Şuşa Bəyannaməsi
Türkiyə–Azərbaycan münasibətlərini rəsmən
müttəfiqlik zirvəsinə ucaltdı
Azərbaycan–Türkiyə dostluq
və qardaşlığı dünyaya
nümunədir. Hazırda dünyada
baş verən mürəkkəb hadisələrin
– münaqişələrin, müharibələrin,
qarşıdurmaların, miqrant
axınının baş verdiyi
bir şəraitdə Türkiyə – Azərbaycan
münasibətlərinin inkişafı iki
ölkə arasında dostluq münasibətlərinin
sarsılmazlığının göstəricisidir. Şuşa Bəyannaməsinin
imzalanmasının bir illiyi
ilə əlaqədar Bakıda keçirilən beynəlxalq tədbir
də bunu bir daha təsdiqlədi. Hazırkı geosiyasi şəraitdə Azərbaycanın
etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə
ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi
ölkəmizin xarici siyasətinin prioritetini təşkil edir.
Hər iki ölkənin
dövlət və hökumət
başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər
sahələr üzrə rəhbərlərinin
qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın
inkişafında mühüm rol oynayır. Bütün sahələrdə əlaqələr
uğurla inkişaf edərək,
ölkələrimiz arasında strateji tərəfdaşlıq
münasibətlərinin yüksək səviyyəyə
çatmasına səbəb olub.
Ötən
il Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
arasında Şuşa Bəyannaməsinin imzalanması iki
qardaş ölkə arasında tarixi münasibətlərin
yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi
tarixi-siyasi əhəmiyyət kəsb edir. 2021-ci il iyunun 15-də
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan Ermənistanın
işğalından azad edilən, Azərbaycanın
mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə
səfər etməsi və iki dost, qardaş dövlət
arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsinin
imzalanması mühüm tarixi
hadisə kimi yaddaşlara
həkk olundu.
Bəyannamənin
işğaldan azad edilmiş Şuşa şəhərində
imzalanması ermənilərə, dünya erməniliyinə,
eləcə də, beynəlxalq aləmə ciddi mesaj idi. Tarixi-siyasi əhəmiyyət kəsb edən bu sənəd bir daha təsdiqlədi ki, Qarabağ Azərbaycandır! Bununla
yanaşı, müttəfiqlik haqqında birgə Bəyannamədə
iki qardaş və dost dövlətin gələcək
çoxşaxəli, birgə fəaliyyət istiqamətləri
öz əksini tapıb. Bu tarixi
sənəddə bir çox
mühüm məsələlər yer alıb: beynəlxalq müstəvidə
birgə əməkdaşlıq, xüsusilə, müdafiə
sahəsində əməkdaşlıq və
qarşılıqlı hərbi yardım məsələləri
öz əksini tapmışdır.
Tərəflər xarici siyasət sahəsində
əlaqələndirmənin və müntəzəm ikitərəfli
siyasi məsləhətləşmələrin
həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Sənəddə diqqət çəkən məqamlardan biri Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edilməsidir. İki qardaş ölkə arasında hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi bəyannamənin strateji əhəmiyyətini yüksəldib. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Bu, o deməkdir ki, ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyinin təmin edilməsində sıx əməkdaşlıq edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı hər iki ölkənin hərbi qüdrətinin artırılmasında mühüm rol oynayacaq.
Söz
yox ki, Bəyannamə imzalanana qədər də Azərbaycan–Türkiyə
münasibətlərində hərbi əlaqələrin
inkişafına xüsusi önəm verilirdi. Bu əlaqələrin inkişafına təkan
verən ən önəmli amillərdən biri
də birgə hərbi təlimlərin keçirilməsidir.
Xatırladım ki, “EFES”, “Anadolu
Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu
Qartalı”, “Mustafa Kamal
Atatürk”, “Sarsılmaz qardaşlıq”,
“TurAz Qartalı-2019”, “TurAz
Qartalı-2020” və “Heydər Əliyev-2020” təlimləri böyük maraqla izlənilib.
Bununla yanaşı, Bakıda “ADEX-2014,
“ADEX-2016”, “ADEX-2018” və İstanbulda
“IDEF-2017”, “IDEF-2019” və “IDEF - 2021” beynəlxalq müdafiə
sənayesi sərgilərinində bərabər iştirakımız
hər iki ölkə arasında hərbi-texniki
əməkdaşlığın inkişafına təkan verib. Bəyannamə hərbi əməkdaşlıq
münasibətlərinin daha da inkişafında mühüm
əhəmiyyət kəsb edir.
Şuşa
Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və
Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla
çıxışlarında bildirdilər ki, Türkiyə
və Azərbaycan bütün məsələlərdə
bir yerdədir, bundan sonra da belə olacaq. Bəyannamə
Türkiyə və Azərbaycan münasibətlərini rəsmən
müttəfiqlik zirvəsinə ucaltdı. Ölkələrimiz
arasındakı müttəfiqlik əlaqələri siyasət,
beynəlxalq müstəvidə birgə əməkdaşlıq,
iqtisadiyyat, enerji təhlükəsizliyi,
nəqliyyat, mədəniyyət, təhsil, ordu
quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsi, eyni zamanda , Azərbaycan ilə Türkiyənin sarsılmaz dostluğunu bütün dünyaya bildirən bir mesajdır. Bu sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Mehman İSMAYILOV,
Politoloq
Xalq qəzeti .- 2022.- 18 iyun.- S.5.