Mənəviyyatdan texnologiyaya
– texnologiyadan mənəviyyata...
May ayının 26-dan 29-dək Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı uğurla başa çatdı. Festivalın keçirilməsi ideyası, builki festivalın məhz Azərbaycanda düzənlənməsi və bütövlükdə, hər məqamı, hər günü yüksək sözlərə layiqdir. 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentləri festivalda iştirak etdilər, nitq söylədilər. Ötən il müvafiq qanuna edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən yeni adla bayram edilən 28 May, “TEKNOFEST”lə süsləndi. “TEKNOFEST Azərbaycan” dostlara qürur, sevinc, dost ola bilməyənlərə kədər yaşatdı. Builki bayram və bayramda verilən ismarıclar bir daha təsdiq və təsbit etdi ki, Azərbaycan Respublikasının dövlət siyasətinin özünəxas mütləq prioritetləri var və bu, Azərbaycanın milli maraqlarının müdafiəsini, Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsini ehtiva edir.
“TEKNOFEST”dətarixə ekskurs
Azərbaycan
Prezidentinin nitqində vurğulandığı kimi, 104 il
öncə müsəlman aləmində ilk Xalq Cümhuriyyəti
olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun
olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan
öz müstəqilliyini itirdi. Yalnız XX yüzilliyin 91-ci ilində Azərbaycanın
dövlət müstəqilliyi elan edildi və Azərbaycan xalqı 30 ildir azad yaşayır. Lakin
yalnız son iki ildə
28 Mayı da, digər bayramları da əsl bayram kimi keçirə bilirik.
44 günlük müharibədəki tarixi Zəfərimiz bayramların
dadını, adını özünə qaytarıb. 30 il öncə olduğu kimi, bu gün
də, üç onilliyin
hər dönəmində Türkiyə Azərbaycanın
yanında olub, dəstək durub, kömək edib. Azərbaycan və Türkiyənin
qarşılıqlı dəstəyi,
qardaşlığı bütün qonşu, dost və qardaşlara əvəzsiz örnəkdir. Çünki ölkələrimiz
yaxşı gündə də, çətin gündə də
bir-birinin yanında olub,
yanındadır və yanında olacaqdır. Bu isə yalnız Türkiyə və Azərbaycan
üçün faydalı olmayıb,
bütövlükdə, bölgəmizə əmin-amanlıq
bəxş edir, beynəlxalq sülhün möhkəmlənməsinə
kömək edir. Bunlar
gözəldir, keçilən yol şərəflidir,
lakin son illər,
xüsusilə, Vətən müharibəsində Türkiyənin
Azərbaycana dəstəyi əvəzsiz oldu
və müstəsna dəyərə malikdir.
Türkiyənin Azərbaycana siyasi, diplomatik, informasiya – bir sözlə, mənəvi dəstəyi həlledici
təsiri ilə qardaşlıq tarixinin
qızıl səhifəsinə düşüb.
Bəli, Türkiyə dövləti və
xalqının, şəxsən, Prezident
Ərdoğanın mənəvi dəstəyi Azərbaycan üçün əlavə güc
qaynağı oldu: “İkinci
Qarabağ müharibəsi zamanı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun
yanındadır” – deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam
verdi. Azərbaycan xalqı bunu
heç vaxt unutmayacaq!” Bu, dövlət
başçımızın “TEKNOFEST Azərbaycan”dakı
nitqində bütün dünyaya
verilən aydın ismarıcdır. Bu
ismarıc ötən illərə qədirşünaslıqla
qiymət verib, bu günü gərəyincə dəyərləndirib,
gələcəyin də yol xəritəsini
cızdı. Prezident belə dedi: “Tariximizin ən
önəmli anlarında biz bir yerdə idik.
Bakının erməni işğalından azad
edilməsinə həsr olunmuş hərbi
paradda Türkiyə və Azərbaycan əsgərləri
çiyin-çiyinə Azadlıq meydanına
çıxmışdılar. Bunun təkrarını
biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi.
Biz bir yerdə
olacağıq, gücümüz də
gündən-günə artacaq!”
Sevincdə
də, kədərdə də ortaq...
