Müdrik Nəzir babanın əhvalatları
Xalq həyatı inciləri
Qazax
mahalının Şıxlı
obasının yaylaq yerləri olan Körpülüdə yaşamış
müdrik, el qeyrəti çəkən,
düşmən qabağına
mərdanə çıxan
kişilərin həyatından
xəbər verən hikmətli hadisələr
sonrakı nəsillərin
tərbiyəsində örnək
sayılırdı, ibrətli əhvalatlar dildə-ağızda dolaşırdı.
Belə kişilərdən
biri olmuş “Nəzir baba” adı ilə tez-tez xatırlanan Nəzir Abdulla oğlu (1820-1908) barədə
oxuculara təqdim elədiyim bu 4 əhvalatı əmim Məmiş Əhməd oğlu Nəzirovun ( 1906–1984) yaddaşından
qələmə almışam
Nəzir
baba ortaboy, enlikürək, hazırcavab,
işbilən və müdrik bir kişi, əsl el ağsaqqalı imiş. İlk gəncliyindən mahalın
sayılıb-seçilən cavanlarından olduğuna
görə çox yüksək nüfuz qazanıbmış. Yaşa
dolduqdan sonra kənd camaatı arasında baş verən
narazılıqları dincliklə,
halallıqla yoluna qoyurmuş və ədalətli yanaşması
ilə çətin məsələlərə asanlıqla
aydınlıq gətirirmiş.
Obada hamı ona inanır, kimin dolaşıq işi olarmışsa gəlib ona gənəşərmiş. Ona
görə də
1885-ci ildə elin başbilənləri yığışıb
Nəzir babanı özlərinə
kəndxuda seçiblər.
Nəzir babanın ədaləti
Bir dəfə kənd çobanı otardığı
sürüdəki qoyunu
vurub öldürür.
Sahibi ödəməyi
tələb edir. Çoban razılaşmır.
Mübahisəni araşdırmaq
üçün Nəzir
babaya müraciət edirlər.
Kəndxuda Nəzir çobandan soruşur:
– Çoban, sən qoyunu nəynən vurdun. Ağacla yoxsa daşla?
– Nəzir baba, çomağımla vurdum.
– Çomağı əlində
tutub vurdun, yoxsa atdın?
– Qoyun bir az
aralıda taxıl zəmisinə girmişdi,
çomağı atıb
qaytarmaq istədim.
– Sonra o çomağı gedib götürdün, yoxsa orda qaldı?
– Əlbəttə, gedib götürdüm.
– Onda kişinin qoyununun pulunu ödəməlisən. Əgər
sonra çomağın
dalınca gedəcəydinsə
niyə atırdın?
Onda nə qoyun ölərdi, nə də sən cəriməyə düşərdin. Sən
bir çomağından
keçməmisən, bəs
bu kişi niyə o boyda qoyununu əvəzsiz qoymalıdır?
Nəzir babanın uzaqgörənliyi
Bir dəfə Nəzir babanın oğlu Əhməd qoyun sürüsü Çaqqalı
yaylağından arana
enəndə davarı
saymağa başlayır,
hesab düz olur. Aranda bir
ay sonra yenə sayanda sürüdən 30 qoyun əskik gəlir. Gəlib atası Nəzir kişiyə deyir:
– Ay ata, qoyunu
saydım sürüdən
30-u əskik gəldi.
Qonaqlara kəsiləni
çıxdım, azara
düşüb ölənləri
çıxdım, qurd-quş
aparanı da çıxdım, yenə
30 qoyun çatmır.
Nəzir baba soruşur:
– İndi nə eləmək istəyirsən,
oğul?
– Məhkəməyə verib
30 qoyunumuzu alacağam.
– Onda sabah iti
bir dəhrə götürüb Gendərə
meşəsinə get.
– Nə üçün, orda mənim nə işim var?
– Özünə zoğal ağacından yaxşı
bir çomaq kəs, düzəlt.
– Çomaq mənim nəyimə lazımdır?
– Qoyunumuzu otarmaq üçün.
– Mən çoban ha deyiləm.
