Azərbaycan mətbuatı daim
dövlətin diqqət və qayğısı ilə əhatə
olunur
Azərbaycan
jurnalistikası inkişaf edir
və cəmiyyətdə çox
müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən
söz azadlığı və siz jurnalistlər bunu
yaxşı bilirsiniz. Azərbaycanda minlərlə
mətbuat orqanı var ki,
qeydiyyatdan keçib
sərbəst fəaliyyət göstərir. Bu
gün Azərbaycan jurnalistikası cəmiyyəti
narahat edən problemləri üzə
çıxarır, çox dəyərli
təhlillər aparır və ümumiyyətlə, ölkəmizin
inkişafında çox müsbət rol oynayır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Biz –
mətbuat təmsilçilərinin hər biri son üç
gündə Milli Mətbuat Günü münasibətilə
yüzlərlə təbrik almışıq. Təkcə
ailə üzvlərimiz, dost-tanışlarımız, həmkarlarımız
deyil, imzamızı tanıyan çoxlu sayda
soydaşlarımız da zəng edərək
və ya sosial şəbəkə
vasitəsilə bizi təbrik edirlər.
Fikrimcə, bu, cəmiyyətin mətbuatı
diqqət mərkəzində saxladığının
göstəricisidir.
Ancaq
biz təkcə cəmiyyətin deyil, dövlətin də
daimi diqqət mərkəzindəyik. Bunu
Prezident İlham
Əliyevin media nümayəndələrinə
22 iyul 2022-ci il tarixli müraciəti də sübut
etdi. Dövlət
başçımız həmin müraciətlə həm
bizə ünvanlanan çoxsaylı təbriklərin
ən alisinə imza atdı, həm də
qalib dövləti, tarixi
qürurunu bərpa etmiş
xalqı təmsil edən mətbuatımızın
qarşısında daha böyük,
daha yeni vəzifələrin
dayandığını xatırlatdı.
Əslində,
bu fakt ulu öndər Heydər Əliyevin on illər əvvəl
təməlini qoyduğu ənənənin
yaşadılmasıdır. Hamımız bilirik ki, ümummilli
lider daim mətbuat təmsilçiləri
ilə ünsiyyətdə olur, onların
sözünü, səsini eşitməyə
xüsusi maraq göstərirdi.
Prezident İlham
Əliyev isə özünün dediyi kimi, həmişə
çalışıb və çalışır ki, jurnalistlərə öz
dəstəyini göstərsin. Onun
jurnalistlərlə çoxsaylı görüşləri, səmimi
söhbətləri də bunu göstərir.
Sosial problemlərini həll edə bilməyən
jurnalistlər üçün
binaların tikilməsi də Prezidentin həmin
siyasətinin bir təzahürüdür.
Son
otuz – qırx ildə ölkəmizdə gedən bütün
ictimai-siyasi proseslərin axarında olan sadə vətəndaş
kimi canlı şahidəm ki, Azərbaycan dövləti daim
azad mətbuatın inkişafında maraqlı olub və
inanıram ki, bundan sonra da fəal olacaq. Jurnalistlərin rahat yaşaması və sərbəst fəaliyyət
göstərməsi üçün
lazım olan bütün
şərait yaradılıb və bu
qısa yazıda onları sadalamaq istəmirəm.
Qərəz,
dövlət başçımız media nümayəndələrinə
ünvanladığı sonuncu müraciətində yazır
ki, vətənpərvərlik, yüksək milli şüur,
ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər
olunmasına layiqli töhfələr vermiş Azərbaycan
jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli,
saxta və yalan məlumatlara söykənən kampaniyaların
qlobal səviyyədə vüsət aldığı bir
şəraitdə Azərbaycanın dövlətçilik
maraqlarını uca tutmalı, vətəndaşlarımızın
dolğun və düzgün məlumat əldə etmək
hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi
naminə var gücləri ilə
çalışmalıdırlar.
Builki
Mətbuat Günü bizim üçün ona görə daha
əlamətdardır ki, müstəqillik dövrümüzdə
ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30
ilə yaxın davam edən işğalından sonra öz
peşə bayramlarını ölkəmizin mədəniyyət
paytaxtı, milli mətbuatımızın inkişafında
xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində
qeyd edirlər. Xatırladaq ki, iyulun 22-də Milli Mətbuat
Günü ilə bağlı Şuşada Beynəlxalq Media
Forumu keçirilirdi.
Dövlət başçımız məhz həmin faktı
qabardaraq yazır ki, bu ilk tədbir zəngin ənənələrə
malik Azərbaycan mediasının tarixində
əlamətdar hadisə olacaqdır.
Dövlət
başçımızın bu müraciəti əvvəlki
anoloji sənədlərdən çox fərqlənir. Çünki beynəlxalq aləmdə müşahidə etdiyimiz elmi-texniki tərəqqi
mətbuat vasitələrinin fəaliyyətinə də
özünəməxsus təsir etmişdir.
İndi jurnalistlərdən təkcə istedad, yaradıcılıq qabiliyyəti
tələb olunmur. İndi
mətbuat təmsilçisindən daha çox keyfiyyətlər – çeviklik,
operativlik, informasiya
texnologiyaları ilə işləmək bacarığı da tələb olunur.
Prezidentin
müraciətində oxuyuruq: “ Kommunikasiya vasitələrinin
transformasiya mərhələsini yaşadığı, rəqəmsal
platformaların və sosial media alətlərinin öz əhatə
dairəsini genişləndirdiyi hazırkı dövrdə
milli informasiya resurslarımızın potensialının və
qlobal informasiya şəbəkəsində mövqelərinin
gücləndirilməsi başlıca vəzifələrdən
biridir. Son illər həyata keçirilmiş
islahatlar media fəaliyyətinin
qanunvericilik bazasının təkmilləşdirilməsi,
iqtisadi əsaslarının möhkəmləndirilməsi,
jurnalistlərin sosial təminatının
yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir
dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika
sahəsində çevikliyin, peşəkarlığın
yüksəldilməsi, cəmiyyətimizi narahat
edən mənfi təzahürlərin aradan
qaldırılması, medianın beynəlxalq əlaqələrinin
genişləndirilməsi və dost
ölkələrlə birgə platformaların
yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş
əldə edilmişdir”.
Artıq 18 aydır ki, həm özümüz, həm də beynəlxalq aləmdəki tərəfdaşlarımız xüsusi bir məmnunluqla qeyd edirik ki, Azərbaycan mətbuatı 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa, dövlətə, orduya və Ali Baş Komandana sədaqətin yüksək nümunələrindən birini yaratmışdır. Cənab Prezident isə həmin məqamı bu şəkildə ifadə edir: “Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər”.
Bu sətirləri
ictimai-siyasi fəaliyyətinin bütün məqamlarında
nikbinlik nümayiş etdirməyi bacaran və həmin keyfiyyətlərinə
görə bütün hədəflərinə nail olan
dövlət başçımızın bizim
haqqımızda danışarkən də nümayiş
etdirdiyi nikbin notlarla tamamlamaq istəyirik: “Əminəm ki, Azərbaycan
jurnalistikası əldə olunmuş uğurların
inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi
və xalqımızın xoşbəxt gələcəyi
üçün bundan sonra da öz səylərini əsirgəməyəcək!”
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti $g 2022.- 23 iyul.- S.4.