu” İstirahət-Müalicə
Kompleksi gündəlik 300 nəfər qəbul
etmək imkanına malik olacaq.
Şəfa ocağının təməlini qoyduqdan
sonra Prezident İlham Əliyev çıxış edərək
bildirib ki, ötən
il burada bu dağıntılarla tanış olub və göstəriş verib
ki, İstisu qəsəbəsində
yeni mehmanxana inşa edilsin, müalicə
mərkəzi yaradılsın. Çünki
vaxtilə sovet dövründə minlərlə
insan gəlib burada
dincəlib, öz
sağlamlığını bərpa edib,
bu gözəl təbiətdən zövq alıb. Bərpa ilk
növbədə ona görə vacibdir ki,“İstisu”
sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi,
Kəlbəcərin təbii sərvətidir. Bunlarsız bərpa
işləri yarımçıq təsir
bağışlayar. Dövlət başçısı bütün infrastruktur
layihələrinin uğurla icra edildiyini
vurğulayıb. Yolların çəkilməsinin, tunellərin,
körpülərin inşasının önəmini qeyd edib, enerji
təchizatına diqqət çəkib: “Keçən il 4 su elektrik
stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik
stansiyasının istifadəyə verilməsi təmin ediləcək.
Həmin 4 stansiya artıq işləyir və
ümumi enerji gücümüzü artırır, bərpaolunan
enerji növlərinin həcminin
artırılmasına xidmət göstərir”.
Təməli
qoyulan “İstisu” mineral su zavodunda gündə 327 min, ildə
isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyi ilə bağlı isə
200 metr dərinlikdə yeni
quyu qazılıb. Çıxışda
istilik 60-65 C dərəcəyə bərabərdir
. Bulağın suyu kimyəvi tərkibi və
fiziki xüsusiyyətlərinə görə
seçilir. Laborator
analizlər göstərib ki,
mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod,
mərgümüş, fosfor, sink, mis, nikel,
maqnezium, dəmir və digər kimyəvi
maddələrlə zəngindir. Bu sudan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair
xəstəliklərin müalicəsində istifadə edilir.
Prezident
İlham Əliyev Kəlbəcərin baş planından
danışaraq deyib ki, nəzərdə tutulduğuna görə,
şəhər təbiətə sıx inteqrasiya olunacaq. Baş plan məhz bu təbii gözəlliyi ehtiva
edir. “Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə
gedəcək və ondan sonra
yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr,
ictimai yerlər artıq fəaliyyət
göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq
aşıq mərkəzi və lazım olan
digər tikililər inşa edilsin. Bu, ancaq
Kəlbəcər şəhərinin Baş
planıdır. Kəlbəcər rayonunun
inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin
yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra
edəcəyik”.
Bütövlükdə, Kəlbəcərin inkişaf konsepsiyası onun əsrarəngiz bölgəyə çevrilməsini təmin edəcək. Dövlət başçısı bu rayonda hərtərəfli iş görüldüyünü diqqətə çatdıraraq bildirib ki, buraya infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər daxildir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalayıb qurtarmaq mümkün deyil. Bu isə o deməkdir ki, biz bu torpaqların əsl sahibləriyik. Tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2022.-
2 iyul.- S.4.