Söhbətin bu yerində Nəzir baba qınayıcı baxışla
deyir:
– Ay oğul, sən
çobana əskik gələn qoyunları ödədəndə, hansı
köpək oğlu sənin sürünü otarar? Sən istəyirsən ki, el-oba sabah arxamda
töhmət eləsin
ki, Abdulla oğlu Nəzir çobana qoyun ödədib...
Ağlını başına yığ, oğul, bizi el-obaya qınaq yeri eləmə!
Nəzir babanın səxavəti
Ötən əsrin əllinci illərində Quşdanoğlu
Mustafa danışırmış:
“Keçəl təpədə
Nəzir babanın sürüsünü otarırdım.
Bir dəfə, yalan olmasın, dana boyda
bir qoç qəflətən partlamaya
düşdü. Murdar olmamaq
üçün tez kəsdik. Çoban yoldaşım “dəli”
Əskərlə qoçu
soyub təmizlədik.
Xurcuna qoyub kəndə, Nəzir babagilə gətirdim. Kişi həyətdə özünü payızın
ilıq günəşinə
verirdi. Məni görüb soruşdu:
– A Mustafa, o nədi gətirdiyin?
– Ay baba,– dedim,– bir kök
qoç ölürdü,
kəsdik. Gətirdim ki, evdə uşaqlar bişirib yesinlər. Soyub-təmizləmişik...
Nəzir baba heç soruşmadı ki, qoç niyə, nədən ölüb. Dərhal dedi:
– Ayıbdı a bala, qaytar apar,
nuşcanlıqla özünüz
yeyin. Bir də belə
hərəkət eləməyin.
Onu da bilin ki, haqqınızdan
çıxmayacağam. Amma qoyunun yerdə qalanına yaxşı baxın.
Nəzir babanın mərdliyi
Bir dəfə Çaqqalı yaylağında
Nəzir babanın qoyununu otaran çoban mürgüləyib
yatır. Sürü arxacdan yellənib
gedir. Canavar sürüdən 17 qoyunu tələf eləyir. Çobanlar qoyunların qanlı
çəmdəklərini yığıb gətirirlər.
Ələ gələnlərini itlərə verirlər, yerdə qalanını da basdırırlar.
Sürü arxaca enəndə
Nəzir baba görür
ki, çoban oturub ağlayır. Kişi ona yaxınlaşıb soruşur:
–Niyə ağlayırsan, a bala?
Çoban dinmir, Nəzir
baba yenə soruşur:
–Dillən görüm, ay oğul, niyə ağlayırsan?
Çoban ağlaya-ağlaya dillənir:
–Necə ağlamayım, ay baba, başıma
iş gəlib, bu qədər qoyunu canavar candan eləyib.
Nəzir baba çobana ürək-dirək verib deyir:
–Oğul, nə qorx, nə
də ağlayıb-sızla.
Olan yerdən ölər də, itər də. Sən qəsdən eləməmisən
ki, gecə olub, yuxu basıb.
Ya yatdın, ya öldün– fərqi yoxdu. Sizə tapşırmışam ki, gecə tək
olmayın. Biriniz yatanda
biriniz oyaq qalın. Qəzadı baş verib,
get sürünü otar,
həmişə yoldaşlı
ol. Sizdən bu ziyanlığa görə heç bir ödək-zad almayacam...
Biri insafsız bir iş görəndə,
namərdlik eləyəndə
mal-pul davası eləyəndə Nəzir
babanın bu mərdliyi yada düşürdü və
kişinin bu ürəyuyumşaqlığı, ağsaqqal nüfuzunu dünya malından üstün tutması yerindəcə misal çəkilirdi.
Mən həmişə fəxr eləmişəm
ki, belə bir kişinin nəticəsiyəm və
onun adına,
yoluna layiq olmağa çalışmışam.
Babamızın ruhuna oxunan rəhmət nəslimizi xeyirxahlığa və müdrikliyə dəyər
verməyə səsləyib.
Şəmistan NƏZİRLİ,
yazıçı-publisist
Xalq qəzeti. - 2022.- 31 iyul.- S.7.