Heydər Əliyevin qurtuluş missiyası

 

Azərbaycan xalqının ümmmilli lideri Heydər Əliyevin nadir şəxsiyyəti, titanik fəaliyyəti və parlaq obrazı ümumdünya tarixi prosesləri kontekstində yanaşdıqda daha iri planda və bütün əzəməti ilə görünür. Ulu öndərin çoxşaxəli fəaliyyətində tarixin dövlətçilikdə konsentrasiya olunan böyük təcrübəsi və bütün spektrləri cəmlənib. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev beynəlxalq aləmdə siyasi gedişatı, sadəcə, kənardan izləyib, ona mexaniki şəkildə “uyğunlaşdırılmış” addımlar atan adi siyasətçilərdən deyil, rəhbərlik etdiyi ölkəni qlobal siyasi inkişafın dinamikasına qoşan, onun hərəkətverici qüvvəsinə çevirən yaradıcı siyasətçilərdən biridir.

Azərbaycan Heydər Əliyev kimi dövlət dahisini yetirən torpaq, təməl mənəviyyat, enerji mənbəyi, Heydər Əliyevi isə bu torpağı Vətənə, mənəvi-siyasi tama çevirən Şəxsiyyətdir.

Heydər Əliyev şəxsiyyəti ilə Azərbaycanın müstəqilliyi arasın­da ona görə birbaşa əlaqə var ki, Azərbaycan da, onun Qurucusu da azadlıqsevərdir, milli və ümumbəşəri dəyərlərin harmoniyasını yaratma­ğın güclü potensiyasına və iradəsinə malikdir. Azərbaycanın ümummilli liderini yetişdirən tarixi və çağdaş mühitin panoramını, amillər toplusu­nu, Qurtuluş Gününün yaddaşımız­da oyandırdığı, təqribən, otuz illik bir zamanı göz önünə gətirdikcə bu həqiqətin təkzibedilməz olduğunu yəqin edirik.

Azərbaycana rəhbərlik etmiş adamlardan heç biri, Azərbaycanda gedən tarixi-siyasi proseslərin mahiyyətini etnik-mədəni sistemin formalaşma qanunauyğunluqlarını və prinsiplərini Heydər Əliyev qədər dərindən duya və bu sahədə, bu təməl üzərində ideologiya yarada bilməyib. Ulu öndər deyirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə bağlıdır.” Bu milli ideologiya azərbaycançılıqdır. Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurulta­yındakı tarixi nitqində birmənalı şəkildə bəyan etmişdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ide­yası azərbaycançılıqdır.” Heç kim də azərbaycançılıq ideologiyasını Heydər Əliyev qədər dərindən əsaslandıra bilməyib. Ona görə ki, bu ideologiyanın arxasında Heydər Əliyevin qüdrətli şəxsiyyəti, nüfu­zu, təcrübəsi, xalqın onun sözünə, əqidəsinə, mövqeyinə inamı, etibarı dayanır. Azərbaycançılıq ideologi­yasının Lider-Simvolu elə Heydər Əliyevin özüdür!

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bir də ondadır ki, o öz siyasi fəaliyyətində planetin tarixində çox dərin iz qoymuş, bu tarixin inkişafında yönəldici təsirlər göstərmiş türklərin klas­sik dövlətçilik ənənələri ilə onla­rın bir hissəsinin məskunlaşdığı Azərbaycandakı dövlətçilik dəyərlərini birləşdirə bilmişdir. Heydər Əliyevin siyasi portretində əsas cizgi, yəqin ki, belədir: onun xarakterindəki ümumtürkçülüklə azərbaycançılığın, örnəkçiliklə çağdaşlığın, bəşəriyyətçiliklə milliliyin, dünyəviliklə yurdçulu­ğun, demokratikliklə varisçiliyin, yenilikçiliklə gələnəkçiliyin vəhdəti.

Dövlətçilik ənənəsinin XX əsrə qədərki iki yüz ildə zəifləməsinin, hətta müəyyən mənada itirilməsinin nəticəsi idi ki, türk xalqlarının böyük əksəriyyəti ayrı-ayrı dövlətlərin, əsasən, Rusiya imperiyasının tərkibinə qatılmışdı. Ümumdünya türkçülük hərəkatının XIX əsrin sonu - XX əsrin əvvəllərindən doğuluşu və özünə birlik üçün ideoloji əsaslar yaratmasının səbəblərindən başlı­cası da bu tənəzzül və ondan doğan qeyrət, heysiyyət oyanışı idi.

