“Azərbaycan ədəbiyyatı
tarixi”nin V cildi çapdan çıxmışdır
Yeni kitablar
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan
10 cildlik “Azərbaycan
ədəbiyyatı tarixi”nin
“Azərbaycan ədəbiyyatında
maarifçi realizm dövrü” adlı V cildi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə nəşr olunmuşdur. Cild baş redaktorun “Azərbaycanda maarifçilik
hərəkatı və
ədəbiyyatda maarifçi
realizm dövrü” adlı ön sözü və 3 fəsildən ibarətdir.
Bu barədə
qəzetimizə açıqlama verən Ədəbiyyat
İnstitutu baş direktorunun müşaviri, filologiya elmləri
doktoru Əlizadə Əsgərli bildirdi:
–Ədəbiyyatşünasların
fundamental milli nəşrlər xəzinəmizə
növbəti layiqli töhfəsi olan bu çoxcildliyin Redaksiya Şurası İsa Həbibbəyli (baş redaktor), İslam Qəribli (məsul redaktor), Şahbaz Şamıoğlu
Musayev (məsul redaktorun müavini) və Mehman Həsənlidən (məsul
katib) ibarətdir. Xatırladaq ki, realizmin ədəbiyyatımızda
əsaslı təşəkkülü
XVIII əsrə aiddir.
Erkən realizm Molla Pənah Vaqifin adı ilə bağlıdır.
Akademik İsa Həbibbəyli ön sözdə yazır ki, erkən realizmin səciyyəvi xüsusiyyəti klassik romantik lirikadan fərqli olaraq xalq həyatını, ölkə coğrafiyasını
ədəbiyyata gətirib.
Orta əsrlərin qəzəl-qəsidə şeirini
heca vəznli qoşma, gəraylı janrları əvəz edib.
Cildin
əhatə etdiyi dövrün ədəbi-mədəni
mənzərəsinə ön
sözdə aydınlıq
gətirən akademik göstərir ki, cəmiyyətdəki yeniləşmə,
milli məişətin
reallıqlarını isə
XIX əsrin maarifçi
realizmi həyata keçirib. Dövrün
aparıcı ədəbi
istiqamətini maarifçilik
hərəkatı müəyyən
edib, maarifçi ideyalar ədəbi-ictimai fikrə geniş təsir göstərib. Azadlıq mübarizəsinin
təşəkkülündə xanlıqlar dövrü maarifçi düşüncənin
qüvvətlənməsinə müəyyən şərait
yaradıb. Qərbdən
gələn maarifçi
ideyalar, ədəbi-mədəni
proses rus həyatının bütün
sahələrini hərəkətə
gətirib, oradan Azərbaycana yayılıb.
Qərb maarifçiliyinin
əsaslarını təşkil
edən feodal-monarx əxlaqı və despot mühitinə inkarçı münasibət,
maarifçi fikir və düşüncənin
müdafiəsi yeni dövr ədəbiyyatımızın
məramını, əsas
yönlərini hazırlayıb.
M.F.Axundzadənin
timsalında maarifçilik
ideyadan hərəkat səviyyəsinə çatdırılıb,
məktəbdarlıq, tərcüməçilik,
teatr və qəzetçilik sahəsində
Rusiya və Avropada alınan təhsil, Qərb maarifçiliyinə bələdlik
maarifçiliyə aid
bütün sahələrdə
böyük canlanma yaradıb. Maarifçi şeirdə məktəb, təhsil, elm, ağıl barəsində düşüncələr,
öyüd və nəsihətlər aparıcı
olub (A.Bakıxanov, S.Ə.Şirvani, Məhəmməd
Tağı Sidqinin pedaqoji-əxlaqi fəaliyyəti).
Realist-satirik ədəbiyyatın
əsası Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim
Şirvani, Baba bəy Şakir və Mirzə Baxış Nadimlə qoyulub.
Akademik
İsa Həbibbəyli
daha sonra qeyd edir ki,
XIX əsrdə maarifçilik
ədəbiyyatın təbliğinə
də meydan açıb, Bakıda (“Məcməüş-şüəra”), Naxçıvanda-Ordubadda (“Əncüməni-şüəra”),
Gəncədə (“Divani-hikmət”),
Qarabağda (“Məclisi-üns”,”Məclisi-fəramuşan”), Şamaxıda
(“Beytüs-səfa”), Lənkəranda
(Fövcül-füsəha), Qubada (“Gülüstan”) mövcud ədəbi məclislərdə ədəbiyyat
məsələləri müzakirə
olunub. Maarifçilik
əsrinin formalaşmasında
dünyəvi məktəblər
də əsaslı rol oynayıb (XIX əsrin I yarısı). Rus dili, Qərb
ədəbiyyatı, ana
dili və şəriət dərsləri
dünyəvi məktəblər
üçün səviyyəvi
olub. XIX əsrin II yarısında– mətbuat
maarifçiliyi ideyadan
hərəkatçılığa doğru yönləndirib.
