Şuşa və Vaqif ucalığında ədəbi-bədii
təntənə
Vaqif Poeziya Günləri
Xəbər verdiyimiz kimi, son 2 gündə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada şəhər işğaldan azad edildikdən sonra ikinci dəfə Vaqif Poeziya Günləri keçirildi. 40 illik tarixi olan bu sənət bayramının 34 ildən sonra yarandığı məkana qayıtması bu şəhərə düşmənin vurduğu yaraların sürətlə sağaldılmasının daha bir parlaq timsalına çevrilmişdir.
Poeziya
Günləri çərçivəsində keçirilən
ilk tədbir “Qarabağ” mehmanxanasının
qarşısında təşkil olunan kitab sərgisi
olmuşdur. Ekspozisiyada 100-dən çox şair və
yazıçının əsərlərinin nəşr
nümunələri nümayiş etdirilmiş, ayrı-ayrı
yazıçıların kitablarının təqdimatı keçirilmişdir. Azərbaycan
Yazıçılar Birliyinin təşəbbüsü
ilə hazırlanmış “Qarabağ
dastanı, 30 ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş
Vaqif Poeziya Günləri
barədə “Bütün yollar
Şuşaya aparır...” kitabları sərgidə
böyük maraq doğurmuşdur.
Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar, sədrin müavini
Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi mərasimdə
çıxış edərək qeyd etmişlər ki,
Qarabağ mövzusundaki bu sərgi “Qarabağ Azərbaycandır!”
həqiqətinin bədii-sənədli təsdiqi və sənət
hesabatıdır. Bildirilmişdir ki,“Qarabağ
dastanı, 30 ilin həsrəti – 44 günün Zəfəri” kitabı Xalq yazıçısı Anarın təşəbbüsü
ilə Qələbəmizin ilk günlərindən
hazırlanmağa başlanmış, topluya
azad olunmuş Qarabağdan olan
yazarların öz rayonları haqqında
xatirə və esseləri daxil edilmişdir. Kitabda
Qarabağın tarixi, ədəbiyyatı,
musiqi adamları haqqında zəruri məlumat,
Qarabağa həsr olunmuş
şeirlər, ötənilki “Xarıbülbül” musiqi festivalı və Vaqif
poeziya bayramı barədə publisistik yazılar da yer almışdır. Azərbaycanın Vətən
müharibəsində Qələbəsinə həsr olunmuş nəşrlərin müəllifləri
sərgidə öz kitablarını təqdim
etmişlər.
Həmin
gün poeziya bayramı çərçivəsində əfsanəvi
Cıdır düzündə təşkil edilən “Əsrlərin
sədası” adlı konsert-tamaşada milli ədəbiyyatımızın
ölməz simaları Füzuli, Xəqani, Xurşidbanu Natəvan,
İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir
Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi,
Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi Azərbaycanın
görkəmli ədiblərinin obrazları
canlandırılmışdır. Musiqili
tamaşada Xalq artistləri
Gülyanaq və Gülyaz
Məmmədovalar, Samir Cəfərov,
Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət
xadimləri çıxış etmişlər.
Vaqif
poeziya bayramı ikinci gün çağdaş şairlərin
və ədiblərin çıxış etdikləri
geniş şeir-sənət məclisi ilə davam etmişdir.
Müasir ədəbiyyatımızın
tanınmış nümayəndələri və gənc qələm
sahibləri anadilli poeziyamızı xalq həyatına və ruhuna
qovuşdurmuş Vaqif
ucalığı qarşısında yaradıcılıq
hesabatı vermişlər.
Xatırladaq
ki, ümummilli lider Heydər Əliyevin iştirakı ilə
1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin
və Poeziya Evinin təntənəli
açılışı olmuşdu. Məhz
bu səfər çərçivəsində
ümummilli lider Heydər
Əliyev Vaqif Poeziya
Günlərinin keçirilməsi ilə bağlı göstəriş
vermiş və həmin ilin
iyulunda Şuşada ilk təntənəli poeziya
bayramı təşkil olunmuş və bu ənənə Qarabağ
münaqişəsi şiddətlənib, Şuşa
mühasirəyə düşənək 10 il yaşamışdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra dövlət başçısının təşəbbüsü və himayəsi ilə Vaqif Poeziya Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirilməkdədir. Şuşanın yaxın və uzaq mədəni ənənələrinin dirçəldilməsi və daha yüksək səviyyədə yaşadılması Prezident İlham Əliyevin “Heç bir qüvvə bundan sonra bizi Şuşadan, Qarabağdan ayrı sala bilməz!” hökmünün gerçəkliyini və gücünü xüsusi bir təntənə ilə təsdiqləyir.