Heydər Əliyevin şəxsiyyətində Böyük Türklüyün formalaşması­nın kökləri olduqca dərindir: hər şeydən öncə, o, klassik Azərbaycan dövlətçiliyinin ana yurdu Naxçıvanda doğulmuşdu. Naxçıvanın sərt təbiəti, ötən əsrin otuzuncu illərinin ağır çağları, ermənilərlə hələ o vaxtdan başlayan münasibətlərin ölüm-dirim gərginliyi onun xarakterini möhkəməndirmiş, ən çətin sınaqlara dözüm, ən mürəkkəb vəziyyətlərdən çıxış yolu tapma cəsarəti yaratmış­dı. Uşaqlıq və ilk gənclik illərinə təsadüf edən dövrdə hələ tamam kökü kəsilməmiş, çətinliklə də olsa, sızıb özünü bu və ya digər formada təzahür etdirən türkçü-azərbaycançı müqavimət həmin dövrün ayıq gəncliyinin, o cümlədən Heydər Əliyevin milli ruhda formalaşmasın­da mühüm rol oynamışdı.

Ötən əsrin otuz-qırxıncı illərinin fırtınalı hadisələrinin, sosializm quru­culuğunun ümumi axarında Heydər Əliyev taleyin məhz onun üçün ayır­dığı yeri axtarırdı. Böyük siyasətin uvertürası – onun nəzəriyyəsini praktikası ilə bir yerdə öyrənməklə – dövlət təhlükəsizliyi orqanlarındakı işlə və buradakı tədrici və qətiyyətli yüksəlişlə başladı. Təsadüfi deyil ki, Heydər Əliyev məhz buradan – dövlət təhlükəsizliyi orqanlarından Azərbaycan rəhbərliyinə yüksəlib. Dövlət təhlükəsizliyi orqanlarının fəaliyyəti 1930-60-cı illərdə Sovet İttifaqının və onun tərkibindəki Azərbaycan Respublikasının nəinki bütün siyasi həyatının, ümumiyyətlə onun bir dövlət kimi mövcudluğunun ilkin şərti idi. Heydər Əliyev də məhz bu çətin və məsuliyyətli fəaliyyətin müstəsna peşəkarlarından idi.

Heç şübhəsiz, o belə bir təcrübəni qazanmasaydı, “So­vet Azərbaycanı”nın içərisindən “milli Azərbaycan Respublikasını” yetişdirə bilməzdi. O respublikanı ki, müstəqillik dövründə məhz Heydər Əliyevin siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan su­veren dövlətçiliyin təkamül prosesini başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz seçilən yerini tutdu. Qurtuluş missiyası isə Azərbaycanın keçmişi ilə müasirli­yini ayırmadı, əksinə, birləşdirərək bütövləşdirdi!

XX əsrin əlli-altmışıncı illəri – Heydər Əliyevin dövləti idarəetmə məharətinin formalaşmasında həlledici rol oynamış bir mərhələ kimi xarakterizə edilməlidir. Çün­ki, məhz bu illərdə respublika rəhbərliyində yüksəlişi, etimad qazanması Heydər Əliyevə im­kan verirdi ki, sovet dövlətçiliyinin genezisinə, mürəkkəb, ierarxik strukturuna, üstünlük və boşaraq­lığına, praktikasının incəliklərinə bələd olsun. Heydər Əliyev bu zaman həm də SSRİ ilə rəqabətdə olan dünyanın böyük dövlətlərinin təcrübəsini öyrənir, ikiqütblü dünya­nın perspektivlərini düşünür, gələcək qlobal kataklizmləri analiz edirdi. Onun bu dövrdəki fəaliyyətinin Azərbaycan miqyasına sığmadığı getdikcə daha çox bəlli olurdu.

SSRİ-nin tərəqqi etdiyi, beynəlmiləlçilik ruhunun ən yüksək olduğu çağlarda belə türk mənşəli dövlət adamlarının ölkənin ali siyasi hakimiyyətində təmsil olunması nə qədər çətin idisə də, onların həmin mövqedən türk respublikalarının milli mənafeləri xeyrinə çalışmaları, demək olar, qeyri-mümkün idi ki, bu qeyri-mümkünlüyü mümkün edən yalnız siyasət dahisi Heydər Əliyev idi. Ancaq bu mövqeyə yüksəlmək üçün ilk öncə Azərbaycanda birinci olmaq lazım idi. Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən bir neçə il sonra respublikamızın iqtisadi, ictimai-siyasi, mədəniyyət tarixində yeni bir dövr – hərtərəfli milli inkişaf dövrü başladı. Hər bir azərbaycanlıda qürur doğuran bu tarixi mərhələ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəqiq qiymətləndirdiyi kimi, “Azərbaycanın intibah dövrü” olaraq tarixləşdi.

