Azərbaycan sabit və inkişaf edən region yaratmaq istəyir

 

Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın 50-dən çox ölkəsinin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda çıxışı bir sıra mühüm məqamlarla diqqət çəkib.

Dövlətimizin başçısı nitqində dünya nizamını pozmağa yönələn problemlərə toxunub, təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər barədə ətraflı danışıb, eyni zamanda, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları ilə bağlı fikirlərini diqqətə çatdırıb: “Enerji təhlükəsizliyi ilə bağlı bir neçə kəlmə demək istərdim. Çünki bu da qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac art­maqdadır. Bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək ad­dımlarımızı müzakirə etdik. Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohid­rogen ehtiyatlarına tələbatı artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub…”.

Yeri gəlmişkən, keçən il Azərbaycanda 44 milyard kub­metr qaz hasil edilib. Bu il həmin rəqəmin 45 milyard kubmetrə çatdırılması planlaşdırılıb. Cari ilin ötən 5 ayı ərzində isə 9,4 milyard kubmetr “mavi yanacaq” ixrac edilib.

Azərbaycan hazırda, həm də çox ciddi elektrik enerjisi ixracatçı­sıdır. Keçən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin müvafiq dövründə elektrik enerjisi ixracının 45 faiz artması da bunun bariz ifadəsidir.

Dövlətimizin başçısı çıxı­şında Avropanın enerji resurs­larına ehtiyacının daha dolğun ödənilməsinin heç də asan olmadığını bildirərək, bunun üçün əvvəlcə təbii qazın hasil edilməsinin zəruriliyini xatırladıb. Burada onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Avropada yaranmış indiki vəziyyətə qədər qaz hasilatını artırmağı planlaş­dırmayıb. Amma ölkəmiz hazırda bu məsələ çərçivəsində Avropa Komissiyası ilə fikir mübadiləsi aparmağı qərarlaşdırıb. Başqa sözlə, respublikamız tərəfindən bu qurumla enerji dialoquna start verilib. Danışıqlarda təbii qazla bərabər, neft, elektrik enerjisi və bərpaolunan enerji ilə bağlı potensialın gerçəkləşdirilməsi öz ifadəsini tapıb.

Prezidenti İlham Əliyev çıxı­şında Qlobal Bakı Forumundan bir gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə bu məsələnin ətraflı müzakirə edildiyini və artıq bu işlərə başlanıldığını bildirib. Həmçinin bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyinin nəzərdə tutulduğunu xatırladaraq, qarşıdakı bir il yarımdan sonra 700 meqavatdan artıq külək və Günəş enerjisi həcminin istifadə oluna biləcəyinin gözlənildiyini diqqətə çatdırıb.

Ölkə rəhbəri nitqində respub­likamızda bərpaolunan enerji potensialının daha böyük olduğu­nu vurğulayaraq, deyib: “Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan “yaşıl enerji” zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji baza­rında ciddi oyunçu olacaqdır”.

Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısının ötən il ma­yın 3-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam ilə “Yaşıl enerji” zonası elan edilib.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, hazırda dünyanın ən qabaqcıl texno­logiyaları alternativ enerjidən istifadənin stimullaşdırılması­na və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stan­siyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyala­rının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində sax­lanılıb. Məsələn, “bp” şirkəti ilə im­zalanan icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş-elektrik stansiya­sının tikilməsi qərara alınıb.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası 10 min kvadratkilometr ərazini əhatə edir. Bura daxil olan bölgələr 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi po­tensialına malikdir. Ölkəmizin daxi­li su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur.

Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə, bütövlükdə, 10 min meqava­ta yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensi­alı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Bu ehtiyatlar “yaşıl enerji” zo­nasının yaradılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini şərtləndirir. Təkcə cari il beş kiçik su-elektrik stan­siyasının tikintisi nəzərdə tutulur. Hazırda Cəbrayıl rayonunda günəş-elektrik stansiyasının inşa edilməsi istiqamətində inamlı addımlar atılır.

Yeri gəlmişkən, IX Qlobal Bakı Forumunun ilk gününün sonuncu – üçüncü panel iclasında da enerji təhlükəsizliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Bolqa­rıstanın sabiq Prezidenti Rosen Plevneliyev tərəfindən Rusiyanın Bolqarıstana təbii qaz ixracını dayandırması nəticəsində çətin vəziyyət yarandığı bildirilib. Belə bir şəraitdə Azərbaycanın Bolqa­rıstana enerji resursları ilə yardım etdiyi diqqətə çatdırılıb: “Sadiq tərəfdaşımız olan Azərbaycana minnətdarlığımı bildirirəm. Azərbaycandan təbii qaz idxalını artırmaq niyyətindəyik”.

