Azərbaycan – Türkiyə
strateji tərəfdaşlığı: regional təhlükəsizlik
və həmrəylik nümunəsi
Müasir geosiyasi şəraitdə Azərbaycanın
etibarlı strateji tərəfdaşı olan qardaş
Türkiyə dövləti ilə münasibətlərin
möhkəmləndirilib daha da genişləndirilməsi
ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.
Hər iki ölkənin dövlət və
hökumət başçılarının, eləcə də
siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və
digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin
qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın
inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr
uğurla inkişaf edərək, ölkələrimiz
arasında strateji tərəfdaşlıq münasibətlərinin
yüksək səviyyəyə qalxmasına təkan verir.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən
şanlı bir gün kimi yazıldı. Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə
malik, Qarabağın tacı olan Şuşa şəhərini
işğalçılardan azad etdi. Bu, 44 gün içərisində
aparılan uğurlu əks-hücum əməliyyatlarının
sırasında ən mühüm tarixi hadisə və
böyük hərbi Qələbə oldu. Azərbaycanın
hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli
Şuşa şəhərinin azad edilməsi İkinci
Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə
də taleyinə ciddi təsir göstərdi və hərb
meydanında olduğu kimi, diplomatiya meydanında da
uğurlarını şərtləndirdi.
100
il əvvəlki qardaşlıq nümunəsi və
xilaskarlıq missiyası
Yüz
il əvvəlki tarixə nəzər salsaq, 1918-ci il iyunun 4-də
Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan
Respublikası arasında dostluq müqaviləsinin
imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli
sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin
imzaladığı ilk dövlətlərarası müqavilə
idi.
Azərbaycan
və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğan 2015-ci il aprelin 24-də Çanaqqala şəhərində
türk ordusunun qəhrəmancasına qələbə
qazanmasının 100 illiyini qeyd etdilər. Türkiyədə Çanaqqala zəfərinin 100
illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar
qardaş ölkənin ərazilərinin düşmən əsarətindən
qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin,
böyük dönüş məqamının beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılması baxımından
da mühüm əhəmiyyət kəsb edir.
Çanaqqala
döyüşlərinin 100-cü ildönümü ilə
bağlı keçirilən tədbirlərdə 20-dən
çox dövlətin prezidenti, 4 dövlətin Baş naziri
və bir sıra beynəlxalq təşkilatın rəhbərləri,
parlament sədrləri və nazirlər iştirak ediblər.
2018-ci
il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin
azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki
qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi,
hər zaman bir-birinin yanında olmasını bir daha sübut
etdi. Azərbaycan Prezidenti İlham Əliyev paradda
çıxışında bir-birinə bu qədər
yaxın, arxa-dayaq olan Azərbaycan və Türkiyə kimi
dünyada ikinci belə nümunənin
olmadığını bildirərək deyib: “Türkiyənin
iştirakı olmadan dünyada heç bir məsələ həll
oluna bilməz. Yaşadığımız bölgənin
tarixi və bu günü bunu əyani şəkildə
göstərir. Türkiyənin siyasi imkanları genişlənir,
dünyadakı oynadığı rol artır və bu, bizi
çox sevindirir. Türkiyə nə qədər
güclü olarsa, Azərbaycan da bir o qədər
güclü olacaqdır. Türkiyə böyük iqtisadi
gücə sahib bir ölkədir. Təsadüfi deyil ki,
Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə
qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə
qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir.
Türkiyənin dünya miqyasında çox güclü
ordusu var. O, dünya miqyasında ən güclü ordulardan
biridir və həm Türkiyə, həm də bizim
üçün bu, qürur mənbəyidir”.
Dövlət
başçısı İlham Əliyev yüz il bundan əvvəl
Nuru paşanın komandanlığı altında Qafqaz
İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı
nəticəsində Bakının işğalçılardan
azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl
biz bir yerdə idik, bu gün də biz bir yerdəyik: “Bir
gündən çox davam edən şiddətli
döyüşlərdə bizim əcdadlarımız əsl
qəhrəmanlıq, şücaət göstərmişlər.
Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən
iki gün sonra Azərbaycan hökuməti Gəncədən
Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin
paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz,
Azərbaycan xalqının qədim şəhəri Bakı
öz əsl sahibinə qayıtmışdır. Nuru
paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın
qəhrəmanlığı, dostluğu,
qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə
daim yaşayacaqdır”.
Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
çıxışında iki qardaş dövlətin hər
zaman bir-birinə dəstək olduqlarını vurğulayaraq
bildirdi ki, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun
1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar
o dövrdə Azərbaycanın ərazi
bütövlüyünü təmin edərək
bugünkü müstəqilliyinin təməlini qoyub.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikasının olmasının heç də təsadüfi olmadığını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: “Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”.
Tariximiz,
soyumuz, mədəniyyətimiz bir olan iki dövlət kimi dəyərləndirən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi
ki, Qafqaz İslam Ordusu bundan yüz il əvvəl
qardaşlarını zülmdən xilas etmək
üçün Azərbaycana gedərkən bu
düşüncə ilə hərəkət etmiş və
1918-ci ildə apardığı, eləcə də Azərbaycan
Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi
bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin
atılmasına da töhfə vermişdir.
Azərbaycan-Türkiyə
həmrəyliyi və regional təhlükəsizlik
Qeyd
etmək lazımdır ki, iki ölkə arasındakı hərbi
əlaqələrin inkişafına təkan verən ən
önəmli amillərdən biri də birgə hərbi təlimlərin
keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu
Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”,
“Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz
Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və
“Heydər Əliyev-2020” təlimlərini göstərmək
olar. Bununla yanaşı, Bakıda 2014-cü ildə
“ADEX-2014, 2016-cı ildə “ADEX-2016”, 2018-ci ildə “ADEX-2018” və
İstanbulda 2017-ci ildə “IDEF-2017”, 2019-cu ildə “IDEF-2019” və
2021-ci ildə “IDEF - 2021” beynəlxalq müdafiə sənayesi
sərgilərinin təşkili hər iki ölkə
arasında hərbi-texniki əməkdaşlığın
inkişafına təkan verib.
Bu
baxımdan 2020-ci il iyul ayının sonundan Azərbaycanda
başlayan genişmiqyaslı Türkiyə Hərbi Hava
Qüvvələrinin “TurAz Qartalı-2020” birgə
taktiki-uçuş təlimləri təkcə Azərbaycan
Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə
sülhün və təhlükəsizliyin təmin
olunmasına yönəlmişdi. Tərəflər
arasında hərbi əməkdaşlığın digər
vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın
genişləndirilməsi olmuşdur.
Xüsusi
qeyd etmək lazımdır ki, 2020-ci il iyulun 12-də Ermənistan
silahlı qüvvələrinin Azərbaycan – Ermənistan
dövlət sərhədinin Tovuz istiqamətində təcavüzü
nəticəsində yaranan gərgin hərbi vəziyyətlə
bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Ermənistanın Azərbaycana son
hücumlarını kəskin şəkildə
qınadığını bildirmişdi. Türkiyə
Prezidenti qeyd edib ki, Dağlıq Qarabağın
işğalından indiyədək bu bölgədə davam
edən gərginliyin Ermənistanın sistemli hücumları
nəticəsində müharibəyə çevrilməsindən
narahatıq və sonuncu hücumlar Dağlıq Qarabağda
deyil, iki dövlət arasındakı sərhəddə
ağır silahlardan istifadə olunmaqla həyata
keçirilib. Türkiyə lideri deyib: “Heç şübhəsiz,
bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir.
Türkiyə qədim dostluq bağları və
qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın
haqq və hüququnun müdafiəsi, torpaqlarına
qarşı yönələn təcavüzün
qarşısının alınmasında tərəddüd
etməyəcək. Bütün imkanlarımızla dost
və qardaş Azərbaycanın yanındayıq və
yanında olmaqda davam edəcəyik... Ermənistanın Azərbaycana
qarşı hücumları zamanı azərbaycanlı
qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq.
Türkiyə qardaş Azərbaycana sona qədər öz dəstəyini
verəcək”.
Bu
gün dünya miqyasında dost və qardaş dövlətin
güc mərkəzi olduğunu diqqətə çatdıran
Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi
bölgədə, dünyada Türkiyənin iştirakı
olmadan heç bir məsələ öz həllini tapa bilmir və
yaxın tarix bunu göstərdi. Dövlətimizin
başçısı qeyd edib: “Biz buna çox sevinirik,
çünki Türkiyənin gücü bizim
gücümüzü artırır. Bizim
gücümüzün birləşdirilməsi bizi daha da
güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman
bir-birimizin yanında olacağıq, bir-birimizin
uğurlarına sevinəcəyik”.