Fəqət, Azərbaycanın Rusiya imperiyasına qatıldığı vaxtdan ardı­cıl olaraq yeridilən türksüzləşdirmə siyasəti nəticəsində ölkəmizin nəinki ərazisinə, həm də idarəetmə orqanlarına yerləşdirilən ermənilər xüsusilə XX əsrin birinci yarısında Azərbaycan SSR-də bir sıra mühüm vəzifələri ələ keçirib Azərbaycan xalqının gələcək taleyinə təsir göstərmək, onun milli dövlətçilik hisslərini boğmaq üçün əllərindən gələni edirdilər. Azərbaycanı bir milli dövlət olaraq məhvə doğru aparan bu təhlükəli siyasətə qarşı durmaq, onu neytrallaşdırmaq nə qədər çətin olsa da, Heydər Əliyev buna tarixi şəraitin verdiyi maksimum imkan daxilində çalışırdı.

Heydər Əliyevin sovet dövründə ali məqsəd və məramı Azərbaycanı təkcə müttəfiq respublika kimi möhkəmlətmək deyildi. O, həm də, sanki, gələcəyi öncədən görərək və sonrakı hadisələrin gedişi­ni modelləşdirərək, Azərbaycan dövlətçiliyinin müstəqil mövcudluq şəraitində fəaliyyət göstərməsi üçün ilkin zəmin yaradırdı. Buna görə də onun planlarından birincisi – milli şüur intibahının “çarx­larını” hərəkətə gətirməkdən ibarət idi. Bu zaman ilk dəfə olaraq milli dövlətçilik təfəkkürü olan kadrlar ali hakimiyyət orqanlarında yerləşdirildi. Altmış-səksəninci illərin tarixi situasiyasında köklü dəyişmələr məhz Heydər Əliyevin məqsədyönlü siyasi iradəsi ilə baş verir və dəqiq məqsədlərlə istiqamətləndirilirdi.

Heydər Əliyevin SSRİ rəhbərliyinə yüksələnədək böyük tarixi əhəmiyyət daşıyan çoxşaxəli fəaliyyətinin əsas konturları və başlıca məqsədləri artıq bu ərəfədə müəyyənləşmişdi. Həmin onilliklərdə Heydər Əliyev SSRİ dövlətinin rəhbəri, Sov.İKP MK-nın baş katibi L.İ.Brejnevin xüsusi rəğbət və etimadını qazanaraq və bundan Azərbaycan SSR-nin tərəqqisi üçün məharətlə istifadə edərək özünə daha geniş fəaliyyət üçün şərait və perspektiv açır. Müqayisəli siyasi analitikadan belə bir mühüm nəticə çıxarmaq mümkündür ki, İ.V.Stalindən sonra Sovet İttifaqı rəhbərlərindən heç birisi Heydər Əliyev səviyyəsində deyildi. Onun o vaxtkı birinci rəhbərlərdən üstünlüyü isə açıq-aşkar sezilirdi. Sadəcə olaraq, “yazılmamış qanunlara görə”, türk əsilli azərbaycanlının Sovet Sosialist Respublikaları İttifaqına rəhbərlik etməsi mümkün deyildi. Ancaq SSRİ ali hakimiyyətinə yüksəlmək Heydər Əliyevə müyəssər oldu. Bu yüksəliş tamamilə qanunauyğun, məntiqi olduğu qədər də qarşısıalınmaz idi...

Sov.İKP MK-nın Siyasi Büro­sunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin siyasi portretinin əzəməti onun SSRİ ali hakimiyyətindəki fəaliyyətinin intəhasız miqyasın­da daha parlaq görünür. Artıq bu mərhələ – Heydər Əliyevin böyük quruculuq dövrüdür. M.Qorbaçov Sovet İttifaqında böhran situasiyası yaradana, siyasi kursu ölkəni da­ğıtmaq həddinədək dəyişənə qədər Heydər Əliyev quruculuğu ittifaq miqyasında davam edir.