Cənnət
Qarabağı mənfur düşmənin tapdağından
azad etdiyimiz Vətən müharibəsi Xeyirin Şər,
Haqqın Nahaq üzərində qələbəsi oldu. Bu müharibə
xalqımıza son 2 əsrdə
dünyanı məkrli yalanları ilə aldadan,
soy-kökü bilinməyən, faşizm kimi bütün dünyada lənətlənmiş
ideologiyanı dövlət siyasətinə çevirən, bayquş kimi xarabalıq axtaran bir toplum
üzərində illərdən bəri gözlədiyimiz
qələbəni qazandırdı.
1992-ci
il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda
Prezident İlham Əliyevin rəhbərliyi ilə
işğaldan azad edildi. Müzəffər
Ali Baş Komandan noyabrın 8-də gündüz
saatlarında gizli hazırlanmış və
məharətlə gerçəkləşdirilmiş Şuşa əməliyyatının uğurlu sonluğu barədə
sevincli xəbəri xalqımıza
çatdırdı. Dövlət
başçısının “Əziz Şuşa,
sən azadsan! Əziz Şuşa, biz
qayıtdıq!” müjdəsi xalqımızın 28 illik ağrılı həsrətinə son qoymaqla yanaşı,
artıq düşmənin belinin
sındırılıb onun diz çökdürülməsini də dünyaya bəyan etdi. Bəli,
Şuşa Qarabağın tacı olduğu kimi, onun azadlığı da Qarabağ uğrunda
mübarizənin finişi kimi
qəbul edildi.
Prezident
İlham Əliyev Şuşanın azad edildiyi tarixi ölkəmizdə
Zəfər Günü elan etdi. Bir il sonra Şuşada
keçirilən qələbə təntənəsində isə
dövlətimizin başçısı bildirdi:
“Bu gün biz Zəfər Gününü
Şuşada, Cıdır düzündə
qeyd edirik. Bütün Azərbaycan bu
şanlı bayramı qeyd edir.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa
etdi. Biz düşməni doğma
torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində
Azərbaycan Ermənistanın 30 il ərzində
qurduğu bütün
istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək,
Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı”.
Ermənilər
nə qədər çalışsalar da, Şuşanı
erməni şəhəri kimi təqdim edə bilməmişdilər.
Çünki bu
şəhər Azərbaycanın milli
xüsusiyyətlərini özündə cəmləşdirmişdi.
Odur ki, təxirə salınmadan Şuşanın
bərpasına başlanıldı, qısa müddət ərzində
böyük işlər görüldü.
Ən başlıcası isə, Şuşanın mədəni
həyatı özünə qaytarıldı. Qələbədən
sonrakı dövrdə çox qısa müddətdə
Şuşanı ölkənin mərkəzi hissəsi ilə
birləşdirən Zəfər yolu
çəkildi.
Xalqımızı Yeni il münasibətilə təbrik edən Ali Baş Komandan İlham Əliyev 2022-ci ili ölkədə “Şuşa ili” elan etdi: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Qələbədən sonra – yanvarın 14-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldan dövlət başçısı hərbçilərlə görüşdə çıxış edərkən dedi: “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.
Müzəffər
Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39
il əvvəl ulu öndər Heydər Əliyevin
iştirakı ilə böyük şairimiz Molla Pənah
Vaqifin məqbərəsinin açıldığı
gündə – yanvarın 14-də bu abidəni ziyarət edən
ölkə başçısı İlham Əliyevin
tapşırığına əsasən, burada təmir-bərpa
və yenidənqurma işlərinə start verildi. Şəhərə, onun tarixi-mədəni
irsinə və təbiətinə vurulmuş
zərərin təxirə salınmadan inventarizasiyası
aparıldı, bərpa işlərinə
başlanıldı. Bərpa-quruculuq işlərinin təşkilində
çevikliyi və səmərəliliyi
təmin etmək üçün Şuşada dövlət idarəetməsinə
də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə
ilk xüsusi nümayəndəsi
məhz Şuşa rayonuna
təyin edilmişdir.
Dövlət
başçısı Şuşanın işğal
ildönümü ərəfəsində – 2021-ci ilin 7
mayında isə Şuşa şəhərini Azərbaycanın
mədəniyyət paytaxtı elan etdi. Həmin
sənəddə bildirilir ki,
Şuşa şəhəri tarixən Azərbaycanın
tarixi-mədəni, ictimai-siyasi həyatının
mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində
Şuşada abidələrin qorunması,
görkəmli mədəniyyət və incəsənət
xadimlərinin xatirələrinin əbədiləşdirilməsi
istiqamətində əhəmiyyətli addımlar
atılmışdır.