Azərbaycan
və Türkiyənin dövlət
başçılarının bu istiqamətdə ictimai-siyasi
fəaliyyətləri ilə hər zaman vahid platformadan
çıxış etməsi mühüm əhəmiyyət
kəsb edir. Xüsusilə, biz bunun Ermənistanın
Azərbaycana qarşı təcavüzü zamanı,
xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə
cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun işğal
altında olan torpaqlarımızı azad etmək
üçün genişmiqyaslı əks-hücum
əməliyyatları zamanı, xüsusilə 44 günlük
Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan
və Türkiyənin dövlət
başçılarının qətiyyətli və prinsipial
mövqeyi, eləcə də Azərbaycan və türk diaspor
təşkilatlarının birgə fəaliyyətlərində,
həmçinin vahid media platformasından
çıxış edərək dünya informasiya məkanına
operativ və obyektiv məlumatların
çatdırılmasında da şahidi olduq.
Azərbaycanın
44 günlük Vətən müharibəsindən sonra 2020-ci
il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən
müharibəsində Qələbəyə həsr
olunmuş Zəfər Paradı keçirildi. Daha sonra
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə Azərbaycan -
Türkiyə arasında 5 mühüm sənədin
imzalanması mərasimi oldu. Bunun ardınca Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla
çıxışlarında vurğuladılar ki, hər
zaman hər iki dövlət bütün məsələlərdə
bir yerdə olmuş, eyni mövqedən çıxış
edərək bir-birinin yanında olmuşlar. Qarabağ məsələsinin hər zaman Türkiyə
üçün də eyni dərəcədə
ağrılı problem olduğunu bildirən Rəcəb
Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir,
qüruru bizim qürurumuzdur, dərdi, ağrısı,
problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə,
biz də kədərlənərik, Azərbaycan sevinərsə,
biz də sevinərik sözlərini diqqətə çatdırmış
və ölkəmizin haqlı mübarizəsini qətiyyətlə
müdafiə edərək deyib: “Həqiqətən 44
günlük bir müharibədən sonra ortaya çıxan
nəticə Azərbaycandakı qardaşlarımı necə
sevindirdisə, eyni dərəcədə Türkiyədəki
qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə,
istər bütün millətimizin şəxsində
yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə
də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər
yaşadıq. Bu sevincə xüsusilə də yazılı,
görüntülü medianın da böyük bir qismi eyni dərəcədə
qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər,
mesajlarını da bu istiqamətdə
çatdırdılar”.
Azərbaycan Prezidenti İlham Əliyev hər iki dost, qardaş dövlətin bütün zamanlarda bir-birinin yanında olduğunu diqqətə çatdıraraq bildirib: “Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”.
Şuşa Bəyannaməsinin
tarixi-siyasi əhəmiyyəti
2021-ci
il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan Ermənistanın işğalından azad
edilən, Azərbaycanın mədəniyyət paytaxtı,
Qarabağın tacı olan Şuşa şəhərinə
səfər etməsi və iki dost, qardaş dövlət
arasında müttəfiqlik münasibətləri haqqında
Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi
hadisədir.
Mühüm
tarixi və siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsində
qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları
ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri
öz zirvəsinə yüksəlmiş və keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoymuşdur.
Müttəfiqlik
münasibətləri haqqında Bəyannamənin əvvəlində
Azərbaycanın və bütövlükdə Türk
dünyasının qədim mədəniyyət beşiyi olan
Şuşa şəhərində iki qardaş dövlətin
prezidentlərinin görüşünün mühüm əhəmiyyəti
vurğulanır, 100 il bundan əvvəl imzalanmış tarixi
Qars müqaviləsinə istinad edilir. Həmçinin
bu tarixi sənəddə 1994-cü il fevralın 9-da
imzalanmış “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə Müqavilə”nin və “Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq
və qarşılıqlı yardım haqqında
Protokol”un, eləcə də 2010-cu il avqustun 16-da
imzalanmış “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında Müqavilə”nin
rəhbər tutulduğu bildirilir.
