Heydər Əliyev Azərbaycanda
ərzaq təhlükəsizliyi konsepsiyasının banisidir
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən sonra respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirdi, təbii imkanlardan düzgün və səmərəli istifadəyə mühüm önəm verdi. Eyni zamanda, keçmiş İttifaq rəhbərlərinin diqqətini aqrar sektorun tərəqqisinə yönəldərək, ölkənin texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə və kimyəvi preparatlarla təminatını yaxşılaşdırdı. Həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycanda kənd təsərrüfatı yeni inkişaf mərhələsinə daxil oldu, istehsal göstəriciləri yaxşılaşdı.
Həmin
dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi,
torpaq fondunun sağlamlaşdırılması, su təchizatının
yaxşılaşdırılması sahəsində konkret tədbirlər
görüldü və beləliklə, aqrar sektor intensiv təmin
edildi. Muğan-Salyan zonası
rayonlarında meliorasiya qurğuları
tikilməsinin miqyası genişləndirildi. Respublikanın
qərb zonasında 60 min hektar
sahəni əkin suyu ilə təmin edən
Ağstafaçay dəryaçasının
inşası başa
çatdırıldı. Arazboyu zonada suvarma işlərinin
inkişafına səmərəli təsir göstərəcək
dəryaça-sugötürmə qurğusunun
tikintisinə başlanıldı. Lənkəranda
Xanbulançay su təsərrüfatı
kompleksinin inşası müvəffəqiyyətlə
başa çatdırıldı. Ümumi uzunluğu 40
kilometrə çatan kanallar
vasitəsilə Lənkəran və Astara
rayonlarının təsərrüfatlarında torpaqların
suvarılması ilə bağlı problemlər aradan qaldırıldı.
Yeri
gəlmişkən, o zaman Xanbulançay dəryaçası
22 min hektar, yəni 1975-ci ildəkindən təqribən 5 dəfə
çox münbit torpağı suvarmağa, Lənkəranda
faraş tərəvəz istehsalını az bir müddət
ərzində 200-250 min tona çatdırmağa, çay və
subtropik bitkilər əkinini xeyli genişləndirməyə
imkan verdi.
Bundan
başqa, 1976-cı ilin sonunda Tərtər, Bərdə,
Goranboy rayonlarının əkin sahələrinin suvarılmasını
xeyli yaxşılaşdırmağa imkan verən Tərtərçay
enerji və su təsərrüfatı kompleksi istifadəyə
verildi. Suvarılan əkinçilik
respublikası olan Azərbaycanda 1971-1980-ci
illər ərzində dəryaçaların ümumi
su tutumu təqribən
20 milyard kubmetrə, suvarma
şəbəkələrinin uzunluğu
50 min kilometrə, kollektor-drenaj
şəbəkəsinin uzunluğu 18 min kilometrə, nasos
stansiyalarının sayı 700-ə
çatdırıldı.
Torpaqların irriqasiya və meliorasiyasının ənənəvi suvarma tədbirləri Kür-Araz ovalığından başqa, dağətəyi və dağlıq zonalarda da həyata keçirildi. Bu istiqamətdə 1976-1980-ci illər ərzində Quba, İsmayıllı, Qubadlı, Zəngilan rayonlarında, Naxçıvan MR-də və keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə böyük həcmdə meliorasiya işləri görüldü. Eyni zamanda, bir sıra bölgələrdə iri hidrotexniki qurğular tikildi, 83 min hektar yeni suvarılan torpaq istifadəyə verildi, 452 min hektar otlağa su çıxarıldı, 700 min hektar sahədə suvarma şəbəkəsi yenidən quruldu.
Bütün
bu layihələr ümummilli liderimizin hələ sovet
dövründə respublikamızın iqtisadi inkişafı,
o cümlədən kənd təsərrüfatı sahəsində
irəliləyişlərin əldə olunması iqtisamətində
gerçəkləşdirdiyi fəaliyyətin
genişmiqyaslılığını göstərir. Xatırladım
ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü
ilə Sov.İKP MK və SSRİ Nazirlər
Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatını
inkişaf etdirmək tədbirləri
haqqında” qərar qəbul etməsi də bunun
parlaq ifadəsidir.
Xatırladım
ki, adıçəkilən həmin qərarı qəbul
etdirmək keçmiş İttifaq miqyasında son dərəcə
mühüm hadisə idi. Əslində, bu, Heydər Əliyevin böyük
nüfuzu ilə həllini
tapmışdı. Bunun nəticəsində
Azərbaycanın kənd təsərrüfatında
1971-1975-ci illər ərzində məhsul istehsalının
artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin
yüksəldilməsi sahəsində yüksək göstəricilər
əldə edildi.
