Mediamız müstəqil dövlətimizin inkişaf yoluna gur işıq saçır

 

Bəşər tarixinin ən böyük kəşflərindən biri yazıdır. Məhz yazı sayəsində insanlar arasında ünsiyyət genişlənmiş, tarixi informasiyaların gələcək nəsillərə əhatəli şəkildə ötürülməsi mümkün olmuşdur. Yazı sisteminin inkişafında çap texnologiyasının meydana gəlməsi, surətçıxarma maşınlarının yaradılması çoxtirajlı kitab nəşrindən sonra dövri mətbuatın da yaranmasına imkan vermişdir. Bu baxımdan ilk qəzet-jurnalların ərsəyə gəlməsi müasir çoxyönlü, mürəkkəb informasiya yayımı şəbəkəsinin inkişafında tarixi özül olmuşdur.

Ənənəvi qəzet-jurnal buraxılışını, teleradio yayımını və internet şəbəkəsi üzərində qurulan informasiya şəbəkəsini əhatə edən müasir media fəaliyyəti hər bir xalqın sivil inkişaf göstəricilərindən biridir. Bu baxımdan, Azərbaycan xalqı­nın siyasi, ideoloji, mədəni səviyyəsinin bugünkü səviyyəyə çatmasında baş­lanğıc olmuş hadisələrdən biri 22 iyul 1875-ci ildə ana dilimizdə ilk qəzetin nəşrə başlaması olmuşdur. Böyük ictimai xadim, maarifçi ziyalı Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti cəmiyyət həyatı ilə bağlı xalqa doğru-düzgün məlumat çatdırılması kimi 147 illik uzun və şərəfli yolun başlanğıcı oldu.

Zehni məqsədli şəkildə kütləşdirilmiş, mənəvi ölü halına salınmış bir xalqın oyanışı, həqiqəti dərki üçün ilk meydan açmış “Əkinçi”nin ardınca addım-addım irəliləyən milli mətbuatımız “Kəşkül”, “Ziya”, “Şərqi-Rus”, “Həyat”, “Molla Nəsrəddin”, “Fyüzat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz” kimi nəşrlərlə həm maarifçilik işini görür, həm də milli azadlıq ideyalarının, istiqlal məfkurəsinin rüşeymlərini yaradırdı. Bu oyanış və tərəqqi “Ah unudulmuş Vətən, ah yazıq Vətən”, – deyərək sızlayan Mirzə Cəlilin, “Bizi qəflətdən oyadacaq, bizi adam edə biləcək vasitə təhsil, mətbuatdır”, – hayqıran Ömər Faiq Nemanzadənin arzusu idi.

İlk milli mətbu nəşrimiz olan “Əkinçi”nin işıq üzü görməsindən 43 il sonra Azərbaycan adına ilk müstəqil dövlətin yaranmasında və onun eyni­adlı ilk dövlət qəzetinin buraxılmasında demokratik mətbuatın yaydığı ideyala­rın və açdığı yolun rolu müstəsnadır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyətinin mətbuatda tanınan imza sahiblərinin olması bu baxımdan təsadüfi sayılmamalıdır.

Cümhuriyyətin süqutundan sonrakı sovet dövründə milli mətbuatımız ideo­loji məcraya yönləndirilsə də, XX əsrin sonlarınadək milliliyini qoruyub-saxlamış, maarifçilik funksiyasını və mütərəqqi ideyalar ruporu olmasını layiqincə yerinə yetirmişdir. Sonrakı illərdə işğal həyatı yaşayan ölkəmizin partiyalı mətbuatı məlum çərçivə üzərində fəaliyyət göstərmiş, özümüz də istəmədən sosia­lizmin psevdo təşviqatı kimi çıxış edərək təbliğat maşınına çevrilmişdi. Lakin müstəqillik ideyaları məhz bu medianın “şineli”ndən çıxaraq ictimai həyata hakim kəsilmişdir.

Müstəqillik dövrü Azərbaycan medi­asının inkişafı, üzləşdiyi çətinliklərin ara­dan qaldırılması, maddi-texniki bazası­nın yenilənməsi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha genişləndi. Senzuranın ləğvi kimi mütərəqqi qərar məhz Heydər Əliyevin iradəsi və xoş məramı ilə reallaşdı.

