Elm və təhsil
islahatları bu sahələrin
qarşılıqlı əlaqəsini möhkəmləndirəcək
Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında elm
və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə elm
və təhsil sahələri yeni inkişaf mərhələsinə daxil olub. Elm və təhsilin
qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi,
bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi
məqsədi daşıyan adı çəkilən sənədlə
elm sahəsində dövlət siyasətinin
və tənzimlənmənin reallaşdırılması, elmi müəssisə və təşkilatların
elmi fəaliyyətlərinin əlaqələndirilməsi,
həmçinin istiqamətləndirilməsi ilə
bağlı səlahiyyətlər Təhsil Nazirliyinə həvalə
edildiyindən həmin nazirlik Elm və Təhsil Nazirliyi
adlandırılıb. Eyni zamanda,
bu nazirliyin yanında Elm və Ali Təhsil, həmçinin
Məktəbəqədər və Ümumi
Təhsil üzrə dövlət agentlikləri
yaradılıb.
Xatırladaq ki, sözügedən fərmanla
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsasən
texniki, təbiət elmləri ilə bağlı
institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə
də, bu, akademiyanın ləğvi mənasına gəlmir. Çünki humanitar institutlar
AMEA-nın balansında qalır. Eyni
zamanda, AMEA-nın Gəncə,
Naxçıvan bölmələri, eləcə də Şəki
və Lənkəran elmi mərkəzlərinin
də öz fəaliyyətlərini bu qurumun tabeliyində davam etdirəcəkləri nəzərdə tutulur.
Onu
da qeyd edək ki, bu elm və təhsil sahəsindəki
islahatların gedişində alimlərin, elmi müəssisələrdə
çalışan işçilərin ixtisarı nəzərdə
tutulmur və qurumun yeni statusu onun yeni nizamnaməsi ilə
müəyyənləşdirilir.
Yuxarıda
vurğulananlarla əlaqədar AMEA-da prezident seçkiləri,
həqiqi və müxbir üzvlərin seçkiləri də
ənənəyə uyğun olaraq keçiriləcək. Həm
akademiyanın balansında qalan, həm də
yeni nazirliyə verilən elmi
institutlar tərəfindən bütün işlər əvvəlki qaydada davam etdiriləcək.
Yeri
gəlmişkən, fərmana əsasən Abbasqulu Ağa
Bakıxanov adına Tarix, Arxeologiya, Etnoqrafiya və
Antropologiya, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq,
Fəlsəfə və Sosiologiya, Nizami Gəncəvi adına
Ədəbiyyat, Nəsimi adına Dilçilik, Memarlıq və
İncəsənət, Məhəmməd Füzuli adına
Əlyazmalar, Folklor, Elm Tarixi, Qafqazşünaslıq
institutları, həmçinin “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana
və “Elm” Nəşriyyatı AMEA-nın tabeliyində öz
fəaliyyətlərini davam etdirir.
Fərmanla
Fizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri,
Radiasiya Problemləri, İnformasiya Texnologiyaları, Biofizika,
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri,
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi
Kimya, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası, Polimer
Materialları, Geologiya və Geofizika, Akademik Həsən
Əliyev adına Coğrafiya, Neft və Qaz, Botanika, Zoologiya,
Akademik Abdulla Qarayev adına Fiziologiya, Mikrobiologiya, Dendrologiya,
Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar,
Torpaqşünaslıq və Aqrokimya, İqtisadiyyat
institutları, eyni zamanda, Nəsrəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanası və Təbiət
Tarixi Muzeyi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərəcək.
Onu
da qeyd edək ki, AMEA-nın Naxçıvan və Gəncə
bölmələrinin tabeliyindəki elmi müəssisələr,
həmçinin Şahbuz rayonunda yerləşən Batabat
Astrofizika Rəsədxanası, Gəncə Nəbatat
Bağı, akademiyanın təsərrüfat-hesablı elmi
xidmət müəssisələri və “AMEA Yüksək
Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
AMEA-nın
Milli Azərbaycan Tarixi və Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı, habelə Hüseyn Cavidin Ev
muzeyləri əmlakları ilə birlikdə Mədəniyyət
Nazirliyinin tabeliyinə verilib.
Beləliklə,
bu proseslə respublikamızda elm və təhsilin
inteqrasiyasında yeni mərhələ başlayır.
Başqa sözlə, həyata keçirilən elm və təhsil
islahatları ölkənin davamlı inkişafını
şərtləndirir, Azərbaycanın ictimai-siyasi kataklizmlər
yolu ilə deyil, təkamül yolu ilə tərəqqi etdiyini
göstərir.
