Ulu
Şamaxımız 2023-cü il üçün “Türk
dünyasının turizm paytaxtı” seçilmişdir
Şamaxının çox zəngin tarixi, mədəniyyəti var. Şamaxının tarixi abidələri hər birimiz üçün çox əzizdir. Şadam ki, mənim göstərişimlə qədim Şamaxı Cümə məscidi əsaslı təmir olundu. Bu, Azərbaycanın ən qədim məscididir, müsəlman aləminin ən qədim məscidlərindən biridir. 743-cü ildə inşa edilmişdir. Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk... Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxıda “ASAN Həyat” kompleksinin açılışındakı çıxışından
5 dekabr 2019-cu il
Bəli, tarixi siması qorunaraq müasirləşdirilən Şamaxı artıq təkcə ölkəmizdə deyil, bütün türk dünyasında gəzməli, görməli, öyrənilməli və istirahət edilməli mərkəzlərdən birinə çevrilir. Bu da təsadüfi deyil. Çünki bu qədim diyarımızın tərəqqisi dövlət başçımızın daimi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2005-ci ildən bəri 15 dəfə Şamaxıda olmuşdur. 15 səfərin üçü 2019-cu ildə reallaşdırılmışdır ki, bu da həmin ilin əvvəlində baş vermiş zəlzələ ilə bağlı idi.
Fikrimcə,
bu diyarın böyük oğullarından olan Əfzələddin
Xaqaninin hələ yüz illər əvvəl
yazdığı “Şamaxı! Ey mənim sevimli
yurdum, Mən sənin qoynunda
xaniman qurdum”–
misraları bugünkü
şamaxılıların dilindən daha
qətiyyətlə səsləndirilə bilər. Çünki bu qədim
diyarımız, son illər sözün həqiqi mənasında, inkişaf edir,
çiçəklənir və burada yeni-yeni xanimanlar qurulur.
Son
zamanlar rayonun turizm potensialının gücləndirilməsi
məqsədilə kifayət qədər addımlar
atılır. Dövlət başçımızın
tapşırığına əsasən, Şamaxı şəhərinin
bütün daxili
yolları, kəndarası yolları əsaslı şəkildə
təmir edilib. Bir
neçə il qabaq
şəhərin içməli su problemi öz həllini
tapıb. İndi şamaxılılar təmiz,
Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su ilə təmin ediliblər. Rayonda
qazlaşdırmanın xüsusi çəkisi
95 faizdən yuxarıdır. Elektrik enerjisi ilə bağlı heç
bir problem yoxdur. Dövlət
başçısının tapşırığı ilə
Bakı–Şamaxı avtomobil yolu dördzolaqlı çəkilmişdir.
Bir
neçə il əvvəl burada Müalicə-Diaqnostika Mərkəzi,
Olimpiya Kompleksi inşa olunub. Şamaxı Rəsədxanası
əsaslı təmir edilib. Həm respublika
sakinləri, həm də qonaqlar üçün Şamaxı– Lahıc yolu nəinki əsaslı şəkildə təmir
olunub, Şamaxı –Dəmirçi, Dəmirçi
– Lahıc yolu yenidən çəkilib. Rayonda deyirlər ki, indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir.
Bu diyarda böyük üzümçülük ənənəsi var. Son illər geniş üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınıb. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən, ödənişli ictimai işlər yaradılır. Bütün bunların son günlər daha tez-tez gündəliyə gətirilməsi təsadüfi deyil. Məlum olduğu kimi, Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib. Bu əlamətdar hadisə ilə bağlı keçirilən tədbirlər bir-birini əvəz edir. Mayın 25-də turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə rayon mədəniyyət mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş müşavirədə biz – mətbuat təmsilçiləri də iştirak edirdik.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov həmin mühüm hadisə ilə bağlı qarşıda duran vəzifələrdən geniş söhbət açdı. Son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində rayonda aparılan abadlıq-quruculuq işlərindən, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayon iqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrinin inkişaf etdiyini bildirdi. Eləcə də, çıxış edənlərin hamısı bu etimadın doğruldulması üçün lazım olan bütün addımların atılacağını dedilər.