Ulu öndər yaxşı bilirdi ki, mü­asir dövrdə həyatımızı mediasız, mətbuatsız təsəvvür etmək çətindir. Zaman-zaman media insanların həyatını yönləndirməkdə, mənəvi tələbatını ödəməkdə misilsiz bir yük daşıyıb. Buna görə də mətbuatın inkişaf etdirilməsi və dövlət qayğısı ilə əhatə edilməsi müstəqil dövlətimizin rəhbərliyi üçün prioritet məsələlərdən biri olub. Jurnalistlərə, media qurumlarına dövlət himayəsinin yeni sistemi formalaşıb. Ölkədə müstəqil medianın ciddi maliyyə sıxıntıları yaşadığı dövrdə ulu öndər Heydər Əliyev qəzet və jurnalların dövlət nəşriyyatına olan borcunu don­durdumüvafiq yardım mexanizmi işə salındı.

 

Dövlət tərəfindən yaradılan zəruri imkanlar media nümayəndələrinin peşə vəzifələrini daha operativ, dürüst və vic­danlı şəkildə yerinə yetirmələrini təmin edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə yaratdığı bu ənənəni Prezident İlham Əliyev bu gün yeni şəraitdə, yüksək səviyyədə və yeni məzmunda davam etdirir. Jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının xoş məramı dünyada alternativi olmayan bir addım olmuşdur. Ölkə başçısının fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi bu gün milli jurnalistikanın inkişafı, yeni çağırışlar üzərində qurulması yönündə islahatları uğurla davam etdirir və problemlərin həllində səmərəli fəaliyyət göstərir. Bu gün mediamız müstəqil dövlətimizin inkişaf yoluna gur işıq saçır.

İnsanların operativ xəbər təminatçısısı olan, işini vicdan və məsuliyyətlə görən media nümayəndələri hər cür tərifə layiqdir.

COVİD–19 pandemiyasının ya­randığı ilk gündən etibarən medianın dövlətin yanında olması, tirajladığı xəbərlərlə cəmiyyətin maarifləndirməsi istiqamətində təbliğatı şübhəsiz ki, təqdirəlayiq hal oldu. Bundan başqa, şanlı Vətən müharibəsinin başlanğıcın­dan Zəfərə qədər şərəfli 44 gün ərzində mətbuatımız haqlı olduğumuzu istər ölkə daxilində, istərsə xarici ölkələrdə sübut edərək Vətənin ideoloji ordusunda özünəməxsus, yorulmaz fəaliyyəti ilə tarix yazdılar.

Mediamız fəaliyyəti ilə bir daha təsdiq etdi ki, öncə Vətəndir, onu sevmək, qorumaq borcdur, harda olmağından asılı ollmayaraq. Amma təəssüf hissi ilə qeyd edim ki, media­mızda feyk xəbər istehsalı ilə məşgul olan, qeyri-peşəkar da fəaliyyət göstərir ki, bu qüvvələr mətbuatın şöhrətinə bəzi hallarda xələl gətirir.

Azərbaycan mətbuatı bu gün tarixinin yeni mərhələsini yaşayır. Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya yayan, ölkəmizə qarşı yalanböhtan kampaniyasına qarşı savaşan, işğal faktını və faciələrimizi dünyaya yayan mətbuatımız indi azad olunan bölgələrdə abadlıq quruculuq işlərindən, Böyük Qayıdış sevincindən, beynəlxalq münasibətlərdəki diplomatik uğurlardan bəhs edir. Bir sözlə, milli mətbuatımız ölkə rəhbərinin dostu missiyasını layiqincə yerinə yetirərək Azərbaycanın yüksəlişi ilə birgə ucalır.

22 iyul həm də sözün bayramı­dır. 1875-ci ilin bu günu Həsən bəy Zərdabi bir ilkə imza ataraq sözə qəzet səhifələrində meydan verərək, təqvimin bu tarixini şərəfləndirdi. Vətən eşqiylə yanan sözünüz kəsərli və keçərli, bayra­mınız mübarək olsun, dostlar!

 

Rəşad MAHMUDOV,

 

Milli Məclisin deputatı,tibb elmləri doktoru

 

Xalq qəzeti .- 2022.- 23 iyul.- S.4.