Elm və təhsil
sahəsində idarəetmənin təkmilləşdirilməsi
zamanın çağırışıdır
Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında elm və təhsil sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli
Fərmanı ölkəmizdə bu iki “qohum” sahənin sıx
inteqrasiyası, uğurların daha da artırılması baxımından mühüm əhəmiyyət
daşıyır. Vacib sənəddən
irəli gələn vəzifələrin icrası ölkəmizdə
fundamental, dəqiq və humanitar
elm sahələrinin və təhsilin tərəqqisi
amalına xidmət edəcək. Bu
addımın mütərəqqi dünya
təcrübəsinə əsaslanması, inkişaf
etmiş ölkələrdəki strukturlara analoji
yönümdə olması islahatların uğur
gətirəcəyinə inamı artırır. Elə AMEA-nın akademik və müxbir üzvlərinin, tanınmış
alimlərin şərhləri də göstərir ki, hər kəs ölkəmizdə Elm və Təhsil Nazirliyinin
yaradılmasını, bu sahələrdə
idarəetmənin təkmilləşdirilməsini olduqca zəruri addım hesab
edir.
Bildiyimiz
kimi, ölkəmizin tərəqqisində elmin, elmi-texniki
nailiyyətlərin rolu böyük olub. Dövlətin təsis
etdiyi ali elmi qurum olan
AMEA Azərbaycan elminin, onun
intellektual dəyərlərinin milli sərvətə çevrilməsində
danılmaz rol oynayıb. Hələ
1919-cu ildə Bakı Dövlət Universitetinin
yaranması ilə bu aparıcı sahənin
təməli qoyulub. Sonrakı
dönəmlərdə bu sahə daha da inkişaf
etdirilib və ölkəmizdə elmi-texniki tərəqqiyə xidmət göstərib.
21 may 2002-ci il tarixli 81 saylı qərara əsasən AMEA-da struktur dəyişikliyi
edilib ki, bu da faydalı iş əmsalını xeyli
artırıb. Akademiyanın institutları, xidmət mərkəzləri
və regional bölmələri elmi ziyalı potensialı yaradıb və
gücləndiriblər.
Azərbaycanda
təhsil sahəsinin inkişafı da daim prioritet təşkil
edib və bu yöndə əhəmiyyətli addımlar
atılıb. Bu gün
elmi dərəcə vermək statuslu bir pillə kimi magistraturanın tətbiqi onun
mütləq elmi tədqiqatla vəhdətdə
olmasını tələb edir. Buna görə də ali təhsilin
elmi araşdırmalarla paralel
və sıx əlaqəli olması vacib amildir. Belə bir
koordinasiyalı fəaliyyət, mövzuların məhz
aktuallıq baxımından düzgün
seçilməsi, prioritet istiqamətlərə
üstünlük verilməsi,
şübhəsiz ki, ölkəmizin daha parlaq gələcəyi
baxımından böyük əhəmiyyət
kəsb edir. Odur
ki, yeni fərman
zamanın tələblərinə tam cavab verən dəyərli bir
sənəddir.
Bu
günlərdə AMEA-nın Rəyasət Heyətinin
keçirdiyi iclasda tanınmış alimlərimiz Prezident fərmanından
tam razılıqlarını bildirib və sənəddən
irəli gələn vəzifələrin aydın
konturlarını müəyyənləşdirməyə
başlayıblar. Tədbirdə
vurğulanıb ki, ali
təhsil müəssisələrində pedaqoji
fəaliyyətlə məşğul olan
AMEA institutlarının əməkdaşları da bu formatda
fəaliyyətin yeni yaradılan Elm və Təhsil Nazirliyi
və Elm və Ali Təhsil
üzrə Dövlət Agentliyi ilə
qarşılıqlı əsasda aparılaraq daha
böyük fayda verəcəyinə
əmindirlər.