Xatırladaq
ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də
Özbəkistan Respublikasının Baş nazirinin müavini,
turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edərkən
də Şamaxının Türk Dövlətləri Təşkilatı
tərəfindən Türk dünyasının turizm
paytaxtı seçilməsi və təşkilata üzv
ölkələrin turizm nazirlərinin VII iclasının məhz
Şamaxıda keçirilməsinin önəminə
toxunulmuşdu. Eləcə də bu tədbirin təşkilata üzv
dövlətlər arasında turizm sahəsində
əməkdaşlığın genişləndirilməsi
işinə töhfə verəcəyinə əminlik ifadə
olunmuşdu. Özbəkistanlı nazir Şamaxıdakı tədbirdə
iştirakından məmnunluğu ifadə etmişdi.
Şamaxının
Türk dünyasının turizm paytaxtı elan edilməsi barədə
qərar Türk Dövlətləri Təşkilatının
turizm nazirlərinin 7-ci iclası və turizm üzrə
işçi qrupunun 17-ci iclasında qəbul edilib. Şamaxıda keçirilən Türk
Dövlətləri Təşkilatına üzv
ölkələrin turizm nazirlərinin
7-ci görüşündə isə bildirilib
ki, müasir İpək
yolu turizm marşrutunun inkişafı əlaqələrin
daha da möhkəmlənməsinə
xidmət edəcək. Natiqlər qeyd ediblər ki, Türk dünyası ölkələri
arasında turizm əlaqələrinin
inkişafı və turist mübadiləsinin
artırılması üçün
qarşılıqlı təbliğatın aparılması,
turistlərin statistikasında türk
dövlətlərinin payının artması vacibdir.
Türk
Dövlətləri Təşkilatına üzv
ölkələrin tarixi köklərlə
bir-birinə bağlılığı, coğrafi
yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların turizm
əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb. Bu
töhfələrin məhz bizim Vətənimizdən,
Şirvan torpağından
yayılması isə qürurla dilə gətirəcəyimiz
faktlardandır.
Mütəxəssislərin fikrincə, Şamaxının bu ada layiq görülməsi bu şəhərin “İpək yolu” üzərində yerləşən ən vacib məntəqələrdən biri olması baxımından da təqdirəlayiqdir. Bundan başqa, Şamaxının həm tarixi, həm də turizm əhəmiyyəti var, məhz bu səbəbdən, o, türk dünyasının 2023-cü il üçün turizm paytaxtı seçilib. Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Mirvahid Azimov mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə deyib: “Şamaxı şəhəri Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olub. Digər bir faktı da qeyd edim ki, qonağı olduğumuz bu şəhər tarixi və mədəni abidələri ilə də məşhurdur. Məhz bu səbəbdən də biz Şamaxını türk dövlətlərinin turizm mərkəzi seçdik. Əminəm ki, növbəti il ərzində Şamaxıda keçirəcəyimiz tədbirlər bu şəhərə olan marağı daha da artıracaq”.
Nazirlərin
Şamaxı görüşündə bizim üçün
maraqlı olan başqa bir məqam isə azad edilmiş
torpaqlarımızın böyük turizm potensialına malik
olduğunun, bu ərazilərdə Azərbaycan hökuməti
tərəfindən genişmiqyaslı quruculuq işləri
aparıldığının, tezliklə Qarabağın regional
turizm mərkəzinə çevriləcəyinin dilə gətirilməsi,
eləcə də, azad edilmiş ərazilərin bərpa
olunması dövründə üzv ölkələrlə fəal
qarşılıqlı əlaqələrin önəmi qeyd
edilib.
O ki qaldı Şamaxının turizm potensialına, qətiyyətlə deyə bilərik ki, bu diyarın turizm ünvanlarını saymaqla qurtaran deyil. “Şamaxı Ensiklopediyası”nda oxuyuruq ki, bu rayon coğrafi mövqeyinə görə ölkə turizminin inkişafı üçün ən cəlbedici məkanlardan biri hesab olunur. Şamaxı haqqında turistlər və yaxud qonaqlarda ilk təəssürat şəhərə çatanda yaranır. Belə ki, şəhərin giriş hissəsində onun qədimliyini divarlarında Böyük İpək yolunu xatırladan dəvə karvanının əksi, Qız qalasının maketi, “Koroğlu” meydanı kimi yerlər xatırladılır. Burada Şirvanşahlar dövlətinin XI–XII əsr abidəsi olan “Gülüstan” qalası maraqlı turizm obyektidir. Hazırda Şamaxıda Şirvanşahlar dövründə inşa edilən məscidlər, körpülər, hamamlar, karvansaralar, müdafiə istehkamı, “Gülüstan”, “Quşçu”, “Başıbağlı” qalaları və digər tarixi abidə və maddi mədəniyyət nümunələri mövcuddur.
