Heydər Əliyevin siyasi kursu dinamik şəkildə inkişaf etdirilir

 

(əvvəli 15 iyun 2022-ci il tarixli sayımızda)

 

Müasir dövrdə Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 18 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir. Nəticədə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunmuşdur.

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.

 

Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.

Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamış və bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə, son 18 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı.

Son illər ərzində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas amillərdən biri oldu. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 4 qətnamə (822, 853, 874, 884 saylı) icra edilməli idi. 2021-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, Azərbaycan Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməli idi: “Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi” .

Azərbaycanın diplomatik səyləri ilə keçən dövr ərzində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qətnamə və qərarlar qəbul etmişlər.

Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillərdən biri oldu.

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında uğurları

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

 

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

 

Qeyd etmək vacibdir ki, 2016-cı ilin Aprel döyüşləri – Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Bu müsahibələr informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırdı, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-nin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Dövlət başçısı birmənalı olaraq bildirmişdir ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

 

Elçin ƏHMƏDOV,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Xalq qəzeti .- 2022.- 18 iyun.- S.8.