AMEA-nın
prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov
öz açıqlamasında AMEA-nın fəaliyyətini
davam etdirəcəyini və buraya olan diqqətin daha da
artacağını bildirib. Deyib ki, fərman ölkədə elm
və təhsilin daha sıx
inteqrasiyası, bu sahədə proseslərin
birgə aparılması cəhətdən çox
mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki,
uzun illər ərzində elm
və təhsilin inkişafında belə bir
inteqrasiyanın aparılması üçün
müəyyən hazırlıq işləri həyata keçirilirdi. Əgər bu
gün universitetlərdə elmi dərəcə verilən pillə varsa, magistrlər hazırlanırsa, mütləq
onlar elmi tədqiqatla
bağlı olmalıdır. Elmi tədqiqatlarla
əlaqənin olması üçün
isə artıq bunların vəhdət şəklində idarə
edilməsi zəruridir. “Fərmanın əhəmiyyəti təkcə
bu gün bizim verdiyimiz qiymətlə
bitmir, gələcəkdə onun qiyməti veriləcək və daha da qiymətləndiriləcək.
Çünki fərmanda yetərincə mühüm məsələlər
qarşıya qoyulub”.
Elmlə təhsilin inteqrasiyası, birgə fəaliyyət və həyati baxımdan daha faydalı araşdırmaların aparılmasını səmərəli şəkildə yönləndirəcək. AMEA respublikamız üçün elmi kadrların hazırlanmasında bundan sonra daha fəal iştirak edəcək. Bu qurumun ləğv edildiyini söyləyən, islahatların əsl mahiyyətini anlamayan bəzi şəxslərin düşündüklərinin tam əksinə olaraq, AMEA yenə də qalır, burada yeni strukturlar yaradılacaq və fəaliyyətin səmərəliliyi daha da artacaq.
Bir
faktı da xatırladaq ki, mütərəqqi fikirli elm
adamlarımız zaman-zaman bu islahatların aparılması zərurətinə
diqqəti cəlb ediblər. Bir neçə il əvvəl Azərbaycan Xarici
İşlər nazirinin müavini,
görkəmli diplomat, ADA Universitetinin
rektoru Hafiz Paşayev konkret şəkildə
Elm və Təhsil Nazirliyinin
yaradılmalı olduğunu
vurğulamışdı. Bu gün islahatların başlanması bir daha göstərir ki, ölkə rəhbərliyinin elmin və təhsilin inkişafına
qayğısı daimidir və daha böyük tərəqqi
tendensiyalarını hədəfləyir.
Görkəmli
alimlər bir məqamı da qabardaraq deyirlər ki, elm
ümumbəşəri dəyərlərə söykənməlidir.
Tutaq ki, kimya, fizika, biologiya elmləri necə milli sayıla bilər? Axı, bütün
elm sahələrində tədqiqat
və araşdırmalar
dünya praktikası ilə bir kontekstdə
götürülməsə, bir növ lokal
və bölgəvi xarakter daşıyar.
Kəşflərin önəmi
az olar.
Buna görə də “Azərbaycan Milli Elmlər Akademiyası” adı bu mənada özünü o qədər
də doğrultmurdu.
Nəhayət, aydın məsələdir
ki, Elm və Təhsil Nazirliyi bütün təhsil sistemini özündə birləşdirdiyi kimi, bütün elm sahələrini
də ehtiva etməlidir.
Bu kimi amillər
hazırda həm ictimaiyyət arasında, həm mediada, həm də sosial şəbəkələrdə
müzakirə mövzusuna
çevrilib. Bəzi istifadəçilər yanlış olaraq akademiyanın ləğv edildiyini söyləyir, onun əvvəlki kimi qalmalı olduğunu iddia edirlər. Amma onlar unudur və ya etiraf
etmək istəmirlər
ki, akademiya sahəsində müəyyən
boşluqlar mövcud idi və bu
da ciddi islahatların aparılmasını
zəruri edirdi. İslahatlar bütün sahələrdə
olduğu kimi, elm sahəsində də geniş şəkildə
həyata keçirilməlidir
ki, göstərilən
diqqət özünü
doğrultsun, ayrılan
dövlət vəsaitləri
sanballı tədqiqatların
aparılmasına sərf
olunsun.
Əlbəttə, AMEA-da görkəmli elm adamları çalışır,
öz dərin zəkaları, idrakları
ilə dövlətə,
Vətənə faydalı
işlər görürlər. Amma onu da etiraf etməliyik
ki, zaman-zaman bu elm məbədində bəzi təsadüfi adamlar da yerləşərək,
elmi tərəqqi naminə elə bir layiqli fəaliyyət
sərgiləyə bilməyiblər.