Ümumiyyətlə,
elm və təhsil sahələrində aparılan yenilənmələr,
ilk növbədə, daha sağlam prinsiplərə söykənən
idarəçiliyə əsaslanmaqla, sözügedən sahələrin
inkişafının sürətləndirilməsi və Elm və
Təhsil Nazirliyinin tabeliyinə verilən müəssisələrinin
profisitinin artırılması, müəyyən qurumların
büdcədən asılılıqlarının
azaldılması məqsədi daşıyır. Eyni zamanda, bu
islahatların əsas vəzifəsi Azərbaycanı inkişaf etmiş ölkəyə
çevirmək, elm və təhsil sahələrində
mövcud olan
nöqsanları aradan qaldırmaq, daha güclü, qüdrətli
dövlət qurmaqdır. Bu istiqamətdə məqsədyönlü siyasət
yürüdən dövlət başçısı İlham Əliyevin irəli sürdüyü
təşəbbüslər, rəhbərliyi ilə
hazırlanaraq, icrasına başlanan islahatlar Azərbaycanda sözügedən sahələrinin
inkişafına mühüm təsir
göstərir.
Burada
Azərbaycanda elmin inkişafına göstərilən
qayğı və diqqətlə bağlı bir məqamı
da xatırlatmaq istərdik. Belə ki,
ümummilli lider Heydər
Əliyevin hakimiyyəti dövründə olduğu
kimi, son 18 il ərzində də elm
və təhsilin inkişafı daim diqqətdə
saxlanılıb. Prezident İlham
Əliyev 2018-ci il aprelin
9-da cəmiyyətin inkişafında elmin
şəksiz əhəmiyyətini bir daha lazımınca dəyərləndirərək,
Azərbaycan Respublikasında “Elm Günü”nün təsis
edilməsi haqqında Sərəncam imzalayıb.
Yeri
gəlmişkən, beynəlxalq aləmdə Elm Günü
10 noyabr tarixində qeyd edilsə də, ölkəmizdə
martın 27-də keçirilir, çünki bu tarix
AMEA-nın yaradıldığı günə təsadüf
edir.
Birmənalı
olaraq Azərbaycanda elmin inkişafı prioritet kimi qəbul
edilir və həyata keçirilən bütün islahatlar
elmi cəhətdən əsaslandırılır. Hazırda müasir telekommunikasiya, sensor, “Böyük həcmli verilənlər” (Big Data) və digər rəqəmsal
və süni intellekt
texnologiyalarının, həmçinin innovasiya
və biliklərin istifadə edilməsi sosial-iqtisadi
münasibətləri daha məhsuldar və
səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən
texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi
ilə rəqəmsal məlumatların
formalaşdırılması, yığılması,
saxlanılması, işlənilməsi və analitik
təhlillər əsasında qərarvermə və idarəetmənin
keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə
də keyfiyyətli xidmətlərin göstərilməsi
üçün geniş
üfüqlər açır. Bu imkanlar erməni işğalından azad olunmuş Qarabağ ərazilərində funksional, genişmiqyaslı “Ağıllı
şəhər” (Smart City)
və “Ağıllı kənd” (Smart Village) xidmətlərinə keçid
üçün zəmin yaradır.
Bu məqamda
onu qeyd edək ki, “Azərbaycan‒2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”ə əsasən
hazırlanan “2022‒2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda elm və təhsilin inkişaf
etdirilməsi ilə qarşıdakı 5 il ərzində bir
sıra mühüm vəzifələrin
reallaşdırılması nəzərdə tutulub. Bunun
üçün elmin müxtəlif sahələri üzrə
tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü
və kreativ düşüncəli gənclərin erkən
vaxtlardan elmi araşdırmalara cəlb edilmələri, elmi tədqiqatların
rəqabətli və məqsədli maliyyələşdirilməsi
mexanizminin yaradılması, beynəlxalq impakt-faktorlu jurnallarda
çap olunan məqalələrin sayının 40 faiz
artırılması planlaşdırılıb.
Adı
çəkilən strategiyada, həmçinin tədris
prosesində və idarəetmədə İKT-nin tətbiqinin
genişləndiriləcəyi, elmi tədqiqat, texniki konstruktor
işlərinin kommersiyalaşdırılmasına dəstək
veriləcəyi də diqqət mərkəzində
saxlanılıb.
Bütün
bunlarla yanaşı, müasir dövrdə texnologiyaların
kommersiyalaşdırılması innovativ inkişafda prioritet
olduğundan tədqiqat nəticələrinin məhsula
çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda
mövcud maneələr müəyyənləşdirilərək
aradan qaldırılacaq.