O zaman ölkə rəhbərliyində daha iki türk vardı – Dinmühəmməd Kunayev (qazax) və Şərəf Rəşidov (özbək). Ancaq onlar Heydər Əliyev nüfuzunda deyildilər. Heydər Əliyevin Azərbaycan dayağı vardı və Avrasiya bütövlüyünü simvolizə edən yeganə siyasi xadim idi. Həm də ruslar da daxil olmaqla, bütün SSRİ xalqları Heydər Əliyevə dərin etimad bəsləyirdilər. Heydər Əliyevi zirvəyə qalxdığı məqamlarda daha yaxından tanıyırdıq, doğmalı­ğını daha dərindən hiss edirdik. Bu şəxsiyyət yüksəldikcə, onun xalqla, torpaqla, vətənlə bağlılığı daha ay­dın cizgiləri, gerçəkliyi ilə görünürdü.

Heydər Əliyev bu zaman həm də dünya şöhrətli dövlət adamı kimi nüfuz qazanmaqla öz siyasi karyerasının zirvəsinə çataraq bu böyük dövlətin idarə olunmasın­da birinci şəxsə çevrilməyin bir addımlığında idi. Buna görə də M.Qorbaçov üçün ən böyük rəqib o zaman məhz Heydər Əliyev idi. “Çernenkodan sonra kimin Baş katib olacağı məsələsi ortaya çıxanda Qərb mətbuatı, təbii olaraq, Heydər Əliyevin namizədliyi üzərində da­yanırdı. Qəzetlər yazırdılar: “Onun üçün maneə ola biləcək bir şey varsa, o da rus olmamasıdır.”

Heydər Əliyev özü isə sonra­lar Qorbaçovsayaq diskrimina­siyaya səbəb olan bu məsələni belə xatırlayacaqdı: “Mən Siyasi Büronun tərkibində milliyyətcə rus olmayan yeganə adam idim”. Sovet İttifaqında siyasi hakimiyyət böhranının ən qızğın çağında – seçim-bifurkasiya anında həlledici “tarixi səhv” buraxıldı. Daxili və xarici amillərlə şərtlənən və Qorba­çovla düyünlənən SSRİ-nin süqutu qaçılmaz oldu. Heydər Əliyevin “vurulması” ilə Azərbaycanın “vurul­ması”, sanki, eyni ssenari üzrə baş verdi. Ulu öndər sonralar o dönəmi belə dəyərləndirmişdi: “Sovetlər İttifaqında federativ dövlət quruluşu vardı... Qorbaçov isə respublika­ların hüquqlarını tapdalamağa, milli ləyaqəti təhqir etməyə, buna etinasız yanaşmağa başladı ki, bu da münaqişəyə gətirib çıxardı... Mən tutduğum vəzifədən uzaqlaşdırılma­lıydım, çünki Qarabağ münaqişəsini başlamaq lazım idi”.

 

SSRİ-nin dağılmasının “uver­türası” olan “Miatsum” (Qara­bağın Azərbaycandan qoparılıb zorla Ermənistana birləşdirilməsi iddiası ilə çıxış edən erməni hərəkatı) başladılanda, faktiki olaraq, Azərbaycanın parçalanması siyasətinə rəvac veriləndə isə artıq Azərbaycan nə etdiyini bilməyən oyuncaq bir rejimin əlində tamamilə çaşdırılaraq müdafiəsiz qalmış­dı. Ən böyük faciə isə bu idi ki, Azərbaycan onu dünya miqyasında bir siyasi şəxsiyyət olaraq müdafiə edə bilən Heydər Əliyev kimi bir da­yaqdan məhrum edilmək aqibətinə sürüklənmişdi.

Uzun müddət SSRİ-ni unitar dövlət şəklində saxlamaq, avtoritar rejim üsulunda idarə etmək onsuz da mümkün deyildi. M.Qorbaçovun qurama yenidənqurması ölkəni yeniləşdirməyin ən uğursuz varian­tı, labüd fiaskoya aparan yolu idi. Ölkəni əvvəlcə böhrana, sonra isə süquta sürükləyən bu tendensiyaya qarşı Heydər Əliyev daha çox ona görə mübarizə aparmağa başlamış­dı ki, bu çöküşün xarabalıqları altın­da Azərbaycan, digər türk respubli­kaları qala bilərdi. O, var qüvvəsi ilə Vətənini bu ümumdünya miqyaslı uçqundan saqındırmağa çalışırdı.