Bununla
yanaşı, işğaldan azad edilmiş Şuşa şəhərində
100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamədə
iki qardaş və dost dövlətin gələcək
çoxşaxəli, birgə fəaliyyət istiqamətləri
göstərilir. Bu tarixi sənəddə
bir çox mühüm məsələlər, beynəlxalq
müstəvidə birgə əməkdaşlıq,
xüsusilə müdafiə sahəsində əməkdaşlıq
və qarşılıqlı hərbi yardım məsələləri
öz əksini tapmışdır. Tərəflər
xarici siyasət sahəsində əlaqələndirmənin və
müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin
həyata keçirilməsinin vacibliyini qeyd edərək bu
istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurası çərçivəsində
fəaliyyətlərin əhəmiyyətini
vurğuladılar.
Sənəddə
göstərilir ki, Azərbaycan Respublikası və Türkiyə
Respublikası müstəqillik, suverenlik, ərazi
bütövlüyü, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığı, dövlətlərin daxili işlərinə
qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik
münasibətlərinin qurulmasının siyasi və
hüquqi mexanizmlərini müəyyən edirlər.
Bununla
yanaşı, bildirilir ki, hər iki dövlət müxtəlif
ölkələrdə yaşayan Azərbaycan və türk
diasporları arasında əməkdaşlığın daha
sıx inkişaf etdirilməsi, onların məruz
qaldıqları ümumi problemlər qarşısında
birlikdə addımlar atılması və ardıcıl həmrəylik
göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.
Eyni zamanda, göstərilir ki, tərəflər
ölkələrinin təqdim edilməsi və milli mənafelərinin
qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında diasporun fəaliyyətinin əlaqələndirilməsini
və qarşılıqlı dəstəyi təşviq edəcəklər.
Sənəddə
Ermənistanın Türkiyəyə qarşı əsassız
iddialarının, tarixin təhrif olunması və tarixi
faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin
regionda sülhə və sabitliyə ziyan vurduğu
vurğulanaraq bu kontekstdə 1915-ci il hadisələri ilə
bağlı olaraq öz arxivlərini açan Türkiyənin
Ermənistandakı və digər ölkələrdəki
arxivlərin açılması və bu mövzuda
tarixçilər tərəfindən araşdırmaların
aparılmasına yönəlmiş səyləri qətiyyətlə
dəstəklənir.
Həmçinin
Şuşa Bəyannaməsində siyasi, iqtisadi-ticarət, mədəniyyət
və digər bütün sahələri əhatə edən
birgə əməkdaşlıq məsələləri
öz əksini tapmışdır. Sənəddə
həm tarixi, həm siyasi, həm də hərbi və təhlükəsizlik
sahələrində əlaqələndirilmiş şəkildə
birgə fəaliyyətin əks olunması hər iki dövlətin
milli maraqları baxımından müstəsna əhəmiyyət
kəsb edir.
Şuşa
Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan mətbuata birgə bəyanatlarla
çıxışlarında bildirdilər ki, Türkiyə
və Azərbaycan bütün məsələlərdə
bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.
Azərbaycan
Prezidenti İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN
Türk” televiziya kanalına müsahibəsində bildirdi ki,
bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan
qədər bir-birinə yaxın olan ikinci ölkələr
yoxdur və əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz,
yoxdur, eləcə də bu birlik, həmrəylik,
qardaşlıq sözdə deyil, əməldədir.
Son
18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən
vahid siyasətin formalaşdırıldığını və
xüsusilə Şuşa Bəyannaməsinin bunun zirvəsi
olduğunu, əlaqələrimizin müttəfiqlik səviyyəsinə
qalxdığını diqqətə çatdıran dövlət
başçısı demişdir: “Mən hər zaman deyirdim
ki, ölkələr arasındakı münasibətlər əməldə
olmalıdır. Çünki yaxşı günlərdə
hər kəs yaxşı sözlər deyə bilər,
yaxşı çıxışlar edə bilər. Amma
ağır gündə sən gəl yanında dur. Necə
ki, Türkiyə İkinci Qarabağ savaşında bizim
yanımızda durdu. Bizim həmrəyliyimiz və bir-birimizə
etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə
bizim üçün doğma ölkə, doğma vətəndir
və sizin üçün də Azərbaycan doğma vətəndir”.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsinin “Rəsmi Qəzet”də dərc edilərək
qüvvəyə minməsi haqqında qərarı
imzalayıb. Eyni zamanda, Bəyannamə 2022-ci il
fevralın 3-də Türkiyə Böyük Millət Məclisi
tərəfindən təsdiqlənib.
