Ulu öndər
hakimiyyətə tarixi
qayıdışı ilə böyük
xilaskarlıq missiyasını yerinə yetirdi
İyirmi doqquz il əvvəl
doğma xalqına güvənərək
böyük bir qətiyyətlə
hakimiyyətə qayıtmış ulu
öndər sonrakı dövrdə dövlət və millət
naminə misilsiz fəaliyyətində bu ideala daim
sadiq qalmış və nail
olduğu sabit inkişaf relsləri üzərində Azərbaycanı
inamla irəli aparmışdır. Unudulmaz dahi şəxsiyyətin
parlaq tərcümeyi-halı göstərir
ki, xalqların müqəddəratında
böyük cəsarət sahibi
olan müdrik rəhbərlər
mühüm rol
oynayırlar. Azərbaycanda qurtuluş
epopeyasının baş qəhrəmanı
Heydər Əliyevin varlığı Ulu
Tanrının bəxş etdiyi böyük lütf olmuşdur.
Heydər
Əliyev hələ sovet dönəmində respublikamıza rəhbərlik
etdiyi illərdə azərbaycançılıq
ideologiyasını əsas milli-siyasi konsepsiyaya çevirməyə
nail olmuşdu. O dövrün
totalitar rejiminin sərt
tələblərinə baxmayaraq, Azərbaycanda
güclü sosial ədaləti
və demokratik düşüncə tərzini
bərqərar etmiş, özəl bir uzaqgörənliklə xalqımızı
gələcək müstəqillik dövrünə
hazırlaya bilmişdi.
Ulu
öndər özünün liderlik məramını belə
ifadə etmişdir: “İstər bir azərbaycanlı, Azərbaycan
Respublikasının vətəndaşı, istərsə də
onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım
yalnız sizə – bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur”.
Azərbaycanın
bayramlar təqviminə “Qurtuluş Günü” kimi daxil olan 15
İyun tale yaddaşımızın ən önəmli səhifələrindən
biridir. Böyük ictimai, siyasi
əhəmiyyətə malik olan bu bayramı bizə
dövlət müstəqilliyimizin qorunub-saxlanmasında,
möhkəmlənməsində, inkişafında müstəsna
rol oynayan, daim xalqına arxalanan Heydər
Əliyev bəxş edib. 1997-ci ildən
etibarən parlamentin qərarı ilə “Qurtuluş Günü”rəsmi bayram
kimi qeyd edilir.
Ötən
əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi
tarixi bir fürsət əldə edən Azərbaycan qısa
vaxtdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi.
Ölkədə hakimiyyət
böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə
çatdı, xaos və anarxiya
baş alıb getdi.
Vətəndaş müharibəsi dərəcəsinə
çatmış qarşıdurma dövlət müstəqilliyimizi,
milli varlığımızı birbaşa hədəfə aldı. Bütün bunlar həmin
dövrdə gənc müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, “küçə
demokratiyası dərsi” keçmiş siyasi ambisiyalı şəxslərin rəhbərlik
etməsinə görə baş verirdi. Hadisələri düzgün
qiymətləndirə bilməyən o
vaxtkı təsadüfi iqtidar təmsilçiləri
baş vermiş
proseslərdən düzgün nəticə
çıxara bilmir, əhali arasında
gündən-günə nüfuzunu itirirdi.
Ulu
öndər müstəqilliyimizin həmin etibarsız təməl
mərhələsini belə xarakterizə edib: “Azərbaycan
böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil
yaşamasının əleyhinə olan həm
daxildəki qüvvələr güclü
idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin
təbii sərvətlərə malik olan ölkənin tam
müstəqil olması başqa ölkələrdə
bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana
etdiyi təcavüz və bunun
nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə
uğraması, ikinci tərəfdən də
daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə
gəlmiş qüvvələri bir ildən
sonra hakimiyyətdən saldı, xalq özü
saldı”.