İnnovasiyaların
özəl və dövlət sektorlarında tətbiqi
stimullaşdırılacaq, özəl sektor tərəfindən
İKT infrastruktur layihələrinə investisiya
qoyuluşları təşviq ediləcək. Nəticədə,
transmilli şirkətlərin ölkə ərazisində
aparılan tədqiqatlara ayırdıqları xərclər artacaq.
Startapların
bütün inkişaf mərhələləri üzrə
maliyyələşmə mexanizmləri
formalaşdırılacaq. Startaplar və
investorlar üçün
məqsədli fiskal imtiyazlar
sistemi hazırlanacaq. Zəruri sayda istedad ehtiyatı təmin
ediləcək. Nəticədə, startapların sayı ilbəil
artacaq.
Qeyd
edək ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”na əsasən elmi tədqiqat və
inkişaf layihələrinə ayrılan xərclərin
ümumi daxili məhsulda payı dünya üzrə orta səviyyəyə
çatdırılacaq. Bu məqsədlə
təhsil sistemində elmi tədqiqatlara və
inkişaf layihələrinə ayrılan
xərclər artırılacaq və rəqabətli əsasda
layihələr maliyyələşdiriləcək. Elmi tədqiqat və inkişaf
layihələrinin maliyyələşməsinə dair yeni mexanizmlər tətbiq
olunacaq.
Yuxarıda
qeyd edilənləri yekunlaşdırıb deyə bilərik
ki, Prezident İlham Əliyevin imzaladığı
sözügedən fərman elm və təhsil ictimaiyyəti
qarşısında yeni vəzifələr müəyyənləşdirib.
Sənəddə elm və təhsilin
qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi
və bu sahələrdə idarəetmənin
təkmilləşdirilməsi məqsədi ilə mühüm struktur dəyişiklikləri
yer alıb.
İstər
müasir dünyanın çağırışları, istərsə
də ölkənin yeni sosial-iqtisadi reallıqları
kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin
müasir tələblər səviyyəsində
inkişafı baxımından fərman olduqca böyük əhəmiyyətə
malikdir. Belə ki,
dünyanın inkişaf etmiş
ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata
keçirilən strategiyaların, cəmiyyətin
inkişafına təsir edən siyasi, sosial-iqtisadi, mədəni, meqalayihə və
konsepsiyaların, innovasiya ekosistemlərinin
əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən, yüksək
hazırlıqlı kadr potensialı
dayanır. Buna görə də respublikada yeni
reallığın yarandığı hazırkı şəraitdə
elmi potensialın inkişafı strateji önəm daşıyır.
Həyata
keçirilən tədbirlərin, reallaşdırılan
islahatların nəticəsidir ki, son 10 ildə sürətlə
inkişaf edərək regionun lider dövlətinə
çevrilən Azərbaycanda elmi fəaliyyət sahəsində
mühüm nailiyyətlər qazanılıb. Prezident İlham Əliyevin 22 iyul
2022-ci il tarixli sərəncamı
ilə təsdiq edilən “Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da
həmin dövrdə əldə edilən əsas nailiyyətlərdən
biri kimi, elmi fəaliyyət sahəsində mövcud uğurlar xüsusi olaraq qeyd edilib. Bu nailiyyətlər
son 5 ildə akademik nəşrlərin
sayının 80 faiz artmasında və Cənubi
Qafqaz ölkələri arasında Azərbaycanın
bu göstərici üzrə 2018-ci ildən
etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmasında
öz ifadəsini tapıb. Bundan başqa, son 4 ildə əqli
mülkiyyət sahəsində institusional
islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz
“Əqli mülkiyyətin qorunması” göstəricisi
üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu
yerə irəliləyib, yaradıcı iqtisadiyyatın
ÜDM-dəki payı 3,5 faizdən 5,3 faizə yüksəlib.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən
adıçəkilən strategiyada əksini
tapan həmin uğurlar
son 10 ildə dövlətin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan alimlərinin gərgin əməyi
və səyi hesabına gerçəkləşib.
Nəhayət, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni mühüm vəzifələr müəyyənləşdirir. Şübhəsiz ki, respublikamızın elm və təhsil sahəsində çalışan hər bir əməkdaşı həmin vəzifələrin həyata keçirilməsi üçün bütün səyini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirərək, bu mühüm dövlət siyasətinin gerçəkləşməsində daha yaxından iştirak edəcək.
Vaqif BAYRAMOV
Xalq qəzeti .- 2022.- 30 iyul.- S.1;3.