Qurtuluşumuz mübarək, AZƏRBAYCAN!

 

Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq, bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir.

 

İlham ƏLİYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaosanarxiya respub­likanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə qarşısında qoydu.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və böyük risklərə bax­mayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.

Ulu öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdur­ma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin ilolum, ya ölüm” dilemması qarşısında qalmış Azərbaycan Heydər Əliyevin yo­rulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevril­di. 1993-cü il oktyabrın 3-də ümummilli lider Prezident seçildi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi in­kişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strate­ji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq və inkişaf etdirmək idi. Bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Məhz belə bir mürəkkəb siya­si şəraitdə Heydər Əliyevin böyük idarəçilik təcrübəsi və siyasi potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respub­likanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütöv­lüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iq­tisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, ordunun formalaşdırıl­ması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımı­zın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Digər tərəfdən, bütün siyasidiplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz o müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürünə çev­rildi. Heydər Əliyevin rəhbərliyi ilə res­publikamız qədim İpək Yolunun bərpası, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neftqaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısı və təşəbbüskarı oldu.

Daha sonra isə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş ver­di. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi dai­mi, əbədi, sarsılmaz və dönməz etdi.

Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiya­si ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demok­ratik dövlət kimi görmək istəyirdi, onun hər addım hərəkətləri məhz buna yönəlmişdi. Məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusi­ya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırıl­masına başlanıldı.

Birmənalı olaraq deməliyik ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiya­dan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokrati­yaya qovuşduğu gündür. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm Azərbaycanın sabahını müəyyənləşdirdi.

Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs Prezident İlham Əliyevin bu strate­giyanı uğurla davam etdirməsi faktı dayanır. Bu günün prizmasından baxanda Azərbaycanın gələcəyi daha işıqlı firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyas­da nüfuzu gündən-günə artan dövlətinə çevrilib ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında xilaskar Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Bu gün biz qurtuluşumuzu azad Vətən olaraq, ölkəmizin hər bucağında, qarabağlı, şuşalı diyarımızda qalib xalq kimi qeyd edirik. 29 il əvvəl ulu öndər Heydər Əliyevin qayıdışı ilə məhv ol­maqdan qurtulan Azərbaycanımız artıq təkcə Cənubi Qafqazın deyil, bütün dünyanın parlayan ulduzuna çevrilir. Əminik ki, bu dirçəliş, bu inkişaf, bu Zəfər bizimlə əbədi olacaqdır! Qurtulu­şumuz mübarək, Azərbaycan!

 

Jalə ƏLİYEVA,

 

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti .- 2022.- 18 iyun.- S.7.