Qarabağın
Ermənistan silahlı qüvvələri tərəfindən
davamlı işğalı, getdikcə gərginləşən
siyasi vəziyyət, əhalinin gündən-günə
ağırlaşan sosial rifahı ölkəni bu bəlalardan
xilas edə biləcək, xalqı öz arxasınca
aparmağa qadir liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin
bütün təbəqələri əmin
idi ki, müstəqilliyini
yenicə bərpa etmiş ölkəni düşdüyü “seytnot”
vəziyyətdən çıxarmağa qadir
yeganə şəxsiyyət məhz siyasət dahisi
kimi dünyada
tanınmış Heydər Əliyevdir. Moskvada tutduğu
bütün vəzifələrindən istefa verən, qanlı 20 Yanvar
hadisələrinin ertəsi günü isə
orada Azərbaycanın Daimi
Nümayəndəliyinin qarşısında cinayətkar sovet rəhbərliyinə qarşı kəskin
tarixi bəyanat verdikdən sonra Vətənə qayıdan Heydər
Əliyevə Bakıda qalmaq
haqqı o vaxtkı rəhbərlik tərəfindən
tanınmasa da, Naxçıvana gedərək
səsçoxluğu ilə muxtar respublikaya rəhbər seçilən dahi şəxsiyyət xalqın üz tutduğu yeganə xilaskar idi. Vətənpərvər
oğullarımız Heydər Əliyevin ətrafında
sıx birləşməklə Vətənin gələcək
taleyini özləri həll etmək niyyətində
idilər. Beləliklə, 1993-cü il iyunun 9-da ümummilli lider xalqın
çağırışını cavabsız qoymayaraq, Bakıya qayıtdı və Azərbaycan
Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin
gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən
xilas etdi. Həmin gün, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu,
böyük qurtuluşa
doğru mühüm
addımlar atıldı. Qətiyyətlə demək olar ki, Azərbaycan ikinci dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan
etsə də, onun əsl tarixi
məhz 1993-cü il iyunun
15-dən başlanır.
Hər zaman azərbaycanlı olmasından fəxarət duyan və bunu sonsuz iftixarla söyləyən ulu öndər Vətən naminə bütün sınaqlara sinə gərərək əlindən gələni edirdi ki, Azərbaycan Günəş kimi parlasın və onun qarşısını qara buludlar ala bilməsin. Dahi şəxsiyyət 90-cı illərin əvvəllərində təkcə Naxçıvanı erməni təhdidlərindən müdafiə etməklə kifayətlənməyib, eyni zamanda, Azərbaycanda müstəqilliyin əldə olunması üçün mühüm addımlar atıb. Belə ki, hələ SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyasında azadlıq ideallarına sədaqət nümayiş etdirilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı orada dövlət rəmzi elan olunub və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Ali Soveti 5 fevral 1991-ci ildə həmin bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edib.
Bədnam
qonşularımızın ərazi iddiaları ilə
Qarabağda işğal faktları törətməsinə,
dinc əhalini qırmasına biganə qalmaq onun xarakterinə
yad idi. Böyük siyasətçi
çox keçmədən Yeni Azərbaycan Partiyasına sədr seçilir. Ulu öndərin
şəxsiyyətinə inam və etimad nümayiş etdirən
insanlar böyük həvəslə
təşkilata üzv olurlar.
Hamı da bir ümiddə,
bir inamda idi: Heydər Əliyev dühası ölkəni
xaos girdabından, qardaş
qırğınından qurtaracaq, gələcək
ağ günlərin müjdəçisi
olacaq. Azərbaycanın təhlükəsizliyini
və xalqın firavan gələcəyini
siyasi platformasında lap
başdan yazmış bu
partiyanın üzvləri və əqidədaşları ən
düzgün addım atdıqlarına qəti
əmin idilər. Çox keçmədi
ki, dahi rəhbərin
fədakar səyləri, dərin siyasi təcrübəsi və beynəlxalq nüfuzu sayəsində ölkəmizdə
qarşıdurmalar səngidi, sular duruldu, həyat öz
axarına düşdü. Yeni Azərbaycan Partiyası isə özünün düzgün
fəaliyyəti, bilavasitə milli maraqlara və dövlətçiliyə xidməti
ilə qısa zamanda iqtidar
partiyasına çevrildi.
Həmin
ərəfədə artıq ermənilər tərəfindən
Xocalı qətliamı törədilmiş, Şuşa,
Laçın və digər ərazilərimiz işğal
olunmuşdu. Xalqın üzləşdiyi
faciələrin, bəlaların “qanadında” hakimiyyəti zəbt
edən AXC-Müsavat cütlüyü,
sözün əsl mənasında,
başını itirmişdi və
günbəgün nüfuzdan düşürdü. 1993-cü ilin əvvəllərində isə ölkədə
vəziyyət daha da
gərginləşdi. AXC-Müsavat
iqtidarı siyasi iflasa
uğrayaraq, “nokdaun” vəziyyətində
səndirləyirdi.