“ExxonMobil” şirkətinin prezidenti Cin Baderşnayder “yaşıl enerji”yə keçidə nail ol­maqla iqlim dəyişmələrinə təsir göstərməyin mümkünlüyünü vurğulayıb. O, dünya üzrə land­şaft dəyişmələrinin çox sürətlə baş verdiyini, bərpaolunan enerji mənbələrindən istifadənin hər bir ölkə üçün zəruriliyini qeyd edib: “Alternativ enerji mənbələrinin geniş tətbiqi enerji sektorunu dəyişdirəcək, enerji təhlükəsizliyini və enerji sisteminin dayanıqlılığını artıracaq”.

Çex Respublikasının sabiq Prezidenti Vatslav Klaus isə enerji təhlükəsizliyi sahəsində baş verən təhlükələrin təəccüblü olmadığını deyib. Onun sözlərinə görə, enerji qiymətlərinin artımı hələ Rusiya-Ukrayna münaqişəsindən əvvəl baş verib.

Dövətimizin başçısı çı­xışında bu gün beynəlxalq aləmi ciddi narahat edən ərzaq təhlükəsizliyi probleminə də diqqət çəkib. Prezident İlham Əliyev beynəlxalq institutların, aparıcı beynəlxalq təşkilatların, maliyyə institutlarının bu məsələ ilə bağlı mübarizədə üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğu­na aydınlıq gətirərək, deyib: “Bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhra­nı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil…”.

Bax, elə buna görə də ərzaq təhlükəsizliyinin ölkəmizdə diqqət mərkəzində saxlanılma­sı, bu istiqamətdə ciddi tədbirlər görülməsi həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Prezident İlham Əliyev çı­xışında bildirib ki, Vətən sa­vaşında Azərbaycanın parlaq qələbə əldə etməsi və bununla da tam məğlubiyyətə uğrayan Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atması ilə mövcud münaqişə ara­dan qaldırılıb. O zaman imzalanan üçtərəfli Bəyanatın müddəalarının, o cümlədən, kommunikasiyaların açılmasının həyatda öz təsdiqini tapacağına inanılıb. Lakin həmin vaxtdan etibarən Ermənistan təəssüf ki, bəyanatın icrası ilə bağlı heç bir əməli addım atmayıb, bu istiqamətdə heç bir iş görməyib və bu, qəbuledilməz bir hal kimi ciddi narahatlıq doğurub.

Üçtərəfli bəyanatla Naxçı­van Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılması təsdiqlənmişdi. Lakin aradan ötən ilyarımdan çox bir müddətdə bu məsələyə Ermənistan laqeyd münasibət bəslədi. Prezident İlham Əliyev bununla bağlı çıxı­şında dedi: “Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana ke­çidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razı­laşmayacağıq”.

Dövlətimizin başçısı Qlobal Bakı Forumundakı çıxışında, Zəngəzur dəhlizinin açılma­sı ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olma­sının təməl sütunu, regionda gələcək sülhün fundamental elementlərindən biri olduğunu bil­dirib. Ölkə rəhbəri daha sonra isə “Bizim üçün bu yol açılmasa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, – deyə vurğulayıb.

Dövlətimizin başçısı çıxışında Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququ­na malik olduğunu da diqqətə çatdırıb.

Azərbaycan Prezidenti nitqində Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyinə də toxunub. Ölkə rəhbəri ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir əməli iş görmədiyini, buna görə də Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq bu təsisatın fəaliyyətinə ehtiyac qalmadığını bildirib. Dövlətimizin başçısı xüsusilə Rusi­ya–Ukrayna müharibəsindən son­ra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsi mümkünsüzlü­yünün artıq hamının anladığını diqqətə çatdırıb. “Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğu­rur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Ümumiyyətlə, Ermənistanın yaratdığı münaqişənin nizam­lanması üçün 24 mart 1992-ci il tarixdə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da uzun bir zaman ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Cəzasızlıqdan yarar­lanan Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyərək, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atmaqdan belə çəkinməyib.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2022.- 18 iyun.- S.3.