Biz zirvədə olduğu kimi: Heydər Əliyevi ən çətin günlərində də ən müdrik insan kimi, sındırılan çağla­rında ən mətin, əyilməz şəxsiyyət kimi, bütün hakimiyyət dəstəyi əlindən alınan zamanda ən mübariz və qüvvətli mücahid kimi görürük.

Qorbaçov onu ali hakimiyyətdən endirir. Amma Heydər Əliyevin enişi onun yüksəlişinə, Qorbaçovunsa enişinə səbəb və təməl olur. Qorba­çov böyük bir ölkəni dağıdan oyun­caq fiqur, katalizator kimi, Heydər Əliyevsə – dağılmaq, məhv olmaq təhlükəsi ilə üzbəüz qalmış ölkəni – Azərbaycan Vətənini yenidən quran, özü də müstəqil dövlət kimi quran siyasətçi kimi tarixə düşür. Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyəti bu­dur! Çünki Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən heç birinin si­yasi taleyi Heydər Əliyev kimi uğurlu olmadı. Onların heç birinin siyasi irsi və kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi – Heydər Əliyevdən başqa!

Dünya proseslərinin mahiyyətini düzgün qiymətləndirən Heydər Əliyev 1993-cü ildən başladığı Böyük yolun “ikinci nəfəsini” açdı, yeni, müstəqil Azərbaycan dövlətinin banisi olaraq, bu dövlətin strategi­yasını həmin proseslərin ən aparıcı tendensiyalarını özündə ehtiva edən siyasi xəttin önəmli cinahına çevirdi. Məhz bu dövrdən başlayaraq, milli və qlobal mənafelərin harmoniyası Azərbaycan siyasətinin humanist mahiyyətini təsdiq edən bir uğurlu istiqamət kimi müəyyənləşdi.

Azərbaycanın bugünkü inki­şafı – ölkəmizin Heydər Əliyev tərəfindən intixab edilmiş yolunun nə qədər doğru olduğunu sübut edir. Bəşəriyyətin tarixi həyatının bu yeni mərhələsində Azərbaycan kimi ulu bir dövləti idarə etməyin böyük missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna dönməz sadiqliklə və şərəflə yerinə yetirir. Qazanılmış uğurların qaynağı, şübhəsiz, bu böyük yola sədaqətdə və onu yaradıcı şəkildə inkişaf etdirməkdədir.

Dövlət başçısı İlham Əliyev qalib Azərbaycan xalqının bu seçimindəki siyasi qətiyyəti – onun milli xarak­terinin möhkəmliyi və uzaqgörənliyi ilə əlaqələndirir: “Mən çox şadam və qürur hissi keçirirəm ki, biz – Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, onun kimi, Heydər Əliyev kimi, öz siyasətimizi xalqın inamına arxala­naraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir.

Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, mil­li ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı da – azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur. Biz bu möhkəm zəmin üzərində müasir dövlət qururuq. O dövlət ki, artıq dünyada özünəlayiq yerini tuta bildi, o dövlət ki, öz hesa­bına yaşayır, müstəqil həyat sürür və dövlət müstəqilliyini hər şeydən üstün tutur.”

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ zəfərindən sonrakı inkişafının da büsbütün yeni strategiyasının yaradıcısı kimi, həm də ulu öndərimiz Heydər Əliyevdən sonra ilk dəfə olaraq, həmin ideoloji sütunu möhkəmlədərək, ümummilli enerjini bu inkişafın baş məqsədlərinə yönəldə və idarə edə bilir. Bu gün biz tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda siyasi proseslərin idarə olunma­sının İlham Əliyev yolu var. Həm ölkə daxilində, həm də qlobal siyasi məkanda hamının hesablaşdığı bu yol Azərbaycanın inkişaf siyasətidir, onun vətəndaşlarını fəallaşdıraraq, onları güclü iqtisadiyyata, sənayeyə, kənd təsərrüfatına, elm, təhsil və modern texnologiyaya malik bir dövlətin fərəhli quruculuq amalında və işində birləşdirmək xəttidir. Böyük Qurtuluşun açdığı uğurlu və inamlı yol məhz bu hədəfə yönəlib.

 

Rahid ULUSEL,

 

AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü

 

Xalq qəzeti .- 2022.- 11 iyun.- S.4.