Nahaq
yerə bu şəhəri Qafqazın konservatoriyası
adlandırmırlar. Ötən əsr boyu
Şuşa Azərbaycanın mədəni
həyatında çox əhəmiyyətli
rol oynayıb. Sovet
dövründə burada keçirilən respublika əhəmiyyətli mədəni tədbirlər
öz populyarlığı ilə
seçilərdi. “Xarıbülbül” musiqi
festivalına müxtəlif ölkələrdən gələn
sənət adamları bu gün
də həmin tədbiri xoş xatirələrlə
yad edirlər. Vaqif Poeziya Günləri də
yaddaşımızdan silinməyib.
Ümummilli lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” qənaətini əks etdirən vəsiyyətini şərəflə gerçəyə çevirən Prezident İlham Əliyev ulu öndərin bu şəhərə olan xüsusi sevgisi və hədsiz qayğısı ilə ərsəyə gəlmiş ənənələri də ardıcıl olaraq bərpa edir. Şəhərin azad edilməsindən sonra onun tarixi-mədəni abidələri də ardıcıl olaraq dirçəlir. Şəhərin ağır günlərində burada keçirilmiş “Xarıbülbül” festivalı yenidən Şuşaya qayıtdı. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirdi. 2021-ci il mayın 12-də və 13-də işğaldan sonra Şuşada ilk dəfə “Xarıbülbül” festivalı düzənləndi. Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu.
Şuşada keçirilən ilk “Xarıbülbül” musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başlandı. Həmin anı ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən dövlət başçısı uzun fasilədən sonra hər birimiz üçün müqəddəs olan Şuşada – Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi. Ölkə rəhbəri vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Şuşa həsrətilə yaşamışıq.
Bu
festival və ondan 2 ay 18 gün sonra təşkil olunan ilk Vaqif
poeziya bayramı xalqımızın hər bir övladına
ürəkdolusu sevinc yaşatdı, bütün ölkəmizi
xoşbəxtlik duyğuları ilə coşdurdu. Hər
birimiz üçün
xoş olan anların,
bütövlükdə, xalqımız üçün
də xoşbəxt günə çevrilməsi tarixi ədalətin təzahürü oldu. Avqustun 29-da Şuşada Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurmadan
sonra açılışı oldu. Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban
Əliyeva açılış mərasimində iştirak etdilər.
2021-ci
il 30 avqust tarixində Şuşada böyük Azərbaycan
şairi, dövlət xadimi, Qarabağ xanının vəziri
Molla Pənah Vaqifin məqbərəsinin önündə
Vaqif Poeziya Günlərinin açılışı
keçirildi. Bu sənət bayramı ölkənin həyatında
əlamətdar hadisə kimi
qarşılandı. Mərasimdə iştirak
edən Prezident İlham
Əliyev bildirdi: “Əziz dostlar,
təxminən 40 il bundan
əvvəl, bax, bu
yerdə atam durmuşdu,
mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin
açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə
Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya
Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin
açılışını biz qeyd edirik. Vaqif
Poeziya Günləri keçirilərkən
atamın 59 yaşı var idi.
Bu gün mənim 59
yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür”.
Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən
“Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və
“Yenidən doğma diyarda. Qarabağın sənət
inciləri” sərgiləri ilə də tanış oldular. Heydər Əliyev Fondu
tərəfindən Vaqif Poeziya
Günləri çərçivəsində Şuşada
“Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edildi. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini,
gözəl təbiətini, ənənələrini təcəssüm
etdirdi.
Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Şuşa öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm şəkildə qeyd olunması qayıdışımızın təntənəsinə çevrilib. Şuşada keçirilən tədbirlər Azərbaycanın dünyaya ucalan səsidir. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın orada Şuşa Bəyannaməsini imzalaması şəhərin tarixinin ən unudulmaz hadisələrindən biri olmaqla onun adını dünya siyasi tarixinə də həkk etdi.
Mədəniyyət
paytaxtımız Şuşada təşkil edilən
“Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri,
dünya azərbaycanlılarının qurultayı, parlamentin
komitə iclasları, müxtəlif beynəlxalq
görüş və konfranslar kimi nüfuzlu məclislər,
toplantılar xalqımıza məhz bu qeyrətin, bu qüdrətin
şərəfinə qurulan ümummilli təntənə
yaşadır.
Tahir AYDINOĞLU
Xalq qəzeti .- 2022.- 16 iyul.- S.10.