Qeyd
edilir ki, Şamaxı mətbəxinin nümunələri
öz ləzizliyi, çeşidi və digər xüsusiyyətləri
ilə seçilir. Şamaxının
gündəlik və mərasim yeməkləri, qənnadı
məhsulları bu ərazidə tarixən
formalaşmış kulinariya mədəniyyətindən
xəbər verir və turistlərdə
maraq doğuran amillərdəndir.
Qonaqların
marağına səbəb ola biləcək məskənlərdən
biri də Nəsirəddin Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasıdır. Bu elmi mərkəzdə çətin
müşahidə edilən Cənub səmasının tədqiqatları
aparılır. Rəsədxananın muzeyində qiymətli eksponatlar nümayiş etdirilir.
Rayonun
istər tarixi, istərsə də coğrafi baxımdan ərazisi,
ekoloji durumu istirahət və turizm üçün olduqca əlverişlidir.
Sərin və bol sulu
bulaqları, zəngin təbii gözəlliyi, müxtəlif növ tərkibli bitki örtüyü və heyvanat
aləmi olan Ulu düzü, Bülövdaş,
Şərədil, Dədəgünəş, Qonaqkənd
meşələri xüsusilə seçilir.
Dəniz səviyyəsindən 1400-1500 metr
yüksəklikdə yerləşən Pirqulu
zonası istirahət və turizm üçün olduqca əlverişlidir.
Hazırda həmin zonada onlarca
istirahət guşəsi yaradılmışdır. Ov həvəskarları olan
turistlər üçün Ulu düzü, Bülövdaş, Xırda meşə,
Şahbəyli adlanan məkanlar ov turizminin inkişafı üçün münasib
ərazilər hesab olunur.
Burada
“Sehrli həyat”, “Qızıldaş”, “Qoşabulaq”, “Babayurd”,
“Dağlar qoynunda” və s. istirahət mərkəzləri il ərzində
ən çox qonaq qəbul edən obyektlərdir və paytaxt
sakinlərinin və idman turizmi həvəskarlarının
populyar istirahət yeri hesab olunur. Xüsusilə
atçılıq, velosiped, qış
vaxtlarında isə xizək turizminin
inkişafı üçün burada münbit şərait
vardır. Şamaxı şəhərinin mərkəzində
yerli və əcnəbi qonaqların
istirahəti və yatacağı üçün
müasir şəraitli mehmanxana
mövcuddur. Pirqulu qəsəbəsində
“Fortuna” adlı istirahət zonasında hər
cür şəraitli kotteclər var. Rayonda “Şirvan
göl”, “Zümrüd”,
“Qaya” ... restoranları fəaliyyət
göstərir.
Son vaxtlar Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə tikilmiş müasir standartlara uyğun beşulduzlu “Şamaxı Palace Platinum” mehmanxanası fəaliyyətə başlamışdır. Bu otel təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik olan mehmanxana kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar yaratmışdır. Rayondakı Turizm və İnformasiya Mərkəzinin məlumatına görə, hazırda Şamaxıda 1002 yerləşmə yeri olan 26 mehmanxana və mehmanxana tipli obyektlər var. Odur ki, son vaxtlar Şamaxıya gələn turistlərin sayı da artmağa başlamışdır.
Onu
da əlavə edək ki, bu rayonda turistlər
üçün ən vacib olan əlaqə vasitələri
ilə bağlı heç bir problem yoxdur. Artıq Şamaxıda müasir
səviyyəli optik elektronlu
NGN (Next Generation Network) şəbəkəsi
yaradılmışdır və yerli
sakinlərin də, qonaqların da müasir kommunikasiya vasitələrindən
istifadəsinə şərait vardır. Şəbəkə
həm Şamaxıdan, həm də “Aztelekom”dan idarə olunur.
Yəni Türk Dövlətləri Təşkilatı bu şəhəri turizm paytaxtı seçərkən, olduqca ədalətli və düzgün qərar qəbul etmişdir. Şirvanın paytaxtını yeni paytaxt adı alması münasibətilə təbrik edirik. İnanırıq ki, Əfzələddin Xaqaninin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, Sultan Məcid Qənizadənin, Abbas Səhhətin ... övladları, nəvə-nəticələri Şamaxını “Türk dünyasının turizm paytaxtı” elan edənlərin üzünü hər addımda ağardacaqlar.
İlqar HƏSƏNOV
Xalq qəzeti .- 2022.- 4 iyun.- S.10.