Ölkə teatrı da maarifçilik hərəkatını inkişaf
etdirib (Naxçıvan,
Gəncə, Lənkəran,
Şəki və Şuşadakı teatr tamaşaları).
Kitabın
fəsilləri və onu hazırlayanlar barədə məlumat
verən müsahibimiz söylədi:
–Kitabın
I fəsli “XIX əsrin
I yarısında Azərbaycan
ədəbiyyatı” adlanır.
İcmal yazı İsa Həbibbəyli, portret-oçerklər Nadir
Məmmədov və İslam Qəribli (“Abbasqulu ağa Bakıxanov”), Zaman Əsgərli (“Mirzə Şəfi Vazeh”), Nadir Məmmədov və İsa Həbibbəyli (“Qasım
bəy Zakir”), Nadir Məmmədov
və Güldəniz Qocayeva (“İsmayıl bəy Qutqaşınlı”),
Təranə Abdullayeva
(“Heyran xanım”), Səadət Vahabova (“Kazım ağa Salik”), Raqub Kərimov (“Mirzə Baxış Nadim”), İslam Qəribli (“Mirzə İsmayıl Qasir”) və Şahbaz Musayevindir (“Baba bəy Şakir”).
II
fəslin “XIX əsrin
ikinci yarısında Azərbaycan ədəbiyyatı”
adlı icmalı İsa Həbibbəylinindir.
Portret-oçerklər: “Mirzə Fətəli Axundzadə” (N.Məmmədov,
Ş.Şamıoğlu), “Xurşidbanu
Natəvan” (İslam Qəribli), “Seyid Əzim Şirvani” (Zaman Əsgərli, Mətanət Vahidova), “Seyd Nigari” (Z.Əsgərli,
Ş.Şamıoğlu), “Nəcəf
bəy Vəzirov” (Xeyrulla Məmmədov, İslam Qəribli), “Hacıağa Fəqir Ordubadi” (İ.Həbibbəyli), “Mir Mövsüm Nəvvab” (Arzu Hacıyeva), “Fatma xanım Kəminə” (Təranə Abdullayeva), “Abdulla bəy Asi” (Nəzakət Qafqazlı), “Mirzə Ələsgər Növrəs”,
(Lütviyyə Əsgərzadə),
“İsa Sultan Şahtaxtinski” (İsa Həbibbəyli), “Məhəmməd
Tağı Sidqi” (İsa Həbibbəyli), “Əsgər ağa Gorani”dir (İslam Qəribli).
III
fəslin “Azərbaycan
milli teatrının yaradılması” icmalı
Aynur Mustafayeva, “Azərbaycan milli mətbuatının yaradılması
və inkişafı”
icmalı Şahbaz Şamıoğluna aiddir.
“Həsən bəy Zərdabi” portret-oçerki Baba Babayev, “Əkinçi qəzeti” icmalı Elmira Qasımova, “Ədəbi məclislər”
icmalı İslam Qəribli, “XIX əsr Cənubi Azərbaycan ədəbiyyatı” icmalı
İslam Qəribli,
“XIX əsr Azərbaycan
aşıq ədəbiyyatı”
icmalı Aynur Xəlilova, “XIX əsr təriqət ədəbiyyatı”
icmalı Tahirə Məmməd, “Mirzə Məhəmmədtağı
Qumri” portret-oçerki
İslam Qəribli, Ədəbiyyat siyahısı
Pərvanə Kərimova
və Solmaz Həyatovanındır. Kitabın
sonunda ingiliscə və rusca xülasələr
verilib.
“Azərbaycan ədəbiyyatı
tarixi”nin V cildi ədəbi fikir tariximizin konkret mərhələsinə ədəbi-metodoloji
baxışın praktik
göstəricisi olub
XIX əsr Azərbaycan
maarifçiliyinin elmi-nəzəri
konsepsiyasıdır.
Tahir AYDINOĞLU,
Xalq qəzeti. - 2022.- 30 iyul.- S.7.