Azərbaycanın
dövlət müstəqilliyinin ilk illərində ölkəmizdə
acınacaqlı vəziyyət hökm sürürdü. Səriştəsizlik və hərc-mərclik nəticəsində
ərzaq məhsulları yetişdirən və emal edən təsərrüfatlar demək olar ki,
dağılmışdı, aqraryönlü sahənin zavod və
fabrikləri bağlanmışdı. Bununla
da Azərbaycan kənd təsərrüfatı
məhsulları ixrac edən ölkədən
həmin malların idxalçısına çevrilmişdi.
Bir sözlə, aqrar
bölmə tənəzzüllə üzləşmişdi.
Nəticədə, ötən əsrin 90-cı illərinin əvvəllərində
respublikada kənd təsərrüfatı
məhsullarının istehsalı bir çox əsas ərzaq məhsulları
üzrə hətta 2–3 dəfə aşağı düşmüşdü.
Yalnız
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra bu istiqamətlərdə ciddi
addımlar atıldı və tədricən aqrar sahə
dirçəlməyə başladı. Dahi şəxsiyyətin
reallaşdırdığı kənd təsərrüfatının
inkişaf konsepsiyası ölkənin ərzaq
təhlükəsizliyini təmin etməklə
yanaşı, iqtisadi inkişafın
sürətlənməsinə əlverişli zəmin
yaratdı. Yeri gəlmişkən, ulu öndər 1994-cü ildə kənd təsərrüfatı
problemlərinin həllinə həsr olunan
müşavirədə yaranmış vəziyyəti və
qarşıda duran vəzifələri belə
ifadə etmişdi: “Bildiyiniz
kimi, respublikamız ağır iqtisadi-sosial böhran
içərisindədir. Bu böhran təəssüf ki,
ilbəil dərinləşir, ölkənin həyatına mənfi
təsiri güclənir, ümumiyyətlə, respublikanın bu günü və gələcəyi
üçün çox
böyük çətinliklər
yaradır. Ancaq xalqımız bilməlidir
ki, Azərbaycanın daxili
imkanları çox böyükdür,
böhran vəziyyətindən
çıxmaq üçün yollar var. Biz
bu imkanların hamısını işə
salmalı, onlardan səmərəli
istifadə etməli və respublikamızı bu
ağır vəziyyətdən çıxartmalıyıq”.
Dahi
şəxsiyyət bununla da qarşıya qoyduğu vəzifəni
uğurla reallaşdırmaq məqsədilə qısa
müddətdə hazırlanan iqtisadi inkişafın
strategiyası əsasında 1994-cü ildən başlayaraq
dövlət aqrar sektorun fundamental inkişafı
üçün stimullaşdırıcı tədbirlər
görməyə başladı. Özəlləşdirilmə
prosesi həyata keçirildi,
torpaqların kəndlilərə paylanmasına
başlanıldı, azad
sahibkarlığın inkişafına dəstək verildi.
Beləliklə,
ümummilli liderin 10 il ərazində həyata keçirdiyi
aqrar islahatlar öz nəticəsini verdi, əsas kənd təsərrüfatı
məhsullarını xaricdən idxal edən Azərbaycan
artıq xaricə məhsul ixracına başladı.
Təkcə
bu mühüm məqama əsaslanıb deyə bilərəm
ki, Heydər Əliyev respublikada aqrar islahatların hüquqi
bazasının yaradılması, onun təşkili və həyata
keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin
həm banisi, həm də təşkilatçısı kimi
adını müstəqillik tariximizə yazdırdı.
Dahi
Heydər Əliyevin inkişaf strategiyasını uğurla
davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
ilə ötən 18 ildə iqtisadiyyatın bütün sahələrində,
eləcə də aqrar sektorda mühüm uğurlar əldə
olunub. Dövlətimizin
başçısının imzaladığı
regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsinə, yoxsulluğun
azaldılmasına və digər məsələlərə
dair Dövlət Proqramlarının
yüksək səviyyədə icrasının nəticəsidir
ki, ölkəmizin bütün bölgələrinin siması
kökündən yaxşılaşıb, regionlarda
yaşayış məntəqələrinin infrastruktur
və kommunal xidmətlərlə təminatı
yüksəlib.
Dövlətimizin
başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft
bölməsinin prioritet istiqaməti elan edib və aqrar siyasətin
əsas məqsədinin ölkənin ərzaq tələbatının
tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi
kənd təsərrüfatı məhsullarının, habelə
ərzaq mallarının xarici bazarlara ixracının təmin
edilməsini önə çəkib.
Prezident
İlham Əliyev respublikamızda ərzaq təhlükəsizliyini
şərtləndirmək məqsədilə 2001-ci il 2 mart
tarixli sərəncamı ilə 2001-2010-cu illəri əhatə
edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı”nı, 2008-ci il 25 avqust tarixli sərəncamı ilə
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nı, 2016-cı il 6 dekabr tarixli
fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı
məhsullarının istehsalına və emalına dair
Strateji Yol Xəritəsi”ni təsdiq edib, həmçinin digər
sənədlər imzalayıb.
