Hərbi quruculuq
dövlət siyasətinin strateji prioritetlərindəndir
Ulu öndər Heydər
Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri
hazırda möhtərəm Prezidentimiz, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
altında öz şərəfli
missiyasını uğurla davam
etdirir. Ordunun müasir standartlar səviyyəsində
inkişafı prioritet sahələrdən
biridir. Bu gün Azərbaycan Ordusu
dünyanın ən güclüləri
sırasındadır. Silahlı Qüvvələrimizin
müasir texnika ilə
təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş
potensialının gücləndirilməsi, hərbi sənayenin
yaradılması və idxaldan müəyyən
dərəcədə asılılığın
azaldılması – bütün bunlar məqsədyönlü şəkildə
aparılan siyasətin tərkib hissəsidir.
Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi hissələrin yenidən qurulması, yenilərinin yaradılması və baş verən keyfiyyət dəyişikliklər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin uğurlarıdır. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Bütün bunlar dövlət başçımızın ordu quruculuğuna verdiyı xüsusi önəmin, döyüş hazırlığı və manevr təcrübəsini artıran birgə hərbi təlimlərin, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Müxtəlif dövrlərdə qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində ordumuzun təcrübəsi və taktiki manevretmə səriştəsi əsaslı şəkildə artmışdır.
Xalqımız ordumuzun şücaətinə 2016- cı ilin Aprel döyüşlərində, 2018-cı il mayında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağlarının azad edilməsi zamanı da şahid oldu. Xatırladım ki, Aprel döyüşləri zamanı 2 min hektardan çox ərazimiz, o cümlədən bir sıra srtateji əhəmiyyətli yüksəkliklər, həmçinin “Günnüt əməliyyatı” zamanı 11 min hektarlıq torpağımız düşməndən azad olundu.
2020- ci il senryabrın 27- də düşmənin sərhədlərimizdə törətdiyi genişmiqyaslı təxribatlar onlara baha başa gəldi. Bu dəfə, necə deyərlər, “daş qayaya rast gəldi”. Döyüşün ilk günündən güclü təzyiqlərlə qarşılaşan düşmən çaşqın vəziyyətə düşdü və sliah-sursatını atıb qaçdı. Ermənistan hərbçiləri qəhrəman ordumuz qarşısında cəmi 44 gün tab gətirə bildi.
Azərbaycanın son illər ərzində çox uğurlu inkişaf yolu keçdiyi və ildən-ilə bütün sahələr üzrə üstünlüyü özünü daha qabarıq şəkildə büruzə verir. Vətən müharibəsində bunun bir daha şahidi olduq. Qəhrəman ordumuz düşmənə göz açmağa imkan vermədi. Dünya birliyi də şahid oldu ki, Ermənistan Azərbaycanla bütün sahələrdə, o cümlədən döyüş meydanında rəqabət aparmağa qadir deyil. Dövlət başçımız dəfələrlə demişdir ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik.
Prezident
İlham Əliyev 2003-cü ildə prezident vəzifəsinə
seçiləndə Konstitusiyamıza və müqəddəs
Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın
ərazi bütövlüyünü qoruyacaq. Düşmən
üzərində qazandığımız tarixi
Qələbədən sonra böyük qürur hissi ilə deyə bilərik ki,
Azərbaycan öz istədiyinə nail oldu, tarixi
ədaləti, beynəlxalq hüququ bərpa
etdi. Bu ədaləti
yenilməz ordumuzun şücaəti
hesabına bərpa etdik.
Vətən
müharibəsində ordumuz bir amal uğrunda
döyüşürdü: İşğal altında olan
torpaqlarımızı azad etmək, ərazi
bütövlüyümüzü bərpa etmək. Möhtərəm
Prezidentimiz rəşadətli ordumuzun qəhrəmanlığını
yüksək qiymətləndirərək demişdir:
“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq,
Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün
hər günü bizim
şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu
irəli gedirdi, hər gün
yeni şəhərlər, kəndlər,
qəsəbələr, yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri, Azərbaycan
zabiti bir amalla vuruşurdu ki, bu işğala
son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər
çalsın, tarixi ədalət zəfər
çalsın və buna nail
olduq”.
Vətən
müharibəsinin gedişində dünyanın təcrübəli
hərbçilərini heyrətləndirən əməliyyatlardan
biri – Şuşanın işğaldan azad edilməsi oldu. Bu əməliyyat unikallığı ilə
tarixdə əbədi qalacaq. Qarabağın döyünən ürəyi Şuşa təbii istehkamla
əhatə olunduğundan şəhərə
tanklarla, yaxud digər
ağır silahlarla girmək mümkün deyildi. Şəhərin
bombardman edilməsi isə böyük dağıntılara səbəb
olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi.
Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla
qalın meşələrdən, dərin dərələrdən
keçərək, qayalar, dağlar aşaraq
düşməni üzbəüz döyüşdə məhv
etdi və hərb tarixində yeni döyüş
taktikalarının müəllifi kimi ad qazandılar. Dünyanın
əksər mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin
və Seton Hall Universitetinin Diplomatiya və
Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun bu hərbi
taktikası barədə məqalələr dərc olundu.
Dünya
ictimaiyyəti də əmin oldu ki, Azərbaycan Ordusu istənilən
vəzifəni icra etməyə qadirdir.
İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Qürurverici haldır ki, hətta, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Məhz bu baxımdan, Azərbaycan Ordusu dünyanın ən güclülərindən biri kimi tanınır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır: “Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir.”
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan
Hüquqları Komitəsinin sədri, hüquq
üzrə fəlsəfə doktoru
Xalq qəzeti .- 2022.-
25 iyun.- S.4.