İyunun 4-də Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbçilərlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. 1992-ci ilin oktyabrında Milli Qəhrəman adına layiq görülən S.Hüseynovun ona bu adı verən iqtidara itaətsizliyi nəticəsində onun nəzarətində olan 709 saylı hərbi hissə dövlətə itaətsizliyə cəhd etdi. Surətin dəstəsinin tərksilah olunması ilə bağlı əməliyyat başlandı və iflasa uğradı, 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldülər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı ən kritik həddə çatdırdı.
İyunun
8-də Gəncə hadisələri ilə bağlı
ölkədə böhran yetərincə dərinləşdi.
Surət Hüseynovun silahlı birləşmələri
Gəncəbasar bölgəsində yerli
hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə
başladılar. Bu zaman
çətin vəziyyətə düşən respublika rəhbərliyi yeganə
çıxış yolunu xalqın sevimlisi, Naxçıvan Ali
Məclisinin Sədri Heydər Əliyevdən Bakıya gəlməsini
və xalqı bu bəladan
qurtarmasını israrla xahiş
etməkdə gördü.
İyunun 9-da ulu öndər prezident Əbülfəz Elçibəyin rəsmi dəvəti ilə Bakıya gəldi. Hər kəsin gözü ekranlarda, parlamentdən canlı şəkildə yayımlanan iclasda idi. Həmin gün Milli Məclis vəziyyəti geniş müzakirə edərək Gəncə hadisələrinin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi. Böyük şəxsiyyət Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, cəsarətlə irəli durdu və bir qrup jurnalistlə Gəncəyə gedərək real vəziyyətlə yerində tanış olmaq qərarını verdi. Bu, çox riskli bir səfər idi. Surət Hüseynovun silahlı dəstəsi ulu öndərə qarşı hər an sui-qəsd təşkil edə bilərdi. Elə sonradan da məlum olduğu kimi, həmin səfər zamanı Heydər Əliyevin fiziki məhvinə cəhdlərin olması barədə düşünülübmüş. Həmin günlər Gəncədə qardaş qırğını baş verdiyi halda, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi Əli Kərimli və respublikanın digər rəhbər vəzifəli şəxsləri öz canlarının qorxusundan hadisə yerinə getməmişdilər. Xarici havadarlarına güvənən Surət Hüseynov onların hamısını hədələmiş və respublikada hakimiyyəti ələ keçirmək niyyətini bəyan etmişdi.
Dünya
şöhrətli siyasətçinin böyük cəsarət
nümunəsi olan Gəncə səfəri tədricən hər
şeyi yoluna qoydu. O, qədim şəhərdəki 709
saylı hərbi hissənin döyüş
meydanına çevrilmiş ərazisinə
baş çəkdi, şəhər
sakinləri və hərbi qulluqçularla
görüşüb söhbət etdi, yaranmış vəziyyəti onlarla birlikdə təhlil etdi.
Tezliklə “ərköyün” polkovnik Surət
Hüseynovu ram elədi.
Sözün həqiqi mənasında tarix yazan unudulmaz dahi şəxsiyyət – xalqının böyük oğlu Heydər Əliyev öz həyatını təhlükəyə ataraq möhtəşəm qurtuluş missiyasını yerinə yetirdi. Gəncə səfərindən iki gün sonra – 1993-cü il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın ümummilli liderin xilaskarlıq missiyasına inamının nəticəsi idi. Həmin gün Azərbaycan dövlətçiliyinin xilası – Milli Qurtuluş Günü kimi rəsmiləşdi və tarixə düşdü. Sonrakı dönəmlər ulu öndərdən qayıdış tələbinin ən düzgün yol olduğunu göstərdi. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, bizim sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğumuz əziz bir gündür.
Bu gün inamla demək olar ki, xalqımız 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri kimi ali hakimiyyətə tələb edəndə nə qədər müdrik addım atmışdısa, yeni əsrin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də həmin səviyyədə müdriklik göstərmişdir. Hazırda Azərbaycan ayaq üstə möhkəm dayanan, ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə Cənubi Qafqazın şəriksiz lider dövlətinə çevrilib, söz və əməlin vəhdətini yaradan və qalibiyyət saçan bir məkan olub. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük Qələbə qazanmışıq, indi azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri görülür, daha işıqlı sabahlar bizi gözləyir. Bütün bunlara görə xalqımız, ilk növbədə, məhz ulu öndərin ölməz ruhuna, xilaskarlıq missiyasına, gerçəkləşdirdiyi qurtuluş amalına borcludur.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti .- 2022.- 11 iyun.- S.5.