Bunlardan
əlavə və ən əsası isə ölkədə
qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək,
sözügedən sahədə şəffaflığı
artırmaq, pərakəndəliyi və təkrarlanmaları
aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə
tutulan müvafiq tədbirlərin həyata keçirilməsini
təmin etmək üçün dövlət
başçısının 2017-ci il 10 fevral tarixli müvafiq
fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi
yaradılıb
Aqrar sahədə həyata
keçirilən islahatlar və görülən tədbirlər
barədə danışarkən, qeyd edək ki, lizinq fəaliyyətinin
genişləndirilməsi nəticəsində hazırda
bazarda artıq azad və rəqabətli şərait
formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara
tətbiq edilən güzəştlər bütün
özəl şirkətlərə aid edilib. Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini
fermerlərə yaxınlıq prinsipi əsasında
qurub və bütün
rayonlarda dövlət aqrar
inkişaf mərkəzləri artıq
formalaşdırılıb. Bu mərkəzlərdə
fermerlərə “Bir pəncərə”
prinsipinə uyğun 60-a yaxın xidmətin
göstərilməsinə başlanılıb.
Yeri
gəlmişkən, respublikada ilk dəfə aqrar
sığortanın genişmiqyaslı tətbiqi
üçün hüquqi baza formalaşıb. Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanun
qəbul olunub, Nazirlər Kabineti
Aqrar Sığorta Fondunun
Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizmi
Türkiyənin TARSİM modelinin təcrübəsi
əsasında qurulmağa başlanıb.
Xatırladaq ki, bu model dövlət-özəl sektor
əməkdaşlığına əsaslanıb. Beləliklə, aqrar sektorda yeni sığorta sisteminin tətbiqi ilə, bu
sahədə istehsal olunan
məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri
tərəfindən birgə sığortalanması investisiya risklərini azaldıb, fermerlərə
dövlət dəstəyini gücləndirib, məşğulluğa
müsbət təsir edib və
sığorta bazarını genişləndirib.
Azərbaycanda həyata keçirilən bütün bu tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Bununla da əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllini tapıb, başqa sözlə, ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsinin yerli istehsal hesabına ödənilməsi reallaşıb.
Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.
Ərzaq
təhlükəsizliyi hazırda Rusiya-Ukrayna müharibəsi
kontekstində daha da aktuallaşıb. Artıq qlobal aclıq təhlükəsi “Böyük Yeddilik” (G7)
ölkələrinin də diqqətindən kənarda
qalmayıb. Bu, həmin dövlətlərin
inkişaf nazirləri tərəfindən
qlobal ərzaq təhlükəsizliyinin təmin
olunması üçün alyans yaratmaq
razılığı ilə öz ifadəsini
tapıb. Artıq əksər ölkələrdə buğda ixracı dayandırılıb. İl ərzində 107 milyon
ton buğda
yetişdirən Hidistanda da
ixracın tənzimlənməsi ilə bağlı qərar qəbul
olunub.
Azərbaycan
ailələri üçün çörək əsas
istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə
xüsusi paya malikdir. Rəsmi statistikaya
görə, respublikamızın illik buğda tələbatı 3,5 milyon
tondur. Azərbaycanda buğdaya
olan bu tələbin
40 faizi, yəni 1 milyon
tondan çox hissəsi
idxal hesabına ödənilir.
Azərbaycan
buğda ilə bağlı ehtiyatlarını ötən ilin
sonu və bu ilin əvvəli daha da artırmağı
qarşıya mühüm vəzifə kimi qoyub. Məhz
bunun nəticəsidir ki,
təkcə cari ilin yanvar ayında respublikada buğda idxalında 4 dəfə artım qeydə
alınıb. Preventiv olaraq,
Azərbaycan strateji məhsullar
ehtiyatlarını da artıraraq, dünya bazarındakı potensial
qıtlığa reaksiya verməyə
çalışıb. Ancaq ixracata qadağalar Azərbaycanın
buğda idxalına da
təsir edib. Belə ki,
cari ilin ilk 4 ayında Azərbaycana 105 milyon
270 min dollar dəyərində
308 min 43 ton buğda idxal olunub. Keçən ilin müvafiq dövrü ilə
müqayisədə buğda
idxalının həcmi 15,7 faiz azalıb.
Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar idisə, cari ilin sözügedən dövrü
üçün 341,7 dollar
təşkil edib. İdxal
olunan buğdanın qiyməti 34,2 faiz artıb.
Dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirir. Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. Ötən il ərzində respublikada 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənilir.
Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Bu baxımdan “The Economist Group” tərəfindən hazırlanan “Qlobal ərzaq təhlükəsizliyi indeksi”nə diqqət yetirmək kifayətdir. Bu hesabata əsasən, son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl şəkildə yüksəlmə müşahidə olunub. Hesabata görə, bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib.
Məhərrəm
ŞƏFİYEV,
“Bərdə-Çörək”
ASC-nin idarə heyətinin sədri,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru
Xalq qəzeti .- 2022.- 11 iyun.- S.6.