Azərbaycan
Prezidenti İlham Əliyev fevralın 12-də “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında”
Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Bununla
da Azərbaycanın 44 günlük Vətən müharibəsindən
sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi
və strateji tərəfdaşlığı daha da yüksək
səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik
baxımından müstəsna əhəmiyyət kəsb edən
müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsinin imzalanması mühüm hadisə kimi
tarixə yazıldı.
Azərbaycan-Türkiyə
strateji tərəfdaşlığının yüksək mərhələsi
2021-ci
il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Füzuli Beynəlxalq Hava Limanının
açılış mərasimində iştirak etdilər. Bununla
yanaşı, həmin gün hər iki qardaş dövlətin
prezidentləri əvvəlcə Əhmədbəyli -
Füzuli - Şuşa avtomobil yolunda tikinti işlərinin
gedişi ilə tanış oldular. Eyni zamanda, Zəngəzur
dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun təməli qoyuldu. Zəngilan
rayonunun Ağalı kəndində həyata keçirilən
“Ağıllı kənd” layihəsi çərçivəsində
görülən işlərlə tanış olduqdan sonra
Ağalı kəndində hər iki dövlətin prezidentləri
mətbuata birgə bəyanatlarla çıxış etdilər.
Azərbaycan
Prezidenti İlham Əliyev bildirdi ki, işğaldan azad edildikdən
sonra həm Şuşada, həm də Zəngilanda rəsmi mərasimlərin
keçirilməsi, Türkiyə və Azərbaycanın
Dövlət himnlərinin səslənməsi, atılan birgə
addımlar tarixdə əbədi qalacaq, həmçinin bu
tarixi biz birlikdə yazırıq, necə ki, bütün
müharibə dövrü ərzində birlikdə idik, bu
gün də bir yerdəyik.
İkinci
Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə
qədər Türkiyənin Azərbaycanın yanında
olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdi ki,
qardaş Türkiyənin dövlət başçısı
ilk saatlarda Azərbaycana dəstək göstərdi,
bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək
deyil, Türkiyə Azərbaycanın yanındadır, bu, bizə
çox böyük siyasi və mənəvi dəstək, əlavə
güc verdi. Azərbaycan Prezidenti bildirdi
ki, işğaldan azad edilmiş ərazilərdə
açılış mərasimlərində də Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı,
həm Azərbaycan xalqına, həm Türkiyə xalqına,
həm də bütün dünyaya bir mesajdır ki, biz bir
yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Prezident
İlham Əliyev diqqətə çatdırdı ki, bu
gün regional məsələlərdə, hətta dünya
çapında Türkiyə və Azərbaycan əməkdaşlığı,
qardaşlığı önəmli amilə
çevrilmişdir.
2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçiridi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərək dedi: “Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”. Vətən müharibəsi nəticəsində illərdir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirildi. Azərbaycanın bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdiyini bildirən Türkiyə Prezidenti diqqətə çatdırdı ki, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur və Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılmışdır.
2022-ci
il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan”
Aerokosmik və texnologiya festivalında iştirak etdilər.
Türkiyə
Prezidenti diqqətə çatdırdı ki, diplomatik
münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin
birliyi tarixin dərinliklərinə qədər
uzanmaqdadır. Həmçinin 1915-ci ildə
Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və
Azərbaycanın digər bölgələrində ürəklərimiz
və biləklərimiz ortaq mübarizəmizdə yenidən
bərabər olmuş, Qarabağ Zəfəri isə millətimizin
qəhrəmanlıq dastanlarının ən son örnəyidir.
Müharibədə
olduğu kimi, sülh dönəmində də Azərbaycanın
yanındayıq. “TEKNOFEST”i ölkə
xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin
həyəcanını və haqlı qürurunu
bölüşdüyünü bildirən Türkiyənin
dövlət başçısı bu festivalın Azərbaycan
gəncliyinin bacarığını, istedadını
nümayiş və inkişaf etdirməsi üçün
önəmli bir platforma olduğunu diqqətə
çatdıraraq qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ
neçə layihələrdə gənclərimizə yeni
üfüqlər açmağı və milli texnoloji həmləmizi
birlikdə reallaşdırmağı davam edəcəyik.
Ümumiyyətlə, təhlil onu söyləməyə əsas verir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu qlobal layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda, ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Elçin
ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti .-2022.- 11 iyun.- S.3.