Məhz belələrinin ucbatından
akademiya bəzi hallarda bir növ
qocalaraq əldən düşmüş kimi xoşagəlməz təsir
bağışlayırdı, bu sahədə müəyyən susqunluq vardı. Halbuki, alimlərimiz durmadan
elmə, ölkəyə,
xalqa töhfə olaraq yeni kəşf
və icadlar etməli, bəşər
övladının həyatının
daha da gözəlləşməsi
naminə gecə-gündüz
çalışmalıdırlar. Qısa desək, əsas meyar məhz keyfiyyət göstəricilərinin
artırılması olmalıdır.
Bu baxımdan cənab
İlham Əliyevin yeni fərmanı ölkədə elm və
təhsilin idarəedilməsi
sahəsində mühüm
bir sosial-siyası hadisədir. Sevindirici haldır ki,
yaşlı nəsil alimlərlə bərabər,
işıqlı perspektiv
istəyən gənc
elm fədailəri də
Prezidentin bu islahat ideyasını çoxdan gözlənilən
və tam qanunauyğun
hal kimi dəyərləndirirlər. Onların da fikrincə, postsovet məkanında elmi-texniki komplekslərin, humanitar sahənin və ali təhsilin
bir sıra idarəetmə strukturları
kimi, akademiya da özünü gərəkən tərzdə
doğrultmalıdır.
...Ötən il
Sumqayıtda fəaliyyət
göstərən elmi-tədqiqat
institutlarının birində
çalışan tanınmış
bir alim məni iş yerinə dəvət etmişdi. Onunla görüşdüm, ürək ağrısı
ilə institutdakı qeyri-elmi mühit barədə söylədiklərini
dinlədim və ötəri bir baxışla da gördüm ki, elm ocağı neqativ davranışlar və nəzarətsizlik üzündən
bərbad haldadır.
Dəhlizlər kimsəsiz, otaqlar,
laboratoriyalar bağlı,
bina baxımsızdır.
“Həyəcan təbili” çalsaq da, məhəl verən yoxdur” – deyə dərdini bölüşən həmsöhbətim
bu vəziyyətin dözülməz olduğunu
təəssüflə qeyd
etmişdi. Artıq inanırıq
ki, Prezidentin yeni fərmanının icrası buna bənzər halların hökmən aradan qaldırılmasına səbəb
olacaq. Daha tətbiqi və fundamental elmlər üzrə işləri real dəyər
daşıyan alim və mütəxəssislərin
bədbinliyi yox olacaq, onların bir qismi məcburən
“beyin axını”na qoşulub xaricə üz tutmayacaq.
Fakt budur ki, postsovet dövründə
müstəqillik qazanmış
ölkələr elmin
partiyaya və sosialist ideologiyasına xidmətindən imtina etsələr də, elm sahəsinin idarəedilmə
sistemini dəyişdirə
bilməmiş, real elmi
qondarma hesabatlar hazırlamaq kimi məhdud bir nəsnəyə çevirmişdilər. Nəticədə elmlər akademiyaları saxta iyerarxik korporasiya olaraq qalırdı. Əsas maraq
elmi tədqiqatların
inkişafına deyil,
korporativ maraqları naminə öz mövcudluğunu qorumağa,
şəxsi qazanc əldə etməyə yönəldilmişdi.
Nəhayət, başlanan islahatların
AMEA-nın 2020-2025-ci illərdə
inkişaf proqramında
necə əks olunacağı məsələsi
də vacibdir. Xərcləri artırmaqmı lazım gələcək, yoxsa onları daha keyfiyyətlə idarə etmək yetərli olacaq? Bizcə, ikincisi daha
məqbul və məqsədyönlü olacaq.
Ölkəmizin elm ictimaiyyəti radikal dəyişikliklər mexanizmi
baxımından məhz
dünyada qəbul olunan təşkilati və yaradıcı atmosferin bərqərar olunmasını istəyir
və elmlə təhsildə gələcək
naminə, həyati əhəmiyyətli işgüzar
təmas nöqtələrinin
tapılacağına inanırlar. Yalnız bu
halda milli elm və təhsil islahatları irəliləyişə
təkan verəcək
və ölkəmizin
strateji prioritetləri
çərçivəsində peşəkar yetkinlik əxz edəcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti .- 2022.- 31 iyul.- S.4.