Şuşa
ilinin 28 Mayı həm də tarixi Şuşa Bəyannaməsini
imzalayaraq, münasibətlərini starteji müttəfiqlik səviyyəsinə
yüksəltmiş qardaşların ortaq bayram kimi
keçirdiyi xüsusi özəl gün oldu! İnanırıq və əminik ki,
Türkiyə və Azərbaycanın işbirliyi
bundan sonra ancaq yüksələn xətlə inkişaf edəcək.
Bəli,
həqiqətən də “Biz bir millət, iki dövlətik”!
Biz, bir-birimizin sevincini sevincimiz, kədərini kədərimiz bilirik! Ulu öndərlərimizi heç
zaman unutmur, ən əziz günlərimizdə rəhmətlə,
şükranlıqla anırıq.
Strateji müttəfiqliyimiz
özünü siyasətdə,
iqtisadi əlaqələrdə,
çox önəmli
yerli, regional və beynəlxalq infrastruktur layihələrinin həyata
keçirilməsində, mədəniyyətdə,
təhsildə, ordu quruculuğu istiqamətində,
bir sözlə, hər yerdə, hər tərəfdə göstərir: “Türkiyənin
artan gücü Azərbaycanı gücləndirir
və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.”
Şuşa Bəyannaməsi qardaşlıq bağlarımızı, işbirliyimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdı: “Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı. ...Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub”. Bu isə qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqindəndir. Qardaş ölkə lideri 2022-ci ildə Türkiyə – Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyinin də qeyd edildiyini xatırladaraq, 1915-ci ildə Çanaqqaladakı, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrindəki ortaq mübarizəmizi ürək və bilək birliyi olaraq xarakterizə etdi. O xarakteristikada ən birləşdirici sözlərin başında səmimi qardaşlıq gəlirdi: “Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq!” Hər iki liderin nitqində, əsaslı olaraq, sarsılmaz birlik vurğusu vardı. Ölkələrimizin birliyinin təzyiqlərə, təhdidlərə meydan vermədiyi ifadə olundu. Heç şübhəsiz ki, hər iki ölkə xalqı tarixi, mədəniyyəti, mədəni irsi, yaşayan dəyərləri ilə sayılıb-seçilən böyük bir mənəviyyat çinarının övladlarıdır. R.T.Ərdoğanın hər iki liderin fikrini ifadə edən bu sözləri dünyaya mesaj idi: “Harada zülm, haqsızlıq, ədalətsizlik varsa, səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik”.
4 günün 44 gün vurğusu
Beləliklə,
4 günlük “TEKNOFEST Azərbaycan”, iki həftə öncəki
Rizə – Artvin Hava yolunun açılışında
olduğu kimi, 44 günlük müharibədəki tarixi Zəfərə
bir daha vurğu etməyə, yaddaşları təzələməyə
imkan yaratdı. R.T.Ərdoğan həmin Zəfəri
millətimizin qəhrəmanlıq
dastanlarının hələlik ən son
örnəyi olaraq dəyərləndirdi:
“44 günlük Vətən müharibəsi
ağıl, texnologiya və cəsarət
bir araya gəldikdə
nələrin edilə biləcəyini bütün
dünyaya göstərmişdir”.
Müharibədə olduğu kimi, postmüharibə dönəmində də qardaş Türkiyə Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərməkdədir. Belə olmasa, dayanıqlı sülh yaranmaz, qarşılıqlı güvənin və mehriban qonşuluq bağlarının qurulması, tərəqqinin sürətlənməsi və bölgədə sabitliyin möhkəmləndirilməsi alınmaz. Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi kiməsə qarşı yönəlməyib. Yalnız özünü bizə, bizi özünə düşmən sayan, birgəyaşayışdan, mehriban qonşuluqdan nəsibini almamış, terrorçuluğu, separatizmi dövlət siyasəti bilən zehniyyət sahibləri bizim birliyimizdən narahatlıq duyarlar. Eybi yox, duysunlar... Təki dövlətlərimiz var olsun!
Qənirə
PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Xalq qəzeti .- 2022.